Məhkəmə qərarları › İş №7(3-6)-836/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-836/2026

27.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-836/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2, müdafiəçi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və məhkum Məhkum iştirakları ilə, ## ###### 1987-ci il tarixdə Rusiya Federasiyasının Ulyanovsk vilayətində anadan olmuş, subay, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N nömrəli hərbi hissədə daimi pasport qeydiyyatında olmaqla, ünvan 1 ünvanında yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün X1 müəssisəsinə keçirilməsinə dair ərizənin təmin olunmaması barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün X1 müəssisəsinə keçirilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə məhkumun onun X1 müəssisəsinə keçirilməsinə dair ərizəsi təmin edilməmişdir. Məhkəmənin qərarından narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, ərizənin qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən çıxarılmış qərarda onun islah olunmasının nəzərə alınmadığını və islah olduğunu nəzərə alaraq, qərarın ləğv edilməsini və onun X1 müəssisəsinə keçirilməsinə dair ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında məhkum Məhkum və müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini və Məhkum cəzasının qalan hissəsini çəkmək üçün X1 müəssisəsinə keçirilməsini apellyasiya məhkəməsindən xahiş etdilər. Məhkəmə iclasında prokuror X2 məhkum Məhkum apellyasiya şikayətinin əsassız olduğunu, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsinin səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə həmin şəxsin iştirakı olmadan məsələyə baxılmasını mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası hazırki işin materiallarını və məhkum Məhkum şəxsi işini verilmiş apellyasiya şikayətinin dəlilləri ilə birlikdə əlaqəli şəkildə araşdıraraq, tərəflərin fikirlərini dinləməklə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş materiallardan və məhkumun şəxsi işindən görünür ki, Tərtər Hərbi Məhkəməsinin ## #### 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 296.1, 329.2.1, 329.2.6, 333.4, 62, 66.2-ci maddələrinə əsasən aylıq pul təminatından 05 % məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli Qərarı ilə Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilərək, Tərtər Hərbi Məhkəməsinin ## #### 2023-cü il tarixli hökmü dəyişdirilməklə hökmdən Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 296.1-ci maddəsi ilə 1500 manat cərimə cəzası, Azərbaycan Respublikası CM-nin 329.2.1, 329.2.6-ci maddələri ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 333.4-cü maddəsinə əsasən 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və Azərbaycan Respublikası CM-nin 66.2,68.2-ci maddələrinə əsasən 1500 manat cərimə cəzasına və 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Hərbi Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 333.4, 333.4-1, 66.2-ci maddələrinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən ## ###### 2024-cü il tarixli Qərarla təyin edilmiş 1500 manat cərimə cəzası və 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla 1500 manat cərimə cəzasına və 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və ##.##.2024cü il tarixdən ##.##.2025-ci il tarixədək azadlıqdan məhrum etmə növündə çəkdiyi cəza müddəti , yəni 04 ay 20 gün təyin edilmiş cəza müddətindən çıxılmaqla Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cəzalar müstəqil icra edilməklə üzərində 1500 manat cərimə cəzası və 03 il 01 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ### 2025-ci il tarixli Qərarı ilə kassasiya şikayəti təmin edilmədən, ## ###### 2024-cü il tarixli Qərar dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli Qərarına əsasən, Məhkum Bakı Hərbi Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.4,333.4-1,66.2-ci maddələrinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən ## ###### 2024-cü il tarixli Qərarla təyin edilmiş 1500 manat cərimə cəzası və 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla 1500 manat cərimə cəzasına və 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək azadlıqdan məhrum etmə növündə çəkdiyi cəza müddəti, yəni 04 ay 20 gün təyin edilmiş cəza müddətindən çıxılmaqla Azərbaycan Respublikası CMnin 68.2-ci maddəsinə əsasən cəzalar müstəqil icra edilməklə üzərində 1500 manat cərimə cəzası və 03 il 01 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilıməmiş hissəsi “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən 06 (altı) ay azaldılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli Qərarına əsasən, Məhkum Bakı Hərbi Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 1500 manat cərimə cəzası “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2.11ci bəndinə əsasən cərimə cəzasından azad edilmişdir. Məhkum Məhkum hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə təkrar işgəncə verməklə zor tətbiq etmiş, habelə zabit olmaqla üzürlü səbəblər olmadan bir aydan artıq lakin üç aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Cəzasının əvvəli ##.##.2025-ci il tarixdən hesablanmış, cəzasının sonu ##.##.2027-ci il tarixdə bitir. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzaçəkmə müəssisəsi növünün dəyişdirilməsi barədə ərizəyə baxarkən, öz qərarında cəzaçəkmə müəssisəsinin məhkum Məhkum barəsində verdiyi müsbət mülahizənin məhz formal xarakter daşıdığı, reallığı əks etdirmədiyi qənaətinə gəlmiş, hesab etmişdir ki, cəzaçəkmə müəssisəsi tərəfindən məhkumun barəsində verilmiş mülahizə məhkumun şəxsi işinə uyğun olmamaqla yanaşı, mülahizədə sadalanan halların məhz nədə ifadə olunması mülahizədə öz əksini tapmamış və bu halları təsdiq edən sübutlar göstərilməmişdir. Bununla bağlı hər hansı sübut məhkəmə baxışı zamanı da təqdim olunmamışdır. Məhkum Məhkum cəzasının üçdə iki hissəsindən çoxunu çəksə də, cəza çəkdiyi müddətdə tam islah olunmamışdır. Bununla da, birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkumun tam islah olunması üçün cəzasının qalan hissəsini X1 müəssisəsində çəkməsi üçün əsaslar mövcud deyil. Məhkəmə kollegiyası bir daha da məhkumun şəxsi işini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmişdir ki, verilmiş apellyasiya şikayəti həmin qərarın ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2.3-cü maddəsinə əsasən ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - X1 müəssisələrinə - cəza müddətinin ən azı 2/3 hissəsini çəkdikdə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2.4-cü maddəsinə əsasən az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - X1 müəssisələrinə - cəza müddətinin ən azı 1/3 hissəsini çəkdikdə keçirilə bilərlər. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunmuşdur ki, məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, məhkumun əməyə və təhsilə münasibətinin müsbət olmasının konkret nədə ifadə olunması, törətdiyi cinayətə münasibətinin təzahür forması, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirilməlidirlər. Məhkəmə onu da qeyd edir ki, Qanunun mənasına görə, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin cəzalarının qalan müddətini çəkmək üçün X1 müəssisəsinə keçirilməsi üçün iki əsas tələb olunur: müəyyən edilmiş cəzaçəkmə müddətinin bir hissəsinin çəkilməsi və məhkum edilmiş şəxsin islah olunması. Bu hallara törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi daxil deyil, təqsirləndirilən şəxslərin törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi qanuna əsasən onlara cəza təyin edilərkən nəzərə alınır. Hazırki iş üzrə isə yalnız bir əsas mövcuddur, yəni məhkum Məhkum müəyyən edilmiş cəzaçəkmə müddətini üçdə iki hissədə çəkmişdir, digər əsas isə mövcud deyil. Məhkumun şəxsi işi və mülahizə öyrənilmiş və ərizə vermiş məhkumu xarakterizə edən müəssisə rəhbərliyinin mülahizəsində qeyd edilənlər onun cəzaçəkmə müəssisəsində olduğu bütöv müddətdə göstərdiyi davranışının əhəmiyyətli olması baxımından ümumilikdə qiymətləndirilərkən müəyyən edilmişdir ki, o, islah yoluna qədəm qoymağa səy göstərən məhkum kimi xarakterizə edilmişdir. Eyni zamanda, yuxarıda adı çəkilən Plenum qərarında da göstərilmişdir ki, bu sahədə olan qanun normalarının mənasına görə cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətdən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır. Məhz bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq məhkumun şəxsi iş materiallarını tədqiq edib, məhkumun cəzasının qalan hissəsini çəkməsi üçün X1 Müəssisəsinə keçirilməsini qeyri-mümkün hesab etmişdir. Göründüyü kimi, şəxsi işində olan və məhkəmə kollegiyasının iclasında araşdırılıb qiymət verilmiş hallar məhkumun islah olunduğunu təsdiq etməməklə, onun islah yoluna qədəm qoymuş məhkum olması qənaətinə gəlməyə əsas vermir. Məhz bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq məhkumun şəxsi iş materiallarını tədqiq edib, məhkumun cəzasının qalan hissəsini çəkməsi üçün X1 müəssisəsinə keçirilməsini qeyri-mümkün hesab etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin məhkum Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün X1 müəssisəsinə keçirilməsi barədə ərizənin təmin edilməməsinə dair ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin məhkum Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün X1 müəssisəsinə keçirilməsi barədə ərizənin təmin edilməməsinə dair ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) saat üçün, cəmi 132 (yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar