Məhkəmə qərarları › İş №7(3-6)-840/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-840/2026

22.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-840/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri X1 (sədrliyi və məruzəsi ilə), Əhmədov Zəfər Vahid oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X4, məhkum Məhkum, müdafiəçi – Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, ## #### 1982-ci il tarixdə Masallı rayonunun Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Masallı rayonu, Ərkivan qəsəbə dairəsi, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla faktiki ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin olunmamasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə məhkum Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinin təmin olunmaması qərara alınmışdır. Həmin qərardan narazı qalan məhkum apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarının ləğv edilməsi və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətində göstərmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin çıxardığı qərardan narazıdır. Cəzasının üçdə bir hissəsini çəkmişdir, törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə iclasında iştirak edən məhkum və müdafiəçi az ağır cinayət törətdildiyini, cəzasının üçdə bir hissəsini çəkdiyini, qərarın formal əsaslandırıldığını, cəzaçəkmə müəssisəsinin mülahizəsinin müsbət olduğunu, məhkumun əməlindən peşman olduğunu bildirərək apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən prokuror məhkum Məhkum cəzasının ## ###### 2027-ci ildə bitdiyini, cəza çəkdiyi müddətdə həvəsləndirilmə tədbiri tətbiq edilmədiyini, zərərçəkmiş şəxslərə ziyan ödənilmədiyini, təyin edilmiş 3 il 6 ay cəzanın məhz amnistiya aktı tətbiq edilərək 6 ay azaldıldığını, çəkilməmiş 1 il 5 ay cəzası olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli hökmünə əsasən Məhkum Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli ## ###### 2024cü il tarixdən hesablanmışdır. Sumqayıt Apellyasiya məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2026-cı il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2025- ci il tarixli hökmü dəyişdirilərək, məhkum Məhkum "Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1 və 5.2.3-cü bəndləri tətbiq olunaraq, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 (iki) il 05 (beş) ay 04 (dörd) gün hissəsi 06 (altı) ay azaldılaraq, çəkilməmiş cəzası 01 (bir) il 11 (on bir) ay 04 (dörd) gün müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarında yol verilmiş anlaşılmazlıq aradan qaldırılmaqla qəti olaraq üzərində 01 (bir) il 11 (on bir) ay 23 (iyirmi üç) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkumun şəxsi işindən görünür ki, Məhkum ## ###### 2025-ci il tarixdə ** saylı cəzaçəkmə müəssisəsinə gətirilmişdir. Cəzaçəkmə müddətinin əvvəli ## ###### 2024-cü il tarixdən hesablanmaqla, cəzasının sonu ## ###### 2027-ci il tarixdə başa çatır. Mülahizə onunla əsaslandırılmışdır ki, məhkum Məhkum ## ###### 2025-ci il tarixdə Umbakı Penitensiar Müəssisəsindən ** saylı cəzaçəkmə müəssisəsinə gətirilmişdir. Şəxsi işin materiallarından göründüyü kimi, məhkum istintaq təcridxanasında saxlandığı zaman daxili rejim pozuntusu hallarına yol verməmişdir. Məhkum Məhkum ** saylı cəzaçəkmə müəssisəsinə gəldiyi gündən karantin briqadasında onunla islah məqsədli fərdi tərbiyəvi söhbətlər aparılmış, daxili intizam qaydaları, hüquq və vəzifələri izah olunmuşdur. Onunla aparılan islah məqsədli fərdi tərbiyəvi söhbətlərdən bu qənaətə gəlmək olar ki, məhkum etdiyi cinayəti etiraf edir və əməlindən peşmanlıq hissi keçirir, tərbiyəvi söhbətlərdən özünə düzgün nəticə çıxartmağa çalışır. Verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirir, dəstədə keçirilən mədəni-kütləvi və ictimai tədbirlərdə yaxından iştirak etməyə maraq göstərir. Əməyə və təhsilə münasibəti qənaətbəxşdir. Fiziki cəhətdən sağlamdır. Xasiyyətcə mülayim və ünsiyyətcildir, məhkum yoldaşları ilə mehribandır. Ailə üzvləri və yaxın qohumları ilə telefon və görüş vasitəsilə əlaqə saxlayır, onlarla münasibəti yaxşıdır. Müəssisə əməkdaşlarına qarşı səmimidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş. hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələləri ilə bağlı yaradılmış Komissiya" tərəfindən məhkum Məhkum barəsində, ## ### 2026-cı il tarixdə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair müsbət protokol verilmişdir. Məhkum Məhkum cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Yuxarıda göstərilənlərə əsasən onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, müsbət xarakterizə edilən məhkumlar cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə həbsxanadan cəzaçəkmə müəssisələrinə məhkəmənin hökmü ilə müəyyən olunmuş həbs cəzasının ən azı yarısını çəkdikdə, ciddi rejimli cəzaçəkmə müəssisələrindən ümumi rejimli cəzaçəkmə müəssisələrinə cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə, ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən məntəqə tipli cəzaçəkmə müəssisələrinə cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə, az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən məntəqə tipli cəzaçəkmə müəssisələrinə cəza müddətinin ən azı üçdə birini çəkdikdə keçirilə bilərlər. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Qeyd olunan Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin Qərarda qeyd olunmuşdur ki, “Qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışı, əməyə münasibətini və cəzaçəkmə müəssisənin mülahizəsini əsas amil kimi irəli sürür”. Həmin Qərarın 2-ci bəndinə əsasən, məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar. Bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, cinayət və cinayət prosessual qanunvericiliyində törədilmiş cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməməsi, əvvəllər məhkum olunması, təqsirini etiraf etməməsi və sair bu kimi hallar cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməyə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunmağa və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsinə maneə kimi nəzərdə tutulmamışdır. Lakin məhkumun vurulmuş ziyanı ödəməkdən qəsdən boyun qaçırması (məsələn, əmlakı gizlətməsi və s.), törətdiyi cinayətə münasibəti işin digər halları ilə birlikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməyə və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsinə, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə maneə ola bilər. Normalardan müəyyən olunur ki, məhkəmə məhkumun cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirərkən onun müsbət xarakterizə olunması, cəza çəkdiyi müddəti əhatə edən davranışı, əməyə münasibəti, islah olunması nəzərə almalıdır. Birinci instansiya məhkəməsi gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, “cəzaçəkmə müəssisəsi tərəfindən məhkum Məhkum barəsində müsbət xarakterizə verilsə də, məhkəmə məhkumun şəxsi işində olan sənədləri cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizə ilə qarşılıqlı müzakirə edərək belə qənaətə gəlir ki, tərtib olunmuş mülahizə formal xarakter daşımaqla obyektivliyi əks etdirmədiyindən əsaslı hesab edilə bilməz. Məhkum Məhkum törətmiş olduğu cinayət əməlinə görə cəza çəkdiyi müddət ərzində peşmançılıq hissi keçirməsi və öz hərəkətlərinə tənqidi münasibətinin olması onun islah yoluna qədəm qoymuş məhkum kimi qiymətləndirilməsinə əsas vermir və cəzasının kifayət qədər böyük müddət hissəsini təşkil edən 01 il 05 ay 25 gününün məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi məqsədəuyğun hesab oluna bilməz”. Məhkum əvvəllər də Binəqədi Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 320.2 və 66.2-ci maddələrinə əsasən 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsi məhkum Məhkum islah olunmadığı qənaətinə gəlməklə onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini məqsədəuyğun hesab etməmişdir. İş materiallarına əsasən, məhkumun cəza çəkdiyi dövrə nəzər saldıqda görünür ki, məhkum ona təyin edilmiş cəzanın qanunla nəzərdə tutulan hissəsini çəkmişdir. Cəza çəkdiyi müddət ərzində məhkumun islah prosesində ciddi irəliləyiş olmamışdır ki, bu da öz növbəsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından sonuncunun cəzaçəkmə müəssisəsi növünün dəyişdirilməsi barədə ərizəsinin təmin edilməsini istisna edir. Məhkum apellyasiya şikayətində cəza müddətinin müvafiq çəkməsinə istinad edib ərizəsinin təmin edilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, cəzanın qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmə tətbiq edilərkən məhkumun davranışı, şəxsiyyəti, daxili rejim qaydalarına əməl etməsi və bu kimi digər hallar birlikdə araşdırılır. Əks təqdirdə bu şərt ödənildiyi halda cəzanın qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmənin tətbiq edilməsi üçün yetərli hesab olunmaqla, qanunverici tərəfindən bir qayda olaraq məhkəmələrin üzərinə vəzifə kimi qoyulardı. Məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qeyd edilən hallar konkret faktlar ilə deyil, ümumi və şablon ifadələrlə əsaslandırılmışdır. Belə ki, məhkumun nümunəvi davranışının, əməyə və təhsilə münasibətinin qənaətbəxş olmasının nədən ibarət olması, hansı mədəni-kütləvi və tərbiyəvi tədbirlərdə iştirak etməsi göstərilməmişdir. Bundan əlavə, mülahizədə məhkumun islah yoluna qədəm qoyması ilə bağlı hər hansı qeyd edilməmişdir. Mülahizədə, həmçinin məhkumun tərbiyəvi söhbətlərdən özünə düzgün nəticə çıxarması deyil, buna çalışması göstərilmişdir. Mülahizədə göstərilsə də, məhkumun fiziki cəhətdən sağlam, xasiyyətcə mülayim olması onun islah olması ilə bağlı yekun qənaətə gəlməyə əsas verməməklə yanaşı, ərizəsinin təmini üçün də yetərli əsas deyildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin ## ###### 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Məhkum Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ## ##### 2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş, 2000 manat cərimə cəzası təyin edilərək azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 320.2, 66.2-ci maddələri ilə təqsirli bilinərək 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ## #### 2023-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. Məhkəmə onu da nəzərə alır ki, Fuad Əliev əvvəllər də dələduzluq əməlləri törətmiş və məhkum edilmiş, hazırda məhkum olunduğu cinayət işi üzrə də zərərçəkmiş şəxslərə (cəmi dörd nəfər) dəymiş ziyanın tam ödənilməsi ilə bağlı hər hansı hallar müəyyən edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır və qeyd edir ki, tənbeh tədbirləri cəzanın icrası qaydalarını pozan məhkumlar barəsində tətbiq edilir. Cəzanın icrası qaydalarına əməl etmək isə məhkumun vəzifəsidir və məhkum barəsində tənbeh tədbirlərinin tətbiq edilməməsi onun müsbət xarakterli sayılması üçün özlüyündə birmənalı əsaslı hal deyildir. Həmçinin görünür ki, həvəsləndirmə tədbirləri nümunəvi davranışa, əməyə və təhsilə vicdanlı münasibətə, özfəaliyyət təşkilatlarında və tərbiyə tədbirlərində fəal iştirakına görə məhkumlara tətbiq edilir. Beləliklə, məhkumun müsbət xarakterli qiymətləndirilməsində həvəsləndirmə tədbirlərinin tətbiq edilməsi xüsusi əhəmiyyətə malikdir və hazırda məhkum barəsində cəza çəkdiyi 1 il 7 aydan çox müddətində ümumiyyətlə həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Digər tərəfdən, məhkumun ailə üzvləri ilə əlaqə saxlaması onun islah olunmasına sübut hesab edilməməklə yanaşı, məhkum yoldaşları və müəssisə əməkdaşları ilə davranışda etik qaydalara riayət etmək məhkumun vəzifəsidir. Həmçinin onun səmimi etirafı və təqsirini etiraf etməsi ona cəza təyini zamanı yüngülləşdirici hallar kimi nəzərə alınmış, ona sanksiyada nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilmiş, həmçinin yuxarı instansiya məhkəməsi tərəfindən də hökmün əsaslılığı və qanuniliyi yoxlanılmış, təyin edilmiş cəza müddətinə aid hissədə dəyişdirilməmişdir. Məhkumun qanunla nəzərdə tutulmuş cəzanın müəyyən hissəsini çəkməsi onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib və məhkumu dinləyərək, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Məhkum qanuna itaət, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi tam formalaşmamış və belə olan halda cəzaçəkmə müəssisəsinin dəyişdirilməsi və məhkumun məntəqə rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi məqsədəmüvafiq deyil. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən məhkumun apellyasiya şikayətinin dəlili ilə razılaşmır, birinci instansiya məhkəməsinin gəldiyi qənaəti qanuni, əsaslı və işin faktiki hallarının düzgün qiymətləndirilməsi kimi hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.14 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli ** saylı Qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193, 397 və 398-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin olunmamasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 110 (bir yüz on) manat məbləğində pul vəsaiti dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar