Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 7(3-9)-27/2026 03.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlunun sədrliyi ilə, Həşimov Yaşar Xanoğlan oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin böyük prokuroru X3, məhkum Məhkum müdafiəçisi-Şirvan Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Məhkum Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsinin başqa cəza növü ilə əvəz edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin maraqlı şəxs2 cəza çəkən Məhkum ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, cəzasının qalan hissəsinin başqa cəza növü ilə əvəz edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarına əsasən (Sədrlik edən Anar Pənahov) Məhkum cəzasının qalan hissəsinin başqa cəza növü ilə əvəz edilməsi barədə ərizəsi təmin edilməmişdir. Məhkəmə qərarından narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, onun ağır talassemiya xəstəsi olmasını, ilk məhkumluğunu, himayəsində üç azyaşlı qız uşağının olmasını, ona CM-in 206.3.2-ci maddəsi ilə qanunsuz olaraq 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının verildiyini nəzərə almaqla həmin cəzanın onun üzərindən götürülməsini, cəzanın qalan hissəsini daha yüngül cəza növü ilə əvəz edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkum Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri ona cəza verərkən ədalət və humanizm prinsiplərini pozublar. Məhkəmənin CM-in 206.3.2-ci maddəsi ilə ona verilmiş qərarı ədalətsiz və qanunsuzdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin # #### 2016-cı il tarixli Plenum qərarına əsasən 2016-cı ilin birinci yarımilliyinin iş planına əsasən respublika məhkəmələri tərəfindən qaçaqmalçılıqla bağlı baxılmış cinayət işləri üzrə ümumiləşdirmənin aparılması nəticəsində bir sıra nöqsanlara və qanun pozuntularına yol verilməsi aşkar edilmişdir. Öyrənilmiş işlərdən görünür ki, bəzən cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması təmin edilməmiş, qaçaqmalçılıq cinayəti törətmiş şəxslərin cinayət işi başlananadək tutulmaları barədə təhqiqat orqanları tərəfindən müvafiq prosessual sənəd (tutulma protokolu) tərtib edilmədən onların azadlıqlarının qanunsuz olaraq məhdudlaşdırılmasına baxmayaraq, məhkəmələr bu kobud qanun pozuntusuna münasibət bildirməmiş, qaçaqmalçılığın predmetini təşkil edən malların və digər əşyaların qaçaqmalçılıq yolu ilə keçirilməsində bilavasitə iştirak etməmiş şəxslər buna kifayət qədər əsaslar olmadan həmin cinayətin icraçısı kimi cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmuşlar. Əməl o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar CM-nin 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin böyük prokuroru X3 şikayətin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edib, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə proses iştirakçılarına qanunvericiliyin tələblərinə uyğun məlumat verilmişdir. Məhkum Məhkum məhkəməyə müraciət edərək ağır talassemiya xəstəsi olduğunu bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Müdafiəçinin iştirakı təmin edildiyindən, həmçinin məhkumun iradəsi onun yazılı müraciətində ifadə olunduğundan məhkəmə kollegiyası apellyasiya şikayətinə məhkumun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Məhkum apellyasiya şikayətində məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya şikayəti müəllifinin başlıca dəlili ərizəsinin təmin edilməməsinin əsassız olmasıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzaların icrası qanunvericiliyinə müvafiq olaraq həmin Məcəllənin məqsədi məhkumları islah etmək, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq, vəzifəsi isə cəzaların icrası və çəkilməsi qaydalarını və şərtlərini tənzimləməkdən, məhkumların islah edilmə vasitələrini müəyyən etməkdən, məhkumların hüquq və azadlıqlarını, qanuni mənafelərini qorumaqdan ibarətdir. Məhkumların islah edilməsi - onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkumların islah edilməsinin əsas vasitələrindən biri cəzanın icrasının və çəkilməsinin müəyyən edilmiş qaydası - rejimdir. Məhkumlara islah edilmə vasitələri cəzanın növü, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq edilir (CIM-in 2 və 8-ci maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi yalnız böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası çəkən şəxslər barəsində tətbiq edilə bilən hüquqi institutdur. Həmin norma məhkəməyə belə əvəzetməni tətbiq etmək hüququ versə də, bu hüququn həyata keçirilməsi qanunda nəzərdə tutulmuş subyektiv qiymətləndirmədən əvvəl obyektiv tətbiq şərtlərinin mövcudluğundan asılıdır. Başqa sözlə, məhkumun cəzaçəkmə müəssisəsində müsbət davranışı, peşmançılığı və digər fərdi xüsusiyyətləri yalnız qanunun müəyyən etdiyi ilkin hüquqi şərtlər mövcud olduqda qiymətləndirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli **/**** nömrəli qərarında da məhkəmələrə izah edilmişdir ki, qanunverici ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxslərin cəzalarının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunmasına qadağa qoymuşdur. Həmin Plenum qərarına görə, şəxs ağırlıq dərəcəsinə görə müxtəlif cinayətlərə görə cinayətlərin məcmusu və ya hökmlərin məcmusu üzrə cəzaya məhkum olunubsa, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması barədə məsələ qəti cəzaya münasibətdə və məcmuya daxil olan daha ağır cinayət üçün müəyyən edilmiş qaydaya əsasən tətbiq olunur. Cinayət Məcəlləsinin 77.2-ci maddəsində cəzanın müəyyən hissəsinin çəkilməsi bu institutun tətbiqi üçün zəruri şərtlərdən biri kimi nəzərdə tutulsa da, həmin müddəa 77.1-ci maddədə müəyyən edilmiş cinayətin kateqoriyasına dair tələbi aradan qaldırmır. Bu səbəbdən cəza müddətinin qanunda göstərilən hissəsinin çəkilməsi faktı, şəxsin cəzaçəkmə müəssisəsində davranışı və ya fərdi-məişət vəziyyəti yalnız 77.1-ci maddənin tətbiq dairəsi mövcud olduqda hüquqi əhəmiyyət kəsb edir. Beləliklə, cəza müddətinin qanunda göstərilən hissəsinin çəkilməsi öz-özlüyündə cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi üçün müstəqil hüquqi əsas yaratmır. Iş materiallarından müəyyən olunur ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökm apellyasiya qaydasında yoxlanılmış və Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2021-ci il tarixli hökmü ilə ona yekun cəza təyin edilmişdir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, məhkumun təqsirli bilindiyi əməllər ağır cinayətlər kateqoriyasına aiddir. Belə olan halda, məhkumun təqsirli bilindiyi cinayətlərin hüquqi kateqoriyası Cinayət Məcəlləsinin 77.1-ci maddəsinin tətbiq dairəsinə daxil olmadığından, onun cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi qanunla mümkün deyildir. Qanunun bu tələbi imperativ xarakter daşıdığından birinci instansiya məhkəməsi məhkumun şəxsiyyətinə və sosial vəziyyətinə dair məlumatları ayrıca qiymətləndirsə belə, ağır cinayətlərə görə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini CM-in 77-ci maddəsi əsasında daha yüngül cəza ilə əvəz edə bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən maddi hüquq normasını düzgün tətbiq etmiş və qanunun imperativ tələblərinə uyğun qərar qəbul etmişdir. Apellyasiya şikayətində məhkum ona CM-in 206.3.2-ci maddəsi ilə qanunsuz olaraq cəza təyin edildiyini, həmin maddənin üzərindən götürülməli olduğunu göstərmişdir. Lakin, məhkəmə kollegiyası həmin dəlili əsaslı hesab etmir. Belə ki, hazırkı icraatın predmeti məhkumun təqsirliliyi, əmələ verilmiş hüquqi tövsif və ya qanuni qüvvəyə minmiş ittiham hökmünün yoxlanılması deyil, yalnız cəzanın icrası mərhələsində Cinayət Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduğu halda cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsinin mümkünlüyünün qiymətləndirilməsindən ibarətdir. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün qanuniliyi və əsaslılığı həmin hökmün yoxlanılması üçün qanunla nəzərdə tutulmuş prosessual qaydada mübahisələndirilə bilər. Bu səbəbdən məhkumun Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə əsassız məhkum edilməsi, həmin maddənin hökmdən çıxarılması və ya ona bəraət verilməsi barədə dəlilləri hazırkı icraatın predmetinə aid olmadığından həmin arqumentlər üzrə hüquqi qiymətləndirmə aparılması mümkün deyildir. Apellyasiya instansiyası hazırkı mərhələdə qanuni qüvvəyə minmiş hökm üzrə sübutların yenidən qiymətləndirilməsi və ya hüquqi tövsifin dəyişdirilməsi səlahiyyətini həyata keçirmir. Məhkumun apellyasiya şikayətində istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin # #### 2016-cı il tarixli Plenum qərarında qaçaqmalçılıq cinayətləri üzrə bəzi işlərdə yol verilmiş qanun pozuntularına dair göstərilən ümumiləşdirmələr də hazırkı mübahisənin həllinə təsir göstərmir. Həmin Plenum qərarında ifadə olunan hüquqi mövqelər cinayət işlərinə mahiyyəti üzrə baxılarkən cinayət qanununun düzgün tətbiqinə yönəlmiş izahlar olmaqla, qanuni qüvvəyə minmiş hökm əsasında cəzanın icrası mərhələsində Cinayət Məcəlləsinin 77-ci maddəsinin tətbiqi məsələsinin həlli üçün hüquqi əsas yaratmır. Başqa sözlə, həmin qərar məhkumun işinə mahiyyəti üzrə təkrar baxılması üçün deyil, qaçaqmalçılıq cinayətləri üzrə sübutetmə və tövsif məsələlərində məhkəmə təcrübəsinin istiqamətləndirilməsi üçün qəbul edilmiş izahdır. Apellyasiya şikayətində məhkum ağır talassemiya xəstəliyindən əziyyət çəkməsini, ilk dəfə məhkum olunmasını, himayəsində üç azyaşlı övladının olmasını və törətdiyi əməldən peşmanlıq hissi keçirdiyini də göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan hallar şəxsin fərdiləşdirilmiş vəziyyətini xarakterizə edən məlumatlar olmaqla müəyyən hallarda məhkəmə tərəfindən nəzərə alına biləcək amillərdir. Lakin bu hallar Cinayət Məcəlləsinin 77.1-ci maddəsində nəzərdə tutulmuş tətbiq şərtlərini əvəz etmir və qanunun imperativ tələblərinin tətbiq edilməməsi üçün əsas hesab oluna bilməz. Şəxsin sağlamlıq vəziyyəti də cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsinin müstəqil hüquqi əsası kimi Cinayət Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmamışdır. Sağlamlıq vəziyyəti ilə bağlı məsələlər qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqi mexanizmlər çərçivəsində qiymətləndirilə bilər, lakin həmin hal hazırkı icraatın predmetinə daxil deyildir. Sağlamlıq vəziyyəti ilə əlaqədar cəza çəkməkdən azad etmə məsələsi qanunvericilikdə ayrıca hüquqi mexanizm kimi nəzərdə tutulmuşdur və bu məsələ müvafiq tibbi sənədlər, səlahiyyətli komissiyanın rəyi və qanunla müəyyən edilmiş prosessual qayda çərçivəsində qiymətləndirilə bilər. Hazırkı icraat isə məhkumun xəstəliyə görə cəzadan azad edilməsi barədə müraciəti deyil, CM-in 77-ci maddəsi əsasında cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi barədə ərizəsi üzrə aparılmış icraatdır. Nəticədə, məhkumun apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz və ya əsassız olmasını təsdiq etmir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual və maddi hüquqi əsaslar yaratmır. Ərizənin rədd edilməsinin həlledici hüquqi əsası məhkumun davranışı və ya şəxsi vəziyyəti deyil, onun ağır cinayətlərə görə azadlıqdan məhrum etmə cəzası çəkməsi səbəbindən CM-in 77.1-ci maddəsinin tətbiq dairəsinə daxil olmamasıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cəzanın icrası mərhələsində məhkumun hüquqi vəziyyətinin dəyişdirilməsi ilə bağlı məsələlər dövlətlərin qiymətləndirmə səlahiyyətinə aid olmaqla, belə institutların tətbiqi milli qanunvericilikdə müəyyən edilmiş şərtlər əsasında həyata keçirilir. Bu yanaşma Avropa Şurası Nazirlər Komitəsinin penitensiar siyasətə dair tövsiyələrində də ("Şərti azad etmə haqqında" Tövsiyəsi - (Rec(2003)22 və "X7" - Rec(2006)2) öz əksini tapmışdır. Həmin sənədlərə əsasən, məhkumların cəmiyyətə reinteqrasiyasına xidmət edən hüquqi mexanizmlər dövlətlər tərəfindən müəyyən edilən qanuni meyarlar çərçivəsində tətbiq olunmalı və qərarlar qanunla müəyyən edilmiş obyektiv şərtlərə əsaslanmalıdır. Bu baxımdan, milli qanunvericilikdə cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsinin yalnız müəyyən kateqoriya cinayətlər üzrə nəzərdə tutulması özlüyündə beynəlxalq standartlarla ziddiyyət təşkil etmir. Avropa Insan Hüquqları Məhkəməsi öz presedent hüququnda vurğulamışdır ki, Insan Hüquqlarının və X5 haqqında Konvensiya cəzanın icrası mərhələsində şərti azadetmə və ya cəzanın yüngülləşdirilməsi üçün mütləq hüquq yaratmır. Belə institutların tətbiqi milli qanunvericiliklə müəyyən edilən şərtlərdən asılıdır və məhkəmələr həmin şərtləri tətbiq edərkən qanunun tələblərinə riayət etməlidirlər. Məhkəmə kollegiyası iş üzrə təhlil edilmiş halların məhkumun cəzasının qalan hissəsinin başqa cəza növü ilə əvəz edilməsi üçün əsas verməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaətini əsaslı və Cinayət-Prosessual Məcəlləsinin 513.1-ci maddəsinin tələblərinə cavab verən qanuni nəticə kimi qiymətləndirir və bu səbəblərdən apellyasiya şikayəti ilə mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsas müəyyən etmir. Birinci instansiya məhkəməsi müraciətin predmetini düzgün müəyyən etmiş, CM-in 77-ci maddəsinin tətbiqi üçün ilkin hüquqi şərtin mövcud olmadığını əsas götürmüş və nəticədə ərizənin təmin edilməməsi barədə qanuni qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunanlar, birinci instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə məhkəmə kollegiyası belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1, 513.1 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı tarixli qərarı məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-9)-27/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-27/2026
03.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver