Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1157/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Emin Zöhrab oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, Prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X3, Məhkum – İmanov (İmanzadə) Vüqar İnqilab oğlunun, Müdafiəçi – Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, ## ###### 1978-ci ildə Saatlı rayonu Sancalar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmuş, Saatlı rayonu Sancalar kəndində qeydiyyatda olmaqla yaşayan məhkum İmanov (İmanzadə) Vüqar İnqilab oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 7(5-103)- ***/**** nömrəli qərarından prokuror tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum İmanov (İmanzadə) Vüqar İnqilab oğlu ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 7(5-103)- ***/**** nömrəli qərarı ilə (hakim Nərminə Rzayeva) İmanov (İmanzadə) Vüqar İnqilab oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilərək 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 8 (səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkum İmanov (İmanzadə) Vüqar İnqilab oğlunun üzərinə işə düzəlməklə ailəsinə maddi yardım göstərmək, davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulmuş, məhkum İmanov (İmanzadə) Vüqar İnqilab oğlunun üzərində nəzarət onun yaşayış yeri üzrə İcra qurumuna tapşırılmışdır. Həmin qərardan narazı qalan cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Prokuror apellyasiya protesti verərək, qərarın ləğv edilməsini və məhkum tərəfindən verilmiş ərizənin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən Vüqar İmanovun (İmanzadə) barəsində tərtib olunan müsbət mülahizənin olduğu kimi qərarına köçürülməklə kifayətlənmişdir. Məhkəmə məhkumun konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasını, törətdiyi cinayətə münasibətinin təzahür formasını, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsini araşdırmamış, islah olunmasının nədə təzahür etməsi, hansı nailiyyətlərinə əsasən digər məhkumlardan fərqlənməsi qeyd edilməmiş, əvəllər dəfələrlə məhkum olunmasını, törətdiyi əmələ münasibətini nəzərə almadan yalnız formal xarakter daşıyan mülahizəyə və ümumi əsasları müəyyən edən qanun normasına istinad etməklə kifayətlənmişdir. Odur ki, məhkəmənin İmanov (İmanzadə) Vüqar İnqilab oğlu barəsində çıxardığı ##.##.2026-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında prokuror Rüstəm Hüseynli apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və məhkum İmanov (İmanzadə) Vüqar İnqilab oğlunun ərizəsinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında məhkum İmanov (İmanzadə) Vüqar İnqilab oğlu və onun müdafiəçisi Müdafiəçi hər biri ayrı-ayrılıqda apellyasiya protestinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Həmin Məcəllənin 76.3.1-ci maddəsinə əsasən məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını həqiqətən çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad edilə bilər. Azərbaycan Respublikası CİM-nin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Qeyd olunan maddələrin mənasına görə məhkəmə tərəfındən müraciətlərə baxılarkən, məhkumların bütün cəza çəkmə dövründəki davranışları hərtərəfli təhlil edilməli, məhkumun əməyə münasibəti, tərbiyəedici tədbirlərdə, öz fəaliyyət təşkilatlarının işində iştirakı, həqiqətən islah yoluna qədəm qoyması və cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi araşdırılmalıdır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə gəldiyi nəticəni kifayət qədər əsaslandırmış və qanuni qərar qəbul etmiş, əksinə apellyasiya protestində formal yanaşma nümayiş etdirilməklə ərizəçinin xahişini təmin olunmaması ilə bağlı hər hansı bir konkret və obyektiv dəlilə istinad edilməmişdir. Məhkəmə kollegiyası, təqdim edilmiş materialları və məhkumun şəxsi işini qarşılıqlı şəkildə araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, prokurorun həmin protestinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək verilmiş ərizənin təmin edilməməsi barədə, müdafiə tərəfinin isə protestin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə barədə çıxışlarını dinləyərək hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən, apellyasiya protesti isə təmin edilmədən saxlanılmalıdır. Belə ki, İmanov (İmanzadə) Vüqar İnqilab oğlu Saatlı rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 234.2, və 93.1.2-ci maddələrinə əsasən 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, amnistiya qərarı ilə cəzas 6 ay azaldılmışdır. Məhkəmə kollegiyası iş materiallarını, məhkumun barəsində verilmiş müsbət mülahizəni, habelə işdə olan digər məlumatları nəzərdən keçirərək qeyd edir ki, məhkum İmanov (İmanzadə) Vüqar İnqilab oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsini qanunla istisna edən hallar yoxdur. Belə ki, “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2010-cu il tarixli * saylı Qərarının, 1-ci bəndinin 2-ci abzasında məhkəmələr izah edilmişdir ki, cəzaçəkmə müəssisəsinin mülahizəsi özlüyündə müraciətin təmin və rədd olunması üçün şərtsiz əsas deyil. Məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Eyni zamanda Qərarın 2-ci bəndinin 4-cü abzasında göstərilmişdir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumu cəzasının qanunla müəyyən edilmiş hissəsinin çəkibçəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, məhkumun cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə institutu məhkumların islah edilməsini və azadlıqdan məhrum etmə növündə cəza çəkdikləri dövrdə qanuna itaətkar davranışını stimullaşdırmaq məqsədi daşıyır. Məhkum azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi yolu ilə onun davranışından və əməyə münasibətindən asılı olaraq, onun hüquqi statusunun yaxşı tərəfə dəyişməsinə əsaslanır və bu institutun reallaşdırılması cəzaçəkmənin mütərəqqi sisteminin, islah olunma və itaətkar davranış elementləri çərçivəsində məhkuma həvəsləndirmə tədbirinin tətbiqi yolu ilə həyata keçirilir. Göründüyü kimi, qanunvericiliyin yuxarıda göstərilən normalarının tələbləri və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izah və tövsiyələri islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzasına məhkum olunmuş şəxsin cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini deyil, həmçinin məhkumun müsbət xarakterizə edilməsini, davranışını, əməyə münasibətini və bu məsələlərlə bağlı cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amillər kimi nəzərdə tutur. Bununla yanaşı nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 76-cı maddəsində nəzərdə tutulmuş normalar imperativ deyil və qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətindən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrum etmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdırlar. Məhkəmə kollegiyasının qənaətinə görə, burada bütün yuxarıda göstərilənlərlə yanaşı cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun tətbiqi zamanı məhkumun hansı cinayət əməllərini törətməsi, təqsirli bilindiyi cinayətlərin ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyət əleyhinə və digər zorakı cinayətlərə görə məhkum olunmuş şəxsin zərər çəkmiş şəxslərlə (ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi ilə) münasibətləri, məhkumun özünün cəmiyyət üçün təhlükəli olub-olmaması, islah yoluna qədəm qoyub qoymaması, cəzanın məqsədlərinə nail olunub-olunmaması, çəkilməmiş cəzanın müddəti və sair bu kimi məsələlər də diqqətdən qaçırılmamalıdır. Ali Məhkəmənin Plenumunun sözü gedən qərarının izah və tövsiyələrini, eləcə də qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə tərkibi qeyd edir ki, məhkumun şəxsi işinə əsasən:
1. İmanov (İmanzadə) Vüqar İnqilab oğlu ** saylı cəzaçəkmə müəssisəsinə ##.##.2025-ci il tarixdə daxil olmuşdur. Qəbul olunduğu gündən məhkumla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmiş və islah prosesi ilə bağlı zəruri tövsiyələr verilmişdir.
2. Aparılan tərbiyəvi söhbətlərdən son vaxtlar özü üçün müsbət nəticələr çıxarmağa çalışmış, əməyə münasibəti müsbət, təhsilə münasibəti isə qənaətbəxş olmuş, məhkum kollektivi arasında hərəkət və davranışı ilə nümunə olmağa çalışmışdır. Asudə vaxtlarını səmərəli keçirir. Xarici görkəminə və yataq yerinin təmizliyinə fikir verir. Xasiyyətcə sakit təbiətlidir.
3. Barəsində cəza çəkdiyi müddətdə tənbeh və həvəsləndirmə tədbirləri tətbiq edilməmişdir. Ailə üzvləri və yaxınları ilə telefon və görüş vasitəsi ilə əlaqə saxlayır. Hökm üzrə təyin olunmuş ekspertiza xərcindən ödəniş həyata keçirilməmişdir. Aparılan tərbiyəvi söhbət zamanı törətdiyi cinayət əməlini etiraf edərək peşmançılıq hissi keçirməsini bildirmişdir.
4. ## #### 2026-cı il tarixdə müvafiq komissiya tərəfindən öyrənilmiş və ** nömrəli İclas Protokolu ilə (protokol şəxsi işə əlavə olunmuşdur) onun müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsini və s. halları nəzərə alaraq məhkəməyə təqdim olunması üçün müsbət rəy verilmişdir.
5. Məhkum İmanov (İmanzadə) Vüqar İnqilab oğlunun cəza müddətinin əvvəli kimi ##.##.2024-cü il, cəzasının sonu kimi isə ##.##.2027-ci il tarix göstərilmişdir ki, bununla da o, cəzasının yarısından çoxunu çəkmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəmüvafıq hesab edilmişdir. Məhkəmə kollegiyası, Plenum qərarında vurğulanan hüquqi tövsiyələrə münasibətdə qeyd edir ki, məhkum İmanov (İmanzadə) Vüqar İnqilab oğlu barəsində verilmiş mülahizənin əsaslılığı və islah olunub-olunmaması məsələsi araşdırılarkən, cəza çəkdiyi müddətdə nümayiş etdirdiyi davranış və digər hallar bir-biri ilə əlaqəli şəkildə nəzərə alınmalıdır. İş materiallarına əsasən məhkumun cəza çəkdiyi dövrə nəzər saldıqda məlum olur ki, İmanov (İmanzadə) Vüqar İnqilab oğlu təyin edilmiş cəzanın yarısından çoxunu çəkmişdir. Məhkumu islah etmək, onda qanuna itaəti həvəsləndirmək məqsədi ilə barəsində həvəsləndirmə tədbiri tətbiq edilmiş, daxili rejim qaydalarına əməl etmişdir. Bütün sadalanan hallar, məhkumun islah olunduğunun, cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinin mümkünlüyünün göstəricisidir. Digər tərəfdən, qanunun tələbinə görə məhkum edilmiş şəxsi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmək üçün iki əsas tələb olunur: müəyyən edilmiş cəza müddətinin bir hissəsinin çəkilməsi və məhkum edilmiş şəxsin islah olunması. Hazırkı iş üzrə təqdim edilmiş mülahizədən və məhkumun şəxsi iş materiallarından hər iki əsasın mövcud olduğu məlum olur. Bundan başqa, iş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, məhkum Vüqar İmanovun arvadı İmanova Gülər Sultan qızı “Düz bağırsağın bədxassəli yenitörəməsi” diaqnozlu xəstəlikdən ##.##.2025-ci il tarixdə ölmüşdür. Bundan başqa, elektron məhkəmə informasiya sistemində olan məlumatlardan görünür ki, Vüqar İmanov 3 qızı vardır. Sonuncu övladı ##.##.2009-cu il təvəllüdlü İmanova Nuranə Vüqar qızı yetkinlik yaşına çatmamışdır. Məhkəmə iclasında iştirak edən İmanova Nuranə Vüqar qızı anasının xəstəlikdən 2025-ci ildə öldüyünü, bacılarının ayrı yaşadığını, atasından başqa ona baxan şəxs olmadığını göstərməklə, atasının barəsində olan qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, İmanov (İmanzadə) Vüqar İnqilab oğlunda qanuna itaət, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi formalaşdığından, qanunvericiliyin tələblərinə və yuxarıda qeyd olunan xüsusatlara əsasən, onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsi və həmin ərizənin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı əsaslı hesab edilməli, apellyasiya protesti isə formal əsaslarla verildiyinə görə təmin olunmalı, çünki ərizənin təmin edilməməsi, apellyasiya protetinin isə təmin edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya protesti təmin edilməməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 7(5-103)- ***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 193, 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDI:
Apellyasiya protesti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 7(5-103)- ***/**** nömrəli qərarı verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum İmanov (İmanzadə) Vüqar İnqilab oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 8 (səkkiz) saat üçün cəmi 88 (səksən səkkiz) manat pul dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.