Məhkəmə qərarları › İş №7(3-6)-1063/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1063/2026

12.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1063/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Ibrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru X3, məhkum Məhkum və müdafiəçi “Fides” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## #### 2002-ci il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FIN: *******), orta təhsilli, subay, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxış iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Şəfa Dadaşova) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, şikayətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə razı olmadığını göstərib barəsində daha ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X3 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının əsaslı və qanuni olduğunu bildirib, apellyasiya şikayətinin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdim edilmiş materialdan görünür ki: - Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,186.2.2 və 186.2.2-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza müddətinin əvvəli ## ###### 2024-cü il tarixdən hesablanmışdır. - Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarına əsasən apellyasiya şikayəti qismən təmin edilərək Biləsuvar rayon məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü dəyişdirilmiş, məhkum Məhkum əməli Cinayət Məcəlləsinin 29, 186.2.2-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarına əsasən onun barəsində "Konstitusiya və Suverenlik Ili münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikasının Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilməklə ## ###### 2025-ci il tarixə çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 07 (yeddi) gün azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay azaldılmışdır. - Məhkumun şəxsi iş materiallarından məlum olmuşdur ki, o, ## ######## 2025-ci il tarixdə Umbakı Penitensiar Müəssisəsindən ** saylı cəzaçəkmə müəssisəsinə gətirilmiş, ## ### 2027-ci il tarixdə cəzası sona çatır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsinin məhkum Məhkum barəsində məhkəməyə təqdim etdiyi ## #### 2026-cı il tarixli mülahizədən görünür ki, o, ## ######## 2025-ci il tarixdə Umbakı Penitensiar Müəssisəsindən ** saylı cəzaçəkmə müəssisəsinə gətirilmişdir. cəza çəkdiyi müddət ərzində barəsində həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Məhkum Məhkum ** saylı Cəzaçəkmə Müəssəsində cəza çəkdiyi müddət ərzində cəzanın çəkilməsi üçün müəyyən olunmuş rejimin tələblərini pozduğuna görə müəssisə rəhbərliyi tərəfindən məhkum Məhkum ## ### 2026-cı il tarixdə 03 (üç) gün müddətinə cərimə təcridxanasına keçirilmişdir. Onunla aparılan tərbiyəvi söhbətlərdən bu qənaətə gəlmək olur ki, məhkum etdiyi cinayəti etiraf etmir, əməlindən səmimi peşmançılıq hissi keçirmir, tərbiyəvi söhbətlərdən özünə düzgün nəticə çıxartmağa çalışmır. Verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirmir, dəstədə keçirilən mədəni-kütləvi və ictimai tədbirlərdə iştirak etməyə maraq göstərmir. Əməyə və təhsilə münasibəti mənfidir. Mütaliə ilə məşğul olmur, fiziki cəhətdən sağlamdır. Xasiyyətcə aqressiv və tərsdir. Ailə üzvləri ilə əlaqə saxlayır. Müəssisə əməkdaşlarına qarşı qeyri səmimidir. Hökm üzrə üzərində 165 (bir yüz altmış beş) manat ekspertiza xərci vardır. O, qeyri-adi hərəkətlər etməyə, müəssisə əməkdaşlarının qanuni tələblərini yerinə yetirməkdən imtina etməyə, mühafizə altından qaçmağa, əsassız, xoşagəlməz söhbətlər aparmağa, eyni zamanda çılğınlıq göstərərək özünə ətrafdakılara xəsarət yetirməyə, gözlənilməz hərəkətlər və intihar etməyə meyilli məhkumdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının "Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı tənzimləmədə səmərəliliyin artırılması, prosedurların optimallaşdırılması və nəzarət mexanizmlərinin gücləndirilməsini təmin etmək məqsədilə yaradılmış Komissiya” tərəfindən Məhkum barəsində ## ### 2026-cı il tarixdə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl azadlığa buraxılmasına dair mənfi protokol verilmişdir. Cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Məhkum Məhkum üzərində tənbehinin olmasını, dəymiş zərər ödəməməsini, zərərçəkmişin şikayətçi olmasını və komissiyanın mənfi rəyini nəzərə alınaraq cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədə uyğun hesab edilməmişdir. Məhkumun şəxsi işindən görünür ki, Məhkum cəza çəkdiyi müddətdə daxili rejim qaydalarını pozduğu üçün ##.##.2026-cı il tarixdə 03 (üç) gün müddətinə cərimə təcridxanasına keçirilmişdir və hazırda üzərində qüvvədə olan tənbehi var. Birinci instansiya məhkəməsi Məhkum şəxsi işindəki materiallarını, cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni iş materialları ilə birlikdə əlaqəli surətdə təhlil edərək, məhkumun törətdiyi cinayət əməlinə görə yuxarıda sadalanan halları nəzərə alaraq, hesab etmişdir ki, onun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsi təmin olunmamalıdır. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədəmüvafiq hesab etməmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.1 və 15.3-cü maddələrinə əsasən məhkum tərəfindən törədilmiş cinayət (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 -ci maddəsi) az ağır cinayət hesab olunur. Məhkum Məhkum ona təyin olunmuş cəzanın vaxtından əvvəl şərti olaraq azad olunması üçün müəyyən müddətini çəkmiş olsa da, məhkəmə onun onun islah yolunda olmamasını nəzərə alıb ərizəsiin təmin olunmaması barədə qərar qəbul etmişdir. Belə ki, məhkum Məhkum barəsində cəza çəkdiyi müəssisə tərəfindən mənfi mülahizə verilmiş, məhkumun şəxsi iş materiallarını onun barəsində verilmiş mülahizə ilə əlaqəli şəkildə tədqiq edərək, məhkumun çəkdiyi cəza müddəti ilə cəzanın məqsədinə nail olunmaması qənaətinə gəlir. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən məhkumun şərti olaraq cəzadan vaxtından əvvəl azad edilməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı halda mümkündür. Məhkum müəssisə rəhbərliyi tərəfindən mənfi xarakterizə olunur, barəsində tətbiq edilən tənbeh tədbiri qüvvədədir. Qeyd olunan səbəblərdən onun islah olunması və cəzanı çəkməsinə lüzum olmaması qənaətinə gəlmək mümkün deyildir. Məhkəmə kollegiyası Məhkum cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni iş materialları ilə birlikdə əlaqəli surətdə təhlil edərək, məhkumun islah prosesi ilə bağlı verilən zəruri tövsiyələrdən düzgün nəticə çıxarmadığını, cəzanın icrası və çəkilməsinin qayda və şərtlərinə mütəmadi olaraq riayət etmədiyini, cəzaçəkmə müəssisəsinin məhkum barədə mənfi mülahizəsini, həmçinin cəza çəkdiyi 2024-2026-cı illər ərzində barəsində tənbeh tədbiri tətbiq olunduğunu, islah olunmağa çalışmadığını nəzərə alaraq hesab edir ki, Məhkum hazırkı vaxtda cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədə müvafiq deyildir. Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxarkən, öz qərarında cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi ilə birgə araşdırmış və göstərilən halları nəzərə alaraq, onun ərizəsinin təmin edilməsindən əsaslı olaraq imtina etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz; Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2.-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəza çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli **/**** saylı Qərarında qeyd olunur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, məhkum Məhkum barəsində verilmiş mülahizənin əsaslılığı və məhkumun islah olunub-olunmaması məsələsi araşdırılarkən, onun bütün cəza çəkdiyi müddəti əhatə edən davranışları nəzərə alınmalıdır. Məhkumun şəxsi işi araşdırılarkən onun islah olumağa cəhd belə göstərmədiyi qənaətinə gəlinir. Həmçinin, Məhkum əməyə, təhsilə münasibəti mənfi olmaqla verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirməmiş, dəstədə keçirilən mədəni-kütləvi və ictimai tədbirlərdə iştirak etməyə maraq göstərməmişdir. Eyni zamanda, göründüyü kimi məhkum barəsində Ədliyyə Nazirliyinin müvafiq komissiyasının rəyi də mənfi olmuşdur. Qeyd edilən səbəblərdən müəssisə rəhbərliyi məhkum Məhkum barəində Komissiyanın mənfi rəyini də nəzərə alıb cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasını məqsədəuyğun hesab etməmişdir. Məhkəmə kollegiyası “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci və 2-ci bəndlərinin hüquqi mövqeyinə əsasən, qeyd edir ki, qanunla müəyyən edilmiş müddətin çəkilməsi avtomatik və şərtsiz olaraq cəzanın yüngülləşdirilməsinə səbəb olmur. Məhkəmə hər bir işə fərdi yanaşmalı, məhkumun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəliliyini, cəzanın məqsədlərinə nail olunub-olunmadığını hərtərəfli qiymətləndirməlidir. Məhkəmənin bu sahədəki səlahiyyəti imperativ deyil, diskresion xarakter daşıyır və qərar qəbul edərkən bütün halların məcmusunu vicdanlı şəkildə qiymətləndirməlidir (ex aequo et bono). Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, məhkum Məhkum cəza çəkdiyi müddətdəki davranışlarını əks etdirən şəxsi işindən, mənfi mülahizədən onun cəzadan şərti olaraq azad edilməsi üçün həmin müddət ərzində islah olunmaması müəyyən olunur. Məhkumun şikayətdə göstərdiyi dəlillərlə bağlı qeyd olunur ki, təkcə cəzasının qanunla nəzərdə tutulan hissəsini çəkməsi özlüyündə cəzadan şərti azad olunması barədə ərizəsinin təmin olunması üçün yetərli deyildir. Məhkəmə kollegiyası bir daha məhkumun şəxsi işini araşdıraraq, məhkum barəsində verilmiş mülahizəni, məhkumun şəxsi işində olan sənədlər ilə qarşılıqlı şəkildə müzakirə edərək, apellyasiya şikayətinin əsassızlığını qeyd edərək, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə hesab edir ki, Məhkum vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Məhkum cəzasından vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Fides” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq “Fides” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Ramin Qaraqurbanlı Anar Ibrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar