Məhkəmə qərarları › İş №7(3-7)-33/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-7)-33/2026

05.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 7(3-7)-33/2026 05.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Prokuror, Məhkum Məhkum və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) X2 iştirakı ilə Məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinin təmin edilməsi barədə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru tərəfindən verilmiş apellyasiya protesti əsasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin * saylı İstintaq Təcridxanasında cəza çəkən məhkum Məhkum ona təyin olunmuş cəzanın çəkilməmiş hissəsini çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə (hakim Xanməmmədova Liza) ərizə təmin edilmiş, məhkum Məhkum Xankəndi Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək cəzasının ##.##.2026-cı il tarixə çəkilməmiş qalan 07 ay 18 gün hissəsini çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi qərara alınmışdır. İŞİN HALLARI: İşdə olan sənədlər: -Xankəndi Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli ##.##.2025-ci il tarixdən hesablanmışdır. -Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, Məhkum “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli qərarı ilə çəkilməmiş cəzası 6 ay müddətinə azaldılmışdır. -Məhkumun həvəsləndirilməsi barədə ##.##.2026-cı il tarixli qərardan görünür ki, məhkum Məhkum nümunəvi davranışına, əməyə vicdanlı münasibətdə fərqləndiyinə görə “Təşəkkür” elan edilmişdir. -Məhkumun həvəsləndirilməsi barədə ##.##.2026-cı il tarixli qərardan məlum olur ki, məhkum Məhkum nümunəvi davranışına, əməyə vicdanlı münasibətdə fərqləndiyinə, habelə Novruz bayramı ilə bağlı təcridxanada keçirilmiş stolüstü tennis yarışında fəal iştirak etdiyinə görə “Təşəkkür” elan edilmişdir. -* saylı İstintaq Təcridxanası tərəfindən verilmiş ##.##.2026-cı il tarixli xasiyyatnamədən və ##.##.2026-cı il tarixli mülahizədən görünür ki, Məhkum təcridxanada saxlanıldığı müddət ərzində Daxili İntizam Qaydalarına riayət etmiş, onun barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. ##.##.2026-cı il tarixdən öz xahişi ilə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 69-cu maddəsinə əsasən * saylı İstintaq Təcridxanasının Təsərrüfat və məişət xidməti işlərində gözətçi kimi saxlanılmışdır. Cəza çəkdiyi müddət ərzində ictimai faydalı əməklə məşğul olmuş, əməyə vicdanlı münasibət göstərmiş, cəmiyyətdə qəbul edilmiş davranış normalarına riayət etmiş, təhsil və mədəniyyət səviyyəsini artırmaq üçün öz üzərində mütəmadi çalışmışdır. Məhkumların asudə vaxtlarının səmərəli təşkili üçün keçirilən tədbirlərdə fəal iştirak etmişdir. Dövlətə və fiziki şəxsə borcu yoxdur. Məhkum törətdiyi əməli səmimi etiraf etmiş, əməlindən peşman olduğunu bildirmişdir. Azadlıqda layiqli vətandaş olacağına söz vermişdir. Lakin, məhkum Məhkum törətdiyi cinayətin təhlükəlilik dərəcəsi nəzərə alınaraq onun məntəqə tipli cəzçəkmə müəssisəsinə keçirilməsi məqsədəmüvafiq hesab edilməmişdir. İş materialları üzrə Gəncə Şəhər Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Məhkəmənin qərarı ilə razılaşmayan cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru apellyasiya protesti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və məhkumun ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Xankəndi Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Məhkum CM-nin 153.2-ci maddəsi ilə təqsirli bilinərək ona qarşı humanistlik göstərilərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə məhkum Məhkum cəzası amnistiya elan edilməsi haqqında ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən 06 ay azaldılmış, bununla da cəzanın 10 ay 11 günü çəkilmiş, 07 ay 18 gün hissəsi isə çəkilməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Məhkumun real olaraq çəkdiyi cəza təyin edilmiş cəzanın yarısı həddində belə olmamışdır. Bundan başqa, * saylı İstintaq Təcridxanasından verilmiş mülahizədən görünür ki, Məhkum * saylı İstintaq təcridxanasında cəza çəkir. Cəzasının əvvəli ##.##.2025-ci il, cəzasının sonu ##.##.2026-cı ildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə yaradılmış komissiya məhkum Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı mənfi rəy vermişdir. Gəncə Şəhər Məhkəməsi şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayət əməlini törətmiş Məhkum müəssisə tərəfindən verilmiş mənfi mülahizəni və Ədliyyə Nazirliyinin müvafiq komissiyasının mənfi rəyini nəzərə almadan məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirmişdir. Cəzaçəkmə müəssisəsi tərəfindən tərtib edilmiş mənfi rəy və mülahizə məhkumun tam islah olunmaması, təhlükəlilik dərəcəsinin müəyyən olunması və ya təkrar cinayət ehtimalını qiymətləndirir. Məhkəmə isə qərarında Məhkum barəsində verilmiş mənfi rəyi və mülahizəni təkzibedən əsaslı halları qeyd etməmişdir. Məhkəmə öz qərarında mülahizənin formal xarakterli olduğunu qeyd etsədə, qərarın təsviri əsaslandırıcı hissəsində məhkumun həvəsləndirilməsi ilə bağlı mülahizəyə istinad etmiş, mülahizədə göstərilmiş həvəsləndirməni əsas amil kimi qərarda göstərmişdir. Odur ki, protestin təmin edilməsi xahiş olunur. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışında iştirak edən cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Prokuror protestin dəlillərini müdafiə edərək protestin məzmununa uyğun çıxış etdi və təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəmə baxışında iştirak edən məhkum Məhkum və müdafiəçisi (vəkil) Nüşabə Cəbrayılova protestin dəlillərinə etiraz edərək əsassız olduğunu və təmin edilməməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını apellyasiya protestinin dəlilləri həcmində, həmçinin iş üzrə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsini protestin dəlillərindən asılı olmadan yoxlayaraq, aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya protesti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli və məhkumun ərizəsi təmin olunmamalıdır. Belə ki, Xankəndi Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə ona görə təqsirli bilinmişdir ki, o, 2025-ci ilin iyun ayının əvvəllərində günorta saatlarında yaşadığı Xankəndi şəhəri ərazisində onun üçün aşkar surətdə on dörd yaşına çatmadığını bildiyi ##.##.2014cü il təvəllüdlü X1 qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmiş və həmin hökmlə onun barəsində olan yüngülləşdirici hallar nəzərə alınaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli ##.##.2025-ci il tarixdən hesablanmışdır. CM-nin 153.2-ci maddəsinin sanskiyasına görə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası onu qeyd edir ki, məhkum Məhkum törətdiyi cinayət az ağır cinayətlər kateqoriyasına aiddir və “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə“ cinayət fəslinə aiddir, hökmlə barəsində təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 02 (iki) il minimal həddədir. Belə ki, iş materialında olan * saylı İstintaq Təcridxanadan daxil olmuş ##.##.2026-cı il tarixli xasiyyatnamənin və ##.##.2026-cı il tarixli mülahizənin məzmunlarından göründüyü kimi Məhkum nümunəvi davranışına, əməyə vicdanlı münasibətdə fərqləndiyinə və mədəni kütləvi tədbirlədə iştirak etdiyinə görə 2 dəfə “Təşəkkür” almasına baxmayaraq, onun törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınaraq onun məntəqə tipli cəzçəkmə müəssisəsinə keçirilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Belə olan halda Məhkum cəzasını çəkdiyi dövrdə mədəni-kütləvi tədbirlərdə iştirak etmək onun hüququ olduğu halda, onun nümunəvi davranışı, əməyə və təhsilə vicdanlı münasibəti isə cəzanın məqsədlərinə çatmaq məqsədi güdür. Həmçinin, Məhkum cəzasını çəkdiyi dövrdə rejim qaydalarına əməl etməsi isə onun vəzifəsidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkum Məhkum barəsində hökmlə təyin olunmuş cəzanın kifayət qədər minimal aşağı həddə olması və Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə cəzasının 6 ay müddətə azaldılması onun barəsində bir neçə humanist addımların atıldığını göstərir. Məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, baxmayaraq ki, məhkum Məhkum hökmlə təyin olunmuş cəzanın 3/1 hissəsindən çoxunu çəksə də belə onun islah yoluna qədəm qoyması iş materialında olan sənədlərdən öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası yuxarıdakı xüsusatları ümumiləşdirərək hesab edir ki, hazırki vəziyyətdə məhkum Məhkum barəsində verilmiş xasiyyətnamə və mülahizənin məzmunlarını, onun şəxsiyyətini, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, hökmlə barəsində təyin olunmuş cəzanın minimal həddə olması və Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə cəzasının 6 ay müddətə azaldılmasını nəzərə alaraq cəzasının çəkilməmiş qalan hissəsini ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini məqsədəmüvafiq hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini ümumi rejimli cəzaçəkmə müəssisəsində tam çəkdiyi halda cəzanın məqsədinə nail olmaq mümkündür. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəzasının çəkilməmiş qalan hissəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi əsasları tam və hərtərəfli araşdırılmamış, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır və ərizənin təmin edilməsi üçün hər hansı bir qanuni əsaslar yoxdur. CPM-nin 398.1.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmaq səlahiyyətinə malikdir. Odur ki, apellyasiya protesti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli qərarı ləğv edilməli və ərizə təmin edilməməli, məhkum Məhkum çəkilməmiş qalan cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməsi davam etdirilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq və CPM-nin 397, 398, 399, 407-410, 412 və 520-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya protesti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ləğv edilsin. Məhkum Məhkum ərizəsi təmin edilməsin. Məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan, CPM-in 410.1.1-ci maddəsində göstərilən müddətlərdə Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar