Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 7(3-7)-47/2026 14.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru prokuror2, məhkum Ərizəni verən şəxs və müdafiəçisi müdafiəçi1 iştirakı ilə, Məhkum Ərizəni verən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Qazax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli hökmündən görünür ki, Ərizəni verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi hökm edilmişdir. * saylı cəzaçəkmə müəssisəsi tərəfindən tərtib olunmuş ## ### 2025-ci il tarixli arayışdan görünür ki, Ərizəni verən şəxs ## ### 2025-ci il tarixdə Əfv sərəncamına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Məhkum Ərizəni verən şəxs ərizə ilə birinci instansiya məhkəməsinə ərizə ünvanlayaraq sürücülük hüququndan mərhum olunma cəzasının onun üzərindən götürülməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə məhkum Ərizəni verən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad olunmasına dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından məhkum apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və ona təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cəza çəkdiyi müddətdə davranışına görə cəzaçəkmə müəssisəsinin rəhbərliyi onu nümunəvi məhkum kimi qiymətləndirərək Azərbaycan Respublikası Prezidentinin Əfv Aktının tətbiqi üçün təqdimat vermişdir. Azərbaycan Respublikası Prezidentinin ## ### 2025-ci il tarixli Əfv Sərəncamı ilə əsas cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Əsas cəzanın icrası dövründə qanun pozuntusuna yol verməmiş, müəssisə rəhbərliyi tərəfindən müsbət xarakterizə olunmuş, cəmiyyətə yenidən inteqrasiya olunmağa çalışan şəxs kimi qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslandırılmış hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququ vardır. Bu hüququn ayrılmaz hissəsi məhkəmə qərarlarının əsaslandırılmış olması tələbidir. Cinayət-Prosessual Məcəlləsinin qərarların qanuniliyi və əsaslandırılması ilə bağlı müddəalarına görə məhkəmə yalnız qanunu sadalamaqla kifayətlənməməli, həmin qanunun konkret iş üzrə necə tətbiq edildiyini əsaslandırmalıdır. Qazax Rayon Məhkəməsi qərarında təqdim etdiyi sübutların mövcudluğunu qeyd etsə də, cəzaçəkmə müəssisəsi rəhbərliyinin onun əfv olunmağı üçün təqdimat verməsinə, Azərbaycan Respublikası Prezidentinin onu əfv etməsinə, vurulmuş zərərin tam ödənilməsinə, işəgötürən tərəfindən sürücü kimi yenidən işə qəbul ediləcəyinin rəsmi qaydada təsdiq edilməsinə, himayəsində 5 azyaşlı övladı olmasına, həyat yoldaşının ağır şizofreniya diaqnozu ilə ömürboyu müalicə almasına, ailənin yeganə gəlir gətirən üzvü olmasına hüquqi qiymət verməmişdir: Məhkəmə bu halları sadalamaqla kifayətlənmiş, lakin onların niyə əlavə cəzadan vaxtından əvvəl azad edilməyi üçün kifayət etmədiyini hüquqi baxımdan əsaslandırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli * nömrəli qərarında izah edilmişdir ki, əlavə cəzadan azad edilmə məsələsinə baxılarkən məhkəmə məhkumun şəxsiyyətini, davranışını, ailə vəziyyətini, cəzanın məqsədlərinə nail olunub-olunmamasını və digər əhəmiyyətli halları hərtərəfli qiymətləndirməli, qəbul etdiyi qərarı əsaslandırmalıdır. İş üzrə bu tələblər tam həcmdə yerinə yetirilməmişdir. Cəzanın məqsədi artıq təmin edilmişdir. Cinayət qanunvericiliyinə görə cəza intiqam vasitəsi deyil. Cəzanın məqsədi məhkumun islah olunması, yeni cinayətlərin qarşısının alınması və sosial ədalətin təmin edilməsidir. Əksinə, əlavə cəzanın saxlanılması mənim qanuni əmək fəaliyyəti ilə məşğul olmağına mane olur, himayəsində olan beş övladın və ömürboyu müalicəyə ehtiyacı olan həyat yoldaşının sosial təminatını ağırlaşdırır Məhkəmə kollegiyasının iclasında məhkum apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, həyat yoldaşı, 4 azyaşlı olmaqla 5 övladı onun himayəsindədir, ailədə yeganə qazanc əldə edən şəxs odur, hazırda üzərində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası onun əmək fəaliyyəti ilə məşğul olmasına mane olur. Hazırda əvvəlki iş yeri nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasından azad olunacağı halda onu işlə təmin etməyə təminat verir. Odur ki, onun sürücülük hüququnun bərpası həm onun yenidən sosial həyata adaptasiyası, həm də ailəsinin maddi təminatı üçün zəruridir. Bu halları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müdafiəçi apellyasiya şikayətini müdafiə edərək Ərizəni verən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında prokuror apellyasiya şikayətinə etiraz etdi və bildirdi ki, Ərizəni verən şəxs hökmlə cəza təyin edilərkən yüngülləşdirici hallar nəzərə alınmış, eyni zamanda ona humanist mövqe göstərilərək əsas cəzadan azad edilmişdir. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli, № **/**** saylı Qərarının tələbinə əsasən əlavə cəzadan azad edilmə məsələsinə əsas cəza ilə baxılması nəzərdə tutulmuş, qanunvericilikdə əsas cəza çəkildikdən sonra, əlavə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunma ilə bağlı halların baxılması nəzərdə tutulmamışdır. Buna görə şikayətin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallar yalnız apellyasiya şikayətinin və ya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə şikayətin və ya protestin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-nin 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə proses tərəflərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edərkən, məhkəmə məhkumun üzərinə, bu Məcəllənin 70.5-ci maddəsində nəzərdə tutulmuş və cəzanın çəkilməmiş müddəti ərzində onun tərəfindən icra edilməli olan vəzifələr qoya bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin ## ####### 2010-cu il tarixli qərarının 8-ci bəndində göstərilir ki, cinayət qanunvericiliyinin müddəalarına görə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması tətbiq edilərkən məhkəmə məhkumu əlavə cəzadan da tamamilə və ya qismən azad edə bilər. Ona görə də məhkəmələr qeyd edilən müraciətlərə baxarkən məhkumun təyin olunmuş əlavə cəzadan da azad olunub-olunmaması məsələsini müzakirə etməli, həmin məsələnin təmin və rədd edilməsinin, habelə təmin etdiyi halda tamamilə və ya qismən təmin etməsinin səbəblərini əsaslandırmalıdır. Göründüyü kimi, qanunvericilik məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması tətbiq edilərkən məhkəmə məhkumun əlavə cəzadan da tamamilə və ya qismən azad edilə bilməsi nəzərdə tutulur. Hazırki işin hallarından məlum olur ki, məhkum Ərizəni verən şəxs Binəqədi Rayon Məhkəməsinin hökmü ilə ona təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə əsas cəzadan azad olmuşdur. Hazırda üzərində 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzadan da azad edilməsi barədə müraciət etmişdir. Lakin qanunvericiliyin tələbləri baxımından məhkum əsas cəzadan vaxtında əvvəl azad edilərkən həm də əlavə cəzadan azad edilib-edilməmə məsələsinə baxıla bilər, əlavə cəzadan azad edilmə məsələsində ayrı icraatda baxılması halı qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səbəbdən kollegiya hesab edir ki, məhkəmə işin faktiki halları və hüququn tətbiqi ilə bağlı hissələrdə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, bu qərarın ləğv edilməsi üçün əsaslar yoxdur. Müvafiq olaraq kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 407-410, 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Məhkum Ərizəni verən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Qazax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-7)-47/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-7)-47/2026
14.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver