Məhkəmə qərarları › İş №7(3-7)-43/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-7)-43/2026

31.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 7(3-7)-43/2026 31.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Əzizov Sevindik Əziz oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Prokuror, məhkum Ərizəni verən şəxs və onun müdafiəçisi – Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Ərizəni verən şəxs məhkumluğunun vaxtından əvvəl üzərindən götürülməsi haqqında ərizəsinin təmin edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)- **/**** saylı qərarından Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Prokuror tərəfindən verilmiş apellyasiya protesti əsasında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə (sədrlik edən hakim M.V.Həsənli) ##.##.1998-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.1-1-ci maddəsi ilə təqsirli bilinib aylıq pul təminatından dövlət nəfinə 15% (on beş faiz) məbləğində pul tutulmaqla 1 (bir) il 4 (dörd) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş, Bakı Hərbi Məhkəməsinin *-*(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə 1 (bir) il 4 (dörd) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası 700 (yeddi yüz) manat cərimə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Probasiya İdarəsinin ## ###### 2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən cərimə növündə cəzadan azad edilmiş Ərizəni verən şəxs məhkumluğunun vaxtından əvvəl üzərindən götürülməsi barədə ərizəsi təmin edilmişdir. Qərardan Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Prokuror tərəfindən apellyasiya protesti verilmişdir. İşin halları Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli hökmündən görünür ki, Ərizəni verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.1-1-ci maddəsi ilə təqsirli bilinib aylıq pul təminatından dövlət nəfinə 15% (on beş faiz) məbləğində pul tutulmaqla 1 (bir) il 4 (dörd) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş, hökmün icrası Ərizəni verən şəxs xidmət etdiyi Dövlət Sərhəd Xidmətinin X2 Komandanlığına (N nömrəli hərbi hissəsinin) həvalə olunmuş və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Hərbi Məhkəməsinin *-*(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti X2nin Komandanı R Babək Ələkbərovun təqdimatı təmin edilmiş, məhkum Ərizəni verən şəxs Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli hökmü ilə təyin edilmiş aylıq pul təminatından dövlət nəfinə 15 % (on beş faiz) məbləğində pul tutulmaqla 1 (bir) il 4 (dörd) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası 700 manat məbləğində cərimə cəzası ilə əvəz edilmiş, qərarın icrası Ərizəni verən şəxs qeydiyyatda olduğu yer üzrə Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilmişdir. Amnistiya aktının tətbiq edilməsi barədə” ##.##.2026-cı il tarixli qərardan görünür ki, məhkum Ərizəni verən şəxs təyin edilmiş cərimənin ödənilməmiş hissəsi amnistiya qərarı qəbul edilən tarixə, yəni ##.##.2025-ci il tarixə - 700 manat təşkil etmiş, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən məhkum Ərizəni verən şəxs cərimə növündə cəzadan azad edilmişdir. Ərizəni verən şəxs ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, məhkumluğunun vaxtından əvvəl üzərindən götürülməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Barəsində çıxarılan hökmün əsasını təşkil edən ittiham aktındakı faktlardan da aydın göründüyü kimi həmin hadisədə onun heç bir qəsdi və ya birbaşa təqsiri olmamışdır. Hadisənin əsl səbəbkarı o olmasa da, o zaman hüquqi biliyinin olmaması və hadisənin hərbi xidmət şəraitində baş verməsi səbəbindən məsuliyyət daşımışdır. Bu cəzanın 5 ayını (müvafiq ödənişləri edərək) çəkdikdən sonra tərxis olunduğu üçün cəzanın çəkilməmiş hissəsi Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti X2nin komandanı R Babək Ələkbərovun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin *-*(***)-**/**** nömrəli, ##.##.2025il qərarı ilə 700 manat məbləğində cərimə cəzası ilə əvəz edilmişdir. Cəzanın çəkilməmiş hissəsindən amnistiya aktına əsasən tam azad olmuşdur. Cəzadan azad olduğu gündən bəri heç bir qanun pozuntusu etməmişdir, nümunəvi və dürüst həyat tərzi sürməyə çalışır. Lakin hazırda həyatında çox ağır və çətin bir dövr yaşayır. Atası ##.##.2025-ci il tarixində vəfat edib. Hazırda anası və nənəsi ağır xəstədirlər, ailədə onlara tək o baxır və quluq edir. Ailəsini dolandırmaq üçün mütləq şəkildə işləməlidir, lakin üzərində qalan bu məhkumluq faktı ona iş tapmaqda çox ciddi problem yaradır. Hansı müəssisəyə müraciət edirsə, məhkumluğu olduğu üçün imtina alır, bu vəziyyət xəstə anasının və nənəsinin dərman və dolanışıq ehtiyaclarını qarşılamağa imkan vermir”. Ərizə əsasında işə baxan birinci instansiya məhkəməsi məsələni yuxarıda göstərilən qaydada həll etmişdir. Apellyasiya protestinin dəlilləri Birinci instansiya məhkəməsinin həmin qərarından Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Prokuror apellyasiya protesti verərək Ərizəni verən şəxs məhkumluğun vaxtından əvvəl götürülməsi barədə Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv edilməsini, Ərizəni verən şəxs ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, “Ərizəni verən şəxs məhkumluğunun ödənilməsi üzrə 4 ay 20 gün hissəsi keçmiş, 7 ay 10 gün hissəsi isə qalmışdır. Göründüyü kimi Ərizəni verən şəxs məhkumluğunun ödənilməsi müddəti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2.11-ci bəndi tətbiq edildiyi gündən, yəni ##.##.2026-cı il tarixdən hesablanmağa başlanmışdır. Hərbi xidmət əleyhinə sağlamlığa ağır zərər vurmulmuş cinayət əməli üzrə məhkumluğun ödənilməsi müddətinin yarıdan çox (7 ay 10 gün) hissəsinin vaxtından əvvəl götürülməsi “məhkəmənin ədalətinə inamını” sarsıtmaqla cəzasızlıq mühitinin yaradılmasına gətirib çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.5-ci maddəsinə əsasən şəxs cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə həmin şəxsin vəsatəti əsasında məhkumluğu vaxtından əvvəl onun üzərindən götürə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.5-ci maddəsində məhkumluğun vaxtından əvvəl götürülməsi ilə bağlı konkret tələb (nümunəvi davranış ilə islah olunmanı sübut etmə) qoyulmuşdur. Gəncə şəhər məhkəməsinin qərarında konkret olaraq nümunəvi davranış ilə bağlı hissəyə qiymət verilməmiş, məhkumun nümunəvi davranışının nədən ibarət olduğu göstərilməmişdir. Məhkumun cəza çəkdiyi dövrdə nümunəvi davranmaması ilə bağlı ən azından göstərmək olar ki, Bakı Hərbi Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə əvəz edilmiş 700 manat cərimə cəzası ##.##.2025-ci il tarixdən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının qəbul edildiyi günədək ödənilməmişdir. Buda məhkum Ərizəni verən şəxs təyin edilmiş cəzaya laqeyd yanaşmasının, islah yolunda olmamasının göstəricisidir. Bundan başqa məhkəmə qərarında Ərizəni verən şəxs məhkumluğu ilə əlaqədar əmək fəaliyyətini icra edə bilmədiyini və atasının vəfat etdiyini göstərmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Göründüyü kimi konkret olaraq məhkumluq cinayətlərin residivi zamanı və cəza təyin edilərkən nəzərə alınır. Ərizəni verən şəxs məhkumluğunun olması onun işə qəbul edilməsi üçün heç bir hüquqi maneə yaratmır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 517.3-cü maddəsində göstərilmişdir ki, məhkumluğun vaxtından əvvəl götürülməsi barədə məhkumun ərizəsinə, habelə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatətinə məhkəmə tərəfindən cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla baxılır. Halbuki, işə baxan məhkəmə cəzanı icra edən orqanın mülahizəsini əldə etmədən, mülahizənin müsbət və ya mənfi olduğunu müəyyən etmədən işə baxmışdır. Qanununvericiliyin yuxarıda göstərilən normasının məzmunundan və mənasından aydın görünür ki, məhkəmələr məhkumluğun vaxtından əvvəl götürülməsi ilə bağlı işlərə baxarkən cəzanı icra edən orqanın mülahizəsi ilə baxmalıdırlar. Göründüyü kimi, məhkəmənin Ərizəni verən şəxs məhkumluğunun vaxtından əvvəl götürülməsi ilə bağlı qərarı əsassız və ədalətsiz olmuşdur”. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Prokuror apellyasiya protestini müdafiə edərək onun dəlillərinə uyğun çıxış etdi və Ərizəni verən şəxs məhkumluğunun ödənilməsi müddətinin başa çatmasına yarıdan çox müddət qaldığını bildirərək Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv edilməsini, məhkumun məhkumluğunun vaxtından əvvəl götürülməsi haqqında ərizəsinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsi iclasında məhkum Ərizəni verən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya protestinə eiraz edərək Ərizəni verən şəxs hərbi xidmət etdiyi dövrdə ehtiyatsızlıqdan törədilmiş cinayətə görə məhkum olunduğunu, barəsində hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edildiyini, o, xidmət etdiyi 5 aylıq dövr ərzində cəzasını icra etdiyini və daha sonra hərbi xidmətdən tərxis olunduğu üçün ödənişlər edə bilmədiyini, bu səbəbdən barəsində olan hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının 700 manat cərimə cəzası ilə əvəz edildiyini, heç bir yerdə işləmədiyi üçün və həmin müddətdə atasının ağır xəstə olmasını, sonra isə ## ###### 2025-ci il tarixdə atasının vəfat etdiyini, bu səbəblərdən də cərimə cəzasını icra edə bilmədiyini, cərimə cəzasının hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etdiyini, lakin daha sonra onun barəsində amnistiya aktı tətbiq edilərək həmin cəzadan azad edildiyini, cinayət hadisəsindən sonra heç bir qanun pozuntusuna yol vermədiyini, cəmiyyət içərisində nümunəvi davranış sərgiləməyə çalışdığını, atasının ##.##.2025-ci il tarixdə vəfat etdiyini, ailəni dolandıran yeganə şəxsin o olduğunu, lakin məhkumluğu olduğundan heç bir yerdə işləyə və qazanc gətirə bilmədiyini, iş üçün müraciət etdiyi müəssisələrdən məhkumluğu olduğu üçün rədd cavabı aldığını, odur ki, Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının qanuni və əsaslı olduğunu bildirdilər və apellyasiya protestinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 520.7ci maddəsinə əsasən hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında çıxarılmış məhkəmə qərarından bu Məcəllədə nəzərdə tutulmuş qaydada apellyasiya və ya kassasiya şikayəti, yaxud protesti verilə bilər. CPM-in 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Məcəllənin 397.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını apellyasiya protestinin dəlilləri həcmində, həmçinin iş üzrə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsini protestin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə cinayət prosesi tərəflərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya protesti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki iş materialları ilə müəyyən edilir ki, Bakı Hərbi Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarına əsasən Bakı Hərbi Məhkəməsinin ##.##.2024-cü il tarixli, *- *(***)-***/**** nömrəli hökmü ilə Ərizəni verən şəxs təyin edilmiş aylıq pul təminatından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla 1 il 4 ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırılması cəzası 700 manat cərimə cəzası ilə əvəz edilmiş və Bakı şəhər probasiya İdarəsinin ##.##.2026cı il tarixli “amnistiya aktının tətbiq edilməsi barədə” qərarına əsasən həmin cəzadan azad edilmişdir. Azərbaycan Respublikası * saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Ərizəni verən şəxs atası Nağıyev Şahin Nazim oğlu ##.##.2025-ci il tarixdə Bakı şəhəri Xətai rayonunda “qanaxma və ya infarkt olduğu dəqiqləşdirilməyən insult” səbəbindən ölmüşdür. Gəncə şəhəri İcra Hakimiyyəti başçısının * nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Ərizəni verən şəxs ##.##.1998-ci ildə anadan olub, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. Həmin ünvanda qeydiyyatda olduğu müddətdə onun barəsində qonşular və sakinlər tərəfindən Gəncə şəhəri İcra Hakimiyyəti başçısının * nömrəli SİƏD üzrə nümayəndəliyinə heç bir şifahi və yazılı surətdə şikayət daxil olmamışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti X2 tərəfindən Ərizəni verən şəxs ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Bakı Hərbi Məhkəməsinin *-*(***)- ***/**** nömrəli, ##.##.2024-cü il tarixli hökmünə əsasən ##.##.2025-ci il tarixdən Silahlı Qüvvələrin ehtiyatına buraxılanadək əmək haqqından 510,96 manat tutularaq dövlət nəfinə köçürülmüşdür. Silahlı Qüvvələrin ehtiyatına buraxılan zaman ona ödənilmiş “son haqqhesab”dan heç bir tutulma aparılmamışdır. Ərizəni verən şəxs tərəfindən “e-sosial” elektron informasiya sistemindən əldə edilmiş ##.##.2026-cı il tarixli “iş yeri haqqında arayış”dan görünür ki, mərkəzləşdirilmiş elektron informasiya sistemində şəxsin qüvvədə olan əmək müqaviləsi ilə bağlı məlumat mövcud deyil. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak etmiş Gəncə şəhər Probasiya Şöbəsinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, məhkum Ərizəni verən şəxs cərimə cəzasını icra etdiyi dövrdə heç bir pozuntuya yol verməmişdir. Birinci instansiya məhkəməsi Ərizəni verən şəxs məhkumluğunu üzərindən vaxından əvvəl götürərkən nəzərə alımışdır ki, Ərizəni verən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət əməlidir və ehtiyatsızlıqdan törədilmişdir, qəsdlə əhatə olunmur. Onun atası ##.##.2025-ci il tarixdə vəfat etdiyindən ailənin yeganə gəlir gətirən (qazanc əldə edən) övladıdır, lakin hazırda onun üzərində məhkumluq olduğu üçün heç bir yerdə özünə iş tapa bilmir. Eyni zamanda, gənc yaşda olan şəxsin işləməsi və cəmiyyətə adaptasiya olması üçün hazırkı vəsatətin təmin edilməsi məqsədəuyğun hesab edilmişdir. Ərizəni verən şəxs şəxsiyyəti, əməlindən peşman olması və islah olunmasının hiss olunması, cəzasını çəkib qurtardıqdan sonrakı dövrdə islah olunduğu və məhkumluğunun ödənilməsi müddətinin başa çatmasına az bir müddət qalması nəzərə alınaraq, Ərizəni verən şəxs məhkumluğu vaxtından əvvəl üzərindən götürülmüşdür. Apellyasiya protestinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.5-ci maddəsində məhkumluğun vaxtından əvvəl götürülməsi ilə bağlı konkret tələb (nümunəvi davranış ilə islah olunmanı sübut etmə) qoyulmuşdur. Gəncə Şəhər Məhkəməsinin qərarında konkret olaraq nümunəvi davranış ilə bağlı hissəyə qiymət verilməmiş, məhkumun nümunəvi davranışının nədən ibarət olduğu göstərilməmişdir. Bakı Hərbi Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə əvəz edilmiş 700 manat cərimə cəzası ##.##.2025-ci il tarixdən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının qəbul edildiyi günədək ödənilməmişdir. Buda məhkum Ərizəni verən şəxs təyin edilmiş cəzaya laqeyd yanaşmasının, islah yolunda olmamasının göstəricisidir. Ərizəni verən şəxs məhkumluğunun olması onun işə qəbul edilməsi üçün heç bir hüquqi maneə yaratmır. Məhkəmə cəzanı icra edən orqanın mülahizəsini əldə etmədən, mülahizənin müsbət və ya mənfi olduğunu müəyyən etmədən işə baxmışdır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq aşaığıdakıların qeyd edilməsini zəruri hesab edir: CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Ərizəni verən şəxs təqsirli bilinib məhkum edildiyi CM-nin 350.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli ehtiyatsızlıqdan törədilən cinayət əməli olmaqla həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. CM-nin 83.5-ci maddəsinə əsasən şəxs cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə həmin şəxsin vəsatəti əsasında məhkumluğu vaxtından əvvəl onun üzərindən götürə bilər. İlk növbədə qeyd edilməlidir ki, CM-nin 83.5-ci maddəsindən göründüyü kimi məhkumluğun vaxtından əvvəl şəxsin üzərindən götürülməsi məhkumluq müddətinin hansı hissəsinin keçib-keçməməsi kimi hər hansı şərtdən asılı edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Ərizəni verən şəxs məhkumluğu ## ###### 2027-ci il tarixdə qanunla müəyyən edilmiş qaydada ödəniləcəkdir. Yəni hazırda onun məhkumluq müddətinin yarıdan çox hisssəsi keçmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Ərizəni verən şəxs öz ifadəsi ilə əməlindən peşman olmasını səmimi bildirməsi, məhkəmə baxışı iclasında onun davranışları, həmçinin Gəncə şəhər Probasiya Şöbəsinin nümayəndəsinin Ərizəni verən şəxs cərimə cəzasını icra etdiyi dövrdə heç bir pozuntuya yol verməməsinə dair birinci instansiya məhkəməsində bildirdikləri əsas götürülərək onun islah olunması qənaətinə gəlmək olar. Həmçinin qeyd edilməlidir ki, iş materiallarına əsasən şəxsin qüvvədə olan əmək müqaviləsi ilə bağlı hər hansı məlumat aşkar edilmədiyindən işsiz hesab edilir. Odur ki, Ərizəni verən şəxs hal-hazırda işsiz olması səbəbindən barəsində Amnistiya Aktı tədbiq edilənədək ona təyin edilmiş 700 manat cərimə cəzasından ödəniş edilməməsi onun cəzaya laqeyd yanaşması kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə kollegiyası apellyasiya protestinin qeyd olunan dəlilini formal dəlil kimi qəbul edir və işin nəticəsinə təsir göstərə bilən əsaslı dəlil hesab etmir. Odur ki, kollegiya hesab edir ki, məhkəmənin qanuni və əsaslı olan qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmənin qanuni və əsaslı olan qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 407-410, 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya protesti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan CPM-in 410.1-ci maddəsində göstərilən müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar