Məhkəmə qərarları › İş №7(3-6)-1022/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1022/2026

12.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1022/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Ibrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru X3, müdafiəçi “Ekol” Vəkil Bürosunun vəkili müdafiəçi1 və məhkum Məhkum iştirakları ilə, ## #### 1972-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təqdimat verən orqan cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Məhkum Məhkum məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən cəza müddətinin dörddə üç hissəsini çəkməsini nəzərə alıb cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Aynurə Sadıqova) məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.3.1-ci maddəsinə əsasən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cəzasının ¾ hissəsindən çoxunu çəkdiyi üçün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarını əsassız hesab edir. Belə ki, cəzaçəkmə müəssisəsində bütün tərbiyəvi tədbirlərdə fəal iştirak edir. Cəza çəkdiyi müddətdə heç bir daxili rejim və intizam qaydaları pozuntusuna yol verməmişdir. Təhsilə, əməyə, birgəyaşayış qaydalarına hörmətlə yanaşmışdır. Məhkumlarla və müəssisənin əməkdaşları ilə hörmətlə davranmışdır. Rəhbərlik tərəfindən müsbət xarakterizə olunmuşdur. Müvafiq komissiya tərəfindən barəsində müsbət rəy verilmişdir. Məhkəmə qeyd edilənləri nəzərə almadan qərəzli qərar vermişdir. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış etmiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)- ***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilərək, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X3 verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları, məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək, belə hesab edir ki, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ləğv olunmalı, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin olunmalıdır. Təqdim edilmiş materialdan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ## ####### 2024-cü il tarixli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq edilməklə, üzərində qəti olaraq ilə 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ## ####### 2024cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından görünür ki, Məhkum barəsində “Konstitusiya və Suverenlik Ili münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarı tətbiq edilmiş və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəi 06 (altı) ay azaldılmışdır. Məhkumun şəxsi işindən məlum olmuşdur ki, o, ## #### 2025-ci il tarixdə Təqdimat verən orqan gətirilmiş, ## ####### 2026-cı il tarixdə cəzası sona çatır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təqdimat verən orqan tərəfindən məhkum Məhkum barəsində verilmiş ## ### 2026-cı il tarixli mülahizədən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təqdimat verən orqan tərəfindən məhkum Məhkum barəsində müsbət mülahizə verilərək, məhkum Məhkum cəzasının 3/4 hissəsini çəkdiyini, zərərçəkmiş şəxslə barışığının olmasını, müsbət davranışını və müvafiq Komissiyanın müsbət rəyi nəzərə alınaraq, onun azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasını məqsədə müvafiq hesab olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı komissiyasının ## ### 2026-cı il tarixli iclas protokolundan görünür ki, Məhkum müsbət rəy verilməsi məqsədəmüvafiq hesab edilmişdir. 2025-ci il üçün olan illik xasiyyətnamədən görünür ki, məhkum Məhkum islah yoluna qədəm qoymağa çalışır. Məhkum Məhkum 2833 şəxsi işində olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Əməliyyat və Statistik Informasiya Idarəsi tərəfindən tərtib edilmiş ## ###### 2024-cü il tarixli tələbnamədən görünür ki, Məhkum Sumqayıt şəhər Məhkəməsinin ## #### 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 95 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15. Dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1, 68.1-ci maddələrinə əsasən 01(bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ## #### 2023-cü il tarixdə cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay 09 (doqquz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi, məhkum Məhkum Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 Dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1, 68.1-ci maddələrinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ## #### 2023-cü il tarixdə cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay 09 (doqquz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Məhkum qanuna itaət, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi tam şəkildə formalaşmamış və belə olan halda cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, ona cəmiyyətlə, müxtəlif insanlarla daha sıx və sərbəst təmasda olması üçün şərait yaradılması mümkünsüzdür. Məhkəmə Məhkum daha əvvəllər də oğurluq cinayəti törətməsini, məhkəmənin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilməsini və cəza müddəti başa çatdıqdan sonra yenidən cinayət əməlini törətməsini nəzərə almaqla, şəxsin islah olunmaq üçün ona təyin edilmiş cəzanı tam çəkməsini zəruri hesab etmişdir. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda şəxs ona təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl cəzadan azad ediləcəyi təqdirdə iş üzrə zərərçəkmiş şəxs, habelə həmin hadisədən məlumatı olan şəxslərdə məhkəmənin çıxardığı hökm üzrə cəzanın tam çəkilməməsi və məhkumun vaxtından əvvəl cəzadan azad edilməsi ikrah hissi yaratmaqla təqsirli şəxsə təyin edilmiş cəzanın tam çəkilməməsi məhkəməyə olan etimadı da sarsıdacaqdır. Məhkəmə hesab etmişdir ki, məhkumun cəza çəkdiyi müddət ərzində daxili rejim qaydalarını pozmaması və barəsində tənbeh tədbirinin tətbiq edilməməsi onun hazırkı halda törətdiyi əməldən peşman olması və islah olunduğu kimi qəbul edilə bilməz. Məhkumun şərti olaraq cəzadan vaxtından əvvəl azad edilməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı halda mümkündür ki, hazırki halda məhkum barəsində tərtib edilmiş tələbnamədən və şəxsi işindən onun islah olunması və cəzanı çəkməsinə lüzum olmaması qənaətinə gəlmək mümkün deyil. Həmçinin təqdim edilən mülahizədə də məhkumun islah olunduğu göstərilməmiş, sadəcə onun barəsində formal hallar sadalanmışdır. Bunları məhkumun cəzadan vaxtından əvvəl azad edilməsi barədə məhkəməyə ünvanladığı ərizədən də müəyyən etmək mümkündür. Həmin ərizədə də məhkum törətdiyi əməldən peşmançılıq çəkməsini, islah olunmasını göstərməmiş, sadəcə cəzasının dörddə üç hissəsini çəkdiyi üçün cəzadan vaxtından əvvəl azad edilməsini xahiş etmişdir. Cəzaçəkmə Müəssəsinin məhkuma tətbiq etdiyi həvəsləndirmə tədbirlərinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin qərarlarda məhkumun müsbət xarakterizə edilməsinin, davranışının, əməyə münasibətinin nədən ibarət olması ümumiyyətlə göstərilməmişdir. Birinci instansiya məhkəməsi Məhkum şəxsi işindəki materiallarını, cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni iş materialları ilə birlikdə əlaqəli surətdə təhlil edərək, məhkumun islah prosesi ilə bağlı verilən zəruri tövsiyələrdən düzgün nəticə çıxarmadığını, islah yoluna qədəm qoymağa ciddi səy göstərmədiyini, əməyə və təhsilə münasibətinin qənaətbəxş olmamasını nəzərə alaraq və cəza çəkdiyi müddətdə tam islah olunmadığı qənaətinə gələrək hesab etmişdir ki, Məhkum hazırkı vaxtda cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəmüvafiq deyildir. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin məhkum Məhkum cəza çəkdiyi müddətdə tam islah olunmaması barədə qənaəti, onun islah olunması üçün cəzanın tam çəkilməsinə zərurət olması işin faktiki halları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası, aşağıdakılara əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz; Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə əsasən, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanunun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Adıçəkilən qərarda, həmçinin qeyd olunmuşdur ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə məhkumun islah olunma prosesinin surətləndirilməsinə, onun normal sosial faydalı həyata qaytarılmasına yardım edən institutdur. Iş materialları ilə müəyyən edilir ki, məhkum Məhkum hökmlə təyin edilmiş cəzanın əvvəli ## ####### 2024-cü il, cəzasının sonu ## ####### 2026-cı il tarix hesablanmaqla hazırda onun 1 (bir) ay 26 (iyirmi altı) gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Məhkəmə kollegiyası məhkumun şəxsi işini araşdıraraq belə hesab edir ki, məhkum Məhkum hökm ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ¾ hissəsindən çox hissəsini həqiqətən çəkmiş, cəzasının çəkilməmiş qalan hissəsinin təyin olunmuş cəzaya nisbətdə az müddət təşkil etməsi, cəza çəkdiyi müddətdə rejim qaydaları pozuntusuna yol verməməsi və Cəzaçəkmə Müəssisəsi tərəfindən onun barəsində verilmiş mülahizəyə əsasən onun cəza çəkdiyi illər ərzində islah vasitələrinin tələblərinə tabe olması islah olunmuş məhkum kimi qiymətləndirilməsinə imkan verir. Kollegiya bildirir ki, Azərbaycan Respublikası Cinayət Məcəllsinan 76.1-ci maddəsinə görə məhkəmənin bu normada göstərilən, o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmaması barədə qənaətə gəlməsi sonuncunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini mümkün edən əsas kimi çıxış etməlidir. Qeyd edilir ki, məhkum barəsində verilmiş mülahizəyə əsasən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədə müvafiq hesab edildiyi halda, birinci instansiya məhkəməsi mülahizədə məhkumun islah olunduğunun konkret göstərilmədiyinə əsaslanaraq onun cəzadan vaxtından əvvəl şərti azad olunması barədə müəssisə rəhbərliyinin mülahizəsində göstərilənlərin əsaslı olmaması nəticəsinə gəlmişdir. Mülahizədən də göründüyü kimi məhkum cəza çəkdiyi müddətdə daxili rejim qaydalarına riayət edərək, heç bir rejim qaydalarını pozmamış, əməyə, təhsilə münasibəti müsbət olmuş, məhkəmənin qeyd etdiyinin əksinə olaraq məhkumun törətdiyi cinayət əməlinin ağırlığını dərk edərək səmimi peşimançılıq hissi keçiridiyi qeyd edilmiş və nəticəsə müəssisə rəhbərliyi onun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə kollegiyasına təqdim edilən sənədlərdən göründüyü kimi, məhkəmənin gəldiyi nəticənin əksinə məhkum Məhkum müəssisədə cəza çəkdiyi müddət ərzində daxili rejim qaydalarına riayət etmiş və rejim qaydalarını pozmamışdır. Qeyd edilir ki, daxili rejim qaydalarına əməl etmə məhkumun bilavasitə vəzifəsi olaraq müəyyən edildiyinə dəlalət edilsə də, lakin onun rejim qaydalarına əməl etməsi, rejim qaydaları pozuntusuna yol verməməsi onun artıq qoyulmuş tələblərə tabeçilik göstərməsi, cinayətə meyilli insan olmaması kimi qiymətləndirilir. Müəyyən növdə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, cəzanın müəyyən hissəsini çəkdikdən sonra onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edimə hüququ qanunvericiliklə müəyyən olunmuşdur və məhkum olunmuş şəxslərin bu hüququnu məhkəmənin qeyd etdiyi kimi zərərçəkmiş şəxs, habelə həmin hadisədən məlumatı olan şəxslərdə hökm üzrə cəzanın tam çəkilməməsi və məhkumun vaxtından əvvəl cəzadan azad edilməsi ilə bağlı ikrah hissi yaradacağı əsası ilə məhdudlaşdırmaq yolverilməzdir. Halbuki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə zamanı zərərçəkmiş və ya digər şəxsin mövqeyi deyil, məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Kollegiya belə nəticəyə gəlir ki, məhkum tərəfindən cəza çəkərkən artıq qanun pozuntusuna yol verməməsi, tərbiyəvi söhbətlərdən özü üçün nəticə çıxartması, barəsində tənbeh tədbiri tətbiq edilməməsi, onun şəxsiyyətinin ictimai təhlükəli xarakter daşımaması və cəmiyyətdə birgəyaşayış qaydalarına hazır olmasının faktının təsdiqi kimi qiymətləndirilir. Kollegiya belə hesab edir ki, məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması ilə bağlı mülahizə yalnız sözdən ibarət olmamaqla məhkum tərəfindən islah olunmaq istiqamətində real addımlar atılmaqla təsdiqini tapdığından verilmiş mülahizə əsaslı hesab edilir. Məhkəmə kollegiyası, iş materiallarını və Cəzaçəkmə Müəssisəsinin müsbət mülahizəsini nəzərdən keçirərək, belə hesab edir ki, məhkum Məhkum cəzaçəkmə müddətində davranışı, cəza çəkdiyi müddətdə rejim qaydaları pozuntusuna yol verməməsi, töətdiyi cinayət əməlinin ağırlığını dərk etməsi, zərərçəkmiş şəxslə barışığının olması, əməyə münasibəti müsbət qiymətləndirilməli və bu səbəbdən onun cəzasını tam çəkməsinə lüzum olmadığından və sadalananlar məhkumun islah olunması qənaətinə gəlməyə əsas verdiyindən məhkumun ərizəsi təmin edilməlidir. Kollegiya qeyd edir ki, bütün bu hallara əsaslanan Təqdimat verən orqan rəhbərliyi məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini məqsədə müfaviq hesab etdyi halda, birinci instansiya məhkəməsi göstərilənin əksini iddia edən, Məhkum islah olunması üçün cəzasını tam çəkməsini gərəkdirən hər hansı mötəbər dəlil önə sürməmişdir. Bu halda hesab edilir ki, məhkəmənin mülahizənin əsaslılığını şübhə altına alması barədə qənaəti heç bir istinadı olmayan, ümumi ifadələrə əsaslanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinin tələbinə görə, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uygun olmaması apellyasiya şikayəti və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası belə hesab edir ki, yuxarıda sadalananlara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir və ədalətli, qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanları və məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsinə səbəb ola biləcək halların işdə mövcud olmamasını nəzərə alaraq, məhkəmə kollegiyası belə hesab edir ki, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla, məhkum Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməlidir. Məhkəmə kollegiyası, həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.2 və 70.5-ci maddələrini rəhbər tutaraq, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilərkən Məhkum davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını vacib hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, 141. saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.2, 399.1.2, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. Məhkum Məhkum ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təqdimat verən orqan cəza çəkən məhkum Məhkum ona Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) ay 26 (iyirmi altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Cəzanın çəkilməmiş hissəsi ərzində Məhkum üzərinə onun davranışına nəzarəti həyata keçirən icra məmuruna məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Qərarın bu hissədə icrasına nəzarət Məhkum yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. “Ekol” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 saat üçün cəmi 220 (iki yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq “Ekol” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Ramin Qaraqurbanlı Anar Ibrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar