Məhkəmə qərarları › İş №7(3-6)-737/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-737/2026

27.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-737/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsilə, X1 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X2, Prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X7, Müdafiəçi – “Qanunçuluq” Vəkil Bürosunun vəkili müdafiəçi1, Məhkum – Ərizəni verən şəxs iştirakları ilə, Məhkum Ərizəni verən şəxs təyin edilmiş dövlət və qeyri-dövlət səhiyyə sistemində rəhbər, təşkilati sərəncamverici və maddi məsul vəzifə tutmaq, həmçinin hər hansı tibb fəaliyyəti, o cümlədən həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkum Ərizəni verən şəxs ərizə ilə məhkəməyə müraciət edərək barəsində tətbiq edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və qeyri-dövlət səhiyyə sistemində rəhbər, təşkilati sərəncamverici və maddi məsul vəzifə tutmaq, həmçinin hər hansı tibb fəaliyyəti, o cümlədən həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilmə növündə əlavə cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməyi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Verilmiş ərizədə göstərilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2012-ci il ## ######## tarixli ** nömrəli Əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrinin nümunəvi əsasnamələrinin və bu müəssisələrdə çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlarının təsdiq edilməsi barədə” həkimotorinolarinqoloqun nümunəvi vəzifə təlimatına istinadən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla bir il altı ay müddətə dövlət və qeyri-dövlət səhiyyə sistemində rəhbər, təşkilatisərəncamverici və maddi məsul vəzifə tutmaq, həmçinin hər hansı tibb fəaliyyəti, o cümlədən həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə (02) iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməyinə dair Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı Hökmü və əsas cəzaya amnistiya aktı tətbiq edilməsi, 1 (bir) il 6 (altı) ay müddətinə əlavə cəzanın dəyişdirilmədən qüvvədə saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı hökmü qanuni qüvvəyə minmişdir. Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli 1 (***)-****/**** saylı hökmü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2012-ci il ## ######## tarixli ** nömrəli Əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrinin nümunəvi əsasnamələrinin və bu müəssisələrdə çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlarının təsdiq edilməsi barədə” həkim-otorinolarinqoloqun nümunəvi vəzifə təlimatının tələblərinin pozulmasını əsas götürdüyündən “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 4.2-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı hökmündə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya aktının İ hissəsinin 2.2-ci bəndi tətbiq edilərkən maddi və prosessual normanın tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində əlavə cəza nəzərdə tutulmadığı halda, məhkəmənin amnistiya tətbiq edərək əsas cəzadan azad etməsi, lakin 46.2ci maddəyə istinadla əlavə cəza təyin etməsi qanuna uyğun hesab edilmir. Əlavə cəza yalnız maddənin dispozisiyasında nəzərdə tutulduqda tətbiq oluna bilər. Bu səbəbdən, amnistiya tətbiq edilərkən həmin 1 il 6 ay əlavə cəza hökmündən çıxarılmalı idi. AR CM-nin 314.2-ci maddəsi - Səhlənkarlıq nəticəsində ağır nəticələrə səbəb olma cinayətini nəzərdə tutur. Bu maddənin dispozisiyasında yalnız əsas cəza (azadlıqdan məhrumetmə və ya digər alternativlər) göstərilir, əlavə cəza nəzərdə tutulmayıb. AR CM-nin 46.2-ci maddəsi - Əlavə cəzaların tətbiqi qaydalarını müəyyən edir. Əlavə cəza yalnız o halda tətbiq oluna bilər ki, xüsusi hissənin müvafiq maddəsində bu cəza nəzərdə tutulmuş olsun. Amnistiya aktı - Əsas cəzadan azad etməklə yanaşı, həmin cinayətə görə nəzərdə tutulmuş bütün cəza tədbirlərini aradan qaldırır. Əgər maddədə əlavə cəza yoxdur, məhkəmə onu müstəqil şəkildə tətbiq edə bilməz. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli *(***)- ****/**** saylı hökmündə 46.2-ci maddəyə istinadla 1 il 6 ay əlavə cəza təyin etməsi hüquqi baxımdan əsassızdır. Amnistiya tətbiq edilərkən hökmün bu hissəsi çıxarılmalı idi. Əlavə cəza yalnız qanunda açıq şəkildə nəzərdə tutulduqda tətbiq oluna bilər; qanunda göstərilməyən əlavə cəzanın müstəqil tətbiqi qanun pozuntusu sayılır. Azərbaycan Respublikasının amnistiya qanunvericiliyinə əsasən, əgər əsas cəza amnistiyaya düşürsə, həmin cinayətə görə təyin edilmiş bütün əlavə cəzalar (o cümlədən müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə) də qüvvədən düşməlidir. Apellyasiya məhkəməsi əsas cəzanı ləğv edərkən əlavə cəzanı qüvvədə saxamaqla amnistiya aktının mahiyyətini pozmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi (ehtiyatsızlıqdan ölümə səbəb olma) bilavasitə əlavə cəza nəzərdə tutmur. Ona tətbiq edilmiş “həkimlik fəaliyyəti ilə məşğul olmamaq” cəzası ümumi hissənin müvafiq norması əsasında təyin edilmişdir. Hüquq nəzəriyyəsinə görə: xüsusi hissə (burada 314.2) öz qüvvəsini itirdikdə (amnistiya aktı ilə əsas cəza silindikdə), ümumi hissəyə əsasən təyin edilmiş əlavə cəza müstəqil olaraq qala bilməz. Çünki əlavə cəza əsas cəza ilə sıx bağlıdır. Xüsusi hissə amnistiyaya düşdüyü üçün öz əhəmiyyətini itiribsə, ümumi hissənin həmin maddəyə tətbiqi də avtomatik olaraq qüvvədən düşməlidir. Ona təyin edilmiş əlavə cəzadan (həkimlik fəaliyyəti ilə məşğul olmamaq) faktiki olaraq 6 (altı) ay artıq keçmişdir. Qalan 1 (bir) il ərzində isə o, istintaq dövründə həbsdə olduğu üçün zatən həkimlik fəaliyyəti ilə məşğul ola bilmirdi. Nəticədə faktiki olaraq o, 1 (bir) il 6 (altı) aydır ki, işləmir - yəni əlavə cəza mənasını artıq tamamilə itirmişdir. Məhkəmənin bu faktı nəzərə alaraq ədalətli qərar verməsini xahiş edir. Bundan əlavə nəzərə alınmalıdır ki, himayəsində iki azyaşlı uşaq və yaşlı anası var. Əlavə cəzanın qalması ailəsinin iqtisadi vəziyyətini ağırlaşdırır, uşaqlarının və anasının təminatına mənfi təsir göstərir. Yuxarıda qeyd olunan əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı hökmü ilə tətbiq edilən 1 il 6 ay müddətinə həkimlik fəaliyyəti ilə məşğul olmamaq cəzasının ləğv edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı ilə məhkum Ərizəni verən şəxs təyin edilmiş 01 il 06 ay müddətə dövlət və qeyri-dövlət səhiyyə sistemində rəhbər, təşkilatisərəncamverici və maddi məsul vəzifə tutmaq, həmçinin hər hansı tibb fəaliyyəti, o cümlədən həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad olunmasına dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Ərizəni verən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən prokuror X7 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək təmin olunmamasını, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli hökmündən görünür ki, Ərizəni verən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla, 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və qeyri-dövlət səhiyyə sistemində rəhbər, təşkilatisərəncamverici və maddi məsul vəzifə tutmaq, həmçinin hər hansı tibb fəaliyyəti, o cümlədən həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Ərizəni verən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması, Ərizəni verən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2026cı il tarixli qərarından görünür ki, məhkum edilmiş şəxsin müdafiəçisinin və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin apelyasiya şikayətlərinin təmin edilməməsi, dövlət ittihamçısının apellyasiya protestinin isə qismən təmin edilməsi, Ərizəni verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.2-ci bəndi tətbiq edilməklə dəyişdirilməsi və Ərizəni verən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə əsas cəzadan azad edilməsi, Ərizəni verən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin ləğv edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmünün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Ərizəni verən şəxs ## ###### 2012-ci il təvəllüdlü X3 və ## ####### 2008-ci il təvəllüdlü X4 adında övladları vardır. Birinci instansiya məhkəməsi Ərizəni verən şəxs ərizəsini iş materialları ilə birlikdə əlaqəli surətdə təhlil edərək hesab etmişdir ki, qanunvericilikdə əlavə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunma ilə bağlı hallara, yalnız əsas cəzadan şərti olaraq vaxtından əvvəl azad edilən hallarda baxıla bilər. Qanunvericilikdə əsas cəza çəkildikdən sonra, əlavə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunma ilə bağlı halların baxılması nəzərdə tutulmamışdır. Ərizəni verən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməmiş, yəni ona Cinayət Məcəlləsinin 76-cı maddəsi tətbiq olunmamış, o, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə amnistiya aktına əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından azad edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, bir daha məhkumunun şəxsi işini araşdıraraq belə qənaətə gələrək hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun təyin edilmiş dövlət və qeyri-dövlət səhiyyə sistemində rəhbər, təşkilati sərəncamverici və maddi məsul vəzifə tutmaq, həmçinin hər hansı tibb fəaliyyəti, o cümlədən həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilməsinə barədə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd edildiyi kimi cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə müəyyən müddətə azadlıqda məhrum etmə növündə cəza çəkən şəxsin islah olunması üçün cəzasını tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Cinayət Məcəlləsinin 5.2-ci maddəsinə əsasən cinayət qanunun analogiyası üzrə tətbiqinə yol verilmir. Apellyasiya şikayətində məhkumun qeyd etdiyi dəlillər ərizəsinin təmin edilməsi üçün əsas deyildir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Ərizəni verən şəxs təyin edilmiş dövlət və qeyri-dövlət səhiyyə sistemində rəhbər, təşkilati sərəncamverici və maddi məsul vəzifə tutmaq, həmçinin hər hansı tibb fəaliyyəti, o cümlədən həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Ərizəni verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Ərizəni verən şəxs təyin edilmiş dövlət və qeyri-dövlət səhiyyə sistemində rəhbər, təşkilati sərəncamverici və maddi məsul vəzifə tutmaq, həmçinin hər hansı tibb fəaliyyəti, o cümlədən həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Qanunçuluq” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Ərizəni verən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 13 (on üç) saat üçün cəmi 143 (yüz qırx üç) manat dövlət büdcəsindən tutularaq “Qanunçuluq” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar