Məhkəmə qərarları › İş №7(3-9)-17/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-17/2026

22.05.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 7(3-9)-17/2026 22.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər X7 (sədrlik edən), Hacıyev Pərviz Vaqif oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə Səmədov Alim Nadir oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru, R Prokuror, məhkum Məhkum və müdafiəçi X1 iştirakı ilə Məhkum Məhkum cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin olunmaması haqqında Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Salyan rayonunda yerləşən * saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək Ağcabədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə qəti olaraq 3 il 4 ay müddətə azadllıqdan məhrumetmə cəzasına məhkum edildiyini, hazırda cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkdiyini, cəza çəkdiyi müddətdə müsbət xarakterizə olunduğunu bildirib cəzasının qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqda qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə (hakim R.B.Alıyev) məhkum Məhkum cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin olunmamışdır. Məhkum Məhkum birinci instansiya məhkəməsinin həmin qərarından Şirvan Apellyasiya Məhkəməsinə şikayət verərək məhkəmənin qərarının ləğv edilməsini və ərizəsinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkum apellyasiya şikayətini də ərizəsində göstərdiyi dəlillərlə əsaslandırmışdır. O qeyd etmişdir ki, «törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir. Cəza çəkdiyi müddətdə rejim qaydalarına tam əməl etmiş, heç bir qanun pozuntusuna yol verməmişdir. Barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. müəssisədə təşkil olunan bütün mədəni-kütləvi tədbirlərdə fəal iştirak etmiş, müəssisə tərəfindən barəsində həvəsləndirmə tədbirləri tətbiq edilmişdir. Əməyə və təhsilə vicdanlı münasibət göstərərək ona tapşırılmış bütün işləri vaxtənda və dürüst icra etmiş, o cümlədən müəssisədə fəaliyyət göstərən Salyan peşə məktəbində təhsil alaraq “elektrik avadanlıqlarının təmiri mantyoru” peşəsinə yiyələnmiş və diplom almışdır. Bundan başqa, Ədliyyə Nazirliyinin müvafiq komissiyası onun cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə müsbət rəy vermişdir. Həmçinin qeyd etmək istəyir ki, atası X2 Qarabağ müharibəsinin iştirakçısı olmuş və ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur. Ailəlidir, himayəsində dörd azyaşlı uşağı var. Qeyd olunanların nəzərə alınmasını xahiş edir». Apellyasiya baxışı zamanı məhkum Məhkum və müdafiəçi X1 apellyasiya şikayətini müdafiə edərək, məhkum Məhkum cəza çəkdiyi müddətdə islah olunduğunu, lakin buna baxmayaraq birinci instansiya məhkəməsinin onun çəkilməmiş qalan cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmədiyini göstərib, Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilib, Məhkum ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışında Baş Prokurorluğun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru Prokuror məhkumun apellyasiya şikayəti ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı, apellyasiya şikayətinin isə əsassız olduğunu göstərib, apellyasiya şikayətinin təmin olunmadan, Salyan Rayon Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq, habelə məhkum və müdafiəçisini, həmçinin prokurorun rəyini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, məhkəmənin qərarı ləğv edilməli və məhkum Məhkum vaxtından əvvəl şərti olaraq cəzanın çəkilməmiş hissəsindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. CM-in 76.3.1-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.1 və 170.2-ci maddələrinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Mülahizə ilə birlikdə məhkəməyə məhkumun şəxsi işi də göndərilir. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışını, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür. Məhkəmələrə izah olunsun ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Bundan başqa istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Plenum Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1 və Cəzaların Icrası Məcəlləsinin 170.1 və 170.2-ci maddələrindən, yuxarıda qeyd edilən Plenum qərarının tələblərindən görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə cəza çəkən məhkumun cəzadan vaxtından əvvəl şərti azad edilməsini həmin məhkumun cəzanı tam çəkmədən islah olunmasının mümkünlüyü ilə şərtləndirmişdir. Məhkumun islah olunması təkcə onun əməlindən peşman olmasını sözdə ifadə etməsindən ibarət olmamalı, eyni zamanda cəzanı çəkdiyi dövrdəki davranışlarında da təzahür etməlidir. Cinayət və cəzaların icrası qanunvericiliyi belə təzahür formalarına məhkumun cəzaçəkmə müddətində davranışını, əməyə, təhsilə və törətdiyi cinayətə münasibətini aid etmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışını, əməyə, təhsilə və törətdiyi cinayətə münasibətini bu məsələnin müsbət həllinin əsası kimi görür və bununla bağlı cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsinin nəzərə alınmasını zəruri hesab edir. Birinci instansiya məhkəməsinin barəsində şikayət verilən qərarından görünür ki, məhkəmə məhkum Məhkum cəzasının CM-in 76-cı maddəsi ilə müəyyən edilmiş hissəsini çəkməsini, cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən onun barəsində kifayət qədər əsaslandırılmış müsbət mülahizə verilməsini, mülahizədə göstərilən halların təsdiq edilməsini, xüsusilə məhkumun Məhkum məhkum edildiyi cinayəti nəzərə almaqla onun barəsində narkomaniyadan məcburi müalicənin ləğv edilməsini (müalicənin başa çatması ilə əlaqədar) diqqətə almayaraq, əsassız olaraq onun ərizəsini təmin etməmiş, bu zaman məhkumun islah olunub-olunmaması ilə bağlı hallara dair qanunvericiliyin, o cümlədən Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən qərarının tələblərinə istinad etməklə məsələni düzgün həll etmək əvəzinə onun məhkum edildiyi cinayətə görə çıxarılmış hökmdə şərh olunan halları sadalamaqla, həmçinin aidiyyəti olmadığı halda cəzanın sosial ədalətin bərpası məqsədlərini qeyd etməklə kifayətlənmişdir. Məhkəmə nəzərə almamışdır ki, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində sadalanan cəzanın məqsədlərinə nail olunması məsələləri yalınız cəza təyini zamanı əhəmiyyət kəsb edə bilər, yəni məhkəmə cəzanın məqsədlərinə nail olmaq baxımından cəzanın hər üç məqsədini şərh edə bilər. Cəzanın icrası məsələsində isə əhəmiyyət kəsb edən məsələ yalnız məhkumun islah olunub-olunmaması ilə bağlıdır. Bu hal CM-in 76-cı maddəsində də eyni qaydada ifadə edilmişdir. Belə ki, həmin normada göstərilmişdir ki, məhkəmə bu maddədə nəzərdə tutulan güzəştləri tətbiq edərkən məhkumun islah olunmasının mümkünlüyünü öyrənməlidir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin hazırkı məsələ ilə bağlı cəzanın məqsədlərinə nail olunub-olunmamağı deyil həmin məqsədlərin özünü müzakirə etməyi doğru hesab etmir. Işin faktiki hallarında gəldikdə isə qeyd edilməlidir ki, cəzaçəkmə müəssisəsi tərəfindən məhkum kifayət qədər müsbət səciyyələndirilmişdir və onun barəsində olan müsbət mülahizələr onun şəxsi işi və digər iş materialları ilə tam təsdiq edilir. Həmin müsbət mülahizədən görünür ki, məhkum Məhkum törətdiyi əmələ tənqidi münasibət bəsləyir, öz davranışı ilə islah olunduğunu sübut edə bilmişdir. Xüsusilə qeyd edilməlidir ki, məhkum Məhkum məhkum edildiyi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətə görə təyin edilmiş narkomaniyadan məcburi müalicə tədbirləri ləğv edilmişdir və bu onun müalicəsinin uğurla başa çatması ilə bağlı olmuşdur. Göründüyü kimi, iş materialları məhkumun islah olunması prosesinin başa çatmasına dəlalət etdir. Belə olan halda kollegiya məhkumun sona qədər azadlıqdan məhrumetmə yerində qalmasına lüzum görmür. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, CM-in 76-cı maddəsində nəzərdə tutulan güzəşt məhkumun islah olunmasının başa çatması ilə əlaqəli olsa da, eyni zamanda həm də digər məhkumlar üçün stimul rolunu oynayır, cəza çəkməkdə olan məhkumları müsbət davranış nümayiş etdirməyə, cəzaçəkmə qaydalarına riayət etməyə sövq edir. Eyni zamanda qeyd etmək lazımdır ki, məhkum Məhkum cəza müddətinin yarısından çox hissəsini, yəni hazırkı vaxta apellyasiya qaydasında işə baxılarkən 2 il 5 ay 2 gün hissəsini çəkmişdir. Beləliklə, kollegiya yuxarıda göstərilənləri, o cümlədən məhkumun barəsində müsbət mülahizəni, onun barəsində narkomaniyadan məcburi müalicənin ləğv edildiyini, şəxsiyyətini səciyyələndirən halları, əməyə münasibətini, cəza çəkdiyi müddətdə cəzaçəkmə müəssisəsində işə düzəlməsini, barəsində iki dəfə həvəsləndirici tədbir görülməsini və digər əhəmiyyətli halları, habelə himayəsində azyaşlı uşaqlarının olmasını və atasının Birinci Qarabağ müharibəsində şəhid olmasını nəzərə alaraq hesab edir ki, onun cəzasının çəkilməmiş qalan 4 ay 28 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi mümkündür. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407, 408, 410, 412 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. Məhkum Məhkum ərizəsi təmin edilsin. Məhkum Məhkum Ağcabədi Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli *(***)-**/**** saylı hökmü ilə təyin edilmiş 3 il 4 ay müddətə azadlıqdan məhrumetmə cəzasının hazırkı qərarın çıxarıldığı vaxtadək çəkilməmiş qalan 4 ay 28 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilsin. Məhkum Məhkum cəzadan azad edilməsi üçün qərarın surəti dərhal icra olunması üçün Məhkum Məhkum barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi dövrdə elektron nəzarət vasitəsi tətbiq edilsin. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi dövrdə üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Məhkum Məhkum davranışı üzərində nəzarət Ağcabədi rayon Icra və Probasiya Şöbəsinə tapşırılsın. Qərar məhkum Məhkum cəzadan azad edilməsi hissəsində icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsinə (Kompleksinə) və * saylı Cəzaçəkmə Müəssisəsinə göndərilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar