Məhkəmə qərarları › İş №7(3-6)-1199/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1199/2026

02.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1199/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası Hakimlər – Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsilə, Hüseynov Elməddin Mirpaşa oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1 müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Alibi” vəkil bürosunun vəkili Müdafiəçi, məhkum – Məhkum iştirakları ilə məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin olunması haqqında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim A.Ə.Rzayev) ## #### 2026-cı il tarixli qərarı ilə, ## ###### 1992-ci ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 02 (iki) azyaşlı övladı olan, orta təhsilli, işsiz, Ağcabədi şəhəri, H.Əliyev prospekti, ** saylı ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 0Təqdimat verən orqan cəza çəkən məhkum Məhkum, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. İşin halları: Daxil olmuş icraat materiallarından və məhkəmə sənədlərindən görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə nəzərdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ##.##.2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmə sənədlərinə əsasən, məhkum Məhkum cəzaçəkmə müddəti ##.##.2027-ci il tarixdə başa çatır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 0Təqdimat verən orqan cəza çəkən məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş və ərizə təmin olunmuşdur. Qərardan cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Dövlət ittihamçısı apellyasiya protesti verərək, Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin olunması haqqında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilərək, ərizənin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya protestinun dəlilləri və tərəflərin çıxışları: Protest onunla əsaslandırılmışdır ki, məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Məhkum törətdiyi cinayət onun şəxsiyyətini xarakterizə edən hal kimi cəmiyyət üçün təhlükəli olduğunu göstərir. Bundan əlavə, məhkəmə məhkum Məhkum konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasını, törətdiyi cinayətə münasibətinin təzahür formasını, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsini araşdırmamış, islah olunmasının nədə təzahür etməsi, hansı nailiyyətlərinə əsasən digər məhkumlardan fərqlənməsi qeyd edilməmiş, yalnız formal xarakter daşıyan mülahizəyə və ümumi əsasları müəyyən edən qanun normasına istinad etməklə kifayətlənmişdir. Cəza çəkdiyi müddətdə barəsində həvəsləndirmə tədbiri tətbiq edilməmişdir ki, bu da məhkumun digər məhkumlardan müsbət mənada fərqlənmədiyini sübut edir. Məhkumun cinayəti etiraf etməsi, törətdiyi cinayət əməlindən peşman olması və səmimi peşmançılıq çəkməsini bildirməsi isə, məhkumun islah olunması nəticəsinə gəlmək üçün yetərli arqument deyildir. Odur ki, məhkəmənin Məhkum barəsində çıxardığı ## #### 2026-cı il tarixli qərarı əsassız və ədalətsiz olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında prokuror X1 apellyasiya protestini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında məhkum Məhkum və müdafiəçisi Müdafiəçi apellyasiya protestinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protestini iş üzrə toplanmış icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, protesti təmin edilməli, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli və məhkum Məhkum ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56-cı maddəsinə əsasən, cəzaçəkmə müəssisəsinin növü hökmün icrası qaydasında dəyişdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 514.1-ci maddəsinə əsasən, cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssisəsinə keçirilməsi cinayət qanununun müddəalarına müvafiq olaraq məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası CİM-nin 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 0Təqdimat verən orqan tərəfindən verilmiş mülahizədən görünür ki, məhkum Məhkum Təqdimat verən orqan ##.##.2023- cü il tarixdə Bakı istintaq təcridxanasından qəbul edilmişdir. Qəbul olunduğu gündən ona müəssisənin daxili intizam qaydaları, hüquq və vəzifələri izah edilmiş, islah prosesi ilə bağlı zəruri tövsiyələr verilmişdir. Məhkum Məhkum törətdiyi cinayəti etiraf edir və əməlindən peşimançılıq hissi keçirdiyini bildirir. Əməyə və təhsilə münasibəti müsbətdir. Dəstədə keçirilən mədəni kütləvi və tərbiyə tədbirlərində iştirak edir. Məhkum yoldaşları ilə münasibətdə səmimidir. Asudə vaxtını səmərəli təşkil etməyi bacarır. Xasiyyətcə sakitdir. Ailəsi və yaxın qohumları ilə telefon və görüş vasitəsi ilə əlaqə saxlayır. Fərdi söhbətlər zamanı ailəsini üzləşdirmiş olduğu çətinliklərə görə xəcalət çəkdiyini və azadlığa çıxaraq doğmalarına qovuşub, cəmiyyətdə layiqli yer tutmaqla onlara maddi və mənəvi dəstək olmaq arzusunda olduğunu bildirir. Cəza çəkdiyi müddət ərzində barəsində həvəsləndirmə və tənbeh tədbirləri tətbiq edilməmişdir. Məhkumun cinayət işi üzrə dövlətə olan 49 manat 74 qəpik ekspertiza borcu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ##.##.2025-ci il tarixli *-T nömrəli əmri ilə yaradılmış “Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələləri ilə bağlı komissiya”nın ##.##.2026-cı il tarixli ** nömrəli iclas protokoluna əsasən məhkum Məhkum şəxsi işi öyrənilmiş və barəsində müsbət rəy verilmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, cəzaçəkmə müəssisəsinin Məhkum barəsindəki müsbət mülahizəsi obyektiv həqiqəti əks etdirmir, faktlara əsaslanmır və ümumi ifadələrdən ibarətdir, məhkəmə cəzaçəkmə müəssisəsinin formal xarakter daşıyan həmin müsbət mülahizəsinə istinad etməklə, məhkum Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair əsassız və qanunsuz qərar qəbul etmişdir. Məhkum törətdiyi cinayət onun şəxsiyyətini xarakterizə edən hal kimi cəmiyyət üçün təhlükəli olduğunu göstərir və mülahizədə məhkum Məhkum cəzasının çox hissəsini çəkməsi, törətdiyi cinayəti etiraf etməsi və əməlinə görə peşmançılıq hissi keçirməsi kimi mülahizələr göstərilmiş, birinci instansiya məhkəməsi cəzaçəkmə müəssisəsinin formal xarakter daşıyan həmin müsbət mülahizəsinə istinad etməklə, məhkum Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə cavab verməyən qərar qəbul etmişdir. Beləliklə də, göründüyü kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 0Təqdimat verən orqan tərəfindən məhkum barəsində verilmiş müsbət mülahizə formal xarakter daşımış və işin faktiki-həqiqi halları ilə uzlaşmamışdır. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2010-cu il tarixli **/**** saylı Qərarının birinci bəndinin hüquqi tövsiyyəsinə görə, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidir. Eyni zamanda həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzaçəkmə dövründə davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirilmişdir. Plenumun qərarının və qeyd olunan maddələrin mənasına görə saxlama şəraitinin yaxşı tərəfə dəyişdirilməsi özünü müsbət cəhətdən xarakterizə edən məhkumlar üçün nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən müraciətlərə baxılarkən qeyd olunan kateqoriyaya aid olubolmamalarını müəyyən etmək üçün məhkumların bütün cəza çəkmə dövründəkı davranışları hərtərəfli təhlil edilməli, məhkumun əməyə münasibəti, tərbiyəedici tədbirlərdə, özfəalliyyət təşkilatlarının işində iştirakı, həqiqətən də islah yoluna qədəm qoyması araşdırılmalıdır. Birinci instansiya məhkəməsi məhkum Məhkum islah yoluna qədəm qoyması barədə cəzaçəkmə müəssisəsinin formal xarakter daşıyan, işin faktiki hallarına uyğun olmamasına baxmayaraq onu müsbət xarakterizə olunan məhkum kimi göstərildiyi, faktlara əsaslanmayan, ümumi ifadələrdən ibarət olan formal mülahizəni nəzərə almaqla kifayətlənmiş, bununla da, işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının CPM-nin 399.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələrin işin faktiki halların uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 401.2.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almadıqda məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət işin faktiki hallarına uyğun olmamış, məhkum Məhkum səciyyələndirən xüsusatların hərtərəfli və tam nəzərə alınmaması nəticəsində məhkumun cəzasının çəkilməmiş hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsi əsaslı olmamışdır. Şərh olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya protestinin dəlilləri əsaslı olduğundan təmin olunmalı, məhkum Məhkum ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi ilə bağlı ərizəsinin təmin edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv olunmalı və məhkumun ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 398.1.2, 410, 514 və 520-ci madadələrini rəhbər tutaraq QƏRARA A L D İ: Apellyasiya protesti təmin edilsin. Məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi haqqında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ləğv edilsin. Məhkum Məhkum ərizəsi təmin edilməsin. “Alibi” vəkil bürosunun vəkili Müdafiəçi məhkum Məhkum hüquqların məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 11 (on bir) saat üçün cəmi 121 (yüz iyirmi bir) manat dövlət büdcəsindən tutularaq “Alibi” vəkil bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-412-ci maddələrinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar