Məhkəmə qərarları › İş №7(3-9)-32/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-32/2026

06.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 7(3-9)-32/2026 06.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru X4, məhkum Məhkum, müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, məhkum Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin rədd edilməsinə dair Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Salyan Rayon Məhkəməsinin (hakim X1 oğlunun sədrliyi) ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə ##.##.1986-cı il tarixdə Quba rayonu, Xucbala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olmaqla yaşamış, Qax Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2025ci il tarixli qərarı ilə 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 2 il 6 ay müddətinə endirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə cəzası 6 ay azaldılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin olunmaması barədə qərar qəbul edilmişdir. Qərardan narazı qalan məhkum Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, cəza çəkdiyi müddəti və ailə vəziyyətini nəzərə alaraq ərizəsinin təmin olunmasını və çəkilməmiş qalan cəzasından şərti olaraq vaxtından əvvəl azad olunmasını xahiş etmişdir. Ərizə əsasında işə baxan birinci instansiya məhkəməsi məsələni yuxarıda göstərilən qaydada həll etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkum Məhkum apellyasiya şikayəti verərək, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarını ləğv edilməsini və onun işinə ədalətli və qanunla baxıb yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin hökmü ilə təqsirli bilinərək, CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasının əvvəli ## ####### 2024-ci il tarixdən hesablanır. Həmin hökümdən Şəki Apellyasiya Məhkəməsinə şikayət vermiş və cəzası 2 il 6 aya endirilmişdir. Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə Kassasiya şikayəti vermişdir. Cəzası Ali Məhkəmədə 1 il 11 aya endirilmişdir. AR CPM-nin müvafiq maddələrini nəzərə alaraq yerdə qalan cəzanın yəni 03 ay 12 gün müddəti vaxtından əvvəl şərti azadlığa buraxılmağı üçün Slyan Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəsi ##.##.2026-cı il tarixdə baxılaraq qərəzli olaraq onu vaxtından əvvəl azalığa buraxmadılar. Dəfələrlə ağır xəstəlikdən əziyyət çəkdiyini bildirsədə (ikinci dərəcəli ürək çatışmazlığı) açıq ürək əməliyyatı, yüksək ankomarkerli onkoloji xəstəliyini, epilepsiya və zəhərli zobdan əziyyət çəkdiyi, gün ərzində 14-16 ədəd dərman pereparatları olan həbləri qəbul etsədə məhkəmə bunu humanist kimi qəbul etməmiş və qərarın qüvvədə qalmasını bildirdi. Himayəsində azyaşlı övladlarının olması və reanimasiya şəraitdə olan xəstə valideyinini, anasının xəstəlik sənədlərini də təqdim etmişdir. Proses iştirakçılarının çıxışları: Apellyasiya məhkəməsinin iclasında: Məhkum Məhkum apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkumun müdafiəçisi Müdafiəçi məhkumun verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmaqla ərizəsinin təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru, R X4 məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı, apellyasiya şikayətində qeyd edilən xüsusatların isə əsassız olduğunu göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 520.7-ci maddəsində qeyd edilir ki, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında çıxarılmış məhkəmə qərarından bu Məcəllədə nəzərdə tutulmuş qaydada apellyasiya və ya kassasiya şikayəti yaxud protesti verilə bilər. CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib və proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlillərinə əsasən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilə və ya ləğv oluna bilməz. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş iş materiallarından müəyyən olunur ki, Qax Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ##.##.2025-ci il tarixli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2025ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Bazayev İslam İsaq oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Qax Rayon Məhkəməsinin *(***)-*/**** nömrəli, ## #### 2025-ci il tarixli hökmü təqsirləndirilən şəxs Məhkum təyin olunmuş cəzaya münasibətdə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən təyin edilmiş 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay müddətinə endirilmiş, Qax Rayon Məhkəməsinin *(***)-*/**** nömrəli, # #### 2025-ci il tarixli hökmü qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından görünür ki, məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının məhkum Məhkum barəsindəolan 2025-ci il ## ####### tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4- cü maddələri ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 2 (iki) il 5 (beş) aya endirilmiş, "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il ## ###### tarixli Qərarının 3.1-ci bəndinə əsasən Məhkum təyin edilmiş 2 (iki) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmışdır. Məhkumun şəxsi işindən görünür onun cəzasının əvvəli ##.##.2024-cü il tarixdə başlayır, sonu ##.##.2026-cı il tarixdə bitir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi məhkum Məhkum cəza çəkdiyi müddət ərzində tam islah olunmadığı, onun islah olunmasının işin faktiki halları ilə təsdiq edilmədiyi qənaətinə gəlmişdir. Məhkəmə müəyyən etmişdir ki, məhkum qanunla nəzərdə tutulmuş cəza müddətinin müvafiq hissəsini çəksə də, cəza çəkdiyi müddətdə davranışında sabit müsbət dəyişikliklər nümayiş etdirməmiş, tərbiyəvi və profilaktik tədbirlərdə passiv iştirak etmiş, əməyə və verilən tapşırıqlara münasibəti mənfi olmuş, özünü inkişaf etdirmək istiqamətində təşəbbüs göstərməmiş, habelə barəsində intizam tənbehləri tətbiq edilmiş və qüvvədə olan intizam tənbehi mövcud olmuşdur. Bundan əlavə, məhkum törətdiyi əməllərin ictimai təhlükəliliyini düzgün qiymətləndirməmiş, törətdiyi cinayətə tənqidi yanaşma nümayiş etdirməmiş və davranışı onun islah olunduğu qənaətinə gəlməyə kifayət etməmişdir. Göstərilən halları, eləcə də məhkumun cəza çəkdiyi müəssisə tərəfindən mənfi xarakterizə olunmasını, Ədliyyə Nazirliyinin Komissiyasının onun şərti olaraq vaxtından əvvəl azad edilməsini məqsədəmüvafiq hesab etməməsi barədə rəyini, törədilmiş cinayətin xarakterini və cəzanın məqsədlərini nəzərə alaraq birinci instansiya məhkəməsi məhkumun cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün qanunla nəzərdə tutulmuş əsasların mövcud olmadığı nəticəsinə gəlmiş və ərizənin təmin edilməməsi barədə qanuni və əsaslı qərar qəbul etmişdir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan qənaətini əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Cinayət Məcəlləsinin 76.3.1-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə əsasən cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla məhkəmə cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. Məcəllənin 513.2-ci maddəsinə əsasən məhkəmə cəzanın çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad etmədən və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmədən imtina etdikdə, həmin məsələlər üzrə ərizənin və ya vəsatətin təkrarən baxılmasına müvafiq ərizənin təmin edilməsinin rədd edilməsi haqqında məhkəmə qərarı çıxarıldığı gündən azı 6 (altı) ay keçdikdən sonra yol verilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.1 və 170.2-ci maddələrinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Mülahizə ilə birlikdə məhkəməyə məhkumun şəxsi işi də göndərilir. Həmin Məcəllənin 170.7-ci maddəsinə əsasən məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, habelə cəzanın çəkilməsinin təxirə salınması məhkəmə tərəfindən rədd edildiyi hallarda, təkrar ərizəyə məhkəmənin rədd haqqında qərar qəbul etdiyi gündən ən azı altı ay sonra baxıla bilər. «Cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2010-cu il tarixli * saylı Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirilməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. * saylı Cəzaçəkmə Müəssisəinin yazılı mülahizəsindən görünür ki, Məhkum * saylı cəzaçəkmə müəssisəsinə ##.##.2025-ci il tarixdə Şəki PM-dən qəbul edilmişdir. Məhkəmə tərəfindən ona təyin edilmiş cəzanın ikidə bir hissəsindən çoxunu çəkmişdir. Cinayətin qısa təsnifatı: O, 5 epizod üzrə qəsdən özgənin əmlakını ələ keçirmək məqsədi vətəndaşların etibarından sui-istifadə edərək zərərçəkmiş şəxslərə ümumilikdə 35630 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Özünü təqsirli bilmir. Mülki iddia yoxdur. Zərərçəkmiş şəxslərlə barışıq əldə olunmuşdur. Mənfi xarakterizə olunur. Məhkumun müəssisəyə daxil olduğu ilk gündən törətdiyi cinayətin ağırlıq dərəcəsi nəzərə alınaraq müəssisədə olduğu müddətdə ona hüquq və vəzifələrini aydın dərk etməsi, cəzanın çəkilməsi qaydalarının mahiyyətini və məzmununu düzgün başa düşməsi məqsədi ilə maarifləndirmə işi aparılmış, pedaqoji və psixoloji təsiretmə üsul və vasitələrdən istifadə edilmiş, bu sahədə hüquqi biliklərə yiyələnməsi üçün müvafiq şərait yaradılmışdır. Cəza çəkdiyi müddət ərzində davranışı ilə bağlı müsbət dəyişikliklər nümayiş etdirməmişdir. Tərbiyəvi və profilaktiki təbdbirlərdə iştirakı passiv xarakter daşıyır, aparılan söhbətlərdən və izahat işlərindən lazımı nəticə çıxarmadığı müşahidə edilir. Əməyə və verilən tapşırıqlara münasibəti məsuliyyətli hesab olunmur. Kollektivdə diğər məhkumlarla və müəssisə əməkdaşları ilə münasibətlərində müəyyən çətinliklər mövcuddur. Davranışında sabit müsbət dəyişikliklər qeydə alınmadığından onun islah olunduğu qənaətinə gəlmək mümkün deyil. Buna görə də məhkumun xarakterizası mənfi qiymətləndirilir. Məhkum cəzaçəkmə dövründə müəyyən olunmuş qaydalara münasibətdə tələb olunan səviyyədə intizam nümayiş etdirməmişdir. Şəki PM-də tərtib edilmiş istiqamətləndirmədə onun, özünə və ətrafdakılara xəsarət yetirməyə və əməkdaşlara müqavimət göstərməyə, müəssisənin normal iş fəaliyyətin pozmağa, imtiyazlı şərait əldə etmək üçün hiyləgər üsullrdan və yaxın qohumlarından istifadə edərək müəssisə əməkdaşlarını qanuni mövqelərindən çəkindirmək məqsədilə barələrində şər və böhtan xarakterli söhbətlər apararaq yuxarı instansiyaların adından hədə-qorxu gələrək şantaj etməyə və yuxarı instansiyalara şikayət məktubu yazmağa meyillidir. Şəki PM-də saxlanıldığı dövrdə barəsində iki dəfə tənbeh tədbiri tətbiq edilmişdir.

1. ##.##.2025-ci il tarixdə 7 gün müddətinə cərimə təcridxanasına keçirilmişdir.

2. ##.##.2025-ci il tarixdə 2 gün müddətinə təcridxanasına keçirilmişdir. İntizam tənbehi qüvvədədir. Müəssisədə cəza çəkdiyi müddətdə barəsində həvəsləndirmə tədbirinin tətbiq edilməsinə baxmayaraq, məhkum Məhkum özünü mənfi xaraklterli məhkum kimi göstərmişdir. O, törətdiyi əməllərin cəmiyyət üçün yaratdığı təhlükəni və mənfi nəticələrini düzgün qiymətləndirmir. Dəstədə keçirilən tərbiyəvi tədbirlərdə iştirak etmir. Əməyə münasibəti mənfidir. Müəssisədə cəza çəkdiyi müddət ərzində təsərrüfat və məişət xidmətində əməyə cəlb olunmayıb. İşləmək və əmək fəaliyyəti ilə məşğul olmaq istəyi müşahidə olunmur. Əmək tərbiyəvi tədbirlərdən yayınmağa çalışmışdır. Eyni zamanda müəssisə ərazisində aparılan abadlıq və quruculuq işlərində iştirak etmir. Özünü inkişaf etdirmək istiqamətində təşəbbüs göstərmir. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məsələsinə Ədliyyə Nazirliyinin Komissiyasının iclasında baxılmış və ** saylı protokola əsasən onun mənfi xarakterizə olunmasını, cəza çəkdiyi müddətdə barəsində tənbehtədbirinin tətbiq edildiyi və s. halları nəzərə alaraq mənfi rəy verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Qeyd edilənləri, məhkumun islah olunmamasını və islah olunma işində mühüm əhəmiyyət kəsb edən amilləri nəzərə alaraq, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəuyğun hesab edilməmişdir. Apellyasiya şikayətində məhkum Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkdiyini, ağır xəstəliklərdən əziyyət çəkdiyini, himayəsində azyaşlı övladlarının və ağır xəstə valideyninin olmasına baxmayaraq cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilmədiyini göstərərək, həmin qərarın ləğv edilməsini və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən hallar ayrılıqda və ya məcmu halda məhkumun tam islah olunmasını və cəzanın məqsədlərinə nail olunduğunu təsdiq edən kifayət qədər obyektiv hüquqi əsas kimi qiymətləndirilə bilməz. Belə ki, məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkməsi cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə üçün zəruri şərt olsa da, bu hal özlüyündə həmin institutun tətbiqi üçün yetərli hesab edilə bilməz. İş materiallarından müəyyən edilir ki, məhkum cəza çəkdiyi müddətdə davranışında sabit müsbət dəyişikliklər nümayiş etdirməmiş, tərbiyəvi və profilaktik tədbirlərdə iştirakı passiv xarakter daşımış, aparılan söhbətlərdən və izahat işlərindən lazımi nəticə çıxarmamış, əməyə və verilən tapşırıqlara münasibəti mənfi olmuş, əmək fəaliyyətinə cəlb olunmamış, işləmək və əmək fəaliyyəti ilə məşğul olmaq istəyi müşahidə edilməmiş, əmək tərbiyəvi tədbirlərdən yayınmağa çalışmış, müəssisə ərazisində aparılan abadlıq və quruculuq işlərində iştirak etməmiş, özünü inkişaf etdirmək istiqamətində hər hansı təşəbbüs göstərməmiş, törətdiyi əməllərin cəmiyyət üçün yaratdığı təhlükəni və mənfi nəticələrini düzgün qiymətləndirməmiş, törətdiyi cinayətə münasibətdə tənqidi yanaşma nümayiş etdirməmiş, kollektivdə digər məhkumlar və müəssisə əməkdaşları ilə münasibətlərində müəyyən çətinliklər mövcud olmuş, barəsində iki dəfə intizam tənbehi tətbiq edilmiş və intizam tənbehi qüvvədə olmuşdur. Cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizədə məhkumun mənfi xarakterizə olunduğu, davranışında sabit müsbət dəyişikliklərin qeydə alınmadığı, islah olunmadığı və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinin məqsədəmüvafiq hesab edilmədiyi göstərilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi həmin mülahizəni və iş materiallarını əsas götürərək məhkumun islah olunmadığı nəticəsinə gəlmişdir. Bundan əlavə, məhkumun ağır xəstəliklərdən əziyyət çəkməsi, himayəsində azyaşlı övladlarının və ağır xəstə valideyninin olması da onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini şərtləndirən müstəqil hüquqi əsas hesab edilə bilməz. Bu hallar məhkəmə tərəfindən nəzərə alınsa da, iş üzrə müəyyən edilmiş digər faktiki hallar, məhkumun şəxsiyyətini səciyyələndirən məlumatlar, cəza çəkdiyi müddətdə davranışı, törətdiyi cinayətə tənqidi yanaşma nümayiş etdirməməsi, əməyə münasibəti, intizam tənbehlərinin mövcudluğu və tam islah olunduğunu təsdiq edən kifayət qədər obyektiv məlumatların olmaması fonunda onun cəzasının qalan hissəsini çəkməsinə ehtiyacın aradan qalxdığı qənaətinə gəlməyə əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, şərti olaraq vaxtından əvvəl azad etmə institutu formal xarakter daşımır və yalnız cəzanın müəyyən hissəsinin çəkilməsi ilə avtomatik tətbiq edilə bilməz. Bu institutun tətbiqi üçün məhkumun davranışında islah olunma prosesinin başa çatdığını, törətdiyi əməldən lazımi nəticə çıxardığını, cəmiyyət üçün təhlükəlilik səviyyəsinin aradan qalxdığını və cəzanın qalan hissəsinin icrasına artıq zərurət qalmadığını təsdiq edən kifayət qədər obyektiv məlumatlar mövcud olmalıdır. Məhkumun davranışı onun islah olunması barədə birmənalı qənaətə gəlməyə əsas vermir və cəzanın məqsədlərinə nail olunduğunu təsdiqləmir. Bu səbəbdən, məhkəmə hesab edir ki, Məhkum şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün zəruri maddi-hüquqi əsaslar formalaşmamış, cəzanın qalan hissəsinin çəkilməsinin davam etdirilməsinə lüzumun aradan qalxması sübuta yetirilməmişdir. Belə olan halda, onun şərti olaraq vaxtından əvvəl azad olunması barədə müraciət əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin olunmasına hüquqi əsaslar tapmayaraq hesab edir ki, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398, 407, 408 və 520-ci maddələrini rəhbər tutaraq,

qərara a l d ı:

Məhkum Məhkum apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar