Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-597/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru – X4, Məhkum – Məhkum, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Vüsal Qurbanov) ilə, ## #### 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi, nömrəsiz fərdi evdə yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında cəza çəkən Məhkum Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. İşin halları: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi, barəsində 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Məhkum qəti cəza 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 4 gün həbsdə olması nəzərə alınaraq həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində 3 (üç) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarından görünür ki, apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin Məhkum CM nin 177.2.1, 177.2.3 və 234.2-ci maddələri ilə məhkum edilməsinə dair ## ####### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından görünür ki, məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)- ****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından görünür ki, təqdimatın təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 234.2, 66.2, 69.3-cü maddələrinə əsasən 03 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 1-ci hissəsinin 3.1-ci bəndinə əsasən altı ay azaldılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və ərizəsi təmin olunmamışdır. Qərardan məhkum Məhkum apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar ədalətsiz və qərəzlidir. Qərarla razı deyil. Məhkəmə iclasında məhkum Məhkum və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında prokuror X4 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini təqdim olunmuş iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya şikayəti təmin olunmalı, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli və məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsi təmin olunmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Həmin Məcəllənin 76.3.1-ci maddəsinə əsasən, məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər. Azərbaycan Respublikası CİM-nin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Qeyd olunan maddələrin mənasına görə məhkəmə tərəfındən müraciətlərə baxılarkən, məhkumların bütün cəza çəkmə dövründəki davranışları hərtərəfli təhlil edilməli, məhkumun əməyə münasibəti, tərbiyəedici tədbirlərdə, öz fəaliyyət təşkilatlarının işində iştirakı, həqiqətən islah yoluna qədəm qoyması və cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi araşdırılmalıdır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə gəldiyi nəticəni kifayət qədər əsaslandırmamış, formal yanaşma nümayiş etdirməklə ərizəçinin xahişini təmin olunmaması ilə bağlı hər hansı bir konkret və obyektiv dəlilə istinad etməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qənaətinə görə cəzaçəkmə müəssisəsi tərəfindən Məhkum barəsində müsbət yönlü mülahizə verilərkən, məhkumun barəsində 2 (iki) dəfə həvəsləndirmə tədbiri olan “Təşəkkür” elan edilmişdir. Göründüyü kimi, həmin həvəsləndirmə tədbirlərinin əsasən bayram günü ilə əlaqədar olması, müvafiq həvəsləndirmə tədbiri tətbiq edilərkən məhkumun nə kimi nümunəvi davranışının olması və s. göstərilməmişdir. Birinci instansiya hesab etmişdir ki, məhkumların barəsində həvəsləndirmə tədbirlərinin tətbiq olunması, sonra isə onlara istinad edilməklə müsbət yönlü mülahizənin verilməsi məhkumların islah olunub-olunmamasından asılı olmayaraq məhkəmələrdə məhkumların müsbət səciyyələndirilməsi fikrinin formalaşdırılmasına xidmət edir. Məhkəmə kollegiyası iş materiallarını, məhkumun barəsində verilmiş müsbət mülahizəni, habelə işdə olan digər məlumatları nəzərdən keçirərək qeyd edir ki, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsini qanunla istisna edən hallar yoxdur. Belə ki, “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2010-cu il tarixli * saylı Qərarının, 1-ci bəndinin 2-ci abzasında məhkəmələr izah edilmişdir ki, cəzaçəkmə müəssisəsinin mülahizəsi özlüyündə müraciətin təmin və rədd olunması üçün şərtsiz əsas deyil. Məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Eyni zamanda Qərarın 2-ci bəndinin 4-cü abzasında göstərilmişdir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumu cəzasının qanunla müəyyən edilmiş hissəsinin çəkibçəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, məhkumun cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə institutu məhkumların islah edilməsini və azadlıqdan məhrum etmə növündə cəza çəkdikləri dövrdə qanuna itaətkar davranışını stimullaşdırmaq məqsədi daşıyır. Məhkum azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi yolu ilə onun davranışından və əməyə münasibətindən asılı olaraq, onun hüquqi statusunun yaxşı tərəfə dəyişməsinə əsaslanır və bu institutun reallaşdırılması cəzaçəkmənin mütərəqqi sisteminin, islah olunma və itaətkar davranış elementləri çərçivəsində məhkuma həvəsləndirmə tədbirinin tətbiqi yolu ilə həyata keçirilir. Göründüyü kimi, qanunvericiliyin yuxarıda göstərilən normalarının tələbləri və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izah və tövsiyələri islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzasına məhkum olunmuş şəxsin cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini deyil, həmçinin məhkumun müsbət xarakterizə edilməsini, davranışını, əməyə münasibətini və bu məsələlərlə bağlı cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amillər kimi nəzərdə tutur. Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 76-cı maddəsində nəzərdə tutulmuş normalar imperativ deyil və qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətindən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrum etmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdırlar. Məhkəmə kollegiyasının qənaətinə görə, burada bütün yuxarıda göstərilənlərlə yanaşı cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun tətbiqi zamanı məhkumun hansı cinayət əməllərini törətməsi, təqsirli bilindiyi cinayətlərin ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyət əleyhinə və digər zorakı cinayətlərə görə məhkum olunmuş şəxsin zərər çəkmiş şəxslərlə (ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi ilə) münasibətləri, məhkumun özünün cəmiyyət üçün təhlükəli olub-olmaması, islah yoluna qədəm qoyub qoymaması, cəzanın məqsədlərinə nail olunub-olunmaması, çəkilməmiş cəzanın müddəti və sair bu kimi məsələlər də diqqətdən qaçırılmamalıdır. Ali Məhkəmənin Plenumunun sözü gedən qərarının izah və tövsiyələrini, eləcə də qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə tərkibi qeyd edir ki, məhkumun şəxsi işinə əsasən:
1. Məhkum ##.##.2024-cü il tarixdə Bakı istintaq təcridxanasına qəbul edilmiş, ##.##.2024cü il tarixdən elektrik təyin edilməklə təsərrüfat və məişət xidməti işi üçün saxlanılmışdır.
2. Təcridxanaya gəldiyi gündən onunla fərdi-tərbiyəvi, psixoloji söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmişdir. İctimai faydalı əməyə münasibəti müsbətdir. Psixoloji xarakteristikasına görə hərəkətlərində diqqətlidir, “Daxili İntizam Qaydaları”na riayət edir, ətrafındakılarla normal ünsiyyət qurur. Törətdiyi cinayət əməlini etiraf edir və peşman olduğunu bildirir. Yaxın qohumları ilə görüşür və telefon vasitəsi ilə əlaqə saxlayır.
3. Zərəçəkmişin məhkuma qarşı şikayət və tələbi yoxdur. Cinayət işi üzrə ekspertiza xərci 105 manat olmuş, tam ödənilmiş, narkomaniyadan məcburi müalicə məhkəmə qərarı ilə ləğv edilmişdir
4. Məhkum Məhkum müsbət davranışına və əməyə müsbət münasibətinə görə ##.##.2025ci il tarixli əmrlə “Novruz Bayramı”, ##.##.2025-ci il tarixli əmrlə isə “Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il“ münasibəti ilə barəsində həvəsləndirmə tədbirləri tətbiq edilərək “Təşəkkür” elan edilmişdir.
5. Ədliyyə Nazirliyinin Komissiyasının ##.##.2026-cı il tarixli ** saylı saylı protokoluna əsasən, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına dair məhkəməyə müsbət mülahizə təqdim olunmasına qərar verilmişdir.
6. Məhkum Məhkum cəza müddətinin əvvəli kimi ##.##.2024-cü il, cəzasının sonu kimi isə ##.##.2027-ci il tarix göstərilmişdir ki, bununla da o, cəzasının 1/2 hissəsindən çoxunu çəkmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəmüvafıq hesab edilmişdir. Məhkəmə kollegiyası, Plenum qərarında vurğulanan hüquqi tövsiyələrə münasibətdə qeyd edir ki, məhkum Məhkum barəsində verilmiş mülahizənin əsaslılığı və islah olunub-olunmaması məsələsi araşdırılarkən, cəza çəkdiyi müddətdə nümayiş etdirdiyi davranış və digər hallar bir-biri ilə əlaqəli şəkildə nəzərə alınmalıdır. İş materiallarına əsasən məhkumun cəza çəkdiyi dövrə nəzər saldıqda məlum olur ki, Məhkum təyin edilmiş cəzanın yarısından çox hissəsini çəkmişdir. Məhkumu islah etmək, onda qanuna itaəti həvəsləndirmək məqsədi ilə barəsində həvəsləndirmə tədbiri tətbiq edilmiş, daxili rejim qaydalarına əməl etmişdir. Bütün sadalanan hallar, məhkumun islah olunduğunun, cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinin mümkünlüyünün göstəricisidir. Digər tərəfdən, qanunun tələbinə görə məhkum edilmiş şəxsi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmək üçün iki əsas tələb olunur: müəyyən edilmiş cəza müddətinin bir hissəsinin çəkilməsi və məhkum edilmiş şəxsin islah olunması. Hazırkı iş üzrə təqdim edilmiş mülahizədən və məhkumun şəxsi iş materiallarından hər iki əsasın mövcud olduğu məlum olur. Bundan başqa, iş materialları və elektron məhkəmə informasiya sistemində olan məlumatlardan görünür ki, Məhkum evlidir, himayəsində yetkinlik yaşına çatmayan uşa vardır. Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmuş və onun əvvəllər ümumiyyətlə məhkumluğu olmamışdır. Məhkum məhkum olunmasına dair məhkəmənin hökmü nəzər saldıqda görünür ki, onun tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.2-ci maddəsi ilə törədilmiş cinayət əməllərinin mahiyyəti ondan ibarətdir ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında bağ evinə qanunsuz daxil olmaqla 1.300 manat dəyərində elektrik naqil, su nasosu, dəmir lom, mismar çıxaran və bu kimi digər tikinti materialları və alətləri oğurlamış, eləcə də satış məqsədi ilə 0,363 qr. çəkidə psixotrop maddə metamfetamini əldə etmiş, daşımış və saxlamışdır. Hökmə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmiş və onun şikayəti və tələbi olmamışdır. Göründüyü kimi Məhkum cinayətə meylli şəxs deyildir, o öz əməlinə tənqidi yanaşaraq nəticə çıxara bilmiş, cəza çəkdiyi müddət ərzində islah olunduğunu əməyə münasibəti və müsbət davranışı ilə sübut etmiş, onun ümumiyyətlə tənbehi olmamış, zərərçəkmiş şəxsə vurulmuş ziyan hələ məhkəməyədək icraat dövründə tam ödənilmiş və barışıq əldə olunmuş, məhkəməyə hökmü ilə müəyyən edilmiş ekspertiza xərci də tam ödənilmiş, narkomaniyadan məcburi müalicə məhkəmə qərarı ilə ləğv edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Məhkum qanuna itaət, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi formalaşdığından, qanunvericiliyin tələblərinə və yuxarıda qeyd olunan xüsusatlara əsasən, onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsi əsaslı hesab edilməli və təmin olunmalı, çünki ərizənin təmin edilməməsi üçün heç bir əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 399.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi əsaslarından biridir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni tədqiq edilmiş sənədlərə və işin faktiki hallarına uyğun hesab etmir və qanunvericiliyin tələblərini, həmçinin Ali Məhkəmənin Plenum qərarının hüquqi tövsiyyələrini nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayəti təmin edilməli və məhkum Məhkum islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığına dəlalət edən kifayət qədər əsasların mövcudluğu iş materialları ilə təsdiq olunduğundan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilərək, məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsi təmin edilməli və o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə təyin edilmiş və amnistiya aktına əsasən azaldılmış 2 (iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının, cəzasının sonuna yəni ##.##.2027-ci il tarixə çəkilməmiş qalan 08 (səkkiz) ay 06 (altı) hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının CPM-nin 193, 397.1, 397.2, 398.1.2, 399.1.2, 514 və 520-ci maddələrinin tələblərini nəzərə alaraq, məhkəmə kollegiyası,
Q Ə R A R A A L D İ:
Apellyasiya şikayəti təmin edilsin. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsi haqqında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsi təmin edilsin. Məhkum Məhkum Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə təyin edilmiş və həmin məhkəmənin ##.##.2026-cı il qərarı ilə amnistiya aktının tətbiqinə əsasən azaldılmış 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 06 (altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilsin. Məhkum Məhkum davranışı üzərində nəzarət onun daimi yaşayış yeri üzrə rayon (şəhər) Probasiya şöbəsinə həvalə edilsin. Məhkum Məhkum üzərinə, davranışına nəzarəti həyata keçirən icra orqanına məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Məhkum Məhkum məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 12 (on iki) saat üçün cəmi 132 (yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-412-ci maddələrinə əsasən, apellyasiya məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.