Məhkəmə qərarları › İş №7(3-6)-931/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-931/2026

08.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-931/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Prokuror-Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1, Məhkum Məhkum və onun müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, ##.##.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: *******), orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan məhkum Məhkum apellyasiya şikayəti verərək ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona təyin edilmiş cəza müddətinin ½ (ikidə bir) hissəsini çəkmişdir. Törətdiyi cinayət əməlindən peşimandır. Odur ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı birinci instansiya məhkəməsinə müraciət etsə də, məhkəmə onun müraciətini təmin etməmiş və buna görə də məhkəmənin qərarından narazıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Məhkum və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini və məhkumun cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad olunmasına dair qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cəzaçəkmə müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə şikayətə cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları, cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni və məhkumun şəxsi işini qarşılıqlı şəkildə araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunması barədə məhkumun və onun müdafiəçisinin, habelə prokurorun həmin apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ləğv edilməli, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1 böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1 ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3 xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışını, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür. Həmçinin məhkəmələrə izah olunur ki, bu xarakterli müraciətlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş müddətini çəkməməsinin müəyyən olunması həmin müraciətin rədd olunmasına şərtsiz əsasdır. Cəzaçəkmə müəssisəsinin mənfi mülahizəsi isə özlüyündə müraciətin rədd olunması üçün şərtsiz əsas deyil. Məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə məhkumun islah olunma prosesinin surətləndirilməsinə, onun normal sosial faydalı həyata qaytarılmasına yardım edən institutdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə əsasən cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanunun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, cəza müddətinin əvvəli ##.##.2025-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarına əsasən onun barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilməklə ## ###### 2025-ci il tarixə çəkilməmiş 01 il 07 ay 11 gün cəzası 06 (altı) ay azaldılmışdır. Məhkumun şəxsi işindən məlum olmuşdur ki, o, ##.##.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasından ** saylı cəzaçəkmə müəssisəsinə gətirilmiş, ##.##.2027-ci il tarixdə cəzası sona çatır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsinin mülahizəsindən görünür ki, məhkum Məhkum şəxsi işinə nəzər saldıqda məlum olur ki, o, ##.##.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasından ** saylı cəzaçəkmə müəssisəsinə gətirilmişdir. Məhkum Məhkum müəssisəyə gəldiyi gündən onunla karantin briqadasında islah məqsədli fərdi tərbiyəvi söhbətlər aparılmış, daxili intizam qaydaları, hüquq və vəzifələri ona izah olunmuş, sualları cavablandırılmışdır. Məhkum Məhkum ** saylı CÇM-də cəza çəkdiyi müddət ərzində cəzanın çəkilməsi üçün müəyyən olunmuş rejimin tələblərinə əməl edən məhkum kimi tanınmışdır. Onunla aparılan islah məqsədli fərdi tərbiyəvi söhbətlərdən bu qənaətə gəlmək olar ki, məhkum etdiyi cinayəti etiraf etmir, tərbiyəvi söhbətlərdən özünə düzgün nəticə çıxartmağa çalışır. Verilən tapşırıqları yerinə yetirməyə, dəstədə keçirilən mədəni- kütləvi və ictimai tədbirlərdə iştirak etməyə maraq göstərir. Əməyə və təhsilə münasibəti qənaətbəxşdir. Mütaliə ilə məşğul olur. Fiziki cəhətdən sağlamdır. Xasiyyətcə mülayim və ünsiyyətcildir, məhkum yoldaşları ilə mehribandır. Ailə üzvləri və yaxın qohumları ilə telefon və görüş vasitəsilə əlaqə saxlayır, onlarla münasibəti yaxşıdır. Müəssisə əməkdaşlarına qarşı səmimidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələləri ilə bağlı yaradılmış Komissiya"-nın ##.##.2026-cı il tarixli qərarına əsasən məhkum Məhkum barəsində müsbət rəy verilmişdir. Məhkum Məhkum cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Yuxarıda gösterilənləri və Azərbaycan Respublikası CM-nin 76.3.1-ci maddəsinə əsasən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədə uyğun hesab edilmişdir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından görünür ki, məhkəmə məhkum Məhkum həqiqətən islah olunması və cəzanı çəkməsinə lüzum olmaması halını müəyyən etməyin mümkün olmadığını, məhkum barəsində heç bir həvəsləndirmə tədbirinin tətbiq olunmadığını, habelə məhkum barəsində verilmiş müsbət mülahizənin formal əsaslarla tərtib olunaraq məhkəməyə təqdim edildiyini hesab edərək məhkumun ərizəsini təmin etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq ilk növbədə onu qeyd edir ki, məhkum barəsində hər hansı həvəsləndirmə tədbirinin tətbiq edilməməsinə baxmayaraq Məhkum ona təyin edilmiş cəza müddətinin qanunla müəyyən edilmiş hissəsini çəkməsi, cəza çəkdiyi müddətdə heç bir rejim qaydasını pozmaması, əməyə və təhsilə münasibətinin qənaətbəxş olması və onu müsbət xarakterizə edən digər hallar cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizədə öz əksini tapmaqla Məhkum islah yoluna qədəm qoymuş məhkum kimi xarakterizə olunması qənaətini formalaşdırır. Məhkəmə kollegiyası qeyd edir ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə məhkumun islah olunması qənaətinə gəlinərək onun cəzanın çəkilməmiş hissəsindən tamamilə və qeyd-şərtsiz azad olunmasına deyil, məhkumun islah olunma prosesinin surətləndirilməsinə, onun normal sosial faydalı həyata qaytarılmasına xidmət edən institut kimi xarakterizə olunmuşdur. Sözügedən güzəşt instutunun tətbiqi zamanı yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsinin çəkilmiş olması, məhkumun müsbət xarakterizə edilməsi, onun davranışları, əməyə münasibəti, cəzaçəkmə müəssisəsinin mülahizəsi əsas amillər kimi irəli sürülmüşdür. Belə ki, hazırki vəziyyətdə Məhkum ona təyin edilmiş cəza müddətinin qanunla müəyyən edilmiş hissəsini çəkmiş olması, onu müsbət xarakterizə edən mülahizənin mövcud olması, barəsində hər hansı həvəsləndirmə tədbirinin tətbiq edilməməsinə baxmayaraq, digər tərəfdən cəza çəkdiyi müddətdə heç bir rejim qaydasını pozmaması və barəsində hər hansı tənbeh tədbirinin tətbiq edilməmiş olması ona münasibətdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə instutunun tətbiqini məqsədəuyğun edir. Həmçinin nəzərə alınmalıdır ki, Məhkum oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi Ədliyyə Nazirliyinin Xüsusi Komissiyası tərəfindən müzakirə edilmiş və bununla bağlı müsbət rəy verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, cəzaçəkmə müəssisənin müsbət mülahizəsini və məhkumun şəxsi işini qarşılıqlı şəkildə nəzərdən keçirərək, habelə tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, məhkum Məhkum oğlunun cəzaçəkmə müddətində davranışı ümumilikdə müsbət qiymətləndirilməli və bu səbəbdən onun cəzasını tam çəkməsinə lüzum olmadığından məhkumun ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uygun olmaması apellyasiya şikayəti və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.2 və 70.5-ci maddələrini rəhbər tutaraq cəzadan şərti olaraq vaxtından əvvəl azad edilərkən məhkum Məhkum oğlunun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını vacib hesab edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ləğv edilməli və məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.2, 399.1.2, 401 və 520-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ləğv edilsin. Məhkum Məhkum ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum oğlu ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 21 (iyirmi bir) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilsin. Qərarın icrası dərhal təmin edilsin. Məhkum Məhkum məhkəmə iclas zalından dərhal azad olunsun. Məhkum Məhkum oğlunun üzərində nəzarət onun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Sınaq müddəti ərzində məhkum Məhkum üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: İbrahim İbrahimli Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar