Məhkəmə qərarları › İş №7(3-6)-1316/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1316/2026

22.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1316/2026 22.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Telman Qulaməli oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 katibliyi ilə, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X4, Məhkum Məhkum və onun müdafiəçisi Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan məhkum apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə barədə ərizənin məzmununa uyğun şəkildə əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum və müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qərarın ləğv edilərək ərizənin təmin edilərək, məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən prokuror X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunması barədə məhkumun və müdafiəçisinin şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə isə prokurorun çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cəzaçəkmə müəssisəsinin mülahizəsindən görünür ki, məhkum ##.##.2023-cü il tarixdə ** saylı cəzaçəkmə müəssisəsinə Bakı istintaq təcridxanasından gətirilmişdir. Müəssisəyə gəldiyi gündən ona hüquq və vəzifələri, müəssisənin daxili intizam və rejim qaydaları izah olunmuş və əməyə cəlb edilmişdir. Cəzanın çəkilməsi qaydalarını pozmaması və müəssisə əməkdaşlarının qanuni tələblərinə əməl etməsi tövsiyyə olunmuşdur. Karantin müddəti keçdikdən sonra məhkum zəruri məişət avadanlıqları ilə təmin edilərək təlimata uyğun olaraq ** saylı dəstəyə bölünmüşdür. Şəxsi iş materiallarından göründüyü kimi məhkum Məhkum barəsində cəza çəkdiyi müddət ərzində həvəsləndirmə tədbiri tətbiq edilməmiş, tənbeh tədbiri 04 dəfə tətbiq edilmişdir. ##.##.2024-cü il tarixdə - 05 gün müddətinə cərimə təcridxanasına keçirilmişdir. ##.##.2024-cü il tarixdə - töhmət elan edilmişdir. ##.##.2024ci il tarixdə - 05 gün müddətinə cərimə təcridxanasına keçirilmişdir. ##.##.2025-ci il tarixdə - 10 gün müddətinə cərimə təcridxanasına keçirilmişdir. Barəsində tənbeh tədbirlərinin tətbiq edilməsinə baxmayaraq, məhkumla mütəmadi olaraq fərdi tərbiyəvi xarakterli söhbətlərdən o, özü üçün düzgün nəticə çıxarmağı bacarmış, davranışlarında müsbət dəyişikliklərə son dövrlərdə nail olmuşdur. Əməyə və təhsilə münasibəti müsbətdir. Belə ki, bilik səviyyəsinin artırılması üçün kitabxanadan istifadə etməyə başlamışdır. Müəssisədə və dəstədə aparılan təmir abadlıq işlərinə köməklik göstərir. Məhkumlar arasında özünü intizamlı aparır. Müəssisədə və dəstədə keçirilən mədəni kütləvi və tərbiyəvi tədbirlərdə iştirak edir. Törətdiyi cinayət əməlini etiraf edir və peşmançılıq hissi keçirir. Xasiyyətcə sakit və mülayimdir. Ailə üzvləri və yaxın qohumları ilə görüş və telefon vasitəsi ilə əlaqə saxlayır. Gələcəkdə bir daha cinayət törətməyəcəyinə, ailə qayğıları ilə məşğul olacağına söz verir. Ədliyyə Nazirinin ##.##.2025-ci il tarixli **-T nömrəli əmri ilə təsdiq edilmiş komissiya tərəfindən ##.##.2026-cı il tarixdə məhkum Məhkum müsbət rəy verildiyini nəzərə alaraq onun şərti olaraq vaxtından əvvəl azad olunması məqsədə uyğun hesab olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.3.1-1-ci maddəsinə əsasən, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini həqiqətən çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər. Həmin Məcəllənin 76.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Qeyd olunan Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin Qərarda qeyd olunmuşdur ki, “Qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışı, əməyə münasibətini və cəzaçəkmə müəssisənin mülahizəsini əsas amil kimi irəli sürür”. Normalardan müəyyən olunur ki, məhkəmə məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edərkən onun müsbət xarakterizə olunması, davranışı, əməyə münasibəti, islah olunması nəzərə almalıdır. Qanunun mənasına görə, məhkum edilmiş şəxsi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmək üçün iki əsas tələb olunur: müəyyən edilmiş cəzaçəkmə müddətinin bir hissəsinin çəkilməsi və məhkum edilmiş şəxsin islah olunması. Kollegiya qeyd edir ki, məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi ona cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi üçün əsas ola bilməz. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, cəzaçəkmə müəssisəsi tərəfindən məhkumun barəsində verilmiş mülahizə məhkumun şəxsi işinə uyğun olmamaqla, mülahizədə sadalanan davranışlarında müsbət dəyişikliklərə son dövrlərdə nail olması, əməyə və təhsilə münasibətinin müsbət olması, bilik səviyyəsinin artırılması üçün kitabxanadan istifadə etməyə başlaması, müəssisədə və dəstədə aparılan təmir abadlıq işlərinə köməklik göstərməsi, məhkumlar arasında özünü intizamlı aparması, müəssisədə və dəstədə keçirilən mədəni kütləvi və tərbiyəvi tədbirlərdə iştirak etməsi kimi halların məhz nədə ifadə olunması şəxsi işdə öz əksini tapmamışdır, bu halları təsdiq edən sübutlar şəxsi işdə mövcud deyildir. Həmçinin məhkum barəsində cəza çəkdiyi dövrdə dörd dəfə tənbeh tədbiri tətbiq edilmiş, bu tənbehlərdən onun düzgün nəticə çıxardığı mülahizədə qeyd olunsa da, məhkum barəsində bununla bağlı heç bir həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Məhkum Məhkum cəzasının üçdə iki hissəsindən çoxunu çəksə də, cəza çəkdiyi müddətdə tam islah olunmamışdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 11.1, 11.2, 11.3 və 11.4-cü maddələrinin tələbinə görə, məhkumlar Azərbaycan Respublikasının vətəndaşları üçün qanunvericiliklə müəyyən olunmuş vəzifələri yerinə yetirməli və cəmiyyətdə qəbul edilmiş müvafiq davranış normalarına; bu Məcəllənin, habelə ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinə riayət etməli; cəzanı icra edən müəssisə və ya orqanın işçi heyətinin qanuni tələblərini yerinə yetirməli; cəzanı icra edən müəssisənin işçi heyətinə və cəzaçəkmə müəssisəsinə baş çəkən şəxslərə, habelə digər məhkumlara qarşı nəzakətlə davranmalıdırlar. Göründüyü kimi, mülahizədə məhkumun barəsində qeyd olunanlar heç də onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı ilə bağlı qənaətə gəlinməsinə əsas deyildir, daxili rejim qaydalarına əməl etmə məhkumun bilavasitə vəzifəsi olaraq müəyyən edilmişdir. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkumların islah edilməsi - onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Bu baxımdan, Məhkum məhkum olaraq həmin əlamətlər formalaşmamışdır, ona görə o, islah olunmuş məhkum sayıla bilməz. Məhkəmə bu araşdırmanın nəticələrinə əsaslanaraq, belə qənaətə gəlir ki, məhkum Məhkum cəza çəkdiyi müddətdə tam islah olunmamışdır, onun islah olunması üçün cəzanın tam çəkilməsinə lüzum olmaması işin faktiki halları ilə müəyyən edilmir. Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün Cinayət Məcəlləsinin 76-cı maddəsində nəzərdə tutulan maddi-hüquqi əsaslar kifayət qədər formalaşmamışdır. Beləliklə, məhkumun cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkməsi və komissiya tərəfindən müsbət rəy verilməsi, yuxarıda göstərilən hallar fonunda, onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün kifayət edən maddi-hüquqi əsas kimi qiymətləndirilə bilməz. Kollegiya hesab edir ki, cəzanın məqsədlərinə tam nail olunması üçün məhkumun cəzanın qalan hissəsini də çəkməsi zəruridir. Qanunvericiliyin tələblərinə əsasən məhkumun şərti olaraq cəzadan vaxtından əvvəl azad edilməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı halda mümkündür ki, hazırki halda məhkumun şəxsi iş materiallarından, həmçinin iş üzrə digər sənədlərdən onun islah olunması və cəzanı çəkməsinə lüzum olmaması qənaətinə gəlmək mümkün deyil. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin məhkum Məhkum cəzadan vaxtından əvvəl şərti olaraq azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 193, 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin məhkum Məhkum cəzadan vaxtından əvvəl şərti olaraq azad edilməsi barədə ərizəsinin təmin edilməməsi barədə *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum X3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı vəkil bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar