Məhkəmə qərarları › İş №7(3-6)-1065/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1065/2026

11.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1065/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Məmmədov Əli İrfan oğlu (sədrlik edən və məruzəçi hakim), X2 və Əliyev Emin Zöhrab oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X5, Müdafiəçi – Universal Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin olunmamasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, barəsində ədalətli qərar qəbul edilməsini və ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində məhkumun törətdiyi əməldən peşman olması, cəzasının ½ hissəsini çəkməsi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasına “WhatsApp” tətbiqi vasitəsi ilə qoşulmuş məhkum Məhkum apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən prokuror X5 bildirdi ki, apellyasiya şikayətini əsassız hesab edir, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*- **)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialı araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçini, məhkumu və prokuroru dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza müddətinin əvvəli ##.##.2025-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarına əsasən onun barəsində "Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikasının Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilərək, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmışdır. Məhkumun şəxsi iş materiallarından və mülahizədən məlum olmuşdur ki, o, ##.##.2025ci il tarixdə Umbakı Penitensiar Müəssisəsindən ** saylı cəzaçəkmə müəssisəsinə gətirilmiş, ##.##.2027-ci il tarixdə cəzası sona çatır. Məhkumun şəxsi iş materiallarından aydın olur ki, cəza çəkdiyi müddət ərzində barəsində həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Məhkumun şəxsi iş materiallarından aydın olur ki, məhkum etdiyi cinayəti etiraf etsə də, tərbiyəvi söhbətlərdən özünə düzgün nəticə çıxartmağa çalışmayan, verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirməməklə, dəstədə keçirilən mədəni-kütləvi və ictimai tədbirlərdə iştirak etməyə maraq göstərməyən, əməyə və təhsilə münasibəti qənaətbəxş olmayan məhkum kimi qiymətləndirilmişdir. Məhkumun şəxsi işindən aydın olur ki, zərərçəkmiş şəxslə arasında barışıq əldə edilməmiş və zərərçəkmiş şəxs şikayətçidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkumun faktiki olaraq cəza çəkdiyi müddət ərzində islah olması, əməlindən peşman olması az inandırıcıdır. Məhkumla bağlı cəza çəkdiyi müəssisə tərəfindən onu mənfi xarakterizə edən mülahizə təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, məhkum Məhkum cəza çəkdiyi müddət ərzində birgəyaşayış qaydalarına uyğunlaşa bilmədiyi üçün onun barəsində həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Odur ki, onun hazırkı vaxtda cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədə müvafiq deyildir. Beləliklə, məhkəmə Məhkum şəxsi işindəki materiallarını, cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni iş materialları ilə birlikdə əlaqəli surətdə təhlil edərək, məhkumun törətdiyi cinayət əməlinə görə yuxarıda sadalanan halları nəzərə alaraq, hesab edir ki, onun hazırkı vaxtda cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədə müvafiq deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, bir daha məhkumunun şəxsi işi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi ona cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi üçün əsas ola bilməz. Qanunvericiliyin tələblərinə əsasən məhkumun şərti olaraq cəzadan vaxtından əvvəl azad edilməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı halda mümkündür. Məhkum müəssisə rəhbərliyi tərəfindən mənfi xarakterizə olunur. Qeyd olunan səbəblərdən onun islah olunması və cəzanı çəkməsinə lüzum olmaması qənaətinə gəlmək mümkün deyildir. Qeyd edilməlidir ki, iş materialına əsasən məhkum Məhkum barəsində cəza çəkdiyi müddət ərzində bir dəfə də həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ilə bağlı müraciət etmiş məhkum Məhkum barəsində cəzanı icra edən müəssisə rəhbərliyi tərəfindən mənfi xarakterizə olunan məhkum kimi mənfi mülahizə verilmişdir. Bu səbəbdən hal-hazırda onun islah olunması üçün cəzasının qalan hissəsini tam çəkməsi məqsədəuyğundur, ona görə də onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməməlidir. Beləliklə, iş materialı ilə Məhkum qanuna itaət, insana, cəmiyyətə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi tam şəkildə formalaşması və belə olan halda cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, ona cəmiyyətlə, müxtəlif insanlarla daha sıx və sərbəst təmasda olması üçün şərait yaradılmasının mümkün olması müəyyən edilmir. Belə olduğu təqdirdə onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi əsaslı hesab edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası ** saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni iş materialı ilə birlikdə əlaqəli surətdə təhlil edərək, məhkumun cəza çəkdiyi müddətdə tam islah olunmadığı qənaətinə gələrək hesab edir ki, hazırki vaxtda onun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəmüvafiq deyildir. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Qeyd olunan Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin Qərarda qeyd olunmuşdur ki, “Qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışı, əməyə münasibətini və cəzaçəkmə müəssisənin mülahizəsini əsas amil kimi irəli sürür”. Normalardan müəyyən olunur ki, məhkəmə məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edərkən onun müsbət xarakterizə olunması, davranışı, əməyə münasibəti, islah olunması nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.3-cü maddəsinə əsasən məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 513.1-ci maddəsinə əsasən cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında, cinayət qanunun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumun cəza çəkdiyi müddətdəki davranışını əks etdirən şəxsi işindən, mülahizədən onun cəzadan şərti olaraq azad edilməsi üçün həmin müddət ərzində tam islah olunması müəyyən olunmur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası bir daha qeyd edir ki, məhkumun ona təyin edilmiş cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsi yeganə əsas kimi cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün kifayət etmir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Universal Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 10 saat üçün cəmi 110 manat dövlət büdcəsindən Bakı şəhəri Universal Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar