Məhkəmə qərarları › İş №7(3-6)-661/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-661/2026

17.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-661/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Əhmədov Zəfər Vahid oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, prokuror – Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X6, məhkum Məhkum, müdafiəçi – “Prospekt” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## ### 1972-ci il tarixdə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Xaçmaz rayonu, Hacı İsa Oba kəndində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizənin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum cəzanın çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir.. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini, şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən məhkum cəzasının sonuna 01 ay 12 gün qaldığını, xəstəliyi olduğunu, Birinci Qarabağ müharibəsində iştirak etdiyini, kəşfiyyatçı olduğunu,1993-cü ilin iyul ayının 6-da Ağdamın Şelli kəndində yaralandığını, qazi olduğunu, Prezident təqaüdçüsü və 2-ci qrup əlil olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi çıxış edərək mülahizənin 4-cü abzasında şəxsin müsbət xüsusiyyətləri qeyd olunduğunu, ictimai tədbirlərdə iştirak etdiyini, kitab oxuduğunu, səhər xəbərlərə baxdığını, bir dəfə də cəzalandırılmadığını, müharibədə iştirak etdiyini, qazi olduğunu, X3 hesabına müalicə aldığını, mənfi rəyin nəyə əsaslandığı qərarda məlum olmadığını, şikayətin təmin edilməsinin qanunçuluğa və dövlətçiliyə ziyanı olmadığını, himayəsində azyaşlı uşaqları olduğunu, əməlindən peşman olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən prokuror şəxsin dəfələrlə məhkum olunduğunu, əvvəllər də şərti olaraq vaxtından əvvəl azad olunuğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunması barədə məhkum və müdafiəçinin, şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə isə prokurorun çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ** saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş ## ### 2026-cı il tarixli mülahizədən görünür ki, məhkum Məhkum * saylı cəzaçəkmə müəssisəsinə ## ###### 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasından daxil olmuşdur. Məhkum yataq yeri və ən zəruri ləvazimatlarla təmin edilmişdir. Məhkuma hüquq və vəzifələri, daxili intizam qaydaları, cəzanın çəkilməsi şərtləri izah olunmuşdur. İslah prosesinə cəlb olunması üçün müəssisədə aparılan abadlıq işlərinə, keçirilən mədəni-kütləvi tədbirlərə cəlb olunmuşdur. Onun bu tədbirlərdə iştirakı qənaətbəxş olmuşdur. Məhkum Məhkum ilə aparılan fərdi-tərbiyəvi söhbətlərdən özünə müsbət nəticələr çıxarmağa səy göstərir, daxili intizam qaydalarını pozmamağa çalışır. Əməkdaşlarla münasibətdə etik davranış qaydalarına riayət edir. Şəxsi gigiyenasını qoruyur. Əməyə və təhsilə olan münasibəti qənaətbəxşdir. Ona verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirməyə çalışır. Məhkum Məhkum cəza çəkdiyi müddət ərzində barəsində bir dəfə həvəsləndirmə (## ###### 2024-cü il tarixdə “Əlavə qısa müddətli görüş”) tədbiri tətbiq edilmişdir. Məhkum Məhkum cəza çəkdiyi müddət ərzində barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Məhkum Məhkum xasiyyətcə sakitdir. Törətmiş olduğu cinayət əməlini etiraf edir, peşmanlıq hissi keçirdiyini bildirir. Ailə üzvləri ilə görüş və telefon vasitəsi ilə əlaqə saxlayır. Asudə vaxtlarını kitab oxumaqla və televiziya verilişlərinə baxmaqla keçirir. Nəticədə məhkum Məhkum müvafiq komissiyadan mənfi rəy alması barədə ## ##### 2026cı il tarixli protokola əsasən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədəmüvafiq hesab edilmir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 ve 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. Quba Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 177.2.3-1 və 66.5-ci maddələrinə əsasən 4 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli qərarı ilə 177.2.2, 177.2.3, 177.2.3-1, 326.2-ci maddələri ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə "Konstitusiya və Suverenlik ili münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilərək cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. Məhkum Məhkum cəzaçəkmə müddətinin başlanğıcı ## #### 2022-ci il, cəzasının sonu ## #### 2026-cı ildir. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxarkən Məhkum barəsində verilmiş mənfi mülahizəni və rəyi nəzərə alaraq, həmçinin onun islah olunmaması qənaətinə gələrək hesab edir ki, hal-hazırda onun islah olunması üçün cəzasının qalan hissəsini tam çəkməsi məqsədəuyğun olduğunu bildirərək ərizənin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası bir daha məhkumun şəxsi işini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı kifayət qədər əsaslandırılmışdır və məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Həmin Məcəllənin 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. İstənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Həmin Qərarda qeyd olunmuşdur ki, “Qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışı, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür”. Normalardan müəyyən olunur ki, məhkəmə məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edərkən onun müsbət xarakterizə olunmasını, davranışını, əməyə münasibətini, islah olunmasını nəzərə almalıdır. İlk növbədə qeyd olunmalıdır ki, məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi ona cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi üçün əsas ola bilməz. Əks təqdirdə, bu şərt ödənildiyi halda, cəzadan vaxtından əvvəl azad olunması üçün yetərli hesab olunmaqla, qanunverici tərəfindən bir qayda olaraq məhkəmələrin üzərinə vəzifə kimi qoyulardı. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, nizam-intizam qaydalarına riayət edilməsi məhkumun vəzifələrindən biridir. Məhkumun hansı əsaslarla digər məhkumlardan fərqləndiyi əsaslandırılmamışdır. Belə ki, tənbeh tədbirləri cəzanın icrası qaydalarını pozan məhkumlar barəsində tətbiq edilir. Cəzanın icrası qaydalarına əməl etmək isə məhkumun vəzifəsidir və məhkum barəsində tənbeh tədbirlərinin tətbiq edilməməsi onun müsbət xarakterli sayılması üçün özlüyündə birmənalı əsaslı hal deyildir. Həmçinin görünür ki, həvəsləndirmə tədbirləri nümunəvi davranışa, əməyə və təhsilə vicdanlı münasibətə, özfəaliyyət təşkilatlarında və tərbiyə tədbirlərində fəal iştirakına görə məhkumlara tətbiq edilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkum barəsində cəza çəkdiyi 4 ilə yaxın müddətdə sadəcə bir dəfə tətbiq edilmiş həvəsləndirmə tədbiri bundan uzun müddət, yəni iki il əvvəl – 2024-cü ildə olmaqla cəza çəkdiyi müddəti nəzər aldıqda çox az sayda olmuşdur. Məhkəmə onu da nəzərə alır ki, məhkum Məhkum əvvəllər də dəfələrlə eyni maddə ilə təqsirli bilinərək məhkum edilmiş, cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmışdır. Həmçinin məhkumun apellyasiya şikayətində qeyd etdiyi hal, onun əlilliyi, himayəsində azyaşlı uşaqlarının olması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınaraq ona sanksiyada nəzərdə tutulmuş həddə cəza təyin edilmişdir. Göstərilənlər öz növbəsində onu göstərir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə (məhkum islah olunması) nail olunmamışdır. Digər tərəfdən, məhkumun ailə üzvləri ilə əlaqə saxlaması onun islah olunmasına dair sübut hesab edilməməklə yanaşı, məhkum yoldaşları və müəssisə əməkdaşları ilə davranışda da etik qaydalara riayət etmək məhkumun vəzifəsidir. Göründüyü kimi, məhkumun şəxsi işində tam islah olunması ilə bağlı hər hansı hal aşkar olunmur. Məhkəmə kollegiyası göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri ilə və məhkum və müdafiəçinin məhkəmə iclasında bildirdikləri ilə razılaşmır, birinci instansiya məhkəməsinin məhkumun ərizəsinin təmin edilməməsi barədə gəldiyi qənaəti isə qanuni, əsaslı və işin faktiki hallarının düzgün qiymətləndirilməsi kimi hesab edir. Qanunvericiliyin tələblərinə əsasən, məhkumun şərti olaraq cəzadan vaxtından əvvəl azad edilməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı halda mümkündür ki, hazırkı halda məhkumun şəxsi iş materiallarından, həmçinin iş üzrə digər sənədlərdən onun islah olunması və cəzanı çəkməsinə lüzum olmaması qənaətinə gəlmək mümkün deyil. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum qanuna itaət, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi tam şəkildə formalaşmamış və belə olan halda cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, ona cəmiyyətlə, müxtəlif insanlarla daha sıx və sərbəst təmasda olması üçün şərait yaradılması mümkünsüzdür. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*- **)-****/**** saylı qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Məhkum cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsinin təmin edilməməsinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli ** saylı Qərarına əsasən (həmin Qərara ## ##### 2025-ci il tarixli *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin olunmasın. Məhkum cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsinin təmin edilməməsinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Prospekt” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 132 (bir yüz otuz iki) manat dövlət büdcəsindən “Prospekt” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar