Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-738/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1, məhkumun müdafiəçisi - Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili müdafiəçi1 və məhkum Məhkum iştirakları ilə, ##.##.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu 28 May qəsəbəsi ev 1A ünvanda yaşayan, məhkum Məhkum şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğun götürülməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*- **)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkum Məhkum ərizə ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı hökmü əsasında ona təyin edilmiş şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğun götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə məhkum Məhkum ərizəsi təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından məhkum Məhkum apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, Məhkum ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1 apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarını qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı hökmünün surətindən görünür ki, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ona təyin olunmuş cəza Cinayət Məcəlləsinin 70ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, Məhkum üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifələri qoyulmuşdur. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 28 May qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Məhkum barəsində bu günə qədər nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. Bakı şəhər Probasiya İdarəsinin ##.##.2026-cı il tarixli arayışından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, təyin edilən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmuş və onun üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilmişdir. Hökmün icrası barədə hakimin göstərişi ##.##.2025-ci il tarixdə Bakı şəhər probasiya idarəsinə daxil olmuş və həmin tarixdə məhkumun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkum ##.##.2025-ci il tarixdə qeydiyyata alınmışdır. Bu müddət ərzində Məhkum tərəfindən şərti sınaq müddətinin və əlavə cəzanın icrasının pozulmasına dair heç bir məlumat daxil olmamış, fərdi söhbətlərin aparılması üçün çağırışlara vaxtlı-vaxtında gəlmişdir. Məhkum Məhkum ##.##.2026-cı il tarixə təyin edilmiş şərti sınaq müddətinin 06 ay 06 gününü çəkmiş, çəkilməmiş sınaq müddəti 05 ay 25 gün təşkil edir. Hazırda məhkum barədə probasiya nəzarəti davam etdirilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru, hərbi qulluqçular üzərində isə hərbi hissələrin və ya müəssisələrin komandanlığı həyata keçirir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinə əsasən sınaq müddətinin azı yarısı keçdikdən sonra şərti məhkum edilmiş şəxs öz davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə məhkumun üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında şərti məhkum etmənin ləğv edilməsi barədə qərar qəbul edə bilər. Məhkəmə şərti məhkum etmənin ləğv edilməsi qənaətinə gəldikdə, məhkumu tamamilə və ya qismən əlavə cəzadan da azad edə bilər. Şərti məhkum etmə ləğv edildikdə məhkumun əlavə cəzası olmadığı və ya o, əlavə cəzadan tamamilə azad edildiyi hallarda məhkəmə, həmçinin şəxsin məhkumluğunun götürülməsi barədə qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 509.1-ci və 509.1.8-ci maddələrinə əsasən məhkəmənin hökmü çıxarıldıqdan sonra onun icrası qurtaranadək məhkum edilmiş şəxs məhkumluğun vaxtından əvvəl götürülməsi haqqında məsələlərə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 517.1-ci maddəsinə əsasən məhkumluğun vaxtından əvvəl götürülməsini aşağıdakı məhkəmələr həyata keçirir: 517.1.1. şərti məhkum edilmiş, ittiham hökmünün icrası müddətinin başa çatmasına görə cəzadan və ya cəzanı çəkməkdən azad edilmiş şəxslər barəsində—hökmü çıxarmış məhkəmə və ya yaşayış yeri üzrə birinci instansiya məhkəməsi. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsində nəzərdə tutulmuş şərti məhkumetmənin vaxtından əvvəl ləğvi institutu məhkum üçün əlavə güzəşt xarakteri daşımaqla müstəsna hüquqi mexanizmdir. Həmin norma sınaq müddətinin azı yarısının keçməsini və məhkumun öz davranışı ilə islah olunduğunu sübut etməsini zəruri şərt kimi müəyyən etsə də, bu halların mövcudluğu özlüyündə şərti məhkumetmənin məcburi qaydada ləğv edilməsini şərtləndirmir. Qanunverici tərəfindən "məhkəmə ləğv edə bilər" ifadəsindən istifadə olunması həmin məsələnin həllinin məhkəmənin mülahizəsinə aid olduğunu, məhkəmənin isə bu zaman yalnız formal meyarlarla deyil, həm də cəzanın məqsədləri, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun davranışındakı dəyişikliklərin davamlılığı baxımından qiymətləndirmə aparmalı olduğunu göstərir. Məhkəmə kollegiyası nəzərə alır ki, Məhkum ehtiyatsızlıqdan və ya az ictimai təhlükəlilik dərəcəsinə malik əmələ görə deyil, insan sağlamlığı əleyhinə yönəlmiş qəsdən ağır və zorakı cinayət törətdiyinə görə məhkum edilmişdir. Belə ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməkdə təqsirli bilinmişdir. Qanunverici tərəfindən həmin əmələ görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının müəyyən edilməsi də bu cinayətin yüksək ictimai təhlükəlilik dərəcəsinə malik olmasının göstəricisidir. Söhbət insanın həyatı və sağlamlığı üçün təhlükə yaradan, sağlamlığın uzun müddətə pozulmasına, əmək qabiliyyətinin əhəmiyyətli dərəcədə itirilməsinə, orqan funksiyalarının itirilməsinə və digər ağır nəticələrə səbəb olan qəsdən törədilmiş cinayət əməlindən gedir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, iş üzrə hökm çıxarılarkən məhkumun şəxsiyyəti, törədilmiş əməlin halları, zərərçəkmiş şəxslə münasibətlər və mövcud yüngülləşdirici hallar artıq qiymətləndirilmişdir. Nəticədə məhkəmə ona təyin edilmiş üç il müddətinə azadlıqdan məhrum etmə cəzasını real icraya yönəltməmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə həmin cəzanı şərti hesab etmişdir. Bununla da məhkum faktiki olaraq azadlıqdan məhrum edilməmiş, cəmiyyətdən təcrid olunmamış, ailəsi və sosial mühiti ilə əlaqələrini davam etdirmək, əmək fəaliyyəti ilə məşğul olmaq və normal həyat şəraitində islah olunmaq imkanı əldə etmişdir. Bundan əlavə, məhkəmə kollegiyası tərəfindən məhkum üçün qanunla müəyyən edilmiş altı aydan beş ilədək sınaq müddəti hədləri daxilində ən aşağı həddə yaxın və maksimum humanizm prinsipinə uyğun olaraq cəmi bir il sınaq müddəti müəyyən edilmişdir. Başqa sözlə, hökm çıxarılarkən məhkumun mənafeyi artıq maksimum dərəcədə nəzərə alınmış, ona cinayət-hüquqi təsirin ən yüngül formalarından biri tətbiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkum Məhkum həmin müddətin tamamlanmasına az qalmış hissəsini belə keçmək istəməməsi və ona tətbiq olunmuş güzəştin daha da genişləndirilməsini tələb etməsi şərti məhkumetmə institutunun məqsədləri ilə uzlaşmır. Məhkəmə kollegiyası mübahisələndirilən qərarla razılaşaraq qeyd edir ki, şərti məhkumetmə institutunun mahiyyəti məhkumun cəza çəkmədən əvvəlki həyat tərzini tam məhdudiyyətsiz şəkildə davam etdirməsindən ibarət deyildir. Əksinə, həmin institut məhkumun müəyyən edilmiş sınaq müddəti ərzində dövlət nəzarəti altında olmaqla öz davranışı ilə islah olunmasını sübut etməsinə xidmət edir. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinin məzmunundan da görünür ki, sınaq müddətinin əsas təyinatı məhz məhkumun islah olunma prosesinin müşahidə edilməsidir. Buna görə də məhkumun probasiya orqanına vaxtında gəlməsi, üzərinə qoyulmuş vəzifələri pozmaması və yeni hüquq pozuntusuna yol verməməsi onun qanun qarşısında daşıdığı minimum öhdəliklərin yerinə yetirilməsi kimi qiymətləndirilməlidir. Həmin hallar müsbət xarakterizə edilsə də, özlüyündə şərti məhkumetmənin vaxtından əvvəl ləğv edilməsini zəruri edən müstəsna hal hesab edilə bilməz. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, cəza yalnız törədilmiş əmələ görə dövlət tərəfindən verilən reaksiya deyil, eyni zamanda sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və yeni cinayətlərin qarşısının alınmasına xidmət edən hüquqi vasitədir. Əgər şərti məhkum edilmiş şəxs sadəcə üzərinə qoyulmuş minimal öhdəlikləri yerinə yetirdiyinə görə, təyin olunmuş sınaq müddətinin əhəmiyyətli hissəsini çəkmədən həmin hüquqi nəticələrdən tamamilə azad edilərsə, bu halda cəzanın preventiv və tərbiyəvi funksiyası əhəmiyyətli dərəcədə zəifləyər, həmçinin cəmiyyət tərəfindən ədalət mühakiməsinə olan etimada mənfi təsir göstərə bilər. Ərizədən görünür ki, məhkum əsas etibarilə ölkədən çıxış hüququnun məhdudlaşdırılması səbəbindən xaricdəki əmək fəaliyyətini davam etdirə bilmədiyini və bunun maddi vəziyyətinə mənfi təsir göstərdiyini bildirir. Məhkəmə bu halları anlayışla qarşılasa da hesab edir ki, cəzanın icrası ilə bağlı müəyyən məhdudiyyətlərin yaranması cinayət məsuliyyətinin və cəzanın təbii nəticəsidir. Şəxsin maddi vəziyyətinin pisləşməsi ehtimalı, əvvəlki iş imkanlarından istifadə edə bilməməsi və ya həyat şəraitində müəyyən çətinliklərin yaranması cəzanın məqsədlərini aradan qaldıran və ya şərti məhkumetmənin vaxtından əvvəl ləğv edilməsini zəruri edən hüquqi əsas hesab oluna bilməz. Əks yanaşma qəbul edildiyi təqdirdə, faktiki olaraq hər bir şərti məhkum edilmiş şəxs maddi və ya ailə vəziyyəti ilə bağlı arqumentlərə istinad etməklə sınaq müddətindən azad olunmağı tələb edə bilər ki, bu da qanunvericinin iradəsinə uyğun olmazdı. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd edir ki, məhkum həqiqətən islah olunmağa yönəlmiş davranış nümayiş etdirmək niyyətində idisə, xarici ölkəyə getmək imkanının olmamasını əsas gətirmək əvəzinə, ölkə daxilində qanuni əmək fəaliyyəti ilə məşğul olmaqla, ailəsinin təminatında iştirak etməklə, ictimai faydalı əməyə münasibətini nümayiş etdirməklə və müəyyən edilmiş sınaq müddətini vicdanla keçməklə öz islahını sübut edə bilərdi. Şəxsin islah olunmasının meyarı onun əvvəlki gəlir mənbələrini və ya həyat şəraitini bərpa etməsi deyil, qanunun tələblərinə uyğun həyat tərzi seçməsi və ona göstərilmiş etimadı doğrultmasıdır. Beləliklə, birinci instansiya məhkəməsi ədalətli və qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Məhkum apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin məhkum Məhkum ona təyin olunmuş şərti məhkum etmənin ləğv edilməsi və üzərindən məhkumluğun vaxtından əvvəl götürülməsinə dair ərizəsinin rədd edilməsi barədə ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) saat üçün, cəmi 132 (yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-738/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-738/2026
27.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver