Məhkəmə qərarları › İş №7(3-6)-1068/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1068/2026

17.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1068/2026 17.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X3, müdafiəçi - Bakı şəhər «Alyans» Vəkil Bürosunun vəkili müdafiəçi1 və məhkum İmamməmmədov Raci Gülməmməd oğlunun iştirakları ilə, ##.##.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbyacan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, İmamməmmədov Raci Gülməmməd oğlunun Bakı şəhəri Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Süleymanov Vüsal İlqar oğlu tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum İmamməmmədov Raci Gülməmməd oğlu ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə onun ərizəsi təmin edilmiş, İmamməmmədov Raci Gülməmməd oğlu Bakı şəhəri Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi qərara alınmışdır. Həmin qərardan birinci instansiya məhkəməsində icraatda iştirak etmiş prokuror apellyasiya protesti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının ləğv edilməsini, İmamməmmədov Raci Gülməmməd oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizənin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə məhkum Məhkum konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasını, törətdiyi cinayətə münasibətinin təzahür formasını, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsini araşdırmamış, islah olunmasının nədə təzahür etməsi, hansı nailiyyətlərinə əsasən digər məhkumlardan fərqlənməsi qeyd edilməmiş, yalnız formal xarakter daşıyan mülahizəyə və ümumi əsasları müəyyən edən qanun normasına istinad etməklə kifayətlənmişdir. Odur ki, məhkəmənin İmamməmmədov Raci Gülməmməd oğlu barəsində çıxardığı ##.##.2026-cı il tarixli qərarı əsassız olduğundan ləğv edilməlidir. Apellyasiya baxışı zamanı prokuror X3 apellyasiya protestinin təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilib və qərarın qanuni qüvvəyə minmədən icra edilməsini nəzərə alaraq məhkum İmamməmmədov Raci Gülməmməd oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı ərizəsinin təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkum İmamməmmədov Raci Gülməmməd oğlu və onun müdafiəçisi müdafiəçi1 apellyasiya protestinin təmin edilməyib, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının qüvvəsində saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, prokurorun həmin protestin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək məhkumun ərizəsinin təmin edilməməsi barədə təklifini, müdafiə tərəfinin isə protestin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək belə hesab edir ki, apellyasiya protesti təmin edilməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ləğv edilməlidir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli hökmündən görünür ki, İmamməmmədov Raci Gülməmməd oğlu Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona həmin maddələr üzrə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, İmamməmmədov Raci Gülməmməd oğlu təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli ## #### 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2024-cü il tarixli, *(***)-****/**** saylı qərarından görünür ki, təqsirləndirilən şəxs İmamməmmədov Raci Gülməmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkumun ***** saylı şəxsi işindən görünür ki, məhkum Bakı İstintaq təcridxanasında saxlanılmış, ##.##.2024-cü il tarixdə ** saylı cəzaçəkmə müəssisəsinə qəbul olunmuşdur. Qəbul olunduğu gündən məhkumla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmiş, islah prosesi ilə bağlı zəruri tövsiyyələr verilmişdir. Şəxsi şinin materiallarından göründüyü kimi, onunla aparılan fərdi tərbiyəvi söhbətlərin, islah prossesi ilə bağlı verilən tövsiyyələrin müsbət təsiri altında cəzanın çəkilməsi üçün müəyyən olunmuş rejimin tələblərinə əməl edən məhkum kimi tanınmış, ümumi cəza dövründə heç bir rejim pozuntusuna yol verməmiş, nümunəvi davranışı ilə fərqlənmişdir. Onunla aparılan fərdi söhbətlərdən bu qənaətə gəlmək olar ki, məhkum törətdiyi cinayəti etiraf edir və əməlindən peşmançılıq hissi keçirdiyini bildirir. Fərdi söhbətlər zamanı törətdiyi cinayətlə ailəsini üzləşdirdiyi çətinliklərə görə mənəvi əzab çəkdiyini qeyd edir. Azadlığa çıxmaq, cəmiyyətdə layiqli yer tutmaq, halal zəhməti ilə ailəsinə maddi və mənəvi dəstək vermək, ictimaiyyət arasında haqqında formalaşmış xoşagəlməz fikirləri halal zəhməti ilə müsbət istiqamətə dəyişmək arzusunda olduğunu bildirir. Ailəsi və yaxınları ilə mütəmadi əlaqə saxlayır. Kollektivçilik ənənələrinə və birgəyaşayış qaydalarına hörmətlə yanaşır. Asudə vaxtını səmərəli təşkil etməklə ictimai işlə məşğul olur və kütləvi-informasiya vasitələrini izləyir. Mədəni- kütləvi və tərbiyəvi tədbirlərdə fəal iştirak edir. Məhkum yoldaşları ilə mehriban və səmimi münasibət qurub, ünsiyyətliliyi, sadəliyi ilə əməkdaşların hörmətini qazanıb. Müəssisə ərazisinin abadlaşdırılması və məhkumların mədəni-məişət şəraitinin yaxşılaşdırılması üçün aparılan haqqı ödənilməyən işlərə, iməciliklərə cəlb edilmiş və o, əməksevərliyi ilə əməyə müsbət münasibətdə olduğunu nümayiş etdirmişdir. Verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirir. Nümunəvi davranışına və 29.01,2025-ci il tarixdə keçirilmiş Azərbaycan Respublikası Bələdiyyə seçkilərində fəal iştirakına görə ##.## 2025-ci il tarixli ** saylı əmrlə “Təşəkkür” elan olunmuşdur. Barəsində 2024 və 2025-ci illər üzrə tərtib edilmiş illik xasiyyətnamələrin nəticələrinə görə müsbət xarakterizə olunur. Hökmlə təyin olunmuş 65 manat ekspertdiza borcu dövlət nəfinə ödənilib. Yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlmək olar ki, məhkum onunla aparılan profilaktiki, tərbiyəvi söhbətlərdən özü üçün düzgün nəticə çıxarmış, daxili intizam qaydalarına riayət etmişdir. Məhkumun cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair mülahizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının təsis etdiyi komissiya tərəfindən müzakirə olunmuş, komissiyanın iclasının ##.##.2026-cı il tarixli ** saylı protokolu ilə barəsində müsbət rəy bildirilmişdir. Məhkum R.G.İmamməmmədovun cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Nümunəvi davranışı, əməksevərliyi, işgüzarlığı, verilən tapşırıqları layiqincə yerinə yetirməsi və cinayətini etiraf etməsi bir daha onun islah olunduğunu sübut edir. Müsbət xarakterizə olunduğunu nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmasını məqsədəuyğun hesab edilmişdir. Birinci instansiya məhkəməsi cəzaçəkmə müəssisəsinin məhkum İmamməmmədov Raci Gülməmməd oğlunun barəsində müsbət mülahizəsini, cəza çəkdiyi müddət ərzində illər üzrə müsbət xarakterizə olunmasını, həmçinin mülahizədə də qeyd edildiyi kimi ictimai faydalı əməklə məşğul olmasını, ictimai və mədəni tədbirdə iştirak etməsinə əsasən onun barəsində həvəsləndirmə tədbirlərinin tətbiq olunmasını nəzərə alaraq hesab etmişdir ki, məhkumun islah olunması üçün cəzasını tam çəkməsinə lüzum yoxdur. Apellyasiya məhkəmə kollegiyası bir daha məhkumunun şəxsi işini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayarq qeyd edir ki, iş materiallarına əsasən məhkum islah yoluna qədəm qoymağa ciddi səy göstərmədiyindən, əməyə və təhsilə münasibətinin qənaətbəxş olmadığından, müəssisədə keçirilən mədəni-kütləvi tədbirlərdə iştirak etmədiyindən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəmüvafiq deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi onun təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza cəkən şəxsin islah olunmaq üçün cəzanı tam cəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli * nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışını, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür. Məhkəmələrə izah olunsun ki, bu xarakterli müraciətlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş müddətini çəkməməsinin müəyyən olunması həmin müraciətin rədd olunmasına şərtsiz əsasdır. Cəzaçəkmə müəssisəsinin mənfi mülahizəsi isə özlüyündə müraciətin rədd olunması üçün şərtsiz əsas deyil. Məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar. Bu zaman məhkəmələr nəzərə almalıdır ki, cinayət və cinayət prosessual qanunvericiliyində törədilmiş cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməməsi, əvvəllər məhkum olunması, təqsirini etiraf etməməsi və sair bu kimi hallar cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməyə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunmağa və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsinə maneə kimi nəzərdə tutulmamışdır. Lakin, məhkumun vurulmuş ziyanı ödəməkdən qəsdən boyun qaçırması (məsələn, əmlakı gizlətməsi və s.), törətdiyi cinayətə münasibəti işin digər halları ilə birlikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməyə və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsinə, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə maneə ola bilər. Bununla yanaşı məhkəmələr nəzərə almalıdırlar ki, bu sahədə olan qanun normalarının mənasına görə məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətdən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır. Normalardan müəyyən olunur ki, məhkəmə məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edərkən onun müsbət xarakterizə olunması, davranışı, əməyə münasibəti, islah olunması nəzərə almalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Məhkəmə kollegiyası məhkum İmamməmmədov Raci Gülməmməd oğlunun barəsində verilmiş mülahizəni onun şəxsi işi ilə əlaqəli surətdə, bütün qanuni vasitələrdən istifadə etməklə tam, hərtərəfli, obyektiv araşdıraraq və onun cəza çəkdiyi müddətdəki davranışlarını ətraflı təhlil edərək hesab edir ki, məhkum cəzasının qanunla müəyyən edilmiş hissəsini çəksə də, barəsində verilmiş mülahizəyə və cəza çəkdiyi müddət ərzində islah olunmadığına əsasən ərizənin təmin edilməsi üçün əsas yoxdur. Göründüyü kimi, şəxsi işində olan və məhkəmə kollegiyasının iclasında araşdırılıb qiymət verilmiş hallar məhkumun islah olunduğunu təsdiq etməməklə, onun islah yoluna qədəm qoymuş məhkum olması qənaətinə gəlməyə əsas vermir. Məhkumun hökmlə təyin edilmiş cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkməsi barədə məhkəmə kollegiyası qeyd edir ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilərkən məhkumun davranışı, şəxsiyyəti, daxili rejim qaydalarına əməl etməsi və bu kimi digər hallar birlikdə araşdırılır. Əks halda təyin edilmiş cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi qanunverici tərəfindən bir qayda olaraq məhkəmələrin üzərinə vəzifə kimi qoyulardı. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iş üzrə araşdırılmış halları düzgün qiymətləndirməyərək, iş üzrə ədalətli olmayan nəticəyə gəlmişdir. Göründüyü kimi, məhkum İmamməmmədov Raci Gülməmməd oğlunun şəxsi işində olan və məhkəmə kollegiyasının iclasında araşdırılıb qiymət verilmiş hallar məhkumun islah olunduğunu təsdiq etməməklə, onun islah yoluna qədəm qoymuş məhkum olması qənaətinə gəlməyə əsas vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmaq səlahiyyətinə malikdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə razılaşaraq hesab edir ki, verilmiş apellyasiya protestinin dəlilləri əsaslı olduğundan təmin edilərək, İmamməmmədov Raci Gülməmməd oğlunun ərizəsinin təmin edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-***/**** nömrəli qərarı ləğv olunmalı, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsindən imtina olunmalı, o, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı X2 göndərilməlidir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.2, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya protesti təmin edilsin. İmamməmmədov Raci Gülməmməd oğlunun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ləğv edilsin. İmamməmmədov Raci Gülməmməd oğlunun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməsin. İmamməmmədov Raci Gülməmməd oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 12 gün hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsinə göndərilsin. Məhkum İmamməmmədov Raci Gülməmməd oğlu məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Konvoy Taboruna, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və ** saylı Cəzaçəkmə Müəssisəsinə həvalə edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Bakı şəhəri «Alyans» Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum İmamməmmədov Raci Gülməmməd oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) saat üçün, cəmi 132 (yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Alyans» Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar