Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-810/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X3, Məhkum İbrahimov İlkin Hüseyn oğlunun və onun müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, ##.##.1986-cı ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum İbrahimov İlkin Hüseyn oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum İbrahimov İlkin Hüseyn oğlu ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 2/3 hissəsindən çoxunu çəkdiyini bildirməklə qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** saylı qərarı ilə məhkum İbrahimov İlkin Hüseyn oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan məhkum İbrahimov İlkin Hüseyn oğlu apellyasiya şikayəti verərək cəzasının 2/3 hissəsindən çoxunu çəkdiyini, islah yoluna qədəm qoyduğunu, cəzaçəkmə müəssisəsində daxili rejim qaydalarına riayət etdiyini nəzərə alaraq cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iştirak edən məhkum İbrahimov İlkin Hüseyn oğlu və məhkumun müdafiəçisi X2 apellyasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı iştirak edən prokuror X3 apellyasiya şikayətini əsassız hesab edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cəzaçəkmə müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini qarşılıqlı şəkildə araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunması barədə məhkumun və onun müdafiəçisinin çıxışını, prokurorun həmin apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışını dinləyərək hesab edir ki, məhkum İbrahimov İlkin Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və İbrahimov İlkin Hüseyn oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1 böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1 ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3 xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışını, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür. Həmçinin məhkəmələrə izah olunur ki, bu xarakterli müraciətlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş müddətini çəkməməsinin müəyyən olunması həmin müraciətin rədd olunmasına şərtsiz əsasdır. Cəzaçəkmə müəssisəsinin mənfi mülahizəsi isə özlüyündə müraciətin rədd olunması üçün şərtsiz əsas deyil. Məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə məhkumun islah olunma prosesinin surətləndirilməsinə, onun normal sosial faydalı həyata qaytarılmasına yardım edən institutdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə əsasən cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanunun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən görünür ki, İbrahimov İlkin Hüseyn oğlu Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 9 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəlinin ##.##.2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2022-ci il tarixli, 1(103)- ***/**** nömrəli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021- ci il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilərək, 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından görünür ki, məhkum İbrahimov İlkin Hüseyn oğluna Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsinin mülahizəsindən görünür ki, İbrahimov İlkin Hüseyn oğlu Bakı İstintaq Təcridxanasında saxlanılmış, * saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş, ##.##.2025-ci il tarixdə ** saylı cəzaçəkmə müəssisəsinə qəbul olunmuş, ##.##.2028-ci il tarixdə isə cəzası sona çatır. * saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş həmin müddətdə rejim pozuntularına görə barəsində altı ##.##.2021, ##.##.2023, ##.## 2023, ##.## 2024,##.##.2024 və ##.##.2024-cü il tarixlərdə olmaqla altı tənbeh tədbiri tətbiq olunmuşdur Barəsində 2024 və 2025-ci illər üzrə tərtib olunmuş illik xasiyyətnamələrin nəticələrinə görə mənfi 2021, 2022 və 2023-cü illər üzrə tərtib olunmuş illik xasiyyətnamələrin nəticələrinə görə müsbət xarakterizə olunur. Hökmlə təyin olunmuş 297,23 manat ekspertiza borcundan ödəniş edilməmişdir. Məhkumun cəzasının çəkilməmiş qalan hissəsini çəkmədən şərti olaraq vaxtından əvvəl azad etməyə dair mülahizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının təsis etdiyi komissiya tərəfindən müzakirə olunmuş, komissiyanın iclasının ##.##.2026-cı il tarixli ** saylı protokolu ilə barəsində mənfi rəy bildirilmişdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə məhkum İbrahimov İlkin Hüseyn oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxarkən cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi ilə birgə araşdırmış, yekunda məhkumun hazırkı vaxtda cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasının məqsədəmüvafiq olmaması qənaətinə gələrək ərizənin təmin edilməsindən imtina etmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İbrahimov İlkin Hüseyn oğlunda qanuna itaət, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi tam şəkildə formalaşmamış və belə olan halda cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, ona cəmiyyətə insanlarla daha sıx və sərbəst ünsiyyət və təmasda olması üçün şərait yaradılması məqsədə müvafiq deyildir. Apellyasiya instansiya məhkəməsi məhkumunun şəxsi işini araşdıraraq, məhkum barəsində mənfi xarakterli mülahizə verilməsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı halda mümkündür. Hazırki halda məhkum İbrahimov İlkin Hüseyn oğlunun mənfi xarakterizə olunması, barəsində tənbeh tədbirlərinin təbiq olunması və heç bir həvəsləndirmə tədbirinin tətbiq olunmaması səbəbindən onun islah olunması və cəzanı çəkməsinə lüzum olmaması qənaətinə gəlmək mümkün deyil. Məhkəmə kollegiyası məhkum İbrahimov İlkin Hüseyn oğlunun barəsində verilmiş mülahizəni onun şəxsi işi ilə əlaqəli surətdə, bütün qanuni vasitələrdən istifadə etməklə tam, hərtərəfli, obyektiv araşdıraraq və onun cəza çəkdiyi müddətdəki davranışlarını ətraflı təhlil edərək hesab edir ki, məhkum cəzasının qanunla müəyyən edilmiş hissəsini çəksə də, barəsində verilmiş mənfi xarakterli mülahizəyə və cəza çəkdiyi müddət ərzində islah olunmadığına əsasən ərizənin təmin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum İbrahimov İlkin Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Məhkum İbrahimov İlkin Hüseyn oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən məhkum İbrahimov İlkin Hüseyn oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev
Məhkəmə qərarları › İş №7(3-6)-810/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-810/2026
29.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver