Məhkəmə qərarları › İş №7(3-6)-822/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-822/2026

04.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-822/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2, Məhkum Məhkum və onun müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi İltifat oğlunun iştirakları ilə, Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, çəkilməmiş qalan cəzasından şərti olaraq vaxtından əvvəl azad olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan məhkum Məhkum apellyasiya şikayəti verərək ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Məhkum və onun müdafiəçisi Müdafiəçi İltifat oğlu apellyasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini və məhkumun cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad olunmasına dair qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cəzaçəkmə müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə şikayətə cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları, cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni və məhkumun şəxsi işini qarşılıqlı şəkildə araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunması barədə məhkumun və onun müdafiəçisinin çıxışlarını, prokurorun həmin apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ləğv edilməli və məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1 böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1 ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3 xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışını, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür. Həmçinin məhkəmələrə izah olunur ki, bu xarakterli müraciətlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş müddətini çəkməməsinin müəyyən olunması həmin müraciətin rədd olunmasına şərtsiz əsasdır. Cəzaçəkmə müəssisəsinin mənfi mülahizəsi isə özlüyündə müraciətin rədd olunması üçün şərtsiz əsas deyil. Məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə məhkumun islah olunma prosesinin surətləndirilməsinə, onun normal sosial faydalı həyata qaytarılmasına yardım edən institutdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə əsasən cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanunun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli hökmündən görünür ki, məhkum Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən, 05 il 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə Məhkum təyin olumuş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Cəzaçəkmə müəssisəsinin yazılı mülahizəsindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarına əsasən, Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsi təmin edilməmişdir. Məhkum Məhkum Müalicə müəssisəsinə ##.##.2026- cı il tarixdə * saylı CM-dən daxil olmuşdur. Məhkumun şəxsi işindən görünür onun cəzasının əvvəli ##.##.2022-ci il tarixdə başlayır, sonu ##.##.2027-ci il tarixdə bitir. Məhkum Məhkum Müalicə Müəssisəsinə daxil olduğu gündən daxili rejim qaydalarına riayət edir, ailə üzvləri və yaxın qohumları ilə telefon və görüş vasitəsi ilə əlaqə saxlayır, barəsində tənbeh və həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məsələsinə AR ƏNnin müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı müvafiq komissiyasında baxılmış və ** saylı protokola əsasən müsbət rəy bildirilmişdir. Qeyd edilənləri nəzərə alaraq onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məsələsinə məhkəmə tərəfindən baxılması məqsədəuyğundur. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün islah olunmadığı qənaətinə gələrək onun ərizəsini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkumun şəxsi işindən göründüyü kimi ona təyin edilmiş cəza müddətinin qanunla müəyyən edilmiş hissəsini çəkməsi, cəza çəkdiyi müddətdə heç bir rejim qaydasını pozmaması onun cəza çəkdiyi illər üzrə ümumilikdə islah yoluna qədəm qoymuş məhkum kimi xarakterizə edilməsinə imkan verir. Həmçinin nəzərə alınmalıdır ki, Məhkum oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi Ədliyyə Nazirliyinin Xüsusi Komissiyası tərəfindən müzakirə edilmiş və bununla bağlı müsbət rəy verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, cəzaçəkmə müəssisənin müsbət mülahizəsini və məhkumun şəxsi işini qarşılıqlı şəkildə nəzərdən keçirərək, habelə tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, məhkum Məhkum oğlunun cəzaçəkmə müddətində davranışı ümumilikdə müsbət qiymətləndirilməli və bu səbəbdən onun cəzasını tam çəkməsinə lüzum olmadığından məhkumun ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uygun olmaması apellyasiya şikayəti və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.2 və 70.5-ci maddələrini rəhbər tutaraq cəzadan şərti olaraq vaxtından əvvəl azad edilərkən məhkum Məhkum oğlunun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını vacib hesab edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ləğv edilməli və məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin olunmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.2, 399.1.2, 401 və 520-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Məhkum Məhkum oğlunun apellyasiya şikayəti təmin olunsun. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ləğv edilsin. Məhkum Məhkum ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində cəza çəkən məhkum Məhkum oğlu ona təyin edilmiş 05 (beş) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 (on) ay 21 (iyirmi bir) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilsin. Qərarın icrası dərhal təmin edilsin. Məhkum Məhkum məhkəmə iclas zalından dərhal azad olunsun. Məhkum Məhkum oğlunun üzərində nəzarət onun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Sınaq müddəti ərzində Məhkum Məhkum üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar