Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 7(3-9)-30/2026 06.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Həşimov Yaşar Xanoğlan oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan İsmayıl oğlunun katibliyi, prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin böyük prokuroru Prokuror, məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum ərizə ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarına əsasən (sədrlik edən Vəsilə Əliyeva) Məhkum cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilməmişdir. Məhkəmə qərarından narazı qalan məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayəti verərək, Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cəza çəkdiyi müddət ərzində müəssisənin daxili nizam-intizam qaydalarına tam şəkildə riayət etmiş, müəssisə rəhbərliyi tərəfindən şifahi xəbərdarlıq və ya töhmət almamış, digər məhkumlarla mehriban münasibətdə olmuş, peşə təhsilinə cəlb edilmiş və peşə ixtisasına yiyələnmişdir. O, əməyə müsbət münasibət göstərdiyini, özünü tam islah olunmuş hesab etdiyini, hazırda həbsdə qalmasının himayəsində olan iki azyaşlı uşağa qayğı göstərmək imkanını məhdudlaşdırdığını və ailəsi üçün mənəvi çətinlik yaratdığını bildirmişdir. Şikayət müəllifinə görə, birinci instansiya məhkəməsi bu hallara lazımi hüquqi qiymət verməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin böyük prokuroru Prokuror şikayətin təmin olunmamasını, Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən məhkum edilmiş şəxs Məhkum və müdafiəçi X1 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib şikayətin təmin edilməsini məhkəmədən xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Məhkum apellyasiya şikayətində məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya şikayəti müəllifinin əsas dəlili ondan ibarətdir ki, cəzaçəkmə müddətində davranışı, tənbehinin olmaması, peşə təhsilinə cəlb edilməsi, əməyə münasibəti və ailə vəziyyəti onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün kifayət hesab edilməli idi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzaların icrası qanunvericiliyinə müvafiq olaraq həmin Məcəllənin məqsədi məhkumları islah etmək, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq, vəzifəsi isə cəzaların icrası və çəkilməsi qaydalarını və şərtlərini tənzimləməkdən, məhkumların islah edilmə vasitələrini müəyyən etməkdən, məhkumların hüquq və azadlıqlarını, qanuni mənafelərini qorumaqdan ibarətdir. Məhkumların islah edilməsi - onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkumların islah edilməsinin əsas vasitələrindən biri cəzanın icrasının və çəkilməsinin müəyyən edilmiş qaydası - rejimdir. Məhkumlara islah edilmə vasitələri cəzanın növü, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq edilir (CİM-in 2 və 8-ci maddələri). Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edərkən, məhkəmə məhkumun üzərinə, bu Məcəllənin 70.5-ci maddəsində nəzərdə tutulmuş və cəzanın çəkilməmiş müddəti ərzində onun tərəfindən icra edilməli olan vəzifələr qoya bilər. Sözügedən Məcəllənin 76.3-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1. ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3. xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Məhkəmə kollegiyası materialı nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya şikayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və müdafiəçinin, apellyasiya şikayətinin rədd edilməklə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə prokurorun çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli **/**** nömrəli Qərarının 1-ci bəndində izah olunmuşdur ki, bu xarakterli müraciətlərə baxılarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi, müsbət xarakterizə olunubolunmaması, davranışı, əməyə münasibəti və cəzaçəkmə müəssisəsinin mülahizəsi əsas amillər kimi araşdırılmalıdır. Həmin izaha görə, cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq, məhkəmə mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli şəkildə yoxlamalı, ümumi və şablon ifadələrlə kifayətlənməməlidir. X2 2-ci bəndində məhkəmələrə bu kateqoriyadan olan müraciətlərə baxılarkən hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması izah edilmişdir. Qərarda həmçinin göstərilmişdir ki, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməməsi, əvvəllər məhkum olunma, təqsiri etiraf etməmə və sair hallar özlüyündə şərti olaraq vaxtından əvvəl azad edilməyə maneə kimi nəzərdə tutulmamışdır. Lakin bu hallar məhkumun törətdiyi əmələ münasibəti, davranışı, islah olunma dinamikası və cəzanın məqsədlərinə faktiki nail olunub-olunmaması ilə birlikdə qiymətləndirilməlidir. Ali Məhkəmə Plenumunun qeyd olunan izahları baxımından məhkumun şərti olaraq vaxtından əvvəl azad edilməsi məsələsində məhkəmə iki mərhələli qiymətləndirmə aparmalıdır: əvvəlcə CM-in 76.3-cü maddəsində nəzərdə tutulmuş cəzanın müəyyən hissəsinin faktiki çəkilib-çəkilməməsi yoxlanılmalı, bundan sonra isə CM-in 76.1-ci maddəsinin əsas meyarı - məhkumun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum qalıb-qalmaması konkret davranış göstəriciləri əsasında müəyyən edilməlidir. Bu mərhələlərdən yalnız birincisinin mövcudluğu ikinci meyarın da avtomatik təsdiq edilməsi kimi qəbul oluna bilməz. Apellyasiya şikayətində himayədə iki azyaşlı uşağın olması barədə göstərilən hal da ayrıca qiymətləndirilməlidir. Ailə vəziyyəti və azyaşlı uşaqların mövcudluğu humanitar baxımdan nəzərə alınmalı hal olsa da, CM-in 76-cı maddəsində şərti olaraq vaxtından əvvəl azad etmənin müstəqil və məcburi əsası kimi nəzərdə tutulmamışdır. Bu hal yalnız məhkumun islah olunma göstəriciləri ilə birlikdə qiymətləndirilə bilər. Hazırkı materiallarda isə ailə vəziyyətinin özü məhkumun cəzanın məqsədlərinə nail olduğunu təsdiq edən hüquqi əsas kimi çıxış etmir. Məhkum edilmiş şəxs müraciətini ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının qanunla tələb olunan hissəsini çəkməsi, daxili intizam qaydalarına riayət etməsi, verilən tapşırıqları yerinə yetirməsi, peşə təhsilinə cəlb olunması, mədəni-kütləvi tədbirlərdə iştirak etməsi və ailə vəziyyəti ilə əsaslandırmışdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, cəzanın qanunla müəyyən edilmiş hissəsinin çəkilməsi CM-in 76.3-cü maddəsi baxımından yalnız ilkin formal şərtdir və həmin şərtin mövcudluğu özü-özlüyündə CM-in 76.1-ci maddəsində nəzərdə tutulan məhkumun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum qalmaması barədə məhkəmə qənaətini birbaşa yaratmır. Bu baxımdan birinci instansiya məhkəməsinin məhkum edilmiş şəxs barəsində tərtib olunmuş mülahizəni, şəxsi iş materiallarını və məhkəmə iclasında verilmiş izahatları əlaqəli şəkildə qiymətləndirməsi əsaslıdır. Şərti olaraq vaxtından əvvəl azadetmə imperativ qaydada tətbiq edilən institut deyil; onun tətbiqi üçün məhkəmədə məhkumun davranışı, əməyə və törətdiyi əmələ münasibəti, şəxsiyyətini səciyyələndirən məlumatlar və cəzaçəkmə müddətindəki real islah göstəriciləri əsasında cəzanın məqsədlərinə artıq nail olunması barədə inandırıcı qənaət formalaşmalıdır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, məhkum edilmiş şəxsin cəzaçəkmə müəssisəsində intizam tənbehinə məruz qalmaması və ümumi qaydalara riayət etməsi müsbət hal kimi nəzərə alınsa da, bu hal cəzaçəkmə rejiminin məhkum üçün məcburi tələblərinə əməl olunmasını ifadə edir. Şərti olaraq vaxtından əvvəl azad edilmə üçün yalnız pozuntunun olmaması deyil, məhkumun islah istiqamətində sabit, fəal və fərdi müsbət dəyişiklik göstərməsi, azadlığa çıxdıqdan sonra qanunauyğun davranışla cəmiyyətə reinteqrasiya olunacağı barədə məhkəmədə əsaslı əminlik yaratması tələb olunur. İş materiallarından görünür ki, Məhkum müəssisədə müsbət xarakterizə olunsa, intizam tənbehinə məruz qalmasa və törətdiyi əmələ görə peşmançılıq hissi keçirdiyini bildirsə də, həmin hallar onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum qalmaması barədə qəti qənaətə gəlmək üçün kifayət etmir. Məhkumun peşə təhsilinə cəlb edilməsi və müəyyən tədbirlərdə iştirakı onun davranışının qiymətləndirilməsində nəzərə alınmalı hallardır, lakin bu hallar cəzanın məqsədlərinə tam nail olunmasını deyil, yalnız cəzaçəkmə dövründə müşahidə olunan ümumi müsbət davranış elementlərini göstərir. Kollegiya törədilmiş cinayətin xarakterini ayrıca və müstəqil rədd əsası kimi deyil, məhkum edilmiş şəxsin şəxsiyyəti və islah olunma göstəriciləri ilə birlikdə qiymətləndirir. Hökm üzrə onun narkotik vasitələrin dövriyyəsi ilə bağlı əmələ görə məhkum edilməsi törədilmiş əmələ münasibətin, peşmançılığın real xarakterinin və cəzaçəkmə dövründə formalaşmış davranış modelinin daha diqqətlə yoxlanılmasını tələb edir. Hazırkı materiallarda isə məhkumun gələcəkdə hüquqa zidd davranışdan çəkinəcəyinə dair məhkəmədə yetərli və inandırıcı əminlik yaradan əlavə müsbət göstəricilər müəyyən edilmir. Cəzaçəkmə müəssisəsi və müvafiq komissiya tərəfindən verilmiş müsbət rəy məhkəmə tərəfindən nəzərə alınmalı sübut mənbələrindən biri olsa da, hüquqi baxımdan məhkəmə üçün məcburi xarakter daşımır. Həmin rəy məhkumun şəxsi işi, cəzaçəkmə müddətində davranışı, əməyə və törətdiyi əmələ münasibəti, həvəsləndirmə və tənbeh tədbirləri, proses iştirakçılarının izahatları və digər materiallarla birlikdə qiymətləndirilməlidir. Buna görə müsbət mülahizə və ya tənbehin olmaması məhkəməni avtomatik olaraq ərizəni təmin etməyə məcbur etmir. Beləliklə, məhkum edilmiş şəxsin davranışında müsbət xarakterli hallar mövcud olsa da, həmin hallar CM-in 76.1-ci maddəsinin mənasında onun islah olunmaq üçün cəzanı tam çəkməsinə artıq lüzum qalmaması və cəzanın məqsədlərinə nail olunması barədə əsaslı qənaətin formalaşması üçün kifayət etmir. Bu səbəbdən birinci instansiya məhkəməsinin ərizəni təmin etməməsi qanuni və əsaslı nəticə kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası iş üzrə təhlil edilmiş halların məhkum edilmiş şəxsin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün əsas verməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı və Cinayət-Prosessual Məcəlləsinin 513-cü maddəsinin tələblərinə cavab verən qanuni nəticə kimi qiymətləndirir. Bu səbəblərdən apellyasiya şikayəti ilə mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas müəyyən edilmir. Qeyd olunanlar baxılan işdə məhkəmə qərarının apellyasiya qaydasında ləğvini və ya dəyişdirilməsini tələb edən Cinayət-Prosessual Məcəlləsinin 399.1-ci maddəsində nəzərdə tutulmuş halların mövcud olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin olunmasın. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-9)-30/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-30/2026
06.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver