Məhkəmə qərarları › İş №7(3-6)-911/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-911/2026

29.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-911/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyevə Aytən Heydər qızının sədrliyi və məruzəsi ilə, X1 və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru – X3, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Femida” vəkil bürosunun vəkili müdafiəçi2, məhkum – Məhkum iştirakları ilə məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsi haqqında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından müdafiəçi müdafiəçi1 verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim R.H.Xəzri) ## #### 2026-cı il tarixli qərarı ilə ## ### 1990-cı ildə Zaqatala rayonunun Tala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli himayəsində 3 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə təyin edilmiş Azərbaycan Respublikası CM-in 167-3.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsi təmin edilməmişdir. İşin halları: Təqdim olunmuş iş materialları və Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə müəyyyən olunur ki, Məhkum Azərbaycan Respublikası CM-in 167-3.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 167-3.1-ci maddəsi ilə 02 (iki) il müddətə, CM-nin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkməsinin əvvəli ## ### 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum müdafiəçisi müdafiəçi1 cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Qərardan müdafiəçi apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə cəzaçəkmə müəssisəsinin mənfi mülahizəsini həlledici sayaraq qanunu pozmuşdur. Birinci instansiya məhkəməsi qərarını mahiyyət etibarilə ** saylı cəzaçəkmə müəssisəsinin tərtib etdiyi mənfi mülahizəyə əsaslandırmış, həmin mülahizəni tənqidi qiymətləndirmədən əsas götürmüşdür. Bu yanaşma qanunun tələbləri ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Qərara əsasan, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Deməli, mülahizə məhkəmə üçün məcburi qüvvəyə malik deyildir və müstəqil qiymətləndirmənin predmetidir. Həmin qərarda, habelə qeyd olunmuşdur ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə məhkumun islah olunma prosesinin surətləndirilməsinə, onun normal sosial faydalı həyata qaytarılmasına yardım edən institutdur. Bu institutun məqsədi məhz islah olunmuş məhkumun cəmiyyətə reinteqrasiyasıdır. Xəzər Rayon Məhkəməsi isə mülahizəni müstəqil araşdırmamış, onun daxili ziddiyyətlərini, asassızlığını və məhkumun şəxsi işindəki müsbət məlumatlarla uyğunsuzluğunu qiymətləndirməmişdir. Bu, Plenum qərarının, habelə CİM-nin 170.2-ci və Cinayət-Prosessual Məcəllənin 513.1-ci maddələrinin tələblərinin birbaşa pozulmasıdır. Mülahizə özü-özünü təkzib edir. Sənəddə eyni vaxtda bir-birini istisna edən iki fikir əks olunmuşdur: Bir tərəfdən məhkumun müəssisəsinin normal fəaliyyətini pozmağa, özünə və digərlərinə xəsarət yetirməyə «meylli» olması iddia edilir; digər tərəfdən isə açıq şəkildə bildirilir ki, cəza çəkdiyi müddət ərzində barəsində heç bir tənbeh tədbiri tətbiq edilməmişdir. Müddət ərzində bir dənə də tənbeh tədbirinin olmaması sadalanan mənfi «meyllərin» real davranışda tazahür etmədiyini sübut edir. Dini-ekstremist «qeydiyyat» konkret faktla təsdiqlənmir. Şəxsi işdə əks olunan «qeydiyyata götürülmə» qeydi profilaktik-operativ xarakter daşıyır, cəza çəkdiyi dövrdəki davranışını hüquqi qiymətləndirilməsi deyil. Bu qeydlə bağlı nə bir intizam icraatı aparılmış, nə də bir tənbeh tədbiri tətbiq edilmişdir. Konkret, sənədləşdirilmiş hadisə olmadan belə qeyd CM-in 76-ci maddəsi üzrə azad etmədən imtina üçün qanuni əsas sayıla bilməz. Üstəlik, məhkum bu müəssisəyə nisbətən yaxın vaxtda başqa müəssisədən köçürülmə yolu ilə qəbul edilmişdir.Deməli, mənfi qiymətləndirmə müəssisənin öz mülahizələrinə deyil, köçürülmə ilə gələn ilkin qeydlərə söykənir. Əməyə və təhsilə «mənfi münasibət» əsaslandırılmamışdır. Bu qənaət heç bir konkret pozuntu, imtina faktı və ya intizam materialı ilə təsdiq olunmur. Əksinə,məhkumun müəssisənin mədəni-kütləvi tədbirlərində iştirak etməsi və əmək intizami pozuntusunun olmaması bu qiymətləndirməyə ziddir. İş və təhsil imkanlarının təşkili müəssisənin səlahiyyətindədir və bu imkanların məhdudluğu məhkumun əleyhinə yozula bilməz. «Cinayət əməlini dərk etməmək» qanuni imtina əsası deyil. Təqsiri etiraf etmək və ya peşmançılıq bildirmək şərti olaraq vaxtından əvvəl azad etmənin qanuni şərti deyil, şəxsin hökmlə bağlı mövqeyini saxlaması, özünü ittiham etməməsi azad etmədən imtina üçün əsas götürülə bilməz. Əks yanaşma şəxsin əsas hüquqlarını məhdudlaşdırır. Müsbət sosial amillər nəzərə alınmamışdır. Məhkum əvvəllər məhkum olunmamış, ailəli şəxsdir, himayəsində 3 azyaşlı uşaq var, qanunla müəyyən qaydada ailəsi ilə gorüşür və əlaqə saxlayır. Bunlar islah olunma və yenidən sosiallaşma baxımından müsbət göstəricilərdir, lakin mülahizədə qiymətləndirilməmişdir. Cəzanın məqsədinə əsasən nail olunmuşdur. CM-in 41-ci maddəsinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin qarşısnın alınmasıdır. Bütün cəza müddəti ərzində bir daha da tənbeh tədbirinin olmaması məhkumun rejimə əməl etdiyini və islah edilərək cəzanı tam çəkməsinə ehtiyac qalmadığını göstərir. Xüsusi Komissiyanın rəyi məhkəmə uyğun məcburi deyil. Ədliyyə Nazirliyinin Xüsusi Komissiyasının mənfi rəyi tövsiyə xarakteri daşıyır və məhkəməni bağlamır. Həmin rəy də eyni əsassız müəssisə xarakteristikasına söykəndiyindən mülahizənin əsassızlığını aradan qaldırmır. Məhkəmə iclasında məhkum Məhkum apellyasiya şikayətini müdafiə edərək, müdafiəçisi tərəfindən verilmiş şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Femida” Vəkil Bürosunun vəkili müdafiəçi2 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında prokuror X3 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 76.1-ci maddəsinə əsasən məhkəmə müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Azərbaycan Respublikası CİM-nin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Qeyd olunan maddənin mənasına görə məhkəmə tərəfındən müraciətlərə baxılarkən, məhkumların bütün cəza çəkmə dövründəki davranışları hərtərəfli təhlil edilməli, məhkumun əməyə münasibəti, tərbiyəedici tədbirlərdə, özfəaliyyət təşkilatlarının işində iştirakı, həqiqətən islah yoluna qədəm qoyması araşdırılmalıdır. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli ** nömrəli Qərarının 2ci bəndinin hüquqi tövsiyyəsində qeyd olunmuşdur ki, məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanınn çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə dövründə davranışı, əməyən münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirilmişdir. Qərarda habelə qeyd olunmuşdur ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidir. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vəsitələrdən istifadə etməlidirlər. Qərarda həmçinin qeyd olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvəfiq qərar qəbul etməlidir. Həmçinin qərarda qeyd olunur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası və məhkumun islah-edilməsi məqsədilə tətbiq edilir. Yəni, məhkumun islah edilməsini və cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsi - onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən məhkumlara islah edilmə vəsitələri cəzanın növü, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq edilir. İş materiallarına əlavə edilmiş mülahizələrdən görünür ki, məhkum Məhkum ** saylı cəzaçəkmə müəssisəsinə X6 ##.##.2026-cı il tarixdə qəbul edilmişdir. Müəssisəyə gələn gündən onunla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri, cəzanın icrası qaydaları və şərtləri izah edilmişdir. Əməyə və təhsilə münasibəti mənfidir. Dəstə kollektiv şurasının üzvü deyil. Cəza çəkdiyi müddətdə barəsində tənbeh tədbirləri tətbiq edilməmiş, həvəsləndirilməmişdir. Törətdiyi cinayət əməlini dərk etmir. Müəssisənin mədəni-kütləvi tədbirlərində iştirak etmir. Şəxsi işindən göründüyü kimi Müəssisənin normal iş fəaliyyətini pozmağa şər böhtan atmağa, özünə və digərlərinə xəsarət yetirməyə, məhkumlar arasında “Vəhabi dini-ekstremist ideyalarını yaymağa meyilli məhkum kimi qeydiyyata götürülmüşdür. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada ailə üzvləri ilə görüşür və telefon vasitəsi ilə əlaqə saxlayır. Ədliyyə Nazirliyinin Xüsusi Komissiyası tərəfindən məhkum Məhkum mənfi rəy verilməsi məqsədə müvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin tələbinə əsasən, mülahizə məhkumun cəza çəkdiyi bütün dövrü əks etdirməlidir. Qanunun tələbinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Məhkəmənin, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi isə məhz, məhkumun cəza çəkdiyi bütün dövrü əks etdirən obyektiv və qərəzsiz məlumatlara əsaslanır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ## ######## 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cəza eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayətin qarşısını almaq məqsədi daşıyır. Qanunvericiliyin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli ** nömrəli qərarının hüquqi tövsiyyəsinə görə, məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi imperativ norma deyil və qanunla nəzərdə tutulmuş cəzanın müəyyən hissəsinin çəkilməsi də məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini qəti şəkildə şərtləndirmir. Birinci instansiya məhkəməsi məhkum Məhkum müraciəti üzrə gəldiyi nəticəni cəzaçəkmə müəssisəsinin mülahizəsinə, işdə olan sənədlərə, qanunun tələblərinə istinad edərək müqayisəli şəkildə əsaslandırmış və həmin nəticə işdə olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası onunla razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinin tələbinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, məhkəmə kollegiyası, məhkum Məhkum müdafiəçisinin müraciəti üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bu xüsusda verilmiş apellyasiya şikayətini əsassız hesab edir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum müdafiəçisi tərəfindən verilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməməsi haqqında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Femida” vəkil bürosunun vəkili müdafiəçi2 məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası CPM-nin 408-412-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi vəsitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar