Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1211/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Emin Zöhrab oğlu və Hüseyn Cavid Vaqif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı prokuroru – X2, Məhkum – Məhkum, Müdafiəçi – “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı (hakim Aygün Həsənova) ilə, # ### 1984-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, məhkumluğu olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. İşin halları: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və ərizəsi təmin olunmamışdır. Həmin qərardan məhkum Məhkum apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ağır xəstədir (2-ci qrup əlil) və yaşlı anasından başqa heç kəsi yoxdur. Bunları nəzərə alaraq ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında məhkum Məhkum və müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında prokuror X2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini təqdim olunmuş iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya şikayəti təmin olunmalı, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli və məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsi təmin olunmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Həmin Məcəllənin 76.3.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. İş materiallarına əsasən Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, cinayətlərin residivinə görə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli kimi ##.##.2021-ci il tarix müəyyən edilmişdir. Bu səbəbdən də cəzaçəkmə müddətinin sonu kimi ##.##.2027-ci il tarix müəyyən edilmişdir. Göründüyü kimi Məhkum ona təyin edilmiş 6 il müddətə azadlıqdan məhrum etmə cəzasının qanunla müəyyən edilmiş dörddə üç hissəsindən artıq müddətə cəzanı çəkmişdir. Azərbaycan Respublikası CİM-in 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Qeyd olunan maddələrin mənasına görə məhkəmə tərəfindən müraciətlərə baxılarkən, məhkumların bütün cəza çəkmə dövründəki davranışları hərtərəfli təhlil edilməli, məhkumun əməyə münasibəti, tərbiyəedici tədbirlərdə, öz fəaliyyət təşkilatlarının işində iştirakı, həqiqətən islah yoluna qədəm qoyması və cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi araşdırılmalıdır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə gəldiyi nəticəni kifayət qədər əsaslandırmamış, formal yanaşma nümayiş etdirməklə ərizəçinin xahişinin təmin olunmaması ilə bağlı hər hansı bir konkret və obyektiv dəlilə istinad etməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarında qeyd edilmişdir ki, məhkəmə məhkumun cəza çəkdiyi müddət ərzində barəsində heç bir tənbeh tədbirinin tətbiq edilməməsini, əksinə, nümunəvi davranışına və ictimai işlərdə fəal iştirakına görə beş dəfə "Təşəkkür" həvəsləndirmə tədbirinin tətbiq olunmasını, əməyə və təhsilə münasibətinin müsbət olmasını, hökm üzrə təyin edilmiş ekspertiza borcunu ödəməsini, cinayət əməlini etiraf etməsini və peşmançılıq hissi keçirməsini, habelə müəssisə və Ədliyyə Nazirinin ##.##.2025-ci il tarixli 06-T №-li əmri ilə təsdiq edilmiş komissiya tərəfindən barəsində müsbət rəy verilməsini müsbət hallar kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkum tərəfindən törədilmiş əməl narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmaqla yüksək ictimai təhlükəlilik dərəcəsinə malikdir və əhalinin sağlamlığı əleyhinə yönəlmişdir. Cinayət Məcəlləsinin 76-cı maddəsinin tətbiqi məhkumun hüququ deyil, hər bir işin fərdi hallarının qiymətləndirilməsi əsasında məhkəmənin ixtiyarına verilmiş səlahiyyətdir. Birinci instansiya məhkəməsi şəxsi iş materiallarını tədqiq edib və məhkumu dinləyərək, öz daxili inamını rəhbər tutub belə hesab etmişdir ki, Məhkum qanuna itaət, insana, cəmiyyətə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi hələ tam şəkildə formalaşmamış, onun islah prosesi başa çatmamış və cəzanın məqsədlərinə tam nail olunması üçün ona təyin edilmiş cəzanın qalan hissəsinin çəkilməsi zəruridir. Apellyasiya məhkəməsinin kollegiyası iş materiallarını, məhkumun barəsində verilmiş müsbət mülahizəni, habelə işdə olan digər məlumatları nəzərdən keçirərək qeyd edir ki, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsini qanunla istisna edən hallar yoxdur. Belə ki, birinci instansiya məhkəməsi mübahisələndirən qərarında “Məhkum qanuna itaət, insana, cəmiyyətə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi hələ tam şəkildə formalaşmamış, onun islah prosesi başa çatmamış və cəzanın məqsədlərinə tam nail olunması üçün ona təyin edilmiş cəzanın qalan hissəsinin çəkilməsi zəruridir” mülahizəsini əsaslandırmamış, bu qənaətin hansı fərdi hallar və iş üzrə mövcud sənədlərə istinad edilməsi göstərilməmişdir. Halbuki, “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2010-cu il tarixli * saylı Qərarının, 1-ci bəndinin 2-ci abzasında məhkəmələrə izah edilmişdir ki, cəzaçəkmə müəssisəsinin mülahizəsi özlüyündə müraciətin təmin və rədd olunması üçün şərtsiz əsas deyil. Məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Eyni zamanda Qərarın 2-ci bəndinin 4-cü abzasında göstərilmişdir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumu cəzasının qanunla müəyyən edilmiş hissəsinin çəkibçəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, məhkumun cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə institutu məhkumların islah edilməsini və azadlıqdan məhrum etmə növündə cəza çəkdikləri dövrdə qanuna itaətkar davranışını stimullaşdırmaq məqsədi daşıyır. Məhkum azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi yolu ilə onun davranışından və əməyə münasibətindən asılı olaraq, onun hüquqi statusunun yaxşı tərəfə dəyişməsinə əsaslanır və bu institutun reallaşdırılması cəzaçəkmənin mütərəqqi sisteminin, islah olunma və itaətkar davranış elementləri çərçivəsində məhkuma həvəsləndirmə tədbirinin tətbiqi yolu ilə həyata keçirilir. Göründüyü kimi, qanunvericiliyin yuxarıda göstərilən normalarının tələbləri və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izah və tövsiyələri islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzasına məhkum olunmuş şəxsin cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini deyil, həmçinin məhkumun müsbət xarakterizə edilməsini, davranışını, əməyə münasibətini və bu məsələlərlə bağlı cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amillər kimi nəzərdə tutur. Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 76-cı maddəsində nəzərdə tutulmuş normalar imperativ deyil və qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətindən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrum etmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdırlar. Ali Məhkəmənin Plenumunun sözü gedən qərarının izah və tövsiyələrini, eləcə də qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə tərkibi qeyd edir ki, məhkumun şəxsi işinə əsasən:
1. Məhkum ##.##.2022-ci il tarixdə * saylı cəzaçəkmə müəssisəsinə qəbul edilmişdir.
2. Karantin müddətini başa vuararaq * saylı dəstədə qeydiyyata alınmış, yataq yeri və ən zəruri ləvazimatlarla təmin edilmiş, hüquq və vəzifələri, daxili inztizam qaydaları, cəzanın çəkilməsi şərtləri izah olunmuşdur. İslah prosesinə cəlb olunması üçün müəssisəsdə aparılan abadlıq işlərinə, keçirilən mədəni-kütləvi tədbirlərə cəlb olunmuş, onun bu tədbirlərdə iştirakı qənaətbəxş olmuşdur. Müəssisədə cəza çəkdiyi müddətdə özünü müsbət xarakterizə olunan məhkum kimi tanıtmışdır. Əməkdaşlarla münasibətdə etik davranış qaydalarına riayət edir. Şəxsi gigiyena qaydalarına əməl edir. Hökm üzrə təyin edilmiş 50 (əlli) manat ekspertiza borcu ödənilmişdir. Əməyə və təhsilə olan münasibəti müsbətdir. Onunla aparılan fərdi tərbiyəvi söhbətlərdən özü üçün müsbət nəticə çıxarır. Müəssisəsinin ictimai həyatında fəal iştirak edir və digər məhkumların da bu işlərə cəlb olunmasında müəssisə əməkdaşlarına yaxından köməklik göstərir. Xasiyyətcə mülayimdir. Törətmiş olduğu cinayət əməlini etiraf edir və səmimi peşmançılıq hissi keçirdiyini bildirir. Ailə üzvləri ilə görüş və telefon vasitəsilə əlaqə saxlayır. Cəza çəkdiyi müddət ərzində barəsində tənbeh tədbiri tətbiq edilməmişdir.
3. Məhkum Məhkum nümunəvi davranışına və ictimai işlərdə fəal iştirakına görə barəsində ##.##.2022, ##.##.2023, ##.##.2023, ##.##.2024 və ##.##.2024-cü il tarixlərdə “Təşəkkür” həvəsləndirmə tədbirləri tətbiq edilmişdir.
4. Ədliyyə Nazirinin ##.##.2025-ci il tarixli 06-T №-li əmri ilə təsdiq edilmiş komissiya tərəfindən barəsində müsbət rəy verilmişdir.
5. Məhkum Məhkum cəza müddətinin əvvəli kimi ##.##.2021-ci il, cəzasının sonu kimi isə ##.##.2027-ci il tarix göstərilmişdir ki, bununla da o, cəzasının 2/3 hissəsindən çoxunu çəkmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəmüvafıq hesab edilmişdir. Məhkəmə kollegiyası, Plenum qərarında vurğulanan hüquqi tövsiyələrə münasibətdə qeyd edir ki, məhkum Məhkum barəsində verilmiş mülahizənin əsaslılığı və islah olunub-olunmaması məsələsi araşdırılarkən, cəza çəkdiyi müddətdə nümayiş etdirdiyi davranış və digər hallar bir-biri ilə əlaqəli şəkildə nəzərə alınmalıdır. İş materiallarına əsasən məhkumun cəza çəkdiyi dövrə nəzər saldıqda məlum olur ki, Məhkum təyin edilmiş cəzanın dörddə üç hissəsindən çoxunu çəkmişdir. Məhkumu islah etmək, onda qanuna itaəti həvəsləndirmək məqsədi ilə barəsində həvəsləndirmə tədbiri tətbiq edilmiş, daxili rejim qaydalarına əməl etmişdir. Bütün sadalanan hallar, məhkumun islah olunduğunun, cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinin mümkünlüyünün göstəricisidir. Digər tərəfdən, qanunun tələbinə görə məhkum edilmiş şəxsi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmək üçün iki əsas tələb olunur: müəyyən edilmiş cəza müddətinin bir hissəsinin çəkilməsi və məhkum edilmiş şəxsin islah olunması. Hazırkı iş üzrə təqdim edilmiş mülahizədən və məhkumun şəxsi iş materiallarından hər iki əsasın mövcud olduğu məlum olur. Məhkəmə xüsusi olaraq qeyd edir ki, məhkəmədə çıxış edən məhkum Məhkum qeyd etmişdir ki, o, bağırsağından əməliyyat olunmuş və onun səhhəti ilə bağlı vəziyyəti ağırdır. O, hal-hazırda cəza çəkdiyi müəssisədə tibb məntəqəsində saxlanılır. Məhkum məhkəmə iclasında tibb əməliyyatı keçirdiyi bədənin hissəsini nümayiş etdirməklə bildirmişdir ki, o tibb kateter vasitəsi ilə nəcisini ifraz edir, bağırsaqlarında çürümə getdiyi üçün öz funksiyasını yerinə yetirmir, bu səbəbdən də onun cəzasının çəkilməsinin davam etdrilməsində, özünə qulluq edilməsində, sanitar qovşağa gedilməsində böyük çətinlikləri vardır. Bundan sonra müddətdə cinayət törətmək iqtidarında deyil, islah olunmuş, ömrünün son günlərini evində keçirilməsini, bunun üçün isə şikayətinin təmin edilməsini xahiş edir. Məhkumun şəxsi işində olan 20.02.206-cı il tarixli tibbi arayışdan görünür ki, Məhkum ##.##.2026-cı il tarixdə * saylı cəzaçəkmə müəssisəsindən təcili qaydada Müalicə müəssisəsinə daxil olmuş və həmin tarixdə intensiv terapiya şöbəsinə köçürülmüşdür. İlkin müayinələr nəticəsində “Boşluqlu orqanın perforasiyası. Yayılmış peritonit. Ağır dərəcəli hipovolemiya. Toksiki infeksion şok” diaqnozu müəyyən edilmişdir. Xəstənin vəziyyətinin ağırlığı nəzərə alınaraq o, təcili qaydada “X3” köçürülmüşdür. Həmin tibb mərkəzində ##.##.2026-cı il tarixdə “Siqmoidektomiya. Kolostomanın qoyulması. İntraperitoneal absesin açılması və drenajı. Periton bitişmələrin lizisi. Yanaşı appendektomiya” cərrahı əməliyyatı icra olunmuş, sonuncu müayinə nəticəsində xəstəyə konservativ müalicə məsləhət görülərək ##.##.2026-cı il tarixdə Müalicə müəssisəsinə geri göndərilmişdir. Xəstə cərrahiyyə şöbəsinə köçürülmüşdür. Xəstənin vəziyyəti ağır qiymətləndirilir. Məhkəmə Məhkum hazırkı dövrdə məhkumun səhhətinin ağır olmasını, bundan sonrakı müddətdə onun vəziyyəti nəzərə alınaraq cinayətə meylli olmayacağını, o öz əməlinə tənqidi yanaşaraq nəticə çıxara bildiyi, bundan sonrakı müddət ərzində artıq islah olunduğunu, bunu əməyə münasibəti və müsbət davranışı ilə sübut etdiyini, onun ümumiyyətlə tənbehi olmadığını, barəsində dəfələrlə həvəsləndirmə tədbiri tətbiq edildiyini və məhkəmə hökmü ilə müəyyən edilmiş ekspertiza xərcinin də tam ödənildiyinidə nəzərə alır. Məhkəmə həmçinin Məhkum əvvəl məhkumluğunun olmasını ona cəza təyini zamanı cinayətlərin residivinə görə nəzərə alındığını və ona daha ağır cəza təyin edildiyini vurğulamaqla yanaşı, cəzanı ağırlaşdıran və hökm üzrə nəzərə alınan bu halın təkrarın onun cəzadan şərti olaraq azad edilməsi məsələsinə baxılarkən yolverilməz olduğunu vurğulayır. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Məhkum qanuna itaət, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi formalaşdığından, qanunvericiliyin tələblərinə və yuxarıda qeyd olunan xüsusatlara əsasən, onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsi əsaslı hesab edilməli və təmin olunmalı, çünki ərizənin təmin edilməməsi üçün heç bir əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 399.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi əsaslarından biridir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni tədqiq edilmiş sənədlərə və işin faktiki hallarına uyğun hesab etmir və qanunvericiliyin tələblərini, həmçinin Ali Məhkəmənin Plenum qərarının hüquqi tövsiyyələrini nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayəti təmin edilməli və məhkum Məhkum islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığına dəlalət edən kifayət qədər əsasların mövcudluğu iş materialları ilə təsdiq olunduğundan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilərək, məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsi təmin edilməli və o, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, cəzasının sonuna yəni ##.##.2027-ci il tarixə çəkilməmiş qalan 09 (doqquz) ay 14 (on dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının CPM-nin 193, 397.1, 397.2, 398.1.2, 399.1.2, 514 və 520-ci maddələrinin tələblərini nəzərə alaraq, məhkəmə kollegiyası,
Q Ə R A R A A L D İ:
Apellyasiya şikayəti təmin edilsin. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsi haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-***/**** nömrəli qərarı ləğv edilsin. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsi təmin edilsin. Məhkum Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 09 (doqquz) ay 14 (on dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilsin. Məhkum Məhkum davranışı üzərində nəzarət onun daimi yaşayış yeri üzrə müvafiq Probasiya şöbəsinə həvalə edilsin. Məhkum Məhkum üzərinə davranışına nəzarəti həyata keçirən icra orqanına məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Məhkum Məhkum məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 8 (səkkiz) saat üçün cəmi 88 (səksən səkkiz) manat dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-412-ci maddələrinə əsasən, apellyasiya məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.