Məhkəmə qərarları › İş №7(3-6)-807/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-807/2026

27.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-807/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2, məhkumun müdafiəçisi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və məhkum Mustafayev İmran Kamran oğlu iştirakları ilə, ##.##.2005-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, əvəllər CM-nin 126.1-ci maddəsi ilə məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 03 il 02 ay müddətinə, həbsdə saxlandığı 05 ay 07 gün nəzərə alınmaqla qəti olaraq 02 il 08 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, məhkum Mustafayev İmran Kamran oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barəsində ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Mustafayev İmran Kamran oğlu ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli (sədrlik edən hakim X1) qərarı ilə məhkum Mustafayev İmran Kamran oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından məhkum Mustafayev İmran Kamran oğlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında məhkum Mustafayev İmran Kamran oğlu və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, Mustafayev İmran Kamran oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2 apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarını qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Mustafayev İmran Kamran oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 03 il 02 ay müddətinə, həbsdə saxlandığı 05 ay 07 gün nəzərə alınmaqla qəti olaraq 02 il 08 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzasının əvvəli ##.##.2024-cü il tarixdən hesablanmışdır. AR ƏN PX-nin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Mustafayev İmran Kamran oğlunun şərti olaraq vaxtından əvvəl cəzadan azad olunmasına dair ## ### 2026-cı il tarixli “Mülahizədən” və məhkumun şəxsi işindən göründüyü kimi, məhkum * saylı İstintaq təcridxanasında saxlanılmış, ##.##.2024-cü il tarixdə ** saylı cəzaçəkmə müəssisəsinə qəbul olunmuşdur. Qəbul olunduğu gündən məhkumla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmiş, islah prosesi ilə bağlı zəruri tövsiyyələr verilmişdir.Şəxsi işinin materiallarından göründüyü kimi, onunla aparılan fərdi tərbiyəvi söhbətlərin, islah prossesi ilə bağlı verilən tövsiyyələrin müsbət təsiri altında, müəssisədə cəza çəkdiyi müddətdə cəzanın çəkilməsi üçün müəyyən olunmuş rejimin tələblərinə əməl edən məhkum kimi tanınmış, heç bir rejim pozuntusuna yol verməmiş, nümunəvi davranışı ilə fərqlənmişdir.Onunla aparılan fərdi söhbətlərdən bu qənaətə gəlmək olar ki, məhkum törətdiyi cinayəti etiraf edir və əməlindən peşmançılıq hissi keçirdiyini bildirir. Fərdi söhbətlər zamanı törətdiyi cinayətlə ailəsini üzləşdirdiyi çətinliklərə görə mənəvi əzab çəkdiyini qeyd edir. Azadlığa çıxmaq, cəmiyyətdə layiqli yer tutmaq, halal zəhməti ilə ailəsinə maddi və mənəvi dəstək vermək, ictimaiyyət arasında haqqında formalaşmış xoşagəlməz fikirləri halal zəhməti ilə müsbət istiqamətə dəyişmək arzusunda olduğunu bildirir. Ailəsi və yaxınları ilə mütəmadi əlaqə saxlayır.Kollektivçilik ənənələrinə və birgəyaşayış qaydalarına hörmətlə yanaşır. Asudə vaxtını səmərəli təşkil etməklə ictimai işlə məşğul olur və kütləvi-informasiya vasitələrini izləyir. Mədəni- kütləvi və tərbiyəvi tədbirlərdə fəal iştirak edir. Məhkum yoldaşları ilə mehriban və səmimi münasibət qurub, ünsiyyətliliyi, sadəliyi ilə əməkdaşların hörmətini qazanıb.Müəssisə ərazisinin abadlaşdırılması və məhkumların mədəni-məişət şəraitinin yaxşılaşdırılması üçün aparılan haqqı ödənilməyən işlərə, iməciliklərə cəlb edilmiş və o, əməksevərliyi ilə əməyə müsbət münasibətdə olduğunu nümayiş etdirmişdir. Verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirir. Barəsində 2025-ci il üzrə tərtib edilmiş illik xasiyyətnamənin nəticəsinə görə müsbət xarakterizə olunur.Yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlmək olar ki, məhkum onunla aparılan profilaktiki, tərbiyəvi söhbətlərdən özü üçün düzgün nəticə çıxarmış, daxili intizam qaydalarına riayət etmişdir.Məhkumun cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair mülahizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının təsis etdiyi komissiya tərəfindən müzakirə olunmuş, komissiyanın iclasının ##.##.2026-cı il tarixli ** saylı protokolu ilə barəsində müsbət rəy bildirilmişdir.Nəticə: Məhkum İ.K.Mustafayev cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Nümunəvi davranışı, əməksevərliyi, işgüzarlığı, verilən tapşırıqları layiqincə yerinə yetirməsi və cinayətini etiraf etməsi bir daha onun islah olunduğunu sübut edir. Müsbət xarakterizə olunduğunu nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmasını məqsədəuyğun hesab edilmişdir. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Mustafayev İmran Kamran oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxarkən öz qərarında cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi ilə birgə araşdırmış və göstərilən halları nəzərə alaraq onun ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası bir daha məhkumunun şəxsi işini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq ilk olaraq qeyd edir ki, cəzaçəkmə müəssisəsi tərəfindən məhkum barəsində müsbət rəy verilməsi onun islah yoluna qədəm qoyması demək deyil. Cəzaçəkmə müəssisəsi tərəfindən məhkuma verilmiş rəy onun şəxsi işi ilə birlikdə araşdırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Mustafayev İmran Kamran oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məsələsinə dair Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsinin xüsusi komissiyasının rəyi müsbət olsa da əsaslandırılmamış, ümumi və şablon ifadələrdən istifadə edilməklə yazılmışdır. Məhkəmə hesab edir ki, mülahizə və komissiyanın rəyi formal tərtib olunduğundan özlüyündə məhkumun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza cəkən şəxsin islah olunmaq üçün cəzanı tam cəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.3.1-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını çəkdikdən sonra tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli * nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışını, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür. Məhkəmələrə izah olunsun ki, bu xarakterli müraciətlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş müddətini çəkməməsinin müəyyən olunması həmin müraciətin rədd olunmasına şərtsiz əsasdır. Cəzaçəkmə müəssisəsinin mənfi mülahizəsi isə özlüyündə müraciətin rədd olunması üçün şərtsiz əsas deyil. Məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar. Bu zaman məhkəmələr nəzərə almalıdır ki, cinayət və cinayət prosessual qanunvericiliyində törədilmiş cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməməsi, əvvəllər məhkum olunması, təqsirini etiraf etməməsi və sair bu kimi hallar cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməyə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunmağa və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsinə maneə kimi nəzərdə tutulmamışdır. Lakin, məhkumun vurulmuş ziyanı ödəməkdən qəsdən boyun qaçırması (məsələn, əmlakı gizlətməsi və s.), törətdiyi cinayətə münasibəti işin digər halları ilə birlikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməyə və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsinə, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə maneə ola bilər. Bununla yanaşı məhkəmələr nəzərə almalıdırlar ki, bu sahədə olan qanun normalarının mənasına görə məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətdən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır. Normalardan müəyyən olunur ki, məhkəmə məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edərkən onun müsbət xarakterizə olunması, davranışı, əməyə münasibəti, islah olunması nəzərə almalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Məhkəmə kollegiyası məhkum Mustafayev İmran Kamran oğlunun barəsində verilmiş mülahizəni onun şəxsi işi ilə əlaqəli surətdə, bütün qanuni vasitələrdən istifadə etməklə tam, hərtərəfli, obyektiv araşdıraraq və onun cəza çəkdiyi müddətdəki davranışlarını ətraflı təhlil edərək hesab edir ki, məhkum cəzasının qanunla müəyyən edilmiş hissəsini çəksə də, barəsində verilmiş mülahizəyə və cəza çəkdiyi müddət ərzində islah olunmadığına əsasən ərizənin təmin edilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkum Mustafayev İmran Kamran oğlunun həqiqətən islah olunması və cəzanı çəkməsinə lüzum olmaması halını məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, şəxsi işində olan və məhkəmə kollegiyasının iclasında araşdırılıb qiymət verilmiş hallar məhkumun islah olunduğunu təsdiq etməməklə, onun islah yoluna qədəm qoymuş məhkum olması qənaətinə gəlməyə əsas vermir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq qeyd edir ki, Mustafayev İmran Kamran oğlunu islah yoluna qədəm qoymuş məhkum kimi qiymətləndirilməsini müəyyən etmir. Məhkumun hökmlə təyin edilmiş cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkməsi barədə məhkəmə kollegiyası qeyd edir ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilərkən məhkumun davranışı, şəxsiyyəti, daxili rejim qaydalarına əməl etməsi və bu kimi digər hallar birlikdə araşdırılır. Əks halda təyin edilmiş cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi qanunverici tərəfindən bir qayda olaraq məhkəmələrin üzərinə vəzifə kimi qoyulardı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Mustafayev İmran Kamran oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, ona cəmiyyətlə, müxtəlif insanlarla daha sıx və sərbəst təmasda olması üçün şərait yaradılması mümkünsüzdür, apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Mustafayev İmran Kamran oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin məhkum Mustafayev İmran Kamran oğlunun cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin rədd edilməsi barədə ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Mustafayev İmran Kamran oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) saat üçün, cəmi 132 (yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar