Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 7(3-9)-25/2026 19.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlunun sədrliyi ilə, Həşimov Yaşar Xanoğlan oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin böyük prokuroru X3, məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Məhkum Masallı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ######## 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməsi barədə Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru, R X1 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin maraqlı şəxs2 cəza çəkən Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarına əsasən (sədrlik edən hakim Elvin Ələsgərov) məhkum Məhkum ərizəsi təmin olunmuş, Masallı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 il 2 ay 3 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzanın çəkilməmiş hissəsi ərzində məhkumun davranışı üzərində nəzarət onun daimi yaşayış yeri üzrə Cəlilabad Rayon Probasiya Şöbəsinə tapşırılmış, məhkumun üzərinə davranışına nəzarəti həyata keçirən icra orqanına məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. Məhkəmə qərarından narazı qalan Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru, R X1 apellyasiya protesti verərək Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və məhkumun ərizəsinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. PROTESTIN DƏLILLƏRI: X2 apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkum barəsində mülahizə və şəxsi işdən onun cəzasının əvvəlinin ##.##.2022-ci il tarixdən hesablandığı, cəzanın ##.##.2027-ci il tarixdə başa çatdığı görünür. Məhkum Məhkum əvvəllər cəzasını Bakı Istintaq Təcridxanasında, * saylı Istintaq Təcridxanasında, Müalicə Müəssisəsində, Umbakı Penitensiar Müəssisəsində, * saylı cəzaçəkmə müəssisəsində çəkmiş, maraqlı şəxs2 ##.##.2025-ci ildə qəbul edilmişdir. Əməyə münasibəti mənfi, təhsilə münasibəti müsbətdir. Cəza çəkdiyi müddət ərzində barəsində 2 tənbeh tədbiri (##.##.2025-ci il tarixdə 5 gün CT, ##.##.2026-cı il tarixdə töhmət) və 1 həvəsləndirmə tədbiri (##.##.2024-cü il tarixdə təşəkkür) tətbiq olunmuşdur. 2025-ci ilin illik xasiyyətnamələri üzrə mənfi xarakterizə olunmuşdur. Apellyasiya protestində həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı komissiyasının ## #### 2026-cı il tarixli, ** saylı iclas protokoluna əsasən məhkum Məhkum vaxtından əvvəl şərti azad edilməsi ilə bağlı mənfi rəy verilməsi məqsədəmüvafiq hesab olunmuşdur. Protest müəllifinin mövqeyinə görə, məhkum ##.##.2025-ci il və ##.##.2026-cı il tarixlərdə tətbiq edilmiş tənbeh tədbirləri üzrə məhkəmə iclasında dindirilərkən rejim pozuntularını etiraf etmiş, bununla da həmin tənbeh tədbirlərinin haqlı tətbiq edildiyini bildirmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi cəmi iki aydan bir qədər artıq müddət əvvəl barəsində tənbeh tədbiri tətbiq edilmiş və sonrakı müddətdə hər hansı həvəsləndirmə tədbiri tətbiq olunmamış məhkumun islah olunması qənaətinə gəlmişdir. Odur ki, məhkəmənin Məhkum barəsində çıxardığı ##.##.2026-cı il tarixli qərarı əsassız olduğundan ləğv edilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin böyük prokuroru X3 protestin dəlillərini müdafiə edərək protestin təmin olunmasını, Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və protestin məzmununa uyğun yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi1 hər biri ayrı-ayrılıqda apellyasiya protestinin dəlilləri ilə razılaşmayıb, Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının qanuni və əsaslı olması səbəbindən dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Prokuror apellyasiya protestində məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya protesti müəllifinin başlıca dəlili məhkum tərəfindən verilmiş ərizənin təmin edilməsinin əsassız olmasıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzaların icrası qanunvericiliyinə müvafiq olaraq həmin Məcəllənin məqsədi məhkumları islah etmək, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq, vəzifəsi isə cəzaların icrası və çəkilməsi qaydalarını və şərtlərini tənzimləməkdən, məhkumların islah edilmə vasitələrini müəyyən etməkdən, məhkumların hüquq və azadlıqlarını, qanuni mənafelərini qorumaqdan ibarətdir. Məhkumların islah edilməsi – onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkumların islah edilməsinin əsas vasitələrindən biri cəzanın icrasının və çəkilməsinin müəyyən edilmiş qaydası – rejimdir. Məhkumlara islah edilmə vasitələri cəzanın növü, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq edilir (CIM-in 2 və 8-ci maddələri). Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edərkən, məhkəmə məhkumun üzərinə, bu Məcəllənin 70.5-ci maddəsində nəzərdə tutulmuş və cəzanın çəkilməmiş müddəti ərzində onun tərəfindən icra edilməli olan vəzifələr qoya bilər. Sözügedən Məcəllənin 76.3-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1.böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1. ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3. xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Göstərilən normanın məzmunundan görünür ki, məhkumun qanunla müəyyən edilmiş minimum müddəti faktiki çəkməsi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə üçün zəruri ilkin şərtdir. Lakin bu hal özlüyündə müraciətin birbaşa təmin edilməsini və ya rədd edilməsini şərtləndirmir. Məhkəmə, hər bir halda, məhkumun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum qalıb-qalmadığını onun davranışı, törətdiyi əmələ münasibəti, sosial əlaqələri, zərərin ödənilməsi və cəzaçəkmə dövründə şəxsiyyətini səciyyələndirən digər hallar əsasında qiymətləndirməlidir. Cəzaların Icrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən belə məsələlərə baxılarkən məhkumun cəza çəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Həmin norma mülahizənin nəzərə alınmasını tələb edir, lakin onu məhkəmə üçün əvvəlcədən müəyyənedici və məcburi nəticə kimi qəbul etmir. Buna görə də məhkəmə komissiya və ya müəssisə rəyini formal qaydada təkrarlamaqla kifayətlənməməli, həmin rəydə göstərilən halları işdə olan digər sübutlarla birlikdə qiymətləndirməli və nəticəni konkret faktlarla əsaslandırmalıdır. Məhkəmə kollegiyası materialı nəzərdən keçirib, apellyasiya protestinin dəlillərini müzakirə edib, apellyasiya protestinin təmin edilməsinə dair prokurorun, apellyasiya protestinin rədd edilməklə məhkəmə qərarının dəyişdirilmədən saxlanılması barədə məhkumun və müdafiəçisinin çıxışlarını dinləyib belə qənaətə gəlir ki, apellyasiya protesti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndində izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Həmin Plenum qərarının 2-ci bəndində məhkəmələrə bu xarakterli müraciətlərə baxılarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə edilmişdir. Plenum qərarında həmçinin izah olunmuşdur ki, törədilmiş cinayət əməlinin xarakteri, ziyanın ödənilməməsi, əvvəllər məhkum olunma, təqsirin etiraf edilməməsi və sair hallar qanunda cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməyə mütləq maneə kimi nəzərdə tutulmamışdır; bu hallar yalnız işin digər halları ilə birlikdə qiymətləndirilməlidir. Ilk növbədə kollegiya qeyd edir ki, CM-in 76-cı maddəsinin hüquqi mahiyyəti cəzanın formal çəkilmə müddətinin deyil, məhkumun islah olunma səviyyəsinin qiymətləndirilməsinə əsaslanır. Qanunverici cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiqini yalnız intizam tənbehlərinin olub-olmaması ilə deyil, məhkumun bütövlükdə davranışı, şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, sosial əlaqələri və cəzanın məqsədlərinə nail olunubolunmaması ilə əlaqələndirmişdir. Buna görə də cəzaçəkmə müddətində yol verilmiş hər hansı intizam pozuntusunun mövcudluğu birbaşa olaraq şəxsin islah olunmadığı nəticəsinə gətirmir. Protest müəllifi əsas dəlil kimi məhkum barəsində iki intizam tənbehi tətbiq edilməsini göstərmişdir. Kollegiya həmin dəlillə aşağıdakı səbəblərə görə razılaşmır. Şəxsi iş materiallarından görünür ki, məhkumun cəza çəkdiyi bütün müddət ərzində barəsində cəmi iki intizam tənbehi tətbiq edilmişdir. Həmin tənbehlərdən biri ##.##.2025-ci il tarixli olub, tətbiq edildiyi vaxtdan bir ildən artıq müddət keçmişdir. Digər tənbeh isə ##.##.2026-cı il tarixli töhmətdən ibarətdir. Məhkumun üç ildən artıq davam edən cəzaçəkmə dövründə iki intizam pozuntusuna yol verməsi, özü də həmin pozuntuların sistemli və davamlı rejim pozuntusu kimi təsdiq edilməməsi, onun islah olunmadığı barədə qəti nəticə çıxarmağa kifayət etmir. Kollegiya xüsusilə nəzərə alır ki, CM-in 76-cı maddəsində intizam tənbehinin mövcudluğu cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni istisna edən mütləq hüquqi əsas kimi nəzərdə tutulmamışdır. Əks yanaşma qəbul edilsəydi, məhkumun islah olunmasının qiymətləndirilməsi məhkəmənin hərtərəfli araşdırmasına deyil, yalnız formal intizam göstəricilərinə bağlanmış olardı ki, bu da həm CM-in 76-cı maddəsinin, həm də Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən izahlarının məzmununa uyğun olmazdı. Protestdə məhkumun tənbeh tədbirlərinə səbəb olmuş rejim pozuntularını etiraf etməsi də onun əleyhinə dəlil kimi göstərilmişdir. Kollegiya hesab edir ki, həmin hal ayrıca götürüldükdə məhkumun islah olunmadığını deyil, əksinə, yol verdiyi pozuntuları dərk etdiyini və onları inkar etmədiyini göstərir. Iş materiallarında həmin pozuntulardan sonra məhkum tərəfindən yeni, davamlı və ya kobud rejim pozuntularına yol verilməsi barədə həlledici məlumat mövcud deyildir. Protestdə həmçinin qeyd edilmişdir ki, son tənbeh tədbirindən sonra məhkum barəsində hər hansı həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Kollegiya hesab edir ki, bu hal da ərizənin rədd edilməsinə əsas vermir. Həvəsləndirmə tədbirləri məhkumun islah olunmasının yeganə göstəricisi hesab edilmir. Həvəsləndirmənin olmaması şəxsin mənfi xarakterizə olunması anlamına gəlmir. Əksinə, qanun məhkəmədən məhkumun davranışını kompleks şəkildə qiymətləndirməyi tələb edir. Şəxsi iş materiallarından görünür ki, məhkum törətdiyi əmələ münasibətdə peşman olmuş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, mülki iddia üzrə müəyyən edilmiş məbləği tam ödəmiş, ekspertiza xərclərini könüllü qaydada ödəmiş, ailə əlaqələrini qoruyub saxlamış və cəzaçəkmə dövründə təhsil və mütaliə ilə məşğul olmuşdur. Bu hallar onun şəxsiyyətində müsbət dəyişikliklərin baş verdiyini göstərən obyektiv meyarlardır. Bundan başqa, son tənbeh tədbirindən sonra keçən müddətin nisbətən qısa olması məhkəmə tərəfindən nəzərə alınmalı olan haldır, lakin həmin müddətin qısa olması yalnız digər davamlı mənfi göstəricilərlə birlikdə həlledici əhəmiyyət daşıya bilər. Hazırkı işdə isə şəxsi iş materiallarında məhkumun təhsilə münasibətinin müsbət olması, törətdiyi əmələ görə peşmanlıq ifadə etməsi, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışması, mülki iddia üzrə müəyyən edilmiş məbləği tam ödəməsi, ekspertiza xərclərini könüllü ödəməsi, ailə əlaqələrini qoruyub saxlaması, cəzaçəkmə dövründə təhsil və mütaliə ilə məşğul olması kimi hallar mövcuddur. Bu hallar onun şəxsiyyətində müsbət dəyişikliklərin baş verdiyini göstərən obyektiv meyarlardır. Həmçinin protest müəllifi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq komissiyasının mənfi rəyinə istinad etmişdir. Kollegiya həmin dəlili də əsaslı hesab etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəzaçəkmə müəssisəsinin və ya komissiyanın müsbət və ya mənfi rəyinin mövcudluğu məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş sübut qüvvəsinə malik deyildir. Məhkəmə həmin rəylərin əsaslılığını digər sübutlarla birlikdə yoxlamalı və müstəqil nəticəyə gəlməlidir. Deməli, komissiyanın mənfi rəyi özüözlüyündə ərizənin təmin edilməsindən imtina üçün kifayət hesab edilə bilməz. Əksinə, kollegiya qeyd edir ki, komissiyanın mənfi rəyi ilə şəxsi iş materiallarında əks olunmuş bir sıra obyektiv faktlar arasında ziddiyyət mövcuddur. Belə ki, məhkumun zərəri ödəməsi, zərərçəkmiş tərəflə barışması, ilk dəfə məhkum olunması, ehtiyatsızlıqdan cinayət törətməsi, ailə vəziyyəti, ali təhsilli olması və əvvəlki sosial davranışı onun islah olunma istiqamətində irəliləyiş göstərdiyini təsdiq edir. Kollegiya protestdə istinad olunan 2025-ci il tarixli mənfi xasiyyətnaməyə də hüquqi qiymət verir. Bu xüsusda müəyyən edilmişdir ki, həmin xasiyyətnamədə məhkumun əməyə münasibətinin normal olması, məhkumlar arasında özünü müsbət göstərməsi, tədbirlərdə iştirak etməsi, törətdiyi əmələ görə peşman olması və xasiyyətcə mülayim şəxs olması qeyd edilmişdir. Bununla yanaşı, yekun hissədə heç bir konkret əsaslandırma verilmədən onun islah olunmağa çalışmadığı göstərilərək mənfi xarakterizə edilməsi həmin sənədin daxili ziddiyyətli olduğunu göstərir. Belə ziddiyyətli sənəd məhkumun islah olunmaması barədə birmənalı nəticə çıxarmağa imkan vermir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin həmin xasiyyətnaməyə tənqidi yanaşması işin hallarına uyğundur. Çünki məhkumun islah olunması barədə qiymətləndirmə yalnız xasiyyətnamənin yekun rəyində işlədilmiş ümumi ifadələrə deyil, həmin sənədin özündə və şəxsi iş materiallarında göstərilən konkret davranış göstəricilərinə əsaslanmalıdır. Kollegiya həmçinin nəzərə alır ki, Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, cinayət ehtiyatsızlıqdan törədilmiş, CM-in 15-ci maddəsinə əsasən az ağır cinayət kateqoriyasına aid olmuşdur. O, CM-in 76.3.1-ci maddəsində nəzərdə tutulmuş minimum həddi keçərək cəzasının yarısından artıq hissəsini, yəni ## ##### 2026-cı il tarixinə təxminən 3 il 6 ay 28 gününü faktiki çəkmişdir. Cəzanın çəkilməmiş hissəsinin 1 il 2 ay 3 gün təşkil etməsi də göstərir ki, məhkum təyin edilmiş cəzanın mühüm hissəsini çəkmişdir. Iş materialları göstərir ki, məhkumun törətdiyi cinayət ehtiyatsızlıq xarakterli olmuş, o, zərərçəkmiş tərəflə barışmış, vurulmuş zərəri ödəmiş, ailə və sosial bağlarını qoruyub saxlamış, təhsil səviyyəsi və əvvəlki həyat tərzi ilə cəmiyyətə inteqrasiya imkanlarını saxlamışdır. Bu hallar cəzanın xüsusi xəbərdarlıq məqsədinə nail olunduğunu göstərir. Bundan əlavə, birinci instansiya məhkəməsi məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə kifayətlənməmiş, cəzanın çəkilməmiş hissəsi ərzində davranışı üzərində probasiya nəzarətinin həyata keçirilməsini və məhkumun üzərinə yaşayış yerini nəzarəti həyata keçirən orqana məlumat vermədən dəyişməmək vəzifəsini qoymuşdur. Bu vəzifə və nəzarət mexanizmi məhkumun cəmiyyətə nəzarətli reinteqrasiyasına, onun hüquqa zidd davranışlardan çəkindirilməsinə və cəzanın xəbərdaredici məqsədinin davam etdirilməsinə xidmət edir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun şəxsiyyətinə fərdi yanaşmış, CM-in 76-cı maddəsinin tələblərini düzgün tətbiq etmiş, bütün sübutları qarşılıqlı əlaqədə qiymətləndirmiş və əsaslandırılmış nəticəyə gəlmişdir. Protestdə göstərilən hallar isə həmin nəticəni təkzib edən yeni və ya həlledici hüquqi arqumentlər təşkil etmir. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı apellyasiya protestinin dəlilləri üzrə qanuni və əsaslıdır, onun ləğvi və ya dəyişdirilməsi üçün Cinayət-Prosessual Məcəlləsinin 399-cu maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Qeyd olunanlar baxılan işdə məhkəmə qərarının apellyasiya qaydasında ləğvini və apellyasiya protestinin təmin edilməsini tələb edən halların mövcud olmadığını göstərir. Buna görə də apellyasiya protesti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya protesti təmin olunmasın. Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı tarixli qərarı Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən kənar Icraatlar Idarəsinin prokuroru İ dərəcəli hüquqşunas X1 tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-9)-25/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-25/2026
19.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver