Məhkəmə qərarları › İş №7(3-6)-948/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-948/2026

05.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-948/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1, məhkum Məhkum, müdafiəçi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, ##.##.1985-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, evli, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan. məhkum Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair məhkumun ərizəsinin təmin olunmasına dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Elşad Ağayev tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə ərizənin təmin edilməsi, ##.##.1985-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Abşeron rayonu, Hökməli qəsəbəsi, Xaqani küçəsi, ev 6 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, Məhkum üzərində nəzarətin onun yaşayış yeri üzrə Icra və Probasiya şöbəsinə tapşırılması, Məhkum üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, qərarın dərhal icra edilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Elşad Ağayev apellyasiya protesti verərək, Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsi haqqında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilərək ərizənin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə qərar qəbul edərkən Məhkum, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasını, törətdiyi cinayətə münasibətinin təzahür formasını, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsini araşdırmamış, islan olunmasının nədə təzahür etməsi, hansı nailiyyətlərinə əsasən digər məhkumlardan fərqlənməsi qeyd edilməmiş, yalnız formal xarakter daşıyan mülahizəyə və ümumi əsasları müəyyən edən qanun normasına istinad etməklə kifayətlənmişdir. Qeyd olunanlara əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1 apellyasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edərək, məhkəmə kollegiyasından protestin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum və müdafiəçi Müdafiəçi verilmiş apellyasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından protestin təmin edilməməsini, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini qarşılıqlı şəkildə araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, prokurorun həmin protestin təmin edilməsi barədə və müdafiə tərəfinin isə protestin təmin edilməməsi barədə çıxışlarını, dinləyərək, belə hesab edir ki, apellyasiya protesti təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Mülahizə və məhkumun şəxsi işindən görünür ki, məhkum Məhkum Bakı Istintaq təcridxanasında saxlanılmış, ##.##.2022-ci il tarixdə ** saylı cəzaçəkmə müəssisəsinə qəbul olunmuşdur. Qəbul olunduğu gündən məhkumla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmiş, islah prosesi ilə bağlı zəruri tövsiyyələr verilmişdir. Şəxsi işinin materiallarından göründüyü kimi, onunla aparılan fərdi tərbiyəvi söhbətlərin, islah prossesi ilə bağlı verilən tövsiyyələrin müsbət təsiri altında, müəssisədə cəza çəkdiyi müddətdə cəzanın çəkilməsi üçün müəyyən olunmuş rejimin tələblərinə əməl edən məhkum kimi tanınmış, heç bir rejim pozuntusuna yol verməmiş, nümunəvi davranışı ilə fərqlənmişdir. Onunla aparılan fərdi söhbətlərdən bu qənaətə gəlmək olar ki, məhkum törətdiyi cinayəti etiraf edir və əməlindən peşmançılıq hissi keçirdiyini bildirir. Fərdi söhbətlər zamanı törətdiyi cinayətlə ailəsini üzləşdirdiyi çətinliklərə görə mənəvi əzab çəkdiyini qeyd edir. Azadlığa çıxmaq, cəmiyyətdə layiqli yer tutmaq, halal zəhməti ilə ailəsinə maddi və mənəvi dəstək vermək, ictimaiyyət arasında haqqında formalaşmış xoşagəlməz fikirləri halal zəhməti ilə müsbət istiqamətə dəyişmək arzusunda olduğunu bildirir. Ailəsi və yaxınları ilə mütəmadi əlaqə saxlayır. Kollektivçilik ənənələrinə və birgəyaşayış qaydalarına hörmətlə yanaşır. Asudə vaxtını səmərəli təşkil etməklə ictimai işlə məşğul olur və kütləvi-informasiya vasitələrini izləyir. Mədəni-kütləvi və tərbiyəvi tədbirlərdə fəal iştirak edir. Məhkum yoldaşları ilə mehriban və səmimi münasibət qurub, ünsiyyətliliyi, sadəliyi ilə əməkdaşların hörmətini qazanıb. Verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirir. Müəssisə ərazisinin abadlaşdırılması və məhkumların mədəni-məişət şəraitinin yaxşılaşdırılması üçün aparılan haqqı ödənilməyən işlərə, iməciliklərə cəlb edilmiş və o, əməksevərliyi ilə əməyə müsbət münasibətdə olduğunu nümayiş etdirmişdir. Verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirir. Nümunəvi davranışına və ##.##.2025-ci il tarixdə keçirilmiş Azərbaycan Respublikası Bələdiyyə seçkilərində fəal iştirakına görə ##.##.2025-ci il tarixli ** saylı əmrlə “Təşəkkür” elan olunmuşdur. Barəsində 2022, 2023, 2024 və 2025-ci illər üzrə tərtib edilmiş illik xasiyyətnamələrin nəticələrinə görə müsbət xarakterizə olunur. Hökmlə təyin olunmuş 109,9 manat ekspertiza borcu dövlət nəfinə ödənilib. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlmək olar ki, məhkum onunla aparılan profilaktiki, tərbiyəvi söhbətlərdən özü üçün düzgün nəticə çıxarmış, daxili intizam qaydalarına riayət etmişdir. Məhkumun cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair mülahizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının təsis etdiyi komissiya tərəfindən müzakirə olunmuş, komissiyanın iclasının ##.##.2026-cı il tarixli ** saylı protokolu ilə barəsində müsbət rəy bildirilmişdir. Iş materiallarından da görünür ki, məhkum Məhkum cəzasının çox hissəsini çəkmiş və çoxsaylı illik müsbət xasiyyətnamələr əsasında cəzaçəkmə müəssisəsi tərəfindən müsbət xarakterizə olunmuşdur. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxarkən, öz qərarında cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi ilə birgə araşdırmış və göstərilən halları nəzərə alaraq, əsaslı olaraq onun ərizəsini təmin etmişdir. Belə ki, məhkumun şəxsi işində olan məlumatlar məhkəmə tərəfindən tədqiq edilərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsinin mülahizəsində göstərilənlərin həmin məlumatlarla təsdiq olunduğu müəyyən olundu, şəxsi işindən də göründüyü kimi məhkumun davranışı cəza çəkdiyi müddət ərzində müsbətə doğru dəyişmişdir. Qanunun mənasına görə isə məhkum edilmiş şəxsi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmək üçün iki əsas tələb olunur: müəyyən edilmiş cəzaçəkmə müddətinin bir hissəsinin çəkilməsi və məhkum edilmiş şəxsin islah olunması. Hazırkı iş üzrə hər iki əsas mövcuddur. Bu hallara törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi daxil deyil, təqsirləndirilən şəxslərin törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi qanuna əsasən onlara cəza təyin edilərkən nəzərə alınır. Qeyd olunanlar müəssisənin məhkumun barəsində verdiyi mülahizənin formal xarakter daşımadığı, reallığı əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz; Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2.-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə əsasən, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanunun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəza çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli **/**** saylı qərarında qeyd olunur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Adıçəkilən qərarda, həmçinin qeyd olunmuşdur ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə məhkumun islah olunma prosesinin surətləndirilməsinə, onun normal sosial faydalı həyata qaytarılmasına yardım edən institutdur. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə bağlı qeyd edir ki, məhkum Məhkum barəsində verilmiş mülahizənin əsaslılığı və məhkumun islah olunub-olunmaması məsələsi araşdırılarkən, onun cəza çəkdiyi müddəti əhatə edən davranışları nəzərə alınmalıdır. Nümunəvi davranışına və ##.##.2025-ci il tarixdə keçirilmiş Azərbaycan Respublikası Bələdiyyə seçkilərində fəal iştirakına görə ##.##.2025-ci il tarixli ** saylı əmrlə “Təşəkkür” elan olunmuşdur. Barəsində 2022, 2023, 2024 və 2025-ci illər üzrə tərtib edilmiş illik xasiyyətnamələrin nəticələrinə görə müsbət xarakterizə olunur Məhkumun şəxsi iş materiallarına və cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəyə əsasən məhkumun cəza çəkdiyi dövrə nəzər saldıqda görünür ki, Məhkum ona təyin edilmiş cəzanın çox hissəsini çəkmişdir. Məhkumu islah etmək, onda qanuna itaəti həvəsləndirmək məqsədi ilə, həmçinin nümunəvi davranışına və ##.##.2025-ci il tarixdə keçirilmiş Azərbaycan Respublikası Bələdiyyə seçkilərində fəal iştirakına görə ##.##.2025-ci il tarixli ** saylı əmrlə “Təşəkkür” elan olunmuşdur. Məhkum barəsində cəza çəkdiyi müddət ərzində tənbeh tədbiri tətbiq olunmamış, daxili rejim qaydalarına düzgün əməl etmiş, nəticədə barəsində “Təşəkkür” elan olunmuşdur. Məhkumun səmimi peşmançılıq hissi keçirməsi, müsbət xarakterizə olunması və bütün sadalanan hallar məhkumun islah olunduğunu və cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından sonuncunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsinin mümkün olduğunu göstərir. Digər tərəfdən qanunun tələbinə görə məhkum edilmiş şəxsi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmək üçün iki əsas tələb olunur: müəyyən edilmiş cəzaçəkmə müddətinin bir hissəsinin çəkilməsi və məhkum edilmiş şəxsin islah olunması. Hazırkı iş üzrə təqdim edilmiş mülahizədən, məhkumun şəxsi iş materiallarından hər iki əsasın mövcud olması təsdiq edilmişdir. Apellyasiya protestinin dəlillərindən biri kimi Məhkum barəsində verilmiş müsbət mülahizənin formal xarakterli olmasının şübhə doğurması göstərilsə də, məhkəmə kollegiyası, bununla bağlı vurğulayır ki, Məhkum barəsində təyin edilmiş cəza müddətinin çox hissəsini həqiqətən çəkməsi, həvəsləndirmə tədbirinin tətbiq olunması, tənbeh tədbirinin tətbiq edilməməsi, müsbət xarakterizə olunması, mədəni-kütləvi tədbirlərdə iştirakı, əməyə olan müsbət münasibəti islah olunmuş məhkum kimi xarakterizə olunmasına əsas verir. Bu isə, öz növbəsində sonuncunun ətrafındakılara və özünə müsbət münasibətinə dəlalət edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya protesti əsassız olduğundan təmin olunmamalı və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Elşad Ağayev tərəfindən verilmiş apellyasiya protesti təmin olunmasın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin məhkum Məhkum vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizəsinin təmin edilməsi barədə *(*-**)-***/**** saylı, ## #### 2026-cı tarixli qərarı Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Elşad Ağayev tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 08 (səkkiz) saat üçün cəmi 88 (səksən səkkiz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Elnur Nuriyev Hakimlər: Cavid Hüseyn Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar