Məhkəmə qərarları › İş №7(3-6)-1013/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1013/2026

12.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1013/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Ibrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru X3, məhkum Məhkum, müdafiəçi “Qanunçuluq” Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, ## ###### 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Bakı şəhəri Binəqədi rayon məhkəməsinin ##.##.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzası başa çatmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Sumqayıt şəhər məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Rufan Mürsəlov) Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli Qərarına əsasən “Konstitusiya və Suverenlik Ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən 06 (altı) ay azaldılmışdır. Cəzasının ½ hissəsini çəkmişdir. Törətdiyi cinayət əməlindən peşimandır. Odur ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə müraciətini təmin etməmişdir. Həmin qərardan narazıdır. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum və müdafiəçisi X4 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X3 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının əsaslı və qanuni olduğunu bildirib, apellyasiya şikayətinin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdim edilmiş materialdan görünür ki, məhkum Məhkum Bakı şəhəri Binəqədi rayon məhkəməsinin ## #### 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Sumqayıt şəhər məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə təqsirli bilinib, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 və 67.1-ci maddəsinə əsasən qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin ## ###### 2026-cı il tarixli Qərarına əsasən “Konstitusiya və Suverenlik Ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən cəzası 06 (altı) ay azaldılmışdır. Cəzasının əvvəli ## ######## 2023-cü il olmaqla ## #### 2027-ci ildə başa çatır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən məhkum Məhkum barəsində verilmiş ## #### 2026-cı il tarixli mülahizədən görünür ki, Məhkum ## ###### 2024-cü il tarixdə * saylı Istintaq Təcridxanasından ** saylı Cəzaçəkmə Müəssisəsinə gətirilmişdir. Şəxsi işin materiallarından göründüyü kimi məhkum Istintaq Təcridxanasında saxlandığı zaman daxili rejim pozuntusu hallarına yol verməmişdir. Məhkum Məhkum ** saylı cəzaçəkmə müəssisəsinə gəldiyi gündən karantin briqadasında onunla islah məqsədli fərdi tərbiyəvi söhbətlər aparılmış, daxili intizam qaydaları, hüquq və vəzifələri izah olunmuşdur. Məhkum Məhkum ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyi müddət ərzində cəzanın çəkilməsi üçün müəyyən olunmuş rejimin tələblərinə əməl edən məhkum kimi tanınmışdır. Onunla aparılan islah məqsədli fərdi tərbiyəvi söhbətlərdən bu qənaətə gəlmək olar ki, məhkum etdiyi cinayəti etiraf edir və əməlindən səmimi peşmançılıq hissi keçirir, tərbiyəvi söhbətlərdən özünə düzgün nəticə çıxartmağa çalışır. Dəstədə keçirilən mədəni-kütləvi və ictimai tədbirlərdə yaxından iştirak edir. Əməyə və təhsilə münasibəti müsbətdir. Mütaliyə ilə məşğul olur, fiziki cəhətdən sağlamdır. Məhkum Məhkum şəxsi işinin materiallarından aydın olur ki, hökmlər üzrə üzərində 89 (səksən doqquz) manat ekspertiza xərci vardır. Xasiyyətcə mülayim və ünsiyyətcildir, məhkum yoldaşları ilə mehribandır. Ailə üzvləri və yaxın qohumları ilə telefon və görüş vasitəsilə əlaqə saxlayır, onlarla münasibəti yaxşıdır. Müəssisə əməkdaşlarına qarşı səmimidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələləri ilə bağlı yaradılmış Komissiya” tərəfindən məhkum Məhkum barəsində, ## ### 2026-cı il tarixdə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmasına dair müsbət protokol verilmişdir. Nəticədə məhkum Məhkum cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.3.1-ci maddəsinə əsasən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədə uyğun hesab edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkumun islah prosesində hər hansı bir müsbət nəticəyə və ya irəliləyişə nail olması nə məhkəmə iclasında verdiyi izahatında, nə də ki, şəxsi iş materiallarına əlavə edilmiş sənədlərdə öz əksini tapmadığı halda, təqdim edilmiş mülahizədə ümumi və şablon ifadələrə əsaslanmaqla, Məhkum ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədəuyğun sayılmışdır. Digər tərəfdən mülahizədə qeyd edilmiş: “məhkumun verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirməsi, dəstədə keçirilən mədəni-kütləvi və ictimai tədbirlərdə yaxından iştirak etməsi, əməyə və təhsilə münasibətinin müsbət olması, mütaliyə ilə məşğul olması, məhkum yoldaşları və müəssisə əməkdaşları ilə davranışda etik qaydalara riayət etməsi” kimi ifadələr məhkumun bir növ vəzifələri olmaqla onun vaxtından əvvəl azad edilməsi üçün əsas sayıla bilməz. Bundan başqa cəzaçəkmə müəssisəsi tərəfindən təqdim olunmuş mülahizəsində və məhkumun şəxsi iş materiallarında məhkumun müsbət xarakterizə edilməsinin, davranışının, əməyə münasibətinin nədən ibarət olması konkret göstərilməmişdir. Eləcə də məhkəmə araşdırması zamanı müəyyən edilmşdir ki, məhkum cəza çəkdiyi müddətdə barəsində heç bir həvəsləndirilmə tədbiri tədbiq edilməmişdir. Bundan başqa məhkumun şəxsi işi öyrənilərkən müəyyən edilmişdir ki, məhkum əvvəllər azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyi müddətədə yenidən qəsdən eyni xarakterli cinayət əməli törətmişdir. Bundan başqa məhkum iş üzrə ekspertiza xərcini dövlət büdcəsinə ödəməmiş və narkomaniyadan məcburi müalicəsi davam edir. Beləliklə birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması zamanı məhkumun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlinməsi üçün kifayət qədər əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən məhkumun şərti olaraq cəzadan vaxtından əvvəl azad edilməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı halda mümkündür. Hazırki halda məhkum Məhkum həqiqətən islah olunması və cəzanı çəkməsinə lüzum olmaması halını məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Müəssisənin məhkumun bu müddət ərzində islah olunduğu üçün cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmasına uyğun görülməsinin səbəbləri təqdim olunmuş mülahizədə əsaslandırılmadığına görə kollegiya belə qənaətə gəlir ki, mülahizə formal əsaslarla tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Həmçinin, cəzaçəkmə müəssisəsi tərəfindən məhkum Məhkum barəsində müsbət xarakterli mülahizə verilməsinə baxmayaraq onun müsbət xarakterizə olunması təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş mülahizədə məhkum Məhkum əməyə münasibətinin müsbət olduğu qeyd olunmaqla dəstədə keçirilən mədəni-kütləvi və ictimai tədbirlərdə yaxından iştirak etdiyi göstərilsə də, şəxsin əməyə münasibətinin müsbət olması qeyd olunmamış, ümumiyyətlə əməklə bağlı hər hansı fəaliyyəti olması, hansısa tədbirlərdə iştirakı olması müəyyən edilməmişdir. Bu halda məhkumun əməyə, təhsilə münasibətinin müsbət olması hansı addımları ilə müəyyən olunur bəlli deyildir. Göründüyü kimi, cəzaçəkmə müəssisəsinin mülahizəsində məhkumun müsbət xarakterizə edən əlamətlər kimi göstərilmiş davranışı, törətdiyi cinayətə münasibəti şablon sözlər kimi yazılmışdır. Davranışında onu digər məhkumlardan fərqləndirən hər hansı əlamətlər olması göstərilməmiş, əməyə, təhsilə münasibətinin müsbət olması və onun törətdiyi cinayətə münasibətinin məhkumun islah edilib-edilməməsində necə təzahür etməsini müəyyən etmək olmamışdır. Eyni zamanda qeyd edilir ki, cəza çəkdiyi üç ilə yaxın müddətdə məhkum barəsində daxili rejim qaydalarını pozduğuna görə barəsində tənbeh tədbiri tətbiq edilməsə də, həvəsləndirmə tədbirləri də ümumiyyətlə tətbiq edilməmişdir. Məhkəmə bu araşdırmanın nəticələrinə əsaslanaraq, belə qənaətə gəlir ki, məhkum Məhkum cəza çəkdiyi müddətdə islah olunmamışdır, onun islah olunması üçün cəzanın tam çəkilməsinə lüzum olmaması işin faktiki halları ilə müəyyən edilmir. Şəxsi iş materialında isə Məhkum digər məhkumlardan fərqləndirən özəlliyi, əməyə və təhsilə müsbət münasibəti, təhsil sahəsində hər hansı fəaliyyətini əks etdirən sübutlar müəyyən edilməmişdir. Məhkum törətdiyi cinayətin xarakteri də nəzərə alınaraq onda qanuna itaət, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi formalaşması məhkəmədə daxili inam yaratmamışdır. Belə ki, o daha öncə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirli bilinərək məhkum edilmiş və daha sonra Sumqayıt şəhər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə təqsirli bilinib məhkum edilmişdir. Kollegiya bildirir ki, məhkum Məhkum cəzasının qanunla müəyyən edilmiş hissəsini çəksə də, lakin ərizə vermiş məhkumu xarakterizə edən müəssisə rəhbərliyinin mülahizəsində qeyd edilənlər onun cəzaçəkmə müəssisəsində olduğu bütöv müddətdə göstərdiyi davranışının əhəmiyyətli olması baxımından ümumilikdə qiymətləndirilərək müəyyən edilmişdir ki, məhkum barəsində cəzaçəkmə müəssisəsi tərəfindən tətbiq edilən həvəsləndirmə tədbiri onun islah olunması barədə bir qənaətə gəlinməsi yetərli deyildir. Bundan başqa məhkəmə kollegiyası belə hesab edir ki, məhkumun sırf cəzasının ½ hissəsindən çoxunu çəkməsi onun şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası belə hesab edir ki, məhkumun islah prosesində hər hansı bir müsbət nəticəyə və ya irəliləyişə nail olması şəxsi iş materiallarına əlavə edilmiş sənədlərdə öz əksini tapmadığı halda, təqdim edilmiş mülahizədə ümumi və şablon ifadələrə əsaslanmaqla, Məhkum ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədəuyğun sayılmışdır. Bu halda qeyd edilən mülahizənin əsaslılığı, təqdim edilmiş sənədlərlə yanaşı, məhkəmənin daxili inamına əsasən şübhə yaratmışdır. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz; “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəza çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli **/**** saylı Qərarında qeyd olunur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Qeyd olunan Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin Qərarda qeyd olunmuşdur ki, “Qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunmasını və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışı, əməyə münasibətini və cəzaçəkmə müəssisənin mülahizəsini əsas amil kimi irəli sürür”. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Məhkum barəsində verilmiş mülahizənin əsaslılığı və məhkumun islah olunub-olunmaması məsələsi araşdırılarkən, onun bütün cəza çəkdiyi müddəti əhatə edən davranışları nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, məhkumun cəza çəkdiyi müddətdəki davranışlarını əks etdirən şəxsi işindən, mülahizədən onun cəzadan şərti olaraq azad edilməsi üçün həmin müddət ərzində islah olunması müəyyən olunmur. Məhkəmə kollegiyası bir daha məhkumun şəxsi işini araşdıraraq, məhkum barəsində verilmiş mülahizəni, iş sənədləri ilə qarşılıqlı şəkildə müzakirə edərək, apellyasiya şikayətinin əsassızlığını qeyd edərək, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Məhkum cəzadan vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Məhkum cəzasından vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Qanunçuluq” Vəkil Bürosunun vəkili X4 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq “Qanunçuluq” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Ramin Qaraqurbanlı Anar Ibrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar