Məhkəmə qərarları › İş №7(3-6)-718/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-718/2026

13.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-718/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsilə, X1 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X2, Prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X6, Müdafiəçi – “Qanunçuluq” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Məhkum İsgəndərov Məmməd Xanəmir oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı tarixli, *(*-**)-****/**** nömrəli qərarından məhkum İsgəndərov Məmməd Xanəmir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustan Penitensiar müəssisəsində cəza çəkən məhkum İsgəndərov Məmməd Xanəmir oğlu ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim Şəfa Dadaşova) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustan Penitensiar müəssisəsində cəza çəkən İsgəndərov Məmməd Xanəmir oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Qərardan məhkum İsgəndərov Məmməd Xanəmir oğlu apellyasiya şikayəti verərək şikayətinin təmin edilməsini, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya icraatında məhkəmə baxışı zamanı məhkumun müdafiəçisi verilmiş apellyasiya şikayətini müdafiə edərək, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir. Apelyasiya icraatında məhkəmə baxışı zamanı prokuror öz çıxışında verilmiş apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirirərək, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı tarixli, *(*-**)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkum məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məhkumun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışında işin materialları araşdırılıb, proses iştirakçılarının çıxışı dinlənilib, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı yoxlanılaraq hesab edilir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkumun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustan Penitensiar müəssisəsi tərəfindən verilmiş mülahizədən görünür ki, məhkum ##.##.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasından qəbul olunmuşdur. Qəbul olduğu gündən onunla fərdi-tərbiyəvi söhbətlər aparılmış, müəssisənin daxili intizam qaydaları, hüquq və vəzifələri izah olunmuş, islah prosesi ilə bağlı zəruri tövsiyələr verilmişdir. Məhkum İsgəndərov Məmməd Xanəmir oğlu törətdiyi cinayəti etiraf edir. Xasiyyətcə sakitdir. Əməyə və təhsilə münasibəti qənaətbəxşdir. Asudə vaxtını səmərəli təşkil etməyi bacarır. Ailəsi və yaxın qohumları ilə əlaqə saxlayır. Məhkuma cəza çəkdiyi müddətdə barəsində həvəsləndirmə və tənbeh tədbiri tətbiq edilməmişdir. 114 manat ekspertiza xərci ödənilməmişdir Məhkum İsgəndərov Məmməd Xanəmir oğlunun ##.##.2025-ci il tarixli, Məhkəmənin hökmü ilə təyin olunmuş 1 il 1 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının 7 ay 23 gününü çəkmiş, çəkilməmiş cəzası 6 ay 5 gününü təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ##.##.2025-ci il tarixli *-T nömrəli əmri ilə yaradılmış "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələləri ilə bağlı komissiya" nın ##.##.2026-ci il tarixli ** nömrəli iclas protokoluna əsasən məhkum İsgəndərov Məmməd Xanəmir oğlunun şəxsi işi öyrənilmiş və vaxtından əvvəl cəzadan şərti azad olaraq azadlığa buraxılması barəsində müsbət rəy verilmişdir. Məhkum İsgəndərov Məmməd Xanəmir oğlu cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Yuxarıda göstərilənləri və AR CM-nin 76.3.1-ci maddəsinə əsasən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini məqsədə uyğun hesab edilmişdir. Birinci instansiya məhkəməsi məhkumun cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsinə münasibət bildirərkən qeyd etmişdir ki, məhkumun şəxsi işindən görünür ki, o, cəza çəkdiyi müddətdə barəsində həvəsləndirilmə tədbiri tətbiq edilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən məhkumun şərti olaraq cəzadan vaxtından əvvəl azad edilməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı halda mümkündür. Hazırki halda məhkum İsgəndərov Məmməd Xanəmir oğlunun həqiqətən islah olunması və cəzanı çəkməsinə lüzum olmaması halını məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Müəssisənin məhkumun bu müddət ərzində islah olunduğu üçün cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmasına uyğun görülməsinin səbəbləri təqdim olunmuş mülahizə və ya müəssisənin nümayəndəsinin izahatında əsaslandırılmadığına görə məhkəmə belə qənaətə gəlir ki, mülahizə formal əsaslarla tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Məhkəmə qeyd edir ki, məhkum analoji əməl səbəbindən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanı çəkdiyi müddətdə yenidən cinayət törətmişdir. Bu müddət ərzində onun islah olunması, əməlindən peşman olması, cəzadan şərti olaraq vaxtından əvvəl azad olunduğu halda onun üzərinə qoyulmuş vəzifələri icra edəcəyi az inandırıcıdır. Məhkuma cəza çəkdiyi müddət ərzində barəsində həvəsləndirilmə tədbiri tətbiq edilməməsini, islah olunmasının məhkəmə iclasında müəyyən edilməməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkum İsgəndərov Məmməd Xanəmir oğlunun hazırkı vaxtda cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədə müvafiq deyildir. Apellyasiya instansiyası məhkəməsi cəzaçəkmə müəssisəsi tərəfindən verilən mülahizəni məhkumun törətdiyi cinayətin xarakteri, onun şəxsiyyətini xarakterizə edən halları, şəxsi işi və proses iştirakçılarının mövqeləri ilə əlaqəli araşdıraraq, hesab etmişdir ki, hal-hazırda məhkumun islah olunması üçün cəzasını tam çəkməsi məqsədəuyğundur, ona görə ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib, birinci instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; Qeyd edilən məcəllənin 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Həmin məcəllənin 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz. Azərbaycan Respublikası Cəzaların İcrası Məsəlləsinin 170.1-ci maddəsinə görə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» # ####### 2010-cu il tarixli qərarında qeyd edildiyi kimi, «məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər». Eyni zamanda həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzaçəkmə dövründə davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirilmişdir. Plenumun qərarının və qeyd olunan maddələrin mənasına görə saxlama şəraitinin yaxşı tərəfə dəyişdirilməsi özünü müsbət cəhətdən xarakterizə edən məhkumlar üçün nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən müraciətlərə baxılarkən qeyd olunan kateqoriyaya aid olub-olmamalarını müəyyən etmək üçün məhkumların bütün cəza çəkmə dövründəkı davranışları hərtərəfli təhlil edilməli, məhkumun əməyə münasibəti, tərbiyəedici tədbirlərdə, özfəallyyət təşkilatlarının işində iştirakı, həqiqətən də islah yoluna qədəm qoyması araşdırılmalıdır. Cəzaların icrası qanunvericiliyindən göründüyü kimi, məhkumun cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsindən fərqli olaraq cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə zamanı onun bütün cəzaçəkmə müddətindəki davranışının nəzərə alınması şərt kimi müəyyən edilmişdir. Eyni zamanda qeyd edilir ki, məhkəmə məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edərkən onun müsbət xarakterizə olunması, davranışı, əməyə münasibəti, islah olunması nəzərə almalıdır. İlk növbədə qeyd olunmalıdır ki, məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi ona cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası cəzaçəkmə müəssisəsinin mülahizəsini iş materialları ilə qarşılıqlı surətdə tədqiq edib, məhkumun cəzadan vaxtından əvvəl azad edilməsinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədini tam təmin etməyəcəyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin məhkum İsgəndərov Məmməd Xanəmir oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apellyasiya insitansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apellyasiya şikayətini və ya protestini isə dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Şərh olunanlara əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkum məhkum İsgəndərov Məmməd Xanəmir oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Məhkum İsgəndərov Məmməd Xanəmir oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. “Qanunçuluq” Vəkil Bürosunun vəkili X3 tərəfindən məhkum İsgəndərov Məmməd Xanəmir oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 13 (on üç) saat üçün cəmi 143 (yüz qırx üç) manat dövlət büdcəsindən tutularaq “Qanunçuluq” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-414-cü maddələrində nəzərdə tutulmuş qaydada apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar