Məhkəmə qərarları › İş №7(3-6)-782/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-782/2026

12.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-782/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X3, Müdafiəçi Müdafiəçi, Məhkum Məhkum iştirakları ilə, ## #### 1983-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Sumqayıt Ağır Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)- ***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli ## ### 2021-ci il tarixdən hesablanmış, cəzasının sonu ## ### 2028-ci ilədək olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 2/3 hissəsindən çoxunu çəkdiyini bildirməklə qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim T.Musayev) ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarına əsasən məhkum Məhkum təyin edilmiş cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinin dəlillərini onunla əsalndırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarına əsasən onun cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Hesab edir ki, həmin qərar tam əsassız olduğuna görə ləğv olunmalı və mövcud olan çox saylı mötəbər halları nəzərə almaqla ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum Məhkum və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, ona təyin edilmiş cəzasının 2/3 hissəsinin çəkdiyini, əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxsin biri ilə barışıq əldə etdiyini, islah oldunduğunu nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarını ləğv edərək ona təyin edilmiş cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında prokuror X3 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə şikayətə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2022-ci il tarixli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona həmin maddə ilə cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı ##.##.2021-ci il tarixdən hesablanması hökm edilmişdir. (Zərərçəkmiş şəxslərdən Şükür Bədəlov ilə barışmış (hökmün 22-ci səhifəsi), digəri ilə barışıq əldə edilməsi barədə iş materialında məlumat yoxdur). İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** nömrəli, ## ##### 2023-cü il tarixli qərarından görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, ## ##### 2024-cü il tarixli qərarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, ## ##### 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum cəza çəkmə müddəti sonu ## ### 2028-ci il tarixdə başa çatır. Məhkumun şəxsi işindən görünür ki, nümunəvi davranışına, ictimai işlərdə fəallığına və ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə fəal iştirakına görə ##.##.2024-cü il tarixli ** saylı əmrlə “Təşəkkür” elan olunmuşdur. Barəsində 2023, 2024 və 2025-ci illər üzrə tərtib edilmiş illik xasiyyətnamələrin nəticələrinə görə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxsin biri ilə barışıq əldə olnmumamışdır. Həmçinin cəzaçəkmə müəssisəsi tərəfindən məhkum barəsində verilmiş mülahizədən görünür ki, məhkum Məhkum Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsinə ##.##.2023-cü il tarixdə * saylı İstintaq Təcridxanasından daxil olmuşdur. Qəbul olunduğu gündən məhkumla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmiş, islah prosesi ilə bağlı zəruri tövsiyyələr verilmişdir. Şəxsi işinin materiallarından göründüyü kimi, onunla aparılan fərdi tərbiyəvi söhbətlərin, islah prosesi ilə bağlı verilən tövsiyyələrin müsbət təsiri altında, müəssisədə cəza çəkdiyi müddətdə cəzanın çəkilməsi üçün müəyyən olunmuş rejimin tələblərinə əməl edən məhkum kimi tanınmış, heç bir rejim pozuntusuna yol verməmiş, nümunəvi davranışı ilə fərqlənmişdir. Onunla aparılan fərdi söhbətlərdən bu qənaətə gəlmək olar ki, məhkum törətdiyi cinayəti etiraf edir və əməlindən peşimançılıq hissi keçirdiyini bildirir. Fərdi söhbətlər zamanı törətdiyi cinayətlə ailəsini üzləşdirdiyi çətinliklərə görə mənəvi əzab çəkdiyini qeyd edir. Azadlığa çıxamq, cəmiyyətdə layiqli yer tutmaq, halal zəhməti ilə ailəsinə maddi və mənəvi dəstək vermək, ictimaiyyət arasında haqqında formalaşmış xoşagəlməz fikirləri halal zəhməti ilə müsbət istiqamətə dəyişmək arzusunda olduğunu bldirir. Ailəsi və yaxınları ilə mütamadi əlaqə saxlayır. Kollektivçilik ənənələrinə və birgəyaşayış qaydalarına hörmətlə yanaşır. Asudə vaxtını səmərəli təşkil etməklə ictimai işlə məşğul olur və kütləvi-informasiya vasitələrini izləyir. Mədəni-kütləvi və tərbiyəvi tədbirlərdə fəal iştirak edir. Məhkum yoldaşları ilə mehriban və səmimi münasibət qurub, ünsiyyətliliyi ilə, sadəliyi ilə əmakdaşların hörmətini qazanıb. Müəssis ərazisinin abadlaşdırılması və məhkumların mədəni-məişət şəraitinin yaxşılaşdırılması üçün aparılan haqqı ödənilməyən işlərə, iməciklərə cəlb edilmiş və o, əməksevərliyi ilə əməyə müsbət münasibətdə olduğunu nümayiş etdirmişdir. Verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirir. Nümunəvi davranışını, ictimai işlərdə fəallığını və ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə fəal iştirakına görə ##.##.2024-cü il tarixli ** saylı əmrlə “Təşəkkür” elan olunmuşdur. Barəsində 2023, 2024 və 2025-ci illər üzrə tərtib edilmiş illik xasiyyətnamələrin nəticələrinə görə müsbət xarakterizə olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlmək olar ki, məhkum onunla aparılan profilaktiki, tərbiyəvi söhbətlərdən özü üçün düzgün nəticə çıxarmış, daxili intizam qaydalarına riayət etmişdir. Məhkumun cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair mülahizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının təsis etdiyi komissiya tərəfindən müzakirə olunmuş, komissiyanın iclasının ##.##.2026-cı il tarixli ** saylı protokolu ilə barəsində mənfi rəy bildirilmişdir. Məhkum Məhkum barəsindəki müvafiq rəyi nəzərə alaraq şərti olaraq vaxtından əvvəl cəzadan azad olunmasını məqsədəuyğun hesab edilməmişdir. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxarkən, öz qərarında cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi ilə birgə araşdırmış və göstərilən halları nəzərə alaraq onun ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası bir daha məhkumunun şəxsi işini araşdıraraq məhkum barəsində verilmiş mənfi xarakterli mülahizənin əsaslı olması qənaətinə gələrək hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə məhkum Məhkum ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza cəkən şəxsin islah olunmaq üçün cəzanı tam cəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.3-cü maddəsinin tələbinə görə məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanin çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanıçəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Qərarda göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, bu sahədə olan qanun normalarının mənasına görə məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin novünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Qeyd olunan Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə götərilmişdir ki, məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar. Bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, cinayət və cinayət prosessual qanunvericiliyində törədilmiş cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməməsi, əvvəllər məhkum olunması, təqsirini etiraf etməməsi və sair bu kimi hallar Belə ki, məhkum Məhkum barəsində verilmiş mülahizənin əsaslılığı və məhkumun islah olunub-olunmaması məsələsi araşdırılarkən, onun bütün cəza çəkdiyi müddəti əhatə edən davranışları nəzərə alınmalıdır. Məhkum və onun müdafiəçisi apellyasiya baxışı zamanı məhkum Məhkum cəzasının 2/3 hissəsinin çəkdiyini, özünün tam islah olunmuş kimi hiss etdiyini qeyd edib barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilərkən məhkumun davranışı, şəxsiyyəti, daxili rejim qaydalarına əməl etməsi və bu kimi digər hallar birlikdə araşdırılır. Əks halda cəzanın 2/3 hissəsinin çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi qanunverici tərəfindən bir qayda olaraq məhkəmələrin üzərinə vəzifə kimi qoyulardı. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Məhkum cəzasının çəkilməsindən vaxtından əvvəl şərti olaraq azad edilməsi barədə vermiş olduğu ərizənin təmin edilməməsinə dair ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Məhkum cəzasının çəkilməsindən vaxtından əvvəl şərti olaraq azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: İkram Şirinov Aqil Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar