Məhkəmə qərarları › İş №7(3-6)-775/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-775/2026

21.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-775/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2, Məhkum Məhkum və onun müdafiəçisi Universal Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, ##.##.1985-ci il tarixdə Ağcabədi rayonu, Hindarx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-**)-***/**** saylı qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ilə məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan məhkum Məhkum oğlu apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının ləğv edilməsi və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona təyin edilmiş cəzanın dörddə üç hissəsini çəkmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizə ilə məhkəməyə müraciət etsə, ərizəsi təmin olunmamışdır. Apellyasiya baxışı zamanı iştirak edən məhkum Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı iştirak edən prokuror X2 apellyasiya şikayətini əsassız hesab edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cəzaçəkmə müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini qarşılıqlı şəkildə araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunması barədə məhkumun və onun müdafiəçisinin çıxışını, prokurorun həmin apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışını dinləyərək hesab edir ki, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Məhkum oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1 böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1 ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3 xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışını, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür. Həmçinin məhkəmələrə izah olunur ki, bu xarakterli müraciətlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş müddətini çəkməməsinin müəyyən olunması həmin müraciətin rədd olunmasına şərtsiz əsasdır. Cəzaçəkmə müəssisəsinin mənfi mülahizəsi isə özlüyündə müraciətin rədd olunması üçün şərtsiz əsas deyil. Məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə məhkumun islah olunma prosesinin surətləndirilməsinə, onun normal sosial faydalı həyata qaytarılmasına yardım edən institutdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə əsasən cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanunun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2020-ci il tarixli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni ## ###### 1020-ci ildən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın hökm edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsinin mülahizəsindən görünür ki, o, əvvəllər cəzasını * saylı İstintaq Təcridxanasında, Bakı İstintaq Təcridxanasında, * saylı Cəzaçəkmə Müəssisəsində və Umbakı Penitensiar Müəssisəsində çəkmiş, cəza çəkdiyi müddət ərzində daxili rejim qaydalarının tələblərini bilərəkdən və kobud şəkildə pozduğuna görə barəsində on üç dəfə, ##.##.2021-ci il tarixdə 07 gün müddətinə cərimə otağı, ##.##.2021-ci il tarixdə 05 gün müddətinə cərimə otağı, ##.##.2022-ci il tarixdə 03 gün müddətinə cərimə otağı, ##.##.2022-ci il tarixdə 02 ay müddətinə kamera tipli otaq, ##.##.2022-ci il tarixdə 07 gün müddətinə cərimə otağı, ##.##.2023-cü il tarixdə 10 gün müddətinə cərimə otağı, ##.##.2023-cü il tarixdə 15 gün müddətinə cərimə otağı, ##.##.2023-cü il tarixdə 07 gün müddətinə cərimə otağı, ##.##.2024-cü il tarixdə Xəbərdarlıq, ##.##.2024-cü il tarixdə 15 gün müddətinə cərimə otağı, ##.##.2024-cü il tarixdə 15 gün müddətinə cərimə otağı, ##.##.2024-cü il tarixdə 15 gün müddətinə cərimə otağı və ##.##.2024-cü il tarixdə isə 03 ay müddətinə kamera tipli otaq tənbeh tədbirləri tətbiq edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin ##.##.2024- cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsinin 6 (altı) ay müddətini çəkməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsindən həbsxanaya keçirilmişdir. Məhkum * saylı Cəzaçəkmə müəssisəsinə ##.##.2025-ci il tarixdə Umbakı Penitensiar Müəssisəsindən daxil olmuşdur. Məhkum karantin müddətini başa vuraraq * saylı dəstədə qeydiyyata alınmış, yataq yeri və ən zəruri ləvazimatlarla təmin edilmiş, ona hüquq və vəzifələri, cəzanın çəkilməsi şərtləri, daxili intizam qaydaları izah olunmuşdur. Müəssisəyə gəldiyi ilk günlərdən özünü mənfi xarakterizə olunan məhkum kimi tanıtmış, müəssisənin daxili rejim qaydalarının pozuntusuna yol verdiyi üçün barəsində ##.##.2025-ci il tarixdə 08 gün müddətinə və ##.##.2026-cı il tarixdə isə 11 gün müddətinə cərimə otağı tənbeh tədbirləri tətbiq edilmişdir. İslah prosesinə cəlb olunması üçün müəssisədə aparılan abadlıq işlərinə, keçirilən mədəni- kütləvi tədbirlərə cəlb olunmuş, onun bu tədbirlərdəki iştirakı qeyriqənaətbəxş olmuş və keçirilən tədbirlərdən yayınmağa çalışmışdır. Əməyə və təhsilə olan münasibəti mənfidir. Hökm üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza borcu təyin edilmişdir. Şəxsi gigiyena qaydalarına əməl edir. Müsbət xarakterli məhkumlara münasibətdə qeyrisəmimidir. Məhkum onunla aparılan fərdi-tərbiyəvi söhbətlərdən və profilaktiki tədbirlərdən özü üçün müsbət nəticə çıxarmamışdır. Məhkum törətmiş olduğu cinayət əməlini etiraf etmir. Ailə üzvləri ilə görüş və telefon vasitəsilə əlaqə saxlayır. Məhkum müəssisənin normal iş fəaliyyətinin pozulmasına yönələn hərəkətlər etməyə və özünü kobud apararaq müəssisə əməkdaşlarının qanuni tələblərini yerinə yetirməkdən imtina etməyə cəhdlər göstərməyə meyllidir. Beləliklə o, məhkum Məhkum cəzasının 3/4 hissəsini çəkdiyini, lakin cəza çəkdiyi müddət ərzində islah olunmadığını və Ədliyyə Nazirinin ##.##.2025-ci il tarixli 06-T №-li əmri ilə təsdiq edilmiş komissiya tərəfindən mənfi rəy verildiyini nəzərə alıb onun şərti olaraq vaxtından əvvəl azad olunmasını məqsədə uyğun hesab etmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə məhkumun islah prosesi ilə bağlı verilən zəruri tövsiyələrdən düzgün nəticə çıxarmadığını, cəzanın icrası və çəkilməsinin qayda və şərtlərinə tam riayət etmədiyini və islah yoluna qədəm qoymağa ciddi səy göstərmədiyini, cəzaçəkmə müəssisəsinin daxili rejim qaydalarını pozduğuna görə əvvəllər barəsində tənbeh tədbirləri tətbiq edilməsini və cəza çəkdiyi müddətdə tam islah olunmadığı qənaətinə gələrək hesab etmişdir ki, hazırkı vaxtda onun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəmüvafiq deyildir. Apellyasiya instansiya məhkəməsi məhkumunun şəxsi işini araşdıraraq, məhkum barəsində mənfi xarakterli mülahizə verilməsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı halda mümkündür. Hazırki halda məhkum Məhkum oğlunun mənfi xarakterizə olunması, barəsində çoxsaylı tənbeh tədbirlərinin təbiq olunması və heç bir həvəsləndirmə tədbirinin tətbiq olunmaması səbəbindən onun islah olunması və cəzanı çəkməsinə lüzum olmaması qənaətinə gəlmək mümkün deyil. Məhkəmə kollegiyası məhkum Məhkum barəsində verilmiş mülahizəni onun şəxsi işi ilə əlaqəli surətdə, bütün qanuni vasitələrdən istifadə etməklə tam, hərtərəfli, obyektiv araşdıraraq və onun cəza çəkdiyi müddətdəki davranışlarını ətraflı təhlil edərək hesab edir ki, məhkum cəzasının qanunla müəyyən edilmiş hissəsini çəksə də, barəsində verilmiş mənfi xarakterli mülahizəyə və cəza çəkdiyi müddət ərzində islah olunmadığına əsasən ərizənin təmin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Məhkum oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Məhkum Məhkum oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Universal Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Universal Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar