Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1225/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru X2, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## ##### 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olan, həbs olunanadək ünvan 1 ünvanında yaşamış, hazırda ** saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxış iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının üçdə iki hissəsindən çoxunu çəkdiyini qeyd edərək cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Günay Göyüşova) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv olunması və cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, təyin olunmuş cəza müddətinin ¾ hissəsindən çoxunu çəkdiyinə görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin məhkəmənin ## #### 2026-cı il tarixli qərarı ilə ərizəsi təmin olunmamışdır. Hesab edir ki, məhkəmənin qərarı tam əsassız olduğuna görə ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının əsaslı və qanuni olduğunu bildirib, apellyasiya şikayətinin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkum Məhkum məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, apellyasiya şikayəti üzrə məhkəmə icraatında səhhəti ilə bağlı iştirak etməkdən imtina etdiyini bildirib apellyasiya şikayətinin ilkin və yekun məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Kollegiya məhkum Məhkum iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2020-ci il tarixli, hökmü ilə ("Həmşəri" adlı iranlının "Whatsapp"la narkotikin gizlədildiyi yer barədə məlumatından sonra həmin yerdən 110 qr qurudulmuş marixuana, 460 qr qurudulmamış marixuana, 305,0 qr həşiş qətranı, 101,463 qr heroin, 45,283 qr metamfetamin və iki ədəd elektron tərəzini götürüb daşıyarkən saxlanılmışdır) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. - Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı, ## ###### 2021-ci il tarixli, qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2020-ci il tarixli hökmü dəyişdirilərək, Məhkum ittihamından və hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 234.4.1-ci maddəsi xaric edilmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 234.4.3-cü maddəsi ilə 08 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-****/**** saylı, ## ####### 2021-ci il tarixli, qərarına əsasən, məhkum Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti, o cümlədən kassasiya protesti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı, ## ###### 2021-ci il tarixli, qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Məhkumun **** saylı şəxsi işindən görünür ki, Məhkum cəzaçəkmə müddətinin əvvəli ## #### 2020-ci il tarixdən hesablanmaqla ## #### 2028-ci il tarixdə cəzası sona çatır. Məhkum ona təyin edilmiş 08 il azadlıqdan məhrum etmə cəzasından, bu günə kimi 06 (altı) il 04 (dörd) ay 19 (on doqquz) gününü çəkmiş, 01 (bir) il 07 (yeddi) ay 11 (on bir) günü isə çəkilməmiş qalmışdır. - Şəxsi işdə qeyd edilmiş 2021, 2022, 2023, 2024, 2025-ci illər üzrə illik xasiyyətnamələrdən görünür ki, törətdiyi cinayəti etiraf edir, islah yoluna qədəm qoymağa çalışır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsinin məhkum Məhkum barəsində məhkəməyə təqdim etdiyi ## #### 2026-cı il tarixli mülahizədən görünür ki, o, məhkum ## ###### 2021-ci il tarixdə * saylı Istintaq Təcridxanasından ** saylı Cəzaçəkmə Müəssisəsinə qəbul olunmuşdur. Qəbul olunduğu gündən məhkumla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmiş, islah prosesi ilə bağlı zəruri tövsiyyələr verilmişdir. Şəxsi işinin materiallarından göründüyü kimi, onunla aparılan fərdi tərbiyəvi söhbətlərin, islah prossesi ilə bağlı verilən tövsiyyələrin müsbət təsiri altında, ümumi cəza çəkdiyi müddətdə cəzanın çəkilməsi üçün müəyyən olunmuş rejimin tələblərinə əməl edən məhkum kimi tanınmış, heç bir rejim pozuntusuna yol verməmiş, nümunəvi davranışı ilə fərqlənmişdir. Onunla aparılan fərdi söhbətlərdən bu qənaətə gəlmək olar ki, məhkum törətdiyi cinayəti etiraf edir və əməlindən peşmançılıq hissi keçirdiyini bildirir. Fərdi söhbətlər zamanı törətdiyi cinayətlə ailəsini üzləşdirdiyi çətinliklərə görə mənəvi əzab çəkdiyini qeyd edir. Azadlığa çıxmaq, cəmiyyətdə layiqli yer tutmaq, halal zəhməti ilə ailəsinə maddi və mənəvi dəstək vermək, ictimaiyyət arasında haqqında formalaşmış xoşagəlməz fikirləri halal zəhməti ilə müsbət istiqamətə dəyişmək arzusunda olduğunu bildirir. Ailəsi və yaxınları ilə mütəmadi əlaqə saxlayır. Kollektivçilik ənənələrinə və birgəyaşayış qaydalarına hörmətlə yanaşır. Asudə vaxtını səmərəli təşkil etməklə ictimai işlə məşğul olur və kütləviinformasiya vasitələrini izləyir. Mədəni- kütləvi və tərbiyəvi tədbirlərdə fəal iştirak edir. Məhkum yoldaşları ilə mehriban və səmimi münasibət qurub, ünsiyyətliliyi, sadəliyi ilə əməkdaşların hörmətini qazanıb. Müəssisə ərazisinin abadlaşdırılması və məhkumların mədəni-məişət şəraitinin yaxşılaşdırılması üçün aparılan haqqı ödənilməyən işlərə, iməciliklərə də cəlb edilmiş və o, əməksevərliyi ilə əməyə müsbət münasibətdə olduğunu nümayiş etdirmişdir. Verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirir. Nümunəvi davranışına, ictimai işlərdə fəallığına və əməyə müsbət münasibətinə görə “Novruz bayramı” və “Ramazan bayramı” münasibətilə ## #### 2025-ci il tarixli ** saylı əmrlə “Təşəkkür” elan olunmuşdur. Barəsində 2021, 2022, 2023, 2024 və 2025-ci illər üzrə tərtib edilmiş illik xasiyyətnamələrin nəticələrinə görə müsbət xarakterizə olunur. Məhkumun cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair mülahizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının təsis etdiyi komissiya tərəfindən müzakirə olunmuş, komissiyanın iclasının ## #### 2026-cı il tarixli ** saylı protokolu ilə barəsində mənfi rəy bildirilmişdir. Nəticədə mənfi rəy nəzərə alınaraq, ərizənin təmin edilməsi məqsədəuyğun hesab edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə tərəfindən məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məsələsinə baxılarkən onun müsbət xarakterizə olunması, davranışı, əməyə münasibəti, islah olunması nəzərə alınmalıdır. Məhkəmə şəxsi iş materiallarını tədqiq edib və məhkumu dinləyərək, öz daxili inamını rəhbər tutub belə hesab etmişdir ki, Məhkum qanuna itaət, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi tam şəkildə formalaşmamış və belə olan halda onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, ona cəmiyyətlə, müxtəlif insanlarla daha sıx və sərbəst təmasda olması üçün şərait yaradılması mümkünsüzdür. Məhkumun şəxsi işinə əsaəsn qeyd edilmişdir ki, Məhkum ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyi 5 ildən çox müddət ərzində tərtib edilmiş 2021 - 2025-ci illəri əhatə edən illik xasiyyətnamələrin məzmunları bir-birindən fərqlənməməklə, sonuncunun islah yoluna qədəm qoymağa çalışdığı vurğulanmışdır. Bu da məhkumun islah olunması üçün nəinki cəzanı tam çəkməsinə lüzum olmadığı, onun cəmiyyətə qayıtmağa hazır olmasına dair qənaətə gəlməyə imkan vermir, hətta məhkumun hələ də islah yoluna qədəm qoyma prosesində olduğunu deməyə əsas verir. Eyni zamanda, məhkuma cəza çəkməyə başladığı müddətdən 05 il keçdikdən sonra, o cümlədən cəzadan vaxtından əvvəl şərti azad olunmaq üçün müraciət hüququnun yaranmasına 04 aydan az vaxt qalmış tətbiq edilmiş yeganə həvəsləndirmə tədbiri olan ## #### 2025-ci il tarixli, ** nömrəli əmrin əsasını qiymətləndirmək də mümkün olmamışdır. Belə ki, şəxsi iş materiallarında yalnız həmin əmrdən çıxarış mövcuddur və təşəkkür elan edilməsinin konkret faktiki əsasları öz əksini tapmamışdır. Bu səbəbdən, həvəsləndirmə tədbirinin məhkumun nümunəvi davranışı, əmək fəaliyyəti, islah prosesində fəallığı və ya digər müsbət fərdi göstəriciləri ilə bağlı tətbiq edildiyi müəyyən edilmir. Əksinə, həvəsləndirmə tədbirinin verildiyi tarixin "Novruz bayramı" və "Ramazan bayramı" ilə üst-üstə düşməsi nəzərə alındıqda, onun bayram münasibətilə tətbiq edilmiş ümumi xarakterli həvəsləndirmə tədbiri olmasını demək olar. Belə olan halda isə yuxarıda qeyd edilən və mülahizədə sadəcə ümumi sözlərlə, nümunəvi davranış və s. kimi Məhkum müsbət xarakterizə olunan şəxs kimi göstərən ifadələr onun nümunəvi davranışının, əməyə müsbət münasibətinin nədə ifadə olunması, məhz hansı davranışına görə barəsində həvəsləndirmə tədbirinin tətbiq olunması əsaslandırılmadığı müddətdə məhkəmə tərəfindən sadəcə şablon və formal cümlələr kimi dəyərləndirilir. Belə ki, məhkumun cəzanın üçdə iki hissəsini çəkməsi avtomatik olaraq onun şərti olaraq vaxtından əvvəl azad olunması üçün əsas yaratmır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq normalarına görə, vaxtından əvvəl azad etmə yalnız cəzanın müəyyən hissəsinin çəkilməsi deyil, həm də məhkumun islah olunması, davranışı, törətdiyi əmələ münasibəti və gələcəkdə yenidən cinayət törətməyəcəyinə dair əsaslı qənaətin formalaşması ilə mümkündür. Həmçinin məhkumun şərti olaraq, vaxtından əvvəl azad olunmasına dair mülahizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının təsis etdiyi komissiya tərəfindən müzakirə olunmuş, komissiyanın iclasının ## #### 2026-cı il tarixli ** saylı protokolu ilə onun cəzasının çəkilməmiş hissəsini çəkmədən vaxtından əvvəl şərti azad olunması ilə bağlı məsələyə mənfi rəy bildirilmişdir. Bununla yanaşı, məhkəməyə təqdim olunmuş materiallarda məhkumun müsbət xarakterizə edilməsinin konkret faktiki əsasları açıqlanmamışdır. Belə ki, mülahizədən məhkumun eyni müəssisədə cəza çəkən digər məhkumlardan hansı davranış və ya şəxsi keyfiyyətlərinə görə fərqləndiyi, başqalarına nümunə göstərilə biləcək davranışının konkret nədən ibarət olduğu, əməyə müsbət münasibət göstərdiyi qeyd olunsa da, hansı əmək fəaliyyətinə cəlb edildiyi, üzərinə düşən vəzifə və öhdəlikləri hansı səviyyədə yerinə yetirdiyi, habelə islah prosesində fəallığını təsdiq edən digər obyektiv məlumatlar müəyyən edilmir. Bu baxımdan, mülahizədə yer alan müsbət qiymətləndirmələr daha çox ümumi xarakter daşıyır və onları təsdiq edən konkret faktlar, müşahidələr və ya nəticələr göstərilmir. Eyni zamanda, mülahizənin təsviri hissəsində əks olunan məlumatlarla nəticə hissəsində gəlinən qənaət arasında kifayət qədər məntiqi əlaqə müşahidə olunmur. Bu isə mülahizənin mahiyyət etibarilə formal xarakter daşıdığı qənaətini gücləndirir və yalnız həmin sənədə əsaslanmaqla məhkumun islah olunduğu barədə əsaslandırılmış nəticəyə gəlməyə imkan vermir. Odur ki, məhkum Məhkum barəsində verilmiş mülahizə onun cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsini şərtləndirən həlledici və kifayət qədər əsaslandırılmış sübut kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini, # ####### 2010-cu il tarixli Plenum qərarının tövsiyyəsini, iş materiallarında olan məlumatları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının təsis etdiyi komissiyanın mənfi rəyini, habelə məhkumun təyin olunmuş cəzanın hazırkı vaxtadək çəkilmiş hissəsi ərzində islah olunmasını təsdiq edən halların müəyyən edilməməsini və cəzanın çəkilməmiş qalan 01 (bir) il 07 (yeddi) ay 11 (on bir) günlük müddətinin bu baxımdan əhəmiyyətini nəzərə alaraq, məhkumu dinləyib öz daxili inamına əsasən hesab etmişdir ki, məhkum Məhkum cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün əsaslar mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə mövcud hüquqi və faktiki şərait nəzərə alındıqda Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkərək islah yoluna qədəm qoymadan onun cəzanın qalan hissəsini çəkməkdən vaxtından əvvəl azad edilməsi cəmiyyətin digər üzvlərində cəzaya laqeyd münasibətinin yaranmasına səbəb olmaqla cəzanın ümumi xəbərdarlıq məqsədini heçə endirmiş olar. Beləliklə, birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Məhkum hazırkı vaxtda cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəmüvafiq deyil. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.1 və 15.3-cü maddələrinə əsasən məhkum tərəfindən törədilmiş cinayət (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi) ağır cinayət hesab olunur. Məhkum Məhkum ona təyin olunmuş cəzanın vaxtından əvvəl şərti olaraq azad olunması üçün müəyyən müddətini çəkmiş olsa da, məhkəmə onun islah yolunda olmamasını nəzərə alıb ərizəsinin təmin olunmaması barədə qərar qəbul etmişdir. Belə ki, məhkum Məhkum barəsində cəza çəkdiyi müəssisə tərəfindən mənfi mülahizə verilmiş, məhkumun şəxsi iş materiallarını onun barəsində verilmiş mülahizə ilə əlaqəli şəkildə tədqiq edərək, məhkumun çəkdiyi cəza müddəti ilə cəzanın məqsədinə nail olunmaması qənaətinə gəlir. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən məhkumun şərti olaraq cəzadan vaxtından əvvəl azad edilməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı halda mümkündür. Məhkum müəssisə rəhbərliyi tərəfindən cəzanın çəkilməsi üçün müəyyən olunmuş rejimin tələblərinə əməl edən məhkum kimi qiymətləndirilsə də, lakin nəticə olaraq onun Ədliyyə Nazirliyinin müvafiq Komissiyasının mənfi rəyi nəzərə alınaraq onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məqsədəuyğun hesab edilməmişdir ki, təqdim edilmiş mülahizənin özünün ziddiyyətli olması onun əsaslılığını şübhə altına alır. Bundan başqa, cəzaçəkmə müəssisəsi tərəfindən təqdim olunmuş mülahizədə Məhkum Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyi müddət ərzində nümunəvi davranışına görə fərqləndiyi qeyd edilsə də, məhkumun müsbət xarakterizə edilməsinin, mədəni-kütləvi tədbirlərdə iştirakı, fəaliyyətinin məhz nədən ibarət olması göstərilməmiş, yalnız “nümunəvi davranış” faktı qeyd edilməklə kifayətlənmiş, mülahizə ümumi ifadələrə əsaslanılmışdır ki, bu halda onun müsbət xarakterizə olunması inandırıcı hesab edilmir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizədə sadalanan halların məhz nədə ifadə olunması, məhkum barəsində 2021, 2022, 2023, 2024 və 2025-ci illər üzrə tərtib edilmiş illik xasiyyətnamələr üzrə müsbət xarakterizə edilmə əsasları mülahizədə öz əksini tapmamış və bu halları təsdiq edən sübutlar göstərilməmişdir. Bununla bağlı hər hansı sübut məhkəmə baxışı zamanı da təqdim olunmamışdır. Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxarkən, öz qərarında cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi ilə birgə araşdırmış və göstərilən halları nəzərə alaraq, onun ərizəsinin təmin edilməsindən əsaslı olaraq imtina etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz; Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2.-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəza çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli **/**** saylı Qərarında qeyd olunur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, məhkum Məhkum barəsində verilmiş mülahizənin əsaslılığı və məhkumun islah olunub-olunmaması məsələsi araşdırılarkən, onun bütün cəza çəkdiyi müddəti əhatə edən davranışları nəzərə alınmalıdır. Məhkum Məhkum cəzasının 2/3 hissəsindən çoxunu çəksə də, cəza çəkdiyi müddətdə islah olunmamışdır. Eyni zamanda, göründüyü kimi məhkum barəsində Ədliyyə Nazirliyinin müvafiq komissiyasının rəyi də mənfi olmuşdur. Qeyd edilən səbəblərdən müəssisə rəhbərliyi məhkum Məhkum barəində Komissiyanın mənfi rəyini də nəzərə alıb cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasını məqsədəuyğun hesab etməmişdir. Məhkəmə kollegiyası “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci və 2-ci bəndlərinin hüquqi mövqeyinə əsasən, qeyd edir ki, qanunla müəyyən edilmiş müddətin çəkilməsi avtomatik və şərtsiz olaraq cəzanın yüngülləşdirilməsinə səbəb olmur. Məhkəmə hər bir işə fərdi yanaşmalı, məhkumun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəliliyini, cəzanın məqsədlərinə nail olunub-olunmadığını hərtərəfli qiymətləndirməlidir. Məhkəmənin bu sahədəki səlahiyyəti imperativ deyil, diskresion xarakter daşıyır və qərar qəbul edərkən bütün halların məcmusunu vicdanlı şəkildə qiymətləndirməlidir (ex aequo et bono). Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, məhkum Məhkum cəza çəkdiyi müddətdəki davranışlarını əks etdirən şəxsi işindən, mülahizədən onun cəzadan şərti olaraq azad edilməsi üçün həmin müddət ərzində islah olunmaması müəyyən olunur. Məhkəmə kollegiyası bir daha məhkumunun şəxsi işini araşdıraraq, məhkum barəsində verilmiş mülahizəni, məhkumun şəxsi işində olan sənədləri cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizə ilə qarşılıqlı şəkildə müzakirə edərək, apellyasiya şikayətinin əsassızlığını qeyd edərək, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə hesab edir ki, Məhkum vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Məhkum cəzasından vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Cavid Hüseyn Elnur Nuriyev
Məhkəmə qərarları › İş №7(3-6)-1225/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1225/2026
17.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver