Məhkəmə qərarları › İş №7(3-6)-798/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-798/2026

27.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-798/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsilə, X1 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X2, Prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X5, Müdafiəçi – Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1, Məhkum – İsayev Təhmin Şakir oğlunun iştirakları ilə, Məhkum İsayev Təhmin Şakir oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı tarixli, *(*-**)-***/**** nömrəli qərarından məhkum İsayev Təhmin Şakir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum İsayev Təhmin Şakir oğlu ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə (hakim Gültəkin Əsədova) məhkum İsayev Təhmin Şakir oğlunun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilməmişdir. Qərardan məhkum İsayev Təhmin Şakir oğlu apellyasiya şikayəti verərək şikayətinin təmin edilməsini, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini və cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya icraatında məhkəmə baxışı zamanı məhkum və müdafiəçisi verilmiş apellyasiya şikayətini müdafiə edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir. Apelyasiya icraatında məhkəmə baxışı zamanı prokuror öz çıxışında verilmiş apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirirərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı tarixli, *(*-**)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə baxışında işin materialları araşdırılıb, proses iştirakçılarının çıxışı dinlənilib, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı yoxlanılaraq hesab edilir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkumun cəza çəkdiyi ** saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizədən görünür ki, məhkum * saylı istintaq təcridxanasında saxlanılmış, ##.##.2023-cü il tarixdə ** saylı cəzaçəkmə müəssisəsinə qəbul olunmuşdur. Qəbul olunduğu gündən məhkumla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmiş, islah prosesi ilə bağlı zəruri tövsiyyələr verilmişdir. Şəxsi işinin materiallarından göründüyü kimi, müəssisəyə qəbul olunduqdan sonra da rejm qaydası pozuntularına yol vermiş, müvafiq olaraq barəsində ##.##.2024-cü il tarixdə 03 gün “Cərimə otağı” və ##.##.2026-cı il tarixdə 15 gün “Cərimə otağı” olmaqla iki tənbeh tədbiri tətbiq edilmişdir ki, son cəzası qüvvədədir. Onunla aparılan fərdi tərbiyəvi söhbətlər, islah prossesi ilə bağlı verilən tövsiyyələr müsbət nəticə verməmiş, cəza çəkdiyi müddətdə cəzanın çəkilməsi üçün müəyyən olunmuş rejimin tələblərinə əməl etməyən məhkum kimi tanınmışdır.Müşahidələr və fərdi söhbətlərdən bu qənaətə gəlmək olar ki, məhkum törətdiyi cinayəti qismən etiraf edir, əməlindən peşmançılıq hissi keçirməsində səmimi deyil.Kollektivçilik ənənələrinə və birgəyaşayış qaydalarına yanaşma tərzi qənaətbəxş deyil. Asudə vaxtını səmərəsiz keçirtməklə hər hansı ictimai işlə məşğul olmur, mədəni-kütləvi və tərbiyəvi tədbirlərdə iştirak etmir. Mənfi xarakterizə olunan məhkumlarla ünsiyyətə üstünlük verir, əməkdaşların qanuni tələblərinə və verdikləri tapşırıqlara etinasız yanaşır. Əməyə münasibəti mənfidir. Barəsində 2024-cü il uzrə tərtib edilmiş illik xasiyyətamənin nəticəsinə görə mənfi, 2023 və 2025-ci illər üzrə tərtib edilmiş illik xasiyyətnamələrin nəticələrinə görə müsbət xarakterizə olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlmək olar ki, məhkum onunla aparılan profilaktiki, tərbiyəvi söhbətlərdən özü üçün düzgün nəticə çıxarmamış, daxili intizam qaydalarına riayət etməmişdir.Məhkumun cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair mülahizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının təsis etdiyi komissiya tərəfindən müzakirə olunmuş, komissiyanın iclasının ##.##.2026-cı il tarixli ** saylı protokolu ilə barəsində müsbət rəy bildirilmişdir. Nəticə: Məhkum T.Ş.İsayevin barəsindəki müvafiq rəyi nəzərə alıb cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmasını məqsədəuyğun hesab edilmişdir. İş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ilə cəzası 06 il 06 aya endirilmidir. Birinci instansiya məhkəməsi məhkumun cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsinə münasibət bildirərkən qeyd etmişdir ki, CM-in 15.1 və 15.4-cü maddələrinə əsasən məhkum tərəfindən törədilmiş cinayət (CM-in 234.4.3-cü maddəsi) ağır cinayət hesab olunur. Məhkum İsayev Təhmin Şakir oğlu ona təyin olunmuş cəzanın vaxtından əvvəl şərti olaraq azad olunması üçün müəyyən müddətini çəkmiş olsa da, məhkəmə onun tam islah olunmaması qənaətinə gəlir. Belə ki, məhkum İsayev Təhmin Şakir oğlunun barəsində cəza çəkdiyi müəssisə tərəfindən müsbət mülahizə verilsə də, məhkumun şəxsi iş materiallarını onun barəsində verilmiş mülahizə ilə əlaqəli şəkildə tədqiq edərək, məhkumun çəkdiyi cəza müddəti ilə cəzanın məqsədinə nail olunmaması qənaətinə gəlir. Məhkəmə belə bir nəticəyə gələrkən onun törətdiyi cinayətin ictimai-təhlükəliliyini və xarakterini əsas tutur.Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, məhkum İsayev Təhmin Şakir oğlu tam islah olunmamışdır və onun islah olunması işin faktiki halları ilə müəyyən edilmir. Belə ki, məhkəməyə məhkumun şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmaması və onun islah yoluna yönəlməyə çalışması barədə hər hansı sübut təqdim edilməmişdir. Beləliklə də, məhkəmə qeyd edilənlərə əsasən məhkum İsayev Təhmin Şakir oğlunun islah olunmaması qənaətinə gələrək hesab edir ki, onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün əsaslar olmadığından məhkumun ərizəsi təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi cəzaçəkmə müəssisəsi tərəfindən verilən mülahizəni məhkumun törətdiyi cinayətin xarakteri, onun şəxsiyyətini xarakterizə edən halları, şəxsi işi və proses iştirakçılarının mövqeləri ilə əlaqəli araşdıraraq, hesab etmişdir ki, hal-hazırda məhkumun islah olunması üçün cəzasını tam çəkməsi məqsədəuyğundur, ona görə ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib, birinci instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; Qeyd edilən məcəllənin 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Həmin məcəllənin 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz. Azərbaycan Respublikası Cəzaların İcrası Məsəlləsinin 170.1-ci maddəsinə görə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» # ####### 2010-cu il tarixli qərarında qeyd edildiyi kimi, «məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər». Eyni zamanda həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzaçəkmə dövründə davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirilmişdir. Plenumun qərarının və qeyd olunan maddələrin mənasına görə saxlama şəraitinin yaxşı tərəfə dəyişdirilməsi özünü müsbət cəhətdən xarakterizə edən məhkumlar üçün nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən müraciətlərə baxılarkən qeyd olunan kateqoriyaya aid olub-olmamalarını müəyyən etmək üçün məhkumların bütün cəza çəkmə dövründəkı davranışları hərtərəfli təhlil edilməli, məhkumun əməyə münasibəti, tərbiyəedici tədbirlərdə, özfəallyyət təşkilatlarının işində iştirakı, həqiqətən də islah yoluna qədəm qoyması araşdırılmalıdır. Cəzaların icrası qanunvericiliyindən göründüyü kimi, məhkumun cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsindən fərqli olaraq cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə zamanı onun bütün cəzaçəkmə müddətindəki davranışının nəzərə alınması şərt kimi müəyyən edilmişdir. Eyni zamanda qeyd edilir ki, məhkəmə məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edərkən onun müsbət xarakterizə olunması, davranışı, əməyə münasibəti, islah olunması nəzərə almalıdır. İlk növbədə qeyd olunmalıdır ki, məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi ona cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası cəzaçəkmə müəssisəsinin mülahizəsini iş materialları ilə qarşılıqlı surətdə tədqiq edib, məhkumun cəzadan vaxtından əvvəl azad edilməsinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədini tam təmin etməyəcəyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin məhkum İsayev Təhmin Şakir oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apellyasiya insitansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apellyasiya şikayətini və ya protestini isə dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Şərh olunanlara əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkum İsayev Təhmin Şakir oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Məhkum İsayev Təhmin Şakir oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum İsayev Təhmin Şakir oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 13 (on üç) saat üçün cəmi 143 (yüz qırx üç) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-414-cü maddələrində nəzərdə tutulmuş qaydada apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar