Məhkəmə qərarları › İş №7(3-6)-1112/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1112/2026

24.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1112/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Ibrahimli Ibrahim Adil oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1, prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru – X3, Məhkum Məhkum Hacıağa oğlunun, Müdafiəçi – ** saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum Hacıağa oğlunun cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası CPMnin 193, 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi,) ##.##.2026-cı il tarixli qərarı ilə ##.##.2001-ci il taıixdə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, oıta təhsilli, subay, işləməyən, Qobustan rayonu Ərəbşalbaş kəndində qeydiyyatda olamaqla, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi, Sülh küçəsində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum Hacıağa oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Məhkum Hacıağa oğlunun müdafiəçisi apellyasiya şikayəti vermişdir. Şikayətin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkumun şəxsi işində olan iş materiallarından açıq şəkildə görünür ki, Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi məhkum barədə müsbət mülahizə vermiş, Ədliyyə Nazirliyinin Xüsusi Komissiyası tərəfindən də onun şərti olaraq vaxtından əvvəl azad edilməsinin məqsədəmüvafiq olması barədə müsbət rəy verilmişdir. Məhkumun cəza çəkdiyi müddətdə intizam tənbehi olmamış, müəssisənin daxili intizam qaydalarına riayət etmiş, törətdiyi əməli etiraf etmiş, səmimi peşmançılıq ifadə etmiş, ailəsi ilə qanunla müəyyən edilmiş qaydada əlaqə saxlamış və davranışı müsbət qiymətləndirilmişdir. Bundan əlavə, məhkəmə məhkumun şəxsiyyətini xarakterizə edən ən mühüm hallardan birinə ümumiyyətlə qiymət verməmişdir. Belə ki, Məhkum Hacıağa oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş, Ağdam istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmiş, göstərdiyi xidmətlərə görə "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmiş, eyni zamanda müharibə qazisidir. Bu faktlar onun dövlətə, xalqa və Vətənə xidmət etmiş şəxs olduğunu, müsbət mənəvi keyfiyyətlərini və şəxsiyyətini xarakterizə edən mühüm hüquqi əhəmiyyətli hallardır. Birinci instansiya məhkəməsi bu xüsusatlara ümumiyyətlə hüquqi qiymət verməmiş, nəticədə qərar tam, hərtərəfli və obyektiv araşdırma prinsiplərinə uyğun qəbul edilməmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında məhkum Məhkum Hacıağa oğlu və onun müdafiəçisi X2 şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X3 şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cəzaçəkmə müəssisəsinə məlumat verilməsinə baxmayaraq cəzaçəkmə müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, CPMnin 520.5-ci maddəsinə əsasən şikayətə məhkumun və cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkumun şəxsi işində olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-ci il tarixli hökmü ilə Məhkum Hacıağa oğlu AR CM-nin 234,4,1 və 234.4.3-cü maddələri ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. Məhkum Məhkum Hacıağa oğlunun şəxsi işi və mülahizədən görünür ki, məhkum Məhkum ** saylı cəzaçəkmə müəssisəsinə Umbakı Penitensiar müəssisəsindən ##.##.2024-ci il tarixdə qəbul edilmişdir. Müəssisəyə gələn gündən onunla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri, cəzanın icrası qaydaları və şərtləri izah edilmişdir. Aparılan fərdi tərbiyəvi söhbətlərdən düzgün nəticə çıxarır. Törətdiyi cinayəti etiraf edir və peşmançılıq hissi keçirdiyini bildirir. Əməyə münasibəti müsbətdir.Cəza çəkdiyi müddətdə tənbeh tətbiri tətbiq edilməmiş, həvəsləndirilməmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada ailə üzvləri ilə görüşür və telefon vasitəsi ilə əlaqə saxlayır.Ədliyyə Nazirliyinin Xüsusi Komissiyası tərəfindən məhkum Məhkum müsbət rəy verilməsi məqsədə müvafiq hesab edilmişdir. Məhkum Məhkum Hacıağa oğlu cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, iş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Məhkumun şəxsi işindən görünür ki, Məhkum Hacıağa oğlu cəza çəkdiyi müddət ərzində daxili rejim qaydası pozuntusuna yol verməmişdir; Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum Hacıağa oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxarkən onun davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə kifayət qədər sübut müəyyən olunmadığını nəzərə alaraq ərizənin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası bir daha məhkumunun şəxsi işini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməməkdə düzgün qənaətə gəlməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.3.1-1-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010 -cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Qeyd olunan Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunubolunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin Qərarda qeyd olunmuşdur ki, “Qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışı, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür”. Normalardan müəyyən olunur ki, məhkəmə məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edərkən onun müsbət xarakterizə olunmasını, davranışını, əməyə münasibətini, islah olunmasını nəzərə almalıdır. Iş üzrə müəyyən edilmişdir ki; a) mıhkum ona təyin edilmiş cəzasının 2/3 hissəsini həqiqətən çəkmişdir. b) cəza çəkdiyi müddət ərzində daxili rejim qaydası pozuntusuna yol verilməmişdir. c) əməyə münasibəti müsbət olmuşdur. d) müəssisə tərəfindən islah yoluna qədəm qoymuş məhkum kimi xarakterizə olunmuşdur. Eyni zamanda Məhkum Hacıağa oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş, "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir. Məhkəmə kollegiyası daxil olmuş şikayəti, məhkum barəsində müəssisənin müsbət mülahizəsini, tərəflərin çıxışlarını, məhkumun şəxsi işini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, məhkum Məhkum Hacıağa oğlunun cəzaçəkmə müddətində davranışı ümumilikdə müsbət qiymətləndirilməli və bu səbəbdən onun cəzasını tam çəkməsinə lüzum olmadığından məhkumun ərizəsi təmin edilməli və o, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 193, 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin olunsun. Məhkum Hacıağa oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qərarı ləğv edilsin. Məhkum Hacıağa oğlunun ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum Hacıağa oğlu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-ci il tarixli hökmü ilə təyin edilmiş 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 il 6 ay 19 günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilsin. Məhkum Məhkum Hacıağa oğlu məhkəmə iclas zalından dərhal azad olunsun. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Konvoy Taboruna və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı Istintaq Təcridxanasına həvalə edilsin. Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi, Sülh küçəsində yaşayan Məhkum Hacıağa oğlunun üzərinə onun davranışına nəzarəti həyata keçirən icra məmuruna məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Qərarın bu hissədə icrasına nəzarət Məhkum Hacıağa oğlunun yaşayış yeri üzrə Bakı şəhər Probasiya Idarəsinə tapşırılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum Hacıağa oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən məhkum Məhkum Hacıağa oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hazırkı qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar