Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-609/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru – X6, Məhkum – Məhkum İntiqam oğlunun, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli hökmünə əsasən Məhkum İntiqam oğlunun barəsində təyin edilmiş narkomaniyadan məcburi müalicənin ləğv edilməsinə dair ərizəsinin ona əlavə olunmuş materiallarla birlikdə geri qaytarılmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Məhkum İntiqam oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli hökmünə əsasən barəsində təyin olunmuş narkomaniyadan məcburi müalicənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Vüsal Qurbanov) ilə, məhkum Məhkum İntiqam oğlunun barəsində təyin edilmiş narkomaniyadan məcburi müalicənin ləğv edilməsinə dair ərizəsi geri qaytarılmışdır. İşin halları Məhkum İntiqam oğlu ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmlə barəsində tibbi xarakterli məcburi tədbir – narkomaniyadan məcburi müalicə təyin edilmişdir. O, ailəlidir, azyaşlı övladı vard. Bundan başqa valideynləri ilə birgə yaşayır. Atası II dərəcəli əlildir, anası isə şəkərli diabet xəstəliyindən əziyyət çəkir, açıq ürək əməliyyatı keçirib. O, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X4ndə müalicə almışdır. Respublika Narkoloji Mərkəzi X4 tərəfindən tərtib edilmiş */*** saylı, ##.##.2026-cı il tarixli aktından görünür ki, o, müayinədən keçmiş və narkotik vasitələrdən asılılıq müəyyən edilməmişdir. Hazırda müalicə olunmuş və vəziyyəti xeyli yaxşılaşmışdır. Artıq tamamilə sağalmış və tibbi xarakterli müalicəyə ehtiyacı yoxdur. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli hökmünə əsasən barəsində təyin edilmiş narkomaniyadan məcburi müalicənin ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.4-cü maddəsinə əsasən narkomaniya xəstəliyi ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin tam sağalması nəticəsində həmin tədbirlərin ləğv edilməsi zərurəti yarandıqda, həmin tədbirlərin ləğv edilməsi məsələsi konkret olaraq həkim-məsləhət komissiyasının rəyi əsasında müvafiq tibb müəssisəsinin müdiriyyətinin təqdimatı ilə məhkəməyə müraciət edildikdə həll edilir və narkomaniya xəstəliyi ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin və ya başqa şəxslərin bununla bağlı məhkəməyə müraciət etmək hüququ qanunvericilikdə nəzərdə tutulmamışdır. Qərardan narazı qalan ərizəçi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ərizəsinin təmin edilməsi ilə bağlı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları Məhkum İntiqam oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, ailəlidir və azyaşlı övladı var. Bundan başqa yaşlı valideynləri ilə yaşayır. Atası II dərəcəli əlildir, anası isə şəkərli diabet xəstəliyindən əziyyət çəkir, açıq ürək əməliyyatı keçirib. Könüllü olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi”ndə PHŞ-də müalicə almışdır. Həmin Mərkəz tərəfindən tərtib edilmiş */*** saylı ##.##.2026-ci il tarixli Aktından görünür ki, o müayinədən keçmiş və onda narkotik vasitələrdən asılılıq aşkar edilməmişdir. Hazırda o könüllü olaraq müalicə olunmuşdur və vəziyyəti xeyli yaxşılaşmışdır. Artıq tamamilə sağalmışdır və tibbi xarakterli məcburi müalicəyə zərurət yoxdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)- ***/**** saylı ## ##### 2026-ci il tarixli qərarında göstərilmişdir ki, narkomaniya xəstəliyi ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin tam sağalması nəticəsində həmin tədbirlərin ləğv edilməsi zərurəti yarandıqda, həmin tədbirlərin ləğv edilməsi məsələsi konkret olaraq həkim məsləhət komissiyasının rəyi əsasında müvafiq tibb müəssisəsinin müdiriyyətinin təqdimatı ilə məhkəməyə müraciət edildikdə həll edilir. Hüquqları kobud şəkildə pozulmuşdur və Sabunçu Rayon Məhkəməsi tərəfindən ərizəsinin qaytarılması qanuna uyğun deyil. Məhkəmə iclasında ərizəçi Məhkum apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən prokuror apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər Məhkəmə kollegiyası, apellyasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ləğv olunmalı və məhkum Məhkum İntiqam oğlunun barəsində təyin edilmiş narkomaniyadan məcburi müalicənin ləğv edilməsinə dair ərizəsi icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün materiallarla birgə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, Məhkum İntiqam oğlu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək qəti olaraq 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmə onun barəsində həmçinin narkomaniyadan müalicə məqsədi ilə tiibi xarakterli məcburi tətbirlər tətbiq edilmişdir. Amnistiya aktının tətbiq edilməsi barədə ## ###### 2025-ci il tarixli qərara əsasən, Məhkum İntiqam oğlu “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən azadlığın məhdudlaşdırılması növündən cəzadan azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi”ndə PHŞ tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, 19/51-**** №-li arayışdan və həmin mərkəz tərəfindən tərtib edilmiş ##.##.2026-ci il tarixli, */*** №-li aktından görünür ki, Məhkum İntiqam oğlu ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixdək həmin mərkəzdə “Opioid və psixostimulyatorların birgə qəbulu nəticəsində asıllıq sindromu” diaqnozu ilə müalicədə olmuş və müayinədən keçməsi nəticəsində onun sidiyində narkotik vasitə və psixotrop maddələrdən istifadə əlamətləri aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi Məhkum ərizəsini baxılmadan geri qaytararkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.4-cü maddəsinə əsaslanmışdır. Həmin maddəyə əsasən narkomaniya xəstəliyi ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin tam sağalması nəticəsində həmin tədbirlərin ləğv edilməsi zərurəti yarandıqda, yaxud davam etdirilməsinə ehtiyac olduqda həmin tədbirlərin tətbiqinin uzadılması və ya ləğv edilməsi məsələsi həkim-məsləhət komissiyasının rəyi əsasında müvafiq tibb müəssisəsinin müdiriyyətinin təqdimatı ilə həmin müəssisənin yerləşdiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həll edilir. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, narkomaniya xəstəliyi ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin və ya başqa şəxslərin bununla bağlı məhkəməyə müraciət etmək hüququ qanunvericilikdə nəzərdə tutulmamış, bu səbəbdən də ərizə baxılmadan geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin mövgeyini doğru hesab etməyən apellyasiya instansiya məhkəməsinin kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin II hissəsində göstərilir ki, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Konstitusiyanın bu müddəalarına insan hüquq və azadlıqlarına riayət olunmasına görə həm dövlətin zəmanəti, həm də dövlət orqanlarının və ictimai birliklərin xüsusi məsuliyyəti kimi baxıla bilər. Məhkəmə müdafiəsi təminatı bir tərəfdən hər hansı şəxsin müvafiq məhkəməyə şikayət vermək hüququnu, digər tərəfdən məhkəmənin həmin şikayətə baxıb qanuni, ədalətli və əsaslı qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin II hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Şikayət vermək hüququ şəxsiyyətin hüquqi statusunu təşkil edən hüquq və vəzifələrin ayrılmaz hissəsi olmaqla dövlət fəaliyyətinin heç bir sahəsində qanunvericilikdə birbaşa nəzərdə tutulan hallar istisna olmaqla məhdudlaşdırılmamalı və dövlət hakimiyyəti orqanları və ya onların vəzifəli şəxsləri ilə münasibətlərə girən hər bir insan üçün təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə ## #### 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquqların mahiyyətinə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2009-cü il tarixli Qərarında sərgilədiyi hüquqi mövgeyə görə şikayət vermək hüququ cinayət məhkəmə icraatının bütün mərhələlərində həyata keçirilir. Bununla belə, hər bir mərhələdə cinayət prosesinin iştirakçılarının şikayət vermək hüququnun həyata keçirilməsinin öz xüsusiyyətləri vardır. Bu xüsusiyyətlərə şikayət vermək hüququnun obyekti, predmeti, subyektlərin dairəsi, şikayətin verilmə qaydası (hallar, müddətlər və s.), ona baxılması qaydası, şikayətə baxmaq səlahiyyəti olan şəxslərin dairəsi, şikayət vermək hüququnun təmin edilməsinin əsasları və s. aiddir. Şikayət vermək hüququnun həyata keçirilməsi cinayət məhkəmə icraatının məhkəməyədək mərhələsində xüsusi məna daşıyır, çünki bu mərhələnin gedişində (xüsusilə ibtidai istintaq mərhələsində) dairəsi geniş olan şəxslərin hüquqları və qanuni maraqlarına əsassız toxunula və ya qanunsuz məhdudlaşdırıla bilər. Nəzərə alınmalıdır ki, cinayət prosesi iştirakçılarının hər hansı şikayəti öz-özlüyündə rəsmi xarakter daşıyan, dövlət orqanlarına və onun vəzifəli şəxslərinə ünvanlanmış müraciətin bir növüdür. Hüquqi nöqteyi-nəzərdən belə şikayət şəxsin hüquqlarının pozulması və ya qanuni maraqlarının təmin olunmaması ilə əlaqədar verilir. Dövlət orqanları və ya onların vəzifəli şəxsləri tərəfindən cinayət prosesi iştirakçılarının hüquqlarının və qanuni maraqlarının pozulmasına və yaxud məhdudlaşdırılmasına yol verilmədiyi bir halda, həmin iştirakçıların dövlət orqanlarına digər səbəblərdən müraciəti başqa hüquqi təbiətə malikdir. Məsələn, ərizə vətəndaşların qanunla verilmiş subyektiv hüquq və maraqlarının həyata keçirilməsinə yönəldilmiş müraciətin digər növüdür. Eyni zamanda, hüququn və qanuni maraqların təmin olunmasından imtina, ərizənin mahiyyətcə həll edilməsi üçün lazımi tədbirləri görməli olan, lakin bunu etməyən orqan və ya vəzifəli şəxslərin hərəkətlərindən şikayət verilməsinə əsas yaradır. Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə qeyd etmişdir ki, şikayət hər bir şəxs, o cümlədən cinayət prosesinin iştirakçısı üçün qanunla təminat altına alınmış, bir tərəfdən hüquqların pozulmasına dövlətin müvafiq orqanlarının diqqətini cəlb etmək, digər tərəfdən isə bu hüquqları müdafiə və bərpa etmək imkanıdır. Məhz buna görə də digər müraciət növlərindən fərqli olaraq şikayətin əsasında pozulmuş hüququn bərpası barədə müraciət dayanır. Bununla yanaşı qeyd olunmalıdır ki, obyektivlik nöqteyi-nəzərindən şikayət hətta qanuna uyğun hərəkətlərdən və kifayət qədər əsaslı olan qərarlardan verilə bilər, çünki onların qanunsuzluğu və ya əsassızlığı nəticəsinə gəlmək yalnız müvafiq araşdırma aparıldıqdan sonra mümkündür. İlkin mərhələdə isə kifayətdir ki, şikayəti verən hər hansı bir şəxs, o cümlədən cinayət prosesinin iştirakçısı hesab etsin ki, mübahisələndirilən hərəkət və ya qərarlar onun hüquqlarını pozur və yaxud onlar hüquqa uyğun deyildir. Göründüyü kimi amnistiya aktına əsasən cəzadan azad edilmiş ərizəçi pozulması ehtimal etdiyi hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək hüququndan haqlı olaraq istifadə etməklə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının ## ### 2007-ci il tarixli Qanununun 9.2-ci bəndinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 98.3-cü maddəsinə əsasən şəxsin psixi vəziyyətinin yaxşılaşması səbəbindən onun barəsində əvvəllər təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi zərurəti olduqda və ya tibbi xarakterli digər məcburi tədbirlərin tətbiqinə ehtiyacı olduqda, tibbi xarakterli məcburi tədbirlərin dəyişdirilməsi və ya onların tətbiqinin ləğv edilməsi məhkəmə tərəfindən həyata keçirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26.1-ci maddəsinə əsasən cinayət törətmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi müalicə olunurlar. Narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində bu xəstəliklə əlaqədar məcburi müalicə tədbirləri, həmin şəxsə cinayət törətdiyinə görə cəza verməklə yanaşı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən tətbiq edilir. Məcburi tədbirlərin tətbiqi zamanı istifadə olunan tibbi üsullar könüllü müalicəyə müraciət etmiş xəstələrə tətbiq edilən üsullardan fərqlənmir və tibb elminin son nailiyyətlərinə əsaslanır. Məcburi müalicəyə cəlb edilmiş xəstələrin cəzaçəkmə yerlərində saxlama və müalicə rejimləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 27.1., 27.1.1 və 27.1.2-ci maddələrinə əsasən narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda və narkomanlıq xəstəliyindən müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslər məcburi müalicədən vaxtından əvvəl azad edilirlər. Eyni Qanunun 27.2-ci maddəsinə əsasən məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin narkoloji-tibb müəssisəsindən vaxtından əvvəl azad edilməsi həmin müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla yerli məhkəmənin qərarı əsasında həyata keçirilir Qeyd edilən normaları rəhbər tutaraq məhkəmə kollegiyası qeyd edir ki, narkomaniya xəstəliyi ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin məcburi müalicəsinin aqibəti müvafiq tibb müəssisəsinin müdiriyyətinin təqdimatından asılı vəziyyətə salınaraq həmin müəssisənin müdriyyətinin hərəkətsizliyinə görə, ərizəçi məhkəməyə müraciət hüququndan və pozulmuş hüquqlarının bərpası tələbindən məhrum edilə bilməz. Əksinə məhkəmə ərizəni icraata qəbul etməklə şəxsin məcburi müalicəsinin davam etdirilməsinə zərurət olub-olmadığını araşdırmalı, bunu üçün isə müvafiq ekspertizanın keçirilməsi və rəyin alınmasını təmin edərək, nəticə etibarı ilə məcburi müalicəni başa çatdırımış və narkomaniyadan müalicə olunmuş şəxsin barəsində təqdimat verilməsi ilə bağlı hərəkətsizliyin mövcud olub-olmamasını yoxlamalıdır. Oxşar hüquqi mövqe öz əksini “X5 şikayətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Palatasının ## ####### 2024-cü il tarixli Qərardadında tapmışdır. Konstitusiya Məhkəməsin Palatasının həmin Qərardadında qeyd olunmuşdur ki, şəxsin narkomaniyadan könüllü müalicə nəticəsində sağalmasına dair təqdim etdiyi tibbi rəy məhkəmə üçün məcburi xarakterə malik deyil. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323.7-ci maddəsinə görə, məhkəmə öz təşəbbüsü ilə ekspertizanın təyin edilməsi haqqında qərar çıxarmaq hüququna malikdir. Konstitusiya Məhkəməsinin Palatası həmçinin hesab etmişdir ki, ərizəçinin şikayətinin onun müalicəsinin yalnız könüllü və 6 aydan daha az müddətə aparılması kimi formal əsaslarla təmin edilməməsi, onun Konstitusiyanın 60-cı maddəsi ilə müəyyən olunmuş məhkəmə müdafiəsi hüququnun da pozulmasına səbəb olur. Çünki bu hüquq yalnız məhkəməyə müraciət edilməsi ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqların, qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli müdafiəsini ehtiva edən ədalət mühakiməsini də nəzərdə tutur. Şərh edilənlərə əsasən, məhkum Məhkum İntiqam oğlunun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli və məhkum Məhkum İntiqam oğlunun barəsində təyin edilmiş narkomaniyadan məcburi müalicənin ləğv edilməsinə dair ərizəsi icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün materiallarla birgə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Məhkum Məhkum İntiqam oğlunun barəsində təyin edilmiş narkomaniyadan məcburi müalicənin ləğv edilməsinə dair ərizəsi icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün materiallarla birgə birinci instansiya məhkəməsinə qaytarılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum İntiqam oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 8 (səkkiz) saat üçün cəmi 88 (səksən səkkiz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası CM-nin 408-412-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-609/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-609/2026
11.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver