Məhkəmə qərarları › İş №7(3-9)-23/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-23/2026

19.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 7(3-9)-23/2026 19.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru X1, məhkum Məhkum, müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, məhkum Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Salyan Rayon Məhkəməsinin (hakim Ş.Kələntərovun sədrliyi) ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə məhkum Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin olunmaması barədə qərar qəbul edilmişdir. Qərardan narazı qalan məhkum Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum Məhkum ərizəsini onunla əsaslandırmışdır ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Cəza çəkdiyi müddətdə daxili intizam qaydalarına əməl etmiş, verilən tapşırıqları vaxtında yerinə yetirmiş, mədəni kütləvi tədbirlərdə iştirak etmişdir. Qanunvericiliyə əsasən ona cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq oluna bilər. Buna görə də bütün bunları nəzərə alaraq onun çəkilməmiş qalan cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasını xahiş etmişdir. Ərizə əsasında işə baxan birinci instansiya məhkəməsi məsələni yuxarıda göstərilən qaydada həll etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkum Məhkum apellyasiya şikayəti verərək, Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini, onun vaxtından əvvəl azadlığa buraxlması ilə bağlı ərizəsinin təmin edilməsi barədə qərar verilməsini xahiş etmişdir. Şikayət müəllifi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Cəlilabad Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** saylı hökmü ilə təyin edilmiş 2 il 5 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi, yəni 2 il 4 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, 1 il 2 ay 5 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunaraq hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən birləşdirməklə ona qəti olaraq 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Milli Məclisin “Suverenlik və Konstitusiya ili münasibətilə Amnistiya elan edilməsi haqqında” ##.##.2025-ci il tarixli Qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Müəssisənin aaxili intizam və rejim-nəzarət qaydalarına maksimum riayət etmişdir. Özünü nümunəvi məhkum kimi aparmışdır. Əməlindən peşman olmaqla artıq islah olunmuşdur. Proses iştirakçılarının çıxışları: Apellyasiya məhkəməsinin iclasında: Videokonfrans əlaqə sistemindən istifadə etməklə məhkəmə iclasına qoşulmuş məhkum Məhkum apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Müəssisədə faydalı əməklə məşğul olmuşdur. Bundan əlavə himayəsində azyaşlı övladı vardır. Məhkum Məhkum müdafiəçisi Müdafiəçi məhkumun verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, hüquqlarını müdafiə etdiyi məhkum Məhkum ərizəsinin təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru X1 məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı, apellyasiya şikayətində qeyd edilən xüsusatların isə əsassız olduğunu, məhkumun islah olunmasına kifayət qədər əsasların olmadığını bildirib, apellyasiya şikayətinin təmin olunmamasını və Slayan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 520.7-ci maddəsində qeyd edilir ki, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında çıxarılmış məhkəmə qərarından bu Məcəllədə nəzərdə tutulmuş qaydada apellyasiya və ya kassasiya şikayəti yaxud protesti verilə bilər. CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib və proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlillərinə əsasən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilə və ya ləğv oluna bilməz. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, Məhkum Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Cəlilabad Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** saylı hökmü ilə təyin edilmiş 2 il 5 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi, yəni 2 il 4 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, 1 il 2 ay 5 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunaraq hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən birləşdirməklə ona qəti olaraq 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmçinin Bakı şəhər Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarına əsasən Milli Məclisin “Suverenlik və Konstitusiya ili münasibətilə Amnistiya elan edilməsi haqqında” ##.##.2025-ci il tarixli Qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Məhkumun şəxsi işindən görünür ki, onun cəzasının əvvəli ##.##.2025-ci il tarixdə başlayır, cəzanın sonu ##.##.2026-cı il tarixdə bitir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti * saylı CÇM-də cəza çəkən məhkum Məhkum cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Cəzaçəkmə müəssisəsinin yazılı mülahizəsinə əsasən Məhkum * saylı cəzaçəkmə müəssisəsinə ##.##.2026-cı il tarixdə Bakı İstintaq Təcridxanasından qəbul edilmişdir. Məhkəmə tərəfindən ona təyin olunmuş cəzanın ikidə bir hissəsindən çoxunu çəkmişdir. Məhkumun şəxsi işindən göründüyü kimi müəsissəyə daxil olunduğu gündən onunla islah məqsədli fərdi tərbiyəvi söhbətlər aparılmış və daxili intizam qaydaları, hüquq və vəzifələri izah edilmişdir. Xəstə olduğu üçün əməyə münasibəti müəyyən edilməmişdir. Ailə üzvləri və yaxun qohumları ilə telfon və görüş vasitəsi ilə əlaqə saxlayır, onlarla münasibəti yaxşıdır. Cəza çəkdiyi müddət ərzində barəsində həvəsləndirmə və tənbeh tədbiri tətbiq edilməmişdir. 2025-ci ilin yekunu ilə əlaqədar tərtib edilmiş illik xasiyyətnaməyə əsasən müsbət xarakterizə olunur. Məhkum K.Əhmədov İxtisaslaşdırılmış müalicə müəssisəsində cəza çəkdiyi müddətdə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məsələsinə Ədliyyə Nazirliyinin Komissiyasının iclasında baxılmış və ** saylı protokola əsasən onun islah yoluna qədəm qoyduğu, müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsini və s. halları nəzərə alaraq müsbət rəy verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Qeyd edilənləri, məhkumun islah olunmasını və islah olunma işində mühüm əhəmiyyət kəsb edən amilləri nəzərə alaraq, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəuyğun hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qənaətinə əsasən, məhkum Məhkum tam islah olunmamışdır və onun islah olunması işin faktiki halları ilə müəyyən edilmir. Belə ki, məhkəməyə məhkumun şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmaması və onun islah yoluna yönəlməyə çalışması barədə hər hansı sübut təqdim edilməmişdir. Cəzaçəkmə müəssisəsi tərəfindən Məhkum barəsində verilmiş mülahizədən və məhkumun şəxsi işinin materiallarında məhkum müsbət xarakterizə olunsa da, məhkəmə həmin mülahizəni formal bir mülahizə kimi qəbul edir. İş materiallarında görünür ki, məhkum onun ərizəsini baxıldığı gündən 5 gün əvvəl hazırki cəzaçəkmə müəssisəsinə gəlmiş, ümumilikdə 7 ay 28 gün cəza çəkmişdir. Həmçinin o, CM-in eyni məzmunlu maddəsi ilə 234.1-ci maddəsi ilə məhkum edilərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayraq həmin cəzanı çəkdiyi müddətdə yenidən eyni məzmunlu cinayət törətmişdir. Bu da məhkumun islah olunma yoluna qədəm qoymamasının göstəricisi kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası aşağıda qeyd edilən əsaslara görə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və onu əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Cinayət Məcəlləsinin 76.3.1-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə əsasən cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla məhkəmə cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. Məcəllənin 513.2-ci maddəsinə əsasən məhkəmə cəzanın çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad etmədən və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmədən imtina etdikdə, həmin məsələlər üzrə ərizənin və ya vəsatətin təkrarən baxılmasına müvafiq ərizənin təmin edilməsinin rədd edilməsi haqqında məhkəmə qərarı çıxarıldığı gündən azı 6 (altı) ay keçdikdən sonra yol verilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.1 və 170.2-ci maddələrinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Mülahizə ilə birlikdə məhkəməyə məhkumun şəxsi işi də göndərilir. Həmin Məcəllənin 170.7-ci maddəsinə əsasən məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, habelə cəzanın çəkilməsinin təxirə salınması məhkəmə tərəfindən rədd edildiyi hallarda, təkrar ərizəyə məhkəmənin rədd haqqında qərar qəbul etdiyi gündən ən azı altı ay sonra baxıla bilər. «Cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli * saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirilməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. İş materiallarından görünür ki, məhkum Məhkum cəzasının qanunla müəyyən edilmiş hissəsini faktiki olaraq çəkmiş olsa da, şərti olaraq vaxtından əvvəl azad etmə institutunun tətbiqi üçün tələb olunan əsasların tam formalaşması iş materialları ilə təsdiq edilmir. Məhkum Məhkum apellyasiya şikayətində barəsində tənbeh tədbiri tətbiq olunmadığını, nizam-intizam qaydalarına riayət etdiyini və törətdiyi əmələ görə peşmanlıq hissi keçirdiyini göstərsə də, bu halların hər biri ayrı-ayrılıqda və ya məcmu halda onun islah olunmasını tam təsdiq edən hüquqi nəticə yaradan sübut kimi qiymətləndirilə bilməz. Belə ki, cəzaçəkmə müəssisəsində daxili rejim qaydalarına riayət olunması məhkumun qanunvericiliklə üzərinə düşən birbaşa vəzifəsi olmaqla, əlavə olaraq onun islah olunmasının göstəricisi kimi avtomatik nəticə doğurmur. Eyni zamanda, tənbeh tədbirinin tətbiq olunmaması da yalnız intizam pozuntusunun olmamasını ifadə edir və bu hal məhkumun davranışında davamlı müsbət dəyişikliklərin, ictimai faydalı fəaliyyətə real inteqrasiyanın və islah prosesinin başa çatmasının sübutu kimi qəbul edilə bilməz. Məhkumun cinayət əməlini etiraf etməsi və peşmanlıq hissi keçirməsi barədə dəlilləri isə yalnız subyektiv xarakter daşıyır və digər obyektiv sübutlarla, xüsusilə əməyə münasibət, ictimai faydalı fəaliyyət, sosial davranış dinamikası və islah prosesinin real nəticələri ilə təsdiq olunmadığı halda şərti olaraq vaxtından əvvəl azad etmə üçün yetərli əsas hesab edilə bilməz. Eyni zamanda, iş materiallarında məhkumun əməyə və təhsilə münasibəti barədə ümumi xarakterli qeyd olunsa da, onun konkret olaraq hansı işlərə cəlb olunduğu, həmin fəaliyyətin nəticələri və islah prosesinə real təsiri barədə kifayət qədər dəqiq və yoxlanıla bilən məlumatlar mövcud deyildir. Bu baxımdan, birinci instansiya məhkəməsinin həmin halları deklarativ xarakterli hesab etməsi düzgün hüquqi yanaşma kimi qiymətləndirilir. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Cəzaçəkmə müəssisəsinin müsbət mülahizəsi apellyasiya şikayətində istinad edilən əsaslardan biri olsa da, bu mülahizə məhkəmə üçün məcburi xarakter daşımır və Ali Məhkəmə Plenumunun izahlarına uyğun olaraq digər sübutlarla birlikdə məcmu qaydada qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi də məhz bu tələblərə uyğun olaraq mülahizəni digər materiallarla birlikdə təhlil etmiş və nəticə etibarilə islah olunmanın tam təsdiq olunmadığı qənaətinə gəlmişdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, şərti olaraq vaxtından əvvəl azad etmə institutu məhkumun cəzanın müəyyən hissəsini formal olaraq çəkməsi ilə avtomatik tətbiq edilən hüquqi nəticə olmayıb, onun islah olunmasını və cəzanın qalan hissəsinin çəkilməsinə artıq zərurət qalmamasını şərtləndirən hüquqi institutdur. Bu baxımdan, məhkəmə yalnız cəzanın qanunla müəyyən olunmuş hissəsinin çəkilib-çəkilməsini deyil, eyni zamanda məhkumun davranışını, cəzaçəkmə dövründə nümayiş etdirdiyi münasibətini, islah olunma səviyyəsini və yeni hüquqazidd davranışdan çəkindiyini göstərən obyektiv halları qiymətləndirməlidir. İş materiallarından müəyyən olunur ki, məhkum Məhkum davranışında islah olunma prosesinin başa çatdığını və cəzanın çəkilməsinin davam etdirilməsinə artıq ehtiyac qalmadığını göstərən sabit müsbət dəyişikliklər müşahidə edilmir. Məhkumun davranışında penitensiar rejimin tələblərinə nümunəvi riayət etməsi, ictimai faydalı əməyə və tərbiyəvi tədbirlərə fəal münasibət göstərməsi, törətdiyi əmələ tənqidi yanaşması və gələcəkdə qanuna uyğun həyat tərzi sürmək niyyətinin formalaşması kimi halları təsdiq edən kifayət qədər inandırıcı məlumatlar müəyyən edilməmişdir. Əksinə, məhkumun davranışı onun islah olunması barədə birmənalı qənaətə gəlməyə əsas vermir və cəzanın məqsədlərinə nail olunduğunu təsdiqləmir. Bu səbəbdən, məhkəmə hesab edir ki, Məhkum şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün zəruri maddi-hüquqi əsaslar formalaşmamış, cəzanın qalan hissəsinin çəkilməsinin davam etdirilməsinə lüzumun aradan qalxması sübuta yetirilməmişdir. Belə olan halda, onun şərti olaraq vaxtından əvvəl azad olunması barədə müraciət əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin olunmasına hüquqi əsaslar tapmayaraq hesab edir ki, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Salyan Rayon Məhkəməsinin 23 aprel 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398, 407, 408 və 520-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı: Məhkum Məhkum apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar