Məhkəmə qərarları › İş №7(3-6)-760/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-760/2026

21.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-760/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Telman Qulaməli oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X3, məhkum Məhkum və onun müdafiəçisi “xxxx” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti vermişdir. Şikayətin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi haqsız olaraq onun ərizəsini təmin etməmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkum Məhkum və onun müdafiəçisi “xxxx” Vəkil Bürosunun vəkili Müdafiəçi ayrıayrılıqda məhkəmə iclasında verilmiş şikayətin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X3 məhkum tərəfindən verilmiş şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cəzaçəkmə müəssisəsinə məlumat verilməsinə baxmayaraq cəzaçəkmə müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, CPM-nin 520.5-ci maddəsinə əsasən şikayətə cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunması barədə məhkum və müdafiəçinin, şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə isə prokurorun çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki Məhkum Bakı Qarnizonunun Hərbi Tribunalının ## ### 1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 94-cü maddəsinin 1,6,8-ci bəndləri, 145ci maddsəinin 2-ci hissəsinin 2,3,5,6-cı bəndləri, 240-cı maddəsinin ”a” və “b” bəndləri ilə təqsirli bilinərək, CM-nın 38-ci maddəsinə əsasən qəti olaraq ölüm cəzasına məhkum edilmişdir. “Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və İslah-Əmək Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi” haqqında Azərbaycan Respublikasının ## ###### 1998-ci il tarixli Qanununa əsasən ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli ## ###### 1995-ci il tarixdən hesablanmışdır. Umbakı Penitensiar müəssisəsinin ## ### 2026-cı il tarixli mülahizəsindən görünür ki, məhkum Məhkum şəxsi işindən göründüyü kimi o, ##.##.1998-ci il tarixdə * saylı İstintaq təcridxanasından Müəssisəyə gətirilmişdir. Gətirildiyi ilk gündən məhkuma hüquq və vəzifələri, müəssisənin daxili intizam qaydaları izah olunmuşdur. Lakin onunla aparılan fərdi tərbiyəvi söhbətlərdən özü üçün düzgün nəticə çıxarmağa çalışmır. Dəyişkən xarakterə malikdir, qapalıdır. Törətmiş olduğu cinayət əməlini qismən etiraf etsə də, peşmançılıq hissi keçirməsi müşahidə olunmur. Məhkum Məhkum ##.##.2007-ci il tarixdə saxlanma şəraiti yaxşlaşdırılmışdır. Cəza çəkdiyi müddət ərzində daxili-rejim qaydalarını pozduğuna görə Məhkum barəsində aşağıdakı tənbeh tədbirləri tətbiq edilmişdir:

1. ##.##.1999-cu il tarixdə 15 gün müddətinə cərimə təcridxanasına keçirilmişdir.

2. ##.##.2007-ci il tarixdə 15 gün müddətinə cərimə təcridxanasına keçirilmişdir.

3. ##.##.2011-ci il tarixdə 05 gün müddətinə cərimə təcridxanasına keçirilmişdir.

4. ##.##.2015-ci il tarixdə "Töhmət" elan edilmişdir.

5. ##.##.2018-ci il tarixdə "Xəbərdarlıq" elan edilmişdir.

6. ##.##.2020-ci il tarixdə "Töhmət" elan edilmişdir.

7. ##.##.2021-ci il tarixdə "Xəbərdarlıq" elan edilmişdir.

8. ##.##.2022-ci il tarixdə “Töhmət” elan edilmişdir.

9. ##.##.2022-ci il tarixdə “Töhmət” elan edilmişdir.

10. ##.##.2024-cü il tarixdə “Xəbərdarlıq” elan edilmişdir.

Yaxın qohumları ilə görüş və telefon danışığı vasitəsi ilə əlaqə saxlayır. Məhkum Məhkum ##.##.2026-cı il tarixə, məhkəmənin hökmü ilə təyin olunmuş ömürlük azadlıqdan məhrumetmə cəzasının 30 il 08 ay 24 gününü çəkmişdir. Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələləri ilə bağlı yaradılmış Komissiyanın 20 N-li, ##.##.2026-cı il tarixli protokoluna əsasən məhkum Məhkum barəsində mənfi rəy bildirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.4-1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada ona təyin edilmiş ömürlük azadlıqdan məhrumetmə cəzasının müəyyən müddətə azdlıqdan məhrumetmə ilə əvəz edilməsi zamanı onun cəza çəkdiyi dövrün son beş ili ərzində cəzanın çəkilməsi qaydalarına əməl etməsi halları nəzərə alınır. Həmin Məcəllənin 57.3-cü maddəsində göstərilir ki, məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Qeyd olunan Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin Qərarda qeyd olunmuşdur ki, “Qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışı, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür”. Normalardan müəyyən olunur ki, məhkəmə məhkumu cəzadan şərti olaraq vaxtından əvvəl azad edərkən onun müsbət xarakterizə olunmasını, davranışını, əməyə münasibətini, islah olunmasını nəzərə almalıdır ki, iş materialları ilə bunlar müəyyən olunmur. Məhkəmə cəzaçəkmə müəssisəsi tərəfindən verilən mülahizəni məhkumun şəxsi işi və proses iştirakçılarının izahatları ilə əlaqəli araşdıraraq, həmçinin müvafiq komissiya tərəfindən məhkum barəsində mənfi rəy verilməsini nəzərə alaraq, belə hesab edir ki, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədəmüvafiq deyildir. Belə ki, məhkum Məhkum tam islah olunmamışdır və onun islah olunması işin faktiki halları ilə müəyyən edilmir. Belə ki, məhkəməyə məhkumun şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmaması və onun islah yoluna yönəlməyə çalışması barədə hər hansı sübut təqdim edilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən məhkumun şərti olaraq cəzadan vaxtından əvvəl azad edilməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı halda mümkündür ki, hazırki halda məhkumun şəxsi iş materiallarından onun islah olunması və cəzanı çəkməsinə lüzum olmaması qənaətinə gəlmək mümkün deyil. Bundan başqa, cəzaçəkmə müəssisəsi tərəfindən təqdim olunmuş mülahizədə məhkumun cəza çəkdiyi müddətdə də müsbət xarakterizə edilmədiyi, mütəmadi olaraq barəsində tənbeh tədbirlərinin tətbiq edildiyi aşkardır. Məhkəmə kollegiyası məhz məhkumun cəza çəkdiyi müddətdə də müsbət xarakterizə olunmadığını, habelə Ədliyyə Nazirinin ##.##.2025-ci il tarixli **-T nömrəli ilə təsdiq edilmiş komissiya tərəfindən mənfi rəy verildiyini, habelə məhkum tərəfindən bunun əksini təsdiq edən hər hansı sübut təqdim edilməməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb onun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasının məqsədə müvafiq olmaması qənaətinə gəlir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin məhkum Məhkum cəzadan vaxtından əvvəl şərti olaraq azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 193, 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin məhkum Məhkum cəzadan vaxtından əvvəl şərti olaraq azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “xxxx” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) saat üçün cəmi 132 (bir yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq “xxxx” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar