Məhkəmə qərarları › İş №7(3-6)-895/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-895/2026

27.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-895/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2, müdafiəçi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və məhkum Məhkum iştirakları ilə, ##.##.1994-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Xocalı rayonu, Kosalar kəndində qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizənin təmin olunmaması barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək ona təyin edilmiş cəzanın üçdə bir hissəsindən çoxunu çəkdiyini bildirərək ,ümumi rejimli cəzaçəkmə müəssisindən məntəqə tipli cəzaçəkmə müəssisinə keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə məhkum Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsi təmin edilməmişdir. Məhkəmənin qərarından narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, verilmiş ərizənin qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən çıxarılmış qərarda onun islah olunmasının nəzərə alınmadığını və islah olduğunu nəzərə alaraq, qərarın ləğv edilməsini və onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında məhkum Məhkum və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini və Məhkum cəzasının qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini apellyasiya məhkəməsindən xahiş etdilər. Məhkəmə iclasında prokuror X2 məhkum Məhkum apellyasiya şikayətinin əsassız olduğunu, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsinin səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə həmin şəxsin iştirakı olmadan məsələyə baxılmasını mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası hazırki işin materiallarını və məhkum Məhkum şəxsi işini verilmiş apellyasiya şikayətinin dəlilləri ilə birlikdə əlaqəli şəkildə araşdıraraq, tərəflərin fikirlərini dinləməklə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Məhkum Tovuz rayon məhkəməsinin ##.##.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin ##.##.2026-cı il tarixli Qərarına əsasən Tovuz rayon məhkəməsinin ##.##.2025-ci il tarixli hökmünə əsasən AR CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən 06 (altı) ay azaldılmışdır. Cəzasının əvvəli ##.##.2025-ci il olmaqla ##.##.2028-ci ildə başa çatır. Hal-hazırda çəkilməmiş cəzası 01 il 07 ay 19 gün təşkil edir. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsinin ## #### 2026-cı il tarixli mülahizəsindən görünür ki, məhkum Məhkum şəxsi işinə nəzər saldıqda məlum olur ki, o ##.##.2025-ci il tarixdə * saylı İstintaq Təcridxanasından ** saylı cəzaçəkmə müəssisəsinə gətirilmişdir. Şəxsi işin materiallarından göründüyü kimi məhkum İstintaq Təcridxanasında saxlandığı zaman daxili rejim pozuntusu hallarına yol verməmişdir. Məhkum Məhkum ** saylı cəzaçəkmə müəssisəsinə gəldiyi gündən karantin briqadasında onunla islah məqsədli fərdi tərbiyəvi söhbətlər aparılmış, daxili intizam qaydaları, hüquq və vəzifələri izah olunmuşdur. Məhkum Məhkum ** saylı CÇM-də cəza çəkdiyi müddət ərzində cəzanın çəkilməsi üçün müəyyən olunmuş rejimin tələblərinə əməl edən məhkum kimi tanınsa da, onunla aparılan islah məqsədli fərdi tərbiyəvi söhbətlərdən bu qənaətə gəlmək olar ki, məhkum etdiyi cinayəti etiraf etmir və əməlindən peşmançılıq hissi keçirmir, tərbiyəvi söhbətlərdən özünə düzgün nəticə çıxartmağa çalışmır. Dəstədə keçirilən mədəni-kütləvi və ictimai tədbirlərdə iştirak etməyə maraq göstərmir. Əməyə və təhsilə münasibəti qeyri-qənaətbəxşdir. Fiziki cəhətdən sağlamdır. Xasiyyətcə sakit, məhkum yoldaşları ilə mehribandır. Ailə üzvləri və yaxın qohumları ilə telefon və görüş vasitəsilə əlaqə saxlayır, onlarla münasibəti yaxşıdır. Müəssisə əməkdaşlarına qarşı qeyri-səmimidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələləri ilə bağlı yaradılmış Komissiya” tərəfindən məhkum Məhkum barəsində ##.##.2026-cı il tarixdə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün Məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair mənfi protokol verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq qeyd edir ki, məhkəmə tərəfindən düzgün olaraq məhkumun törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini, davranışlarında əməlindən peşman olmasını göstərməsinə baxmayaraq formal xarakter daşımasını, eləcədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələləri ilə bağlı yaradılmış Komissiya” tərəfindən məhkum Məhkum barəsində ##.##.2025- ci il tarixdə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair mənfi protokol verilməsini nəzərə alaraq AR CİM-nin 70.2.4-cü maddəsinə əsasən onun Məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini məqsədə uyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Cəzaların İcra Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. 70.2-ci maddəsinə əsasən müsbət xarakterizə edilən məhkumlar cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə aşağıdakı hallarda keçirilə bilərlər: - həbsxanadan cəzaçəkmə müəssisələrinə-məhkəmənin hökmü ilə müəyyən olunmuş həbs cəzasının ən azı yarısını çəkdikdə; - ciddi rejimli cəzaçəkmə müəssisələrindən - ümumi rejimli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə; - ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə; - az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə birini çəkdikdə. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli ** nömrəli Qərarında qeyd olunur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq, mülahizənin əsaslılığı məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırılmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunmuşdur ki, məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, məhkumun əməyə və təhsilə münasibətinin müsbət olmasının konkret nədə ifadə olunması, törətdiyi cinayətə münasibətinin təzahür forması, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirilməlidirlər. Eyni zamanda, yuxarıda adı çəkilən Plenum qərarında da göstərilmişdir ki, bu sahədə olan qanun normalarının mənasına görə cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətdən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iş üzrə müəyyən edilmişdir ki, məhkum Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının üçdə iki hissəsini çəkmişdir. Cəzaların icrası qanunvericiliyin yuxarında istinad edilən normalarından müəyyən olunur ki, cəzanın çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi müsbət xarakterizə edilən məhkumlara tətbiq olunmalıdır. Məhkuma müvafiq xasiyyətnamə isə onun faktiki cəza çəkdiyi cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən verilir. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzaçəkmə müəssisəsi növünün dəyişdirilməsi barədə ərizəyə baxarkən, öz qərarında cəzaçəkmə müəssisəsinin məhkum Məhkum barəsində mənfi mülahizə verilməsini nəzərə alaraq məhkum Məhkum tam islah olunması üçün cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi üçün əsaslar müəyyən etməmişdir. Məhkəmə kollegiyası bir daha da məhkumun şəxsi işini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmişdir ki, verilmiş apellyasiya şikayəti həmin qərarın ləğvi üçün əsas ola bilməz. Məhkum apellyasiya şikayətində cəza müddətinin qanunla müəyyən edilmiş hissəsini çəkdiyini, cəza çəkdiyi müddət ərzində barəsində heç bir tənbeh tədbiri tətbiq edilmədiyini qeyd edib cəzasının çəkilməmiş qalan hissəsinin çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi tətbiq edilərkən məhkumun davranışı, şəxsiyyəti, daxili rejim qaydalarına əməl etməsi və bu kimi digər hallar birlikdə araşdırılır. Əks halda cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkdikdən sonra cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi tətbiq edilməsi qanunverici tərəfindən bir qayda olaraq məhkəmələrin üzərinə vəzifə kimi qoyulardı. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq qeyd edir ki, məhkum Məhkum ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi üçün müəyyən edilmiş müddətini çəkmiş olsa da, məhkəmə onun tam islah olunmaması qənaətinə gəlir. Belə ki, törədilmiş cinayətin xarakteri, ağırlıq dərəcəsi, üsulu və digər hallar, o cümlədən məhkum Məhkum mənfi xarakterizə edilməsi nəzərə alındıqda, məhkəmə məhkumun çəkdiyi cəza müddəti ilə cəzanın məqsədinə nail olunmaması qənaətinə gəlir. Məhkəmə belə bir nəticəyə gələrkən onun törətdiyi cinayətin ictimai-təhlükəliliyini də əsas tutur. Göründüyü kimi, şəxsi işində olan və məhkəmə kollegiyasının iclasında araşdırılıb qiymət verilmiş hallar məhkumun islah olunduğunu təsdiq etməməklə, onun islah yoluna qədəm qoymuş məhkum olması qənaətinə gəlməyə əsas vermir. Məhz bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq məhkumun şəxsi iş materiallarını tədqiq edib, məhkumun cəzasının qalan hissəsini çəkməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini qeyri-mümkün hesab etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cəzaçəkmə müəssisəsi tərəfindən verilən mülahizəni məhkumun şəxsi işi və proses iştirakçılarının izahatları ilə əlaqəli araşdıraraq və məhkum barəsində mənfi xarakterizə olunan məhkum kimi mənfi mülahizə verilməsini də nəzərə alaraq, məhkum Məhkum islah olunmadığı qənaətinə gəlmiş və bu səbəbdən onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini məqsədəuyğun hesab etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin məhkum Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizənin təmin edilməməsinə dair ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin məhkum Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizənin təmin edilməməsinə dair ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) saat üçün, cəmi 132 (yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar