Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-949/2026 17.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X5 və məhkumun müdafiəçisi - Bakı şəhər «De Fendo» Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ##.##.1990-cı ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının sonu ##.##.2027-ci il tarixdə başa çatan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu Masazır qəsəbəsi F.Əmirov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, məhkum Məhkum azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 26 (iyirmi altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1 tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, azadlıqdan məhrum etmə cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkdiyini və cəzasının çəkilməmiş hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə onun ərizəsi təmin edilmiş, məhkum Məhkum azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 26 (iyirmi altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi qərara alınmışdır. Həmin qərardan birinci instansiya məhkəməsində icraatda iştirak etmiş prokuror apellyasiya protesti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının ləğv edilməsini, Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizənin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Məhkum "Neapol" dairəsi yaxınlığından satış məqsədi ilə 170 manat müqavilində 6,080 heroin və 0,399 qr metamfetamini qanunsuz olaraq Xırdalan şəhərində apararkən saxlanılmışdır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bundan əlavə, məhkəmə məhkum Məhkum konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasını, törətdiyi cinayətə münasibətinin təzahür formasını, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsini araşdırmamış, islah olunmasının nədə təzahür etməsi, hansı nailiyyətlərinə əsasən digər məhkumlardan fərqlənməsi qeyd edilməmiş, yalnız formal xarakter daşıyan mülahizəyə və ümumi əsasları müəyyən edən qanun normasına istinad etməklə kifayətlənmişdir. Odur ki, məhkəmənin Məhkum barəsində çıxardığı ##.##.2026-cı il tarixli qərarı əsassız olduğundan ləğv edilməlidir. Apellyasiya baxışı zamanı prokuror X5 apellyasiya protestinin təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilib və qərarın qanuni qüvvəyə minmədən icra edilməsini nəzərə alaraq məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı ərizəsinin təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkumun müdafiəçisi müdafiəçi1 apellyasiya protestinin təmin edilməyib, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının qüvvəsində saxlanılmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkum Məhkum məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Buna görə də məhkəmə tərəfindən onun məcburi gətirilməsi barədə qərar qəbul edilərək, icra olunması üçün aidiyyəti üzrə Bərdə rayon polis şöbəsinə göndərilmişdir. Lakin, məhkumun məhkəmə iclasında iştirakı və məcburi gətirilməsinə dair qərar onun yerinin müəyyən olunmaması səbəbi ilə icra olunması mümkün olmamışdır. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, prokurorun həmin protestin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək məhkumun ərizəsinin təmin edilməməsi barədə təklifini, müdafiə tərəfinin isə protestin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək belə hesab edir ki, apellyasiya protesti təmin edilməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ləğv edilməlidir. Belə ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı ##.##.2022ci il tarixli qərarına əsasən, Məhkum apellyasiya şikayəti təmin olunmamışdır. Məhkəməyə təqdim edilən mülahizədən aydın olur ki, məhkum Məhkum * saylı İstintaq təcridxanasında saxlanılmış, ##.##.2022-ci il tarixdə ** saylı cəzaçəkmə müəssisəsinə qəbul olunmuşdur. Qəbul olunduğu gündən məhkumla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmiş, islah prosesi ilə bağlı zəruri tövsiyyələr verilmişdir. Şəxsi işinin materiallarından göründüyü kimi, onunla aparılan fərdi tərbiyəvi söhbətlərin, islah prossesi ilə bağlı verilən tövsiyyələrin müsbət təsiri altında, müəssisədə cəza çəkdiyi müddətdə cəzanın çəkilməsi üçün müəyyən olunmuş rejimin tələblərinə əməl edən məhkum kimi tanınmış, heç bir rejim pozuntusuna yol verməmiş, nümunəvi davranışı ilə fərqlənmişdir. Onunla aparılan fərdi söhbətlərdən bu qənaətə gəlmək olar ki, məhkum törətdiyi cinayəti etiraf edir və əməlindən peşmançılıq hissi keçirdiyini bildirir. Fərdi söhbətlər zamanı törətdiyi cinayətlə ailəsini üzləşdirdiyi çətinliklərə görə mənəvi əzab çəkdiyini qeyd edir. Azadlığa çıxmaq, cəmiyyətdə layiqli yer tutmaq, halal zəhməti ilə ailəsinə maddi və mənəvi dəstək vermək, ictimaiyyət arasında haqqında formalaşmış xoşagəlməz fikirləri halal zəhməti ilə müsbət istiqamətə dəyişmək arzusunda olduğunu bildirir. Ailəsi və yaxınları ilə mütəmadi əlaqə saxlayır. Kollektivçilik ənənələrinə və birgəyaşayış qaydalarına hörmətlə yanaşır. Asudə vaxtını səmərəli təşkil etməklə ictimai işlə məşğul olur və kütləvi-informasiya vasitələrini izləyir. Mədəni- kütləvi və tərbiyəvi tədbirlərdə fəal iştirak edir. Məhkum yoldaşları ilə mehriban və səmimi münasibət qurub, ünsiyyətliliyi, sadəliyi ilə əməkdaşların hörmətini qazanıb. Müəssisə ərazisinin abadlaşdırılması və məhkumların mədəni-məişət şəraitinin yaxşılaşdırılması üçün aparılan haqqı ödənilməyən işlərə, iməciliklərə cəlb edilmiş və o, əməksevərliyi ilə əməyə müsbət münasibətdə olduğunu nümayiş etdirmişdir. Verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirir. Barəsindəki 2022, 2023, 2024 və 2025-ci illər üzrə tərtib olunmuş illik xasiyyətnamələrin nəticələrinə görə müsbət xarakterizə olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlmək olar ki, məhkum onunla aparılan profilaktiki, tərbiyəvi söhbətlərdən özü üçün düzgün nəticə çıxarmış, daxili intizam qaydalarına riayət etmişdir. Məhkumun cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair mülahizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının təsis etdiyi komissiya tərəfindən müzakirə olunmuş, komissiyanın iclasının ##.##.2026-cı il tarixli ** saylı protokolu ilə barəsində müsbət rəy bildirilmişdir. Birinci instansiya məhkəməsi cəzaçəkmə müəssisəsinin məhkum Məhkum barəsində müsbət mülahizəsini, cəza çəkdiyi müddət ərzində illər üzrə müsbət xarakterizə olunmasını, həmçinin mülahizədə də qeyd edildiyi kimi ictimai faydalı əməklə məşğul olmasını, ictimai və mədəni tədbirdə iştirak etməsinə əsasən onun barəsində həvəsləndirmə tədbirlərinin tətbiq olunmasını nəzərə alaraq hesab etmişdir ki, məhkumun islah olunması üçün cəzasını tam çəkməsinə lüzum yoxdur. Apellyasiya məhkəmə kollegiyası bir daha məhkumunun şəxsi işini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayarq qeyd edir ki, iş materiallarına əsasən məhkum islah yoluna qədəm qoymağa ciddi səy göstərmədiyindən, əməyə və təhsilə münasibətinin qənaətbəxş olmadığından, müəssisədə keçirilən mədəni-kütləvi tədbirlərdə iştirak etmədiyindən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəmüvafiq deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi onun təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza cəkən şəxsin islah olunmaq üçün cəzanı tam cəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli * nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışını, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür. Məhkəmələrə izah olunsun ki, bu xarakterli müraciətlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş müddətini çəkməməsinin müəyyən olunması həmin müraciətin rədd olunmasına şərtsiz əsasdır. Cəzaçəkmə müəssisəsinin mənfi mülahizəsi isə özlüyündə müraciətin rədd olunması üçün şərtsiz əsas deyil. Məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar. Bu zaman məhkəmələr nəzərə almalıdır ki, cinayət və cinayət prosessual qanunvericiliyində törədilmiş cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməməsi, əvvəllər məhkum olunması, təqsirini etiraf etməməsi və sair bu kimi hallar cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməyə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunmağa və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsinə maneə kimi nəzərdə tutulmamışdır. Lakin, məhkumun vurulmuş ziyanı ödəməkdən qəsdən boyun qaçırması (məsələn, əmlakı gizlətməsi və s.), törətdiyi cinayətə münasibəti işin digər halları ilə birlikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməyə və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsinə, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə maneə ola bilər. Bununla yanaşı məhkəmələr nəzərə almalıdırlar ki, bu sahədə olan qanun normalarının mənasına görə məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətdən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır. Normalardan müəyyən olunur ki, məhkəmə məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edərkən onun müsbət xarakterizə olunması, davranışı, əməyə münasibəti, islah olunması nəzərə almalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Məhkəmə kollegiyası məhkum Məhkum barəsində verilmiş mülahizəni onun şəxsi işi ilə əlaqəli surətdə, bütün qanuni vasitələrdən istifadə etməklə tam, hərtərəfli, obyektiv araşdıraraq və onun cəza çəkdiyi müddətdəki davranışlarını ətraflı təhlil edərək hesab edir ki, məhkum cəzasının qanunla müəyyən edilmiş hissəsini çəksə də, barəsində verilmiş mülahizəyə və cəza çəkdiyi müddət ərzində islah olunmadığına əsasən ərizənin təmin edilməsi üçün əsas yoxdur. Göründüyü kimi, şəxsi işində olan və məhkəmə kollegiyasının iclasında araşdırılıb qiymət verilmiş hallar məhkum Məhkum islah olunduğunu təsdiq etməməklə, onun islah yoluna qədəm qoymuş məhkum olması qənaətinə gəlməyə əsas vermir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya məhkəməsinin iclasları zamanı iş üzrə məhkuma məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş və beləliklə də Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarı ilə məhkum Məhkum məhkəmə iclasına məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilmişdir. Buna baxmayaraq məhkumun məhkəmə iclaslarında iştirakını təmin etmək mümkün olmamışdır. Məhkumun hökmlə təyin edilmiş cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkməsi barədə məhkəmə kollegiyası qeyd edir ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilərkən məhkumun davranışı, şəxsiyyəti, daxili rejim qaydalarına əməl etməsi və bu kimi digər hallar birlikdə araşdırılır. Əks halda təyin edilmiş cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi qanunverici tərəfindən bir qayda olaraq məhkəmələrin üzərinə vəzifə kimi qoyulardı. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iş üzrə araşdırılmış halları düzgün qiymətləndirməyərək, iş üzrə ədalətli olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmaq səlahiyyətinə malikdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə razılaşaraq hesab edir ki, verilmiş apellyasiya protestinin dəlilləri əsaslı olduğundan təmin edilərək, Məhkum ərizəsinin təmin edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ləğv olunmalı, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsindən imtina olunmalı, o, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı X3 göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 152.3-cü maddəsinə əsasən hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə şəxsin tutulması barədə məhkəmənin qərarı icra olunması üçün məhkumun yaşadığı ərazi üzrə polis orqanına göndərilir. Tutulma haqqında qərarı icra etmiş orqan icra barədə dərhal məhkəməyə məlumat verir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.2, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya protesti təmin edilsin. Məhkum cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ləğv edilsin. Məhkum cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməsin. Məhkum Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 (on bir) ay 26 (iyirmi altı) gün hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsinə göndərilsin. Məhkum Məhkum tutulub Bakı İstintaq Təcridxanasına təhvil verilməsi hissəsində qərarın icrası qeydiyyat yeri üzrə X2 və faktiki yaşayış yeri üzrə Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Məhkum Məhkum tutulduqdan sonra azadlıqdan məhrum etmə cəzasını çəkməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilsin bu barədə dərhal Bakı Apellyasiya Məhkəməsinə məlumat verilsin. Qərarın məhkum Məhkum cəzaçəkmə müəssisəsinə göndərilməsi hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və ** saylı Cəzaçəkmə Müəssisəsinə həvalə edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Bakı şəhəri «De Fendo» Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) saat üçün, cəmi 132 (yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri «De Fendo» Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-949/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-949/2026
17.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver