Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1317/2026 21.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi və məruzəsi ilə, Hakimlər Mehdiyev Emin Əlixan oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru prokuror2, Məhkum Məhkum və onun müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Məhkum Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizənin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından məhkum və müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 7(5-95)- ****/**** nömrəli qərarı ilə məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum və müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, ərizəyə baxılarkən işin hüquqi və faktiki halları düzgün qiymətləndirilməmiş, komissiyanın rəyində onun davranışlarını xarakterizə edən hallar ziddiyət təşkil etdiyi halda bu hallara heç bir münasibət bildirilməmiş və nəticədə ərizənin təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Ərizənin verildiyi tarixə qədər cəzanın 9 il 2 ay 1 günü çəkilmişdir. Ağır cinayətə görə tələb olunan minimum müddət artıq xeyli vaxt əvvəl keçilmişdir. Məhkumun şəxsi işindəki 2018-2025-ci illər üzrə illik xasiyyətnamələrdə ardıcıl olaraq qeyd olunmuşdur ki, əməyə münasibəti qənaətbəxşdir, DKŞdə iştirak etmir, xasiyyətcə sakit və mülayimdir, törətdiyi cinayət əməlini etiraf edir, islah yoluna qədəm qoymağa çalışır, 2025-ci il üzrə xasiyyətnamədə müsbət xarakterizə olunmuşdur, 2024cü ildə narkomaniyadan məcburi müalicə ləğv edilmişdir və müəssisədə “Dülgər” ixtisası üzrə diplom almışdır. Komissiyanın rəyində qeyd olunan bu hallar artıq onu göstərir ki, məhkumun islah olunmasını demək üçün kifayət qədər əsas vardır. Hətta 2018 və 2026-cı illərdə barəsində həvəsləndirmə tədbirləri tətbiq edilmiş ki, bu tədbirlərin tətbiq edilməsi də onun nümunəvi davranış sərgilədiyinin əsas göstəricisidir. Bundan başqa ərizədə də qeyd olunmuşdur ki, məhkumun himayəsində azyaşlı uşağı vardır, həyat yoldaşı işləmir, ailənin maddi yükü onun üzərindədir, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən prokuror prokuror2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat bildirməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının fikirlərini dinləyib hesab etdi ki, məhkəmə baxış iclasının cəzaçəkmə müəssisəsinin nümayəndəsi iştirakı olmadan keçirilməsi mümkün hesab edilsin. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.3-cü maddəsinin tələbinə görə məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Cəzaçəkmə mərhələsində yaranan məsələlərin həllinə dair vahid məhkəmə təcrübəsinin formalaşması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarında qeyd edilir ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Ona görə də, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun törətdiyi cinayətə münasibətinin təzahür formasına xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. .... Bununla yanaşı məhkəmələr nəzərə almalıdırlar ki, bu sahədə olan qanun normalarının mənasına görə məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvə azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətdən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır (“Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, №**/****, § 1 və 2, ## ####### 2010-cu il). Istinad edilən məsələləri tənzimləyən maddi və prosessual cinayət hüququ normalarının məzmunundan, eləcə də məhkəmə təcrübəsini formalaşdıran Azərbaycan Respublikası Ali Məhkəməsinin tövsiyəsindən görünür ki, həmin normalar bu institutun tətbiqinə yol verən formal əsaslar mövcud olduqda (qanunda nəzərdə tutulmuş cəzanın müddəti real olaraq çəkildikdə), onların məhkum edilmiş şəxs barəsində tətbiq olunmasını həmin şəxsin cəzanın icrası dövründə nümayiş etdirdiyi davranışı və əməyə münasibəti, cəzanın çəkilməsinin gedişini və nəticələrini əks etdirən bu və digər parametrlər üzrə onun müsbət xarakterizə olunması ilə əlaqələndirilir. Qeyd edilənlərlə yanaşı o da nəzərdən qaçırılmamalıdır ki, cinayət-icra hüququnda və beynəlxalq penitensiar standartlarda cəzanın məqsədi yalnız məhkum edilmiş şəxsin cəzalandırılması ilə məhdudlaşmır, eyni zamanda onun islah olunmasını, hüquqa hörmət edən davranış modelinin formalaşdırılmasını və cəmiyyətə reinteqrasiyasını nəzərdə tutur. Bu yanaşma insan hüquqlarının qorunması və cəzanın humanist icrası prinsiplərinin tərkib hissəsi kimi qəbul edilir və beynəlxalq normativ sənədlərdə açıq şəkildə ifadə olunmuşdur. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş “Birləşmiş Millətlər Təşkilatının Məhkumlarla Rəftar üzrə X7 (X5)” sənədinin 4-cü Qaydasına əsasən, azadlıqdan məhrum etmənin əsas məqsədləri cəmiyyəti cinayətlərdən qorumaq və təkrar cinayət törədilməsinin qarşısını almaqdan ibarətdir və bu məqsədlərə yalnız məhkumların azadlığa buraxıldıqdan sonra hüquqa itaət edən və öz həyatını müstəqil şəkildə qura bilən şəxs kimi cəmiyyətə reinteqrasiya olunmalarının təmin edilməsi yolu ilə nail olmaq mümkündür (X3 Minimum Rules for the Treatment of Prisoners (the X1), BMT Baş Assambleyasının Qətnaməsi 70/175, Qayda 4, https://digitallibrary.un.org/record/802086/files/E_RES_2015_20-EN.pdf ). Eyni yanaşma Avropa Şurasının penitensiar hüquqa dair əsas normativ sənədlərindən biri olan “Nazirlər Komitəsinin Üzv X6(2006)2rev: X8 haqqında” sənədində də təsbit edilmişdir. Sənədin 6cı Qaydasında göstərilir ki, azadlıqdan məhrumetmə rejimi məhkumların azad cəmiyyətə reinteqrasiyasını asanlaşdıracaq şəkildə təşkil edilməlidir (Recommendation Rec(2006)2-rev of the Committee of Ministers on the X2, Rule 6, https://rm.coe.int/09000016809ee581 ). Beynəlxalq penitensiar hüquq doktrinasından irəli gələn bu yanaşmaya görə, məhkumun islah olunması formal və mexaniki meyarlarla deyil, onun davranışının və sosial uyğunlaşma potensialının məzmunlu qiymətləndirilməsi əsasında müəyyən edilməlidir. Ilk növbədə, məhkumun törətdiyi cinayət əməlinin hüquqi və sosial nəticələrini dərk etməsi, öz davranışına tənqidi yanaşması və gələcəkdə oxşar hüquqazidd əməllərdən çəkinmək niyyətinin formalaşması əsas göstəricilərdən biri hesab olunur. X5 məhz bu məqsədlə cəzanın tərbiyəvi və korrektiv funksiyasını ön plana çəkir (X3 Minimum Rules for the Treatment of Prisoners, Qayda 4). Bundan əlavə, məhkumun hüquqa hörmət edən sosial davranış modellərini mənimsəməsi, yəni cəmiyyətin norma və qaydalarına uyğun davranış bacarıqlarının formalaşdırılması zəruri şərt kimi qiymətləndirilir. Bu baxımdan, təhsil, əmək fəaliyyəti, peşə hazırlığı və psixoloji dəstək tədbirləri islah prosesinin mühüm elementləri hesab olunur. X4 Penitensiar Qaydalarında da qeyd olunur ki, penitensiar müəssisələrdə tətbiq edilən rejim və tədbirlər məhkumun şəxsiyyətinin müsbət istiqamətdə dəyişdirilməsinə yönəlməlidir (Recommendation Rec(2006)2-rev). Digər mühüm meyar məhkumun gələcəkdə təkrar cinayət törətmə ehtimalının azalması və qanunazidd davranışlardan çəkinməyə yönəlmiş sabit davranış modelinin formalaşmasıdır. Islah olunma anlayışı yalnız mövcud rejim qaydalarına formal riayət olunması ilə məhdudlaşmır, eyni zamanda məhkumun psixoloji və sosial baxımdan ictimai təhlükəlilik dərəcəsinin azalmasını, onun gələcək davranışının cəmiyyət üçün real risk yaratmamasını da əhatə edir. Bu yanaşma Birləşmiş Millətlər Təşkilatının X9 Standart Qaydalarında (X5) birbaşa cəzanın icrasının əsas məqsədlərindən biri kimi “təkrar cinayət törədilməsinin qarşısının alınması” ilə əlaqələndirilmişdir (X3 Minimum Rules for the Treatment of Prisoners, Qayda 4). Nəhayət, islah prosesinin son mərhələsi məhkumun sosial uyğunlaşması və reinteqrasiyasıdır. Bu mərhələdə məqsəd məhkumun azadlığa buraxıldıqdan sonra ailə, əmək və ictimai mühitə uyğunlaşmasını təmin etmək, onun hüquqa hörmət edən həyat tərzini davam etdirməsinə şərait yaratmaqdan ibarətdir. X8 bu mərhələdə dövlət orqanlarının və müvafiq institutların dəstək mexanizmlərinin tətbiqini zəruri hesab edir ((Recommendation Rec(2006)2rev), Rule 6). Məhkəmə kollegiyası Insan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) Vinter və Başqaları Birləşmiş Krallığa qarşı iş üzrə formalaşdırdığı hüquqi mövqenin də qeyd edilməsini diqqətəlayiq hesab edir. Həmin qərarda Avropa Məhkəməsi vurğulamışdır ki, azadlıqdan məhrumetmə cəzasının icrası zamanı məhkumun islah olunması və azadlığa çıxma perspektivinin mövcudluğu prinsipial əhəmiyyət daşısa da, bu perspektiv yalnız formal və ya abstrakt xarakter daşımamalı, məhkumun davranışında baş verən real, sabit və davamlı dəyişikliklərlə təsdiqlənməlidir. Avropa Məhkəməsinin mövqeyinə görə, əgər məhkumun davranışı onun hələ də emosional-psixoloji qeyri-sabitliyini, özünə və başqalarına qarşı təhlükəli davranış riskini, habelə sosial uyğunlaşma bacarıqlarının yetərli formalaşmadığını göstərirsə, bu halda onun islah olunmuş hesab edilməsi və azadlığa buraxılması Konvensiyanın tələblərindən irəli gəlmir. Belə hallarda cəzanın icrasının davam etdirilməsi cəmiyyətin təhlükəsizliyinin və ictimai maraqların qorunması baxımından əsaslandırılmış hesab olunur (Vinter və Başqaları Birləşmiş Krallığa qarşı [BP], № *****/**, §§ 119–121, # #### 2013-cü il). Beləliklə, milli qanunvericiliyin və Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı məhkəmə təcrübəsinin, habelə beynəlxalq normativ sənədlərdən və presedent hüquqdan irəli gələn yanaşmaların məcmusu onu təsdiq edir ki, məhkumun islah olunması cəzanın əsas məqsədlərindən biri olmaqla, kompleks və çoxaspektli qiymətləndirmə tələb edir və yalnız formal müsbət göstəricilərlə əsaslandırıla bilməz. Hazırki iş materiallarında olan məhkumun cəzanın icrası dövründə nümayiş etdirdiyi davranışı və əməyə münasibəti, cəzanın çəkilməsinin gedişini və nəticələrini əks etdirən, şəxsiyyətini xarakterizə edən sübutlar əsasında onun faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurətin aradan qalxdığı müəyyən olunmur. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza müddətinin əvvəli ##.##.2017-ci il tarixdən hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2018-ci il tarixli, *(***)- ***/**** saylı qərarından görünür ki, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2017-ci il tarixli hökmü dəyişdirilərək cəzası 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarından görünür ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2019-cu il tarixli, 1(102)- ****/**** saylı qərarından görünür ki, kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2018-ci il tarixli, *(***)-***/**** saylı qərarı dəyişdirilərək cəzası 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Məhkumun **** nömrəli şəxsi işindən görünür ki; Barəsində 2025-ci il üzrə tərtib edilmiş illik xasiyyətnamənin nəticəsinə görə müsbət xarakterizə olunmuş, əməyə münasibətinin qənaətbəxş olması, əməyə cəlb edilməsi, DKŞ-də iştirak etməməsi, xasiyyətcə mülayim olması və islah yoluna qədəm qoymağa çalışması qeyd edilmişdir. Barəsində tərtib edilmiş 2018-ci il, 2019-cu il, 2020-ci il, 2021- ci il, 2022-ci il, 2023cü il və 2024-cü il tarixli xasiyyətnamələrdən görünür ki, məhkum Məhkum əməyə münasibəti qənaətbəxşdir, DKŞ-də iştirak etmir, xasiyyətcə sakitdir, törətdiyi cinayət əməlini etiraf edir və islah yoluna qədəm qoymağa çalışır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarından görünür ki, məhkum Məhkum barəsində təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, məhkum Məhkum cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi geri qaytarılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı ərizəsi geri qaytarılmışdır. Məhkumun cəzasının çəkilməmiş qalan hissəsini çəkmədən şərti olaraq vaxtından əvvəl azad etməyə dair mülahizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının təsis etdiyi komissiya tərəfindən müzakirə olunmuş, komissiyanın iclasının ##.##.2026-cı il tarixli ** saylı protokolu ilə barəsində mənfi rəy bildirilmişdir. Birinci instansiya məhkəməsi məhkumun şəxsi işində olan sənədləri cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizə ilə qarşılıqlı müzakirə edərək haqlı olaraq qeyd etmişdir ki, cəzaçəkmə müəssisəsi tərəfindən Məhkum barəsində mənfi mülahizə verilmiş, həmçinin məhkum Məhkum cəza çəkdiyi dövrdə tam islah olunması müəyyən olunmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, bir daha məhkumunun şəxsi işini araşdıraraq belə qənaətə gələrək hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Məhkum Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə Müəssisəsinin rəhbərliyi tərəfindən təqdim edilən mülahizə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının təsis etdiyi komissiya tərəfindən müzakirə olunaraq mənfi rəy verilmiş və həmin rəy nəzərə alınaraq ** saylı cəzaçəkmə müəssisəsi tərəfindən məhkumun cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəuyğun hesab edilməmişdir. Məhkəməyə təqdim edilən mülahizənin təsviri hissəsindən görünür ki, məhkum Məhkum * saylı Cəzaçəkmə müəssisəsinə ##.##.2018-ci il tarixdə Bakı Istintaq Təcridxanasından qəbul olunmuşdur. Müəssisəyə daxil olduğu gündən ona CM-nin daxili intizam qaydaları ilə yanaşı, məhkumun hüquq və vəzifələri izah olunmuş, fərdi tərbiyəvi söhbətlər aparılmış, yataq yeri ilə təmin edilmiş, fərdi tərbiyəvi söhbətlər aparılmışdır. Məhkuma iş planı tərtib edilərkən onun fərdi xüsusiyyətləri, törətmiş olduğu cinayətin səbəbləri nzəzərə alınmışdır. Məhkumun şəxsi işindən göründüyü kimi, digər cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddət ərzində daxili rejim qaydalarına riayət etmiş və rejim qaydalarını pozmamışdır. Məhkumun şəxsi işindən göründüyü kimi, məhkumu islah etmək, onda qanuna itaəti həvəsləndirrnək və ailəsinin müsbət təsirindən istifadə etmək məqsədi ilə barəsində ##.##.2018-ci il tarixdə “Əlavə uzunmüddətli görüş” və ##.##.2026-cı il tarixdə “Təşəkkür” həvəsləndirmə tədbirləri tətbiq edilmişdir. Məhkum Məhkum oğlu barəsində tətbiq olunmuş həvəsləndirmə tədbirindən müsbət nəticə çıxartmamış, cəza çəkdiiyi son dövrdə dəstədə keçirilən tərbiyəvi tədbirlərdə iştirak etməyərək islah olunmağa səy göstərməmişdir. Məhkum Məhkum törətdiyi cinayət əməlinin ağırlığını dərk etdiyini və peşmançılıq hissi keçirdiyini bildirir. Əməyə münasibəti mənfidir. Əməyə cəlb olunmaq üçün müəssisə rəhbərliyinə müraciət etməmişdir. Törətdiyi cinayət əməlini dərk etmir və peşmançılıq hissi keçirmir. Xasiyyətcə dəyişkəndir. Məhkum onunla aparılan tərbiyə işindən düzgün nəticə çıxarmayaraq islah olunmamışdır. Məhkum müəssisədə tədrisə cəlb olunmuş, “Dülgər” ixtisası üzrə diplom almışdır. Hökm üzrə olan 67,20 manat ekspertiza xərci ödənilmişdir. Ailə üzvləri ilə görüş və məhkumlar üçün nəzərdə tutulmuş telefon qovşağı vasitəsilə əlaqə saxlayır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarından görünür ki, məhkum Məhkum barəsində təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Mülahizə tərtib edilərkən məhkumun şəxsi işindən və fərdi-tərbiyəvi dəftərində aparılmış qeydlərdən istifadə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə yaradılmış müvafiq komissiyanın ##.##.2026-cı il tarixli protokoluna əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair mənfi rəy verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkum Məhkum cəzasının 2/3 hissəsini çəkdiyini, davranışını və müvafiq komissiyanın ##.##.2026-cı il tarixdə keçirtdiyi iclasda mənfi rəy almasını nəzərə alaraq CM-nin 76-cı maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəmüvafiq hesab olunmamışdır. Mülahizədə məhkumun islah olunduğu qeyd olunsa da, həmin mülahizəni məhkumun şəxsi iş materialları ilə yoxladıqda əsaslı olmadığı görünür. Beləliklə, məhkumun şəxsi işindən əldə olunan məlumatlar onun islah prosesi üzrə kifayət qədər irəliləyiş əldə etmədiyini və cəmiyyətə reinteqrasiyaya hazır olmadığını sübut edir. Apellyasiya şikayətində məhkumun qeyd etdiyi dəlillər şəxsin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün əsas deyildir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Məhkum vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum və müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Məhkum vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-1317/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1317/2026
21.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver