Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 7(3-9)-35/2026 31.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Həşimov Yaşar Xanoğlan oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan İsmayıl oğlunun katibliyi, prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin böyük prokuroru Prokuror, məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Məhkum Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** nömrəli hökmü ilə təyin edilmiş və Salyan Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli qərarının 3.1-ci bəndinə əsasən azaldılmış azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməməsinə dair Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum ərizə ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarına əsasən (sədrlik edən Rüstəm Alıyev) Məhkum cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilməmişdir. Məhkəmə qərarından narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Məhkum Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cəza çəkdiyi müddətdə nizam-intizam qaydalarına riayət etmiş, hər hansı qayda pozuntusuna yol verməmişdir. Hüquqlarının pozulduğunu hesab etdiyindən apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Bu əsaslarla Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və ərizəsinin təmin olunmasını xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin böyük prokuroru Prokuror şikayətin təmin olunmamasını, Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən məhkum edilmiş şəxs Məhkum və müdafiəçi X1 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib şikayətin təmin edilməsini məhkəmədən xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Məhkum apellyasiya şikayətində məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya şikayəti müəllifinin əsas dəlili ərizəsinin təmin edilməməsinin əsassız olması və cəzaçəkmə müddətində davranışının şərti olaraq vaxtından əvvəl azad edilməsinə kifayət etməsidir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzaların icrası qanunvericiliyinə müvafiq olaraq həmin Məcəllənin məqsədi məhkumları islah etmək, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq, vəzifəsi isə cəzaların icrası və çəkilməsi qaydalarını və şərtlərini tənzimləməkdən, məhkumların islah edilmə vasitələrini müəyyən etməkdən, məhkumların hüquq və azadlıqlarını, qanuni mənafelərini qorumaqdan ibarətdir. Məhkumların islah edilməsi - onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkumların islah edilməsinin əsas vasitələrindən biri cəzanın icrasının və çəkilməsinin müəyyən edilmiş qaydası - rejimdir. Məhkumlara islah edilmə vasitələri cəzanın növü, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq edilir (CİM-in 2 və 8-ci maddələri). Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edərkən, məhkəmə məhkumun üzərinə, bu Məcəllənin 70.5-ci maddəsində nəzərdə tutulmuş və cəzanın çəkilməmiş müddəti ərzində onun tərəfindən icra edilməli olan vəzifələr qoya bilər. Sözügedən Məcəllənin 76.3-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1. ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3. xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Məhkəmə kollegiyası materialı nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya şikayətinin təmin edilməsinə dair məhkum və onun müdafiəçisinin, apellyasiya şikayətinin rədd edilməklə məhkəmə qərarının dəyişdirilmədən saxlanılması barədə prokurorun çıxışlarını dinləyib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli **/**** nömrəli Qərarının 1-ci bəndində izah olunmuşdur ki, bu xarakterli müraciətlərə baxılarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi, müsbət xarakterizə olunubolunmaması, davranışı, əməyə münasibəti və cəzaçəkmə müəssisəsinin mülahizəsi əsas amillər kimi araşdırılmalıdır. Həmin izaha görə, cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq, məhkəmə mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli şəkildə yoxlamalı, ümumi və şablon ifadələrlə kifayətlənməməlidir. X2 2-ci bəndində məhkəmələrə bu kateqoriyadan olan müraciətlərə baxılarkən hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması izah edilmişdir. Qərarda həmçinin göstərilmişdir ki, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməməsi, əvvəllər məhkum olunma, təqsiri etiraf etməmə və sair hallar özlüyündə şərti olaraq vaxtından əvvəl azad edilməyə maneə kimi nəzərdə tutulmamışdır. Lakin bu hallar məhkumun törətdiyi əmələ münasibəti, davranışı, islah olunma dinamikası və cəzanın məqsədlərinə faktiki nail olunub-olunmaması ilə birlikdə qiymətləndirilməlidir. Məhkum müraciətini ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının qanunla tələb olunan hissəsini çəkməsi, cəza çəkdiyi müddətdə daxili intizam qaydalarına riayət etməsi, verilən tapşırıqları yerinə yetirməsi və mədəni-kütləvi tədbirlərdə iştirak etməsi ilə əsaslandırmışdır. Lakin kollegiya hesab edir ki, cəzanın qanunla müəyyən olunmuş hissəsinin çəkilməsi CM-in 76.3-cü maddəsi baxımından yalnız ilkin formal şərtdir və həmin şərtin mövcudluğu özü-özlüyündə CM-in 76.1-ci maddəsində nəzərdə tutulan məhkumun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum qalmaması barədə məhkəmə qənaətini birbaşa yaratmır. Bu baxımdan birinci instansiya məhkəməsinin məhkum barəsində tərtib olunmuş mülahizəni iş materialları ilə əlaqəli şəkildə qiymətləndirməsi və həmin mülahizədə göstərilən müsbət halların ərizənin təmin olunması üçün kifayət etməməsi barədə qənaəti əsaslıdır. Belə ki, şərti olaraq vaxtından əvvəl azadetmə imperativ qaydada tətbiq edilən institut deyil; onun tətbiqi üçün məhkəmədə məhkumun davranışı, əməyə və törətdiyi əmələ münasibəti, şəxsiyyətini səciyyələndirən məlumatlar və cəzaçəkmə müddətindəki real islah göstəriciləri əsasında cəzanın məqsədlərinə artıq nail olunması barədə inandırıcı qənaət formalaşmalıdır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, məhkumun cəzaçəkmə müəssisəsində intizam tənbehinə məruz qalmaması və ümumi qaydalara riayət etməsi müsbət hal kimi nəzərə alınsa da, bu hal cəzaçəkmə rejiminin məhkum üçün məcburi tələblərinə əməl olunmasını ifadə edir. Şərti olaraq vaxtından əvvəl azad edilmə üçün isə yalnız pozuntunun olmaması deyil, məhkumun islah istiqamətində sabit, fəal və fərdi müsbət dəyişiklik göstərməsi, cəmiyyətə qanunauyğun davranışla qayıtması barədə məhkəmədə əsaslı əminlik yaratması tələb olunur. İş materiallarından görünür ki, Məhkum müəssisədə müsbət xarakterizə olunsa, intizam tənbehinə məruz qalmasa və törətdiyi əmələ görə peşmançılıq hissi keçirdiyini bildirsə də, barəsində hər hansı həvəsləndirmə tədbirinin tətbiq edilməməsi, davranışının xüsusi fəallıq və nümunəvilik səviyyəsində müsbət dəyişiklik kimi təsdiqlənməməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum qalmaması barədə qəti qənaətə gəlməyə kifayət etmir. Kollegiya törədilmiş cinayətin xarakterini ayrıca və müstəqil rədd əsası kimi deyil, məhkumun şəxsiyyəti və islah olunma göstəriciləri ilə birlikdə qiymətləndirir. Hökm üzrə məhkumun ictimai qaydanı kobud surətdə pozması və zor tətbiqi ilə müşayiət olunan əmələ görə məhkum edilməsi onun törətdiyi əmələ münasibətinin və cəzaçəkmə dövründə formalaşmış davranış modelinin daha diqqətlə yoxlanılmasını tələb edir. Hazırkı materiallarda isə məhkumun gələcəkdə hüquqa zidd davranışdan çəkinəcəyinə dair məhkəmədə yetərli və inandırıcı əminlik yaradan əlavə müsbət göstəricilər müəyyən edilmir. Cəzaçəkmə müəssisəsi və müvafiq komissiya tərəfindən verilmiş müsbət rəy məhkəmə tərəfindən nəzərə alınmalı sübut mənbələrindən biri olsa da, hüquqi baxımdan məhkəmə üçün məcburi xarakter daşımır. Həmin rəy məhkumun şəxsi işi, cəzaçəkmə müddətində davranışı, əməyə və törətdiyi əmələ münasibəti, həvəsləndirmə və tənbeh tədbirləri, proses iştirakçılarının izahatları və digər materiallarla birlikdə qiymətləndirilməlidir. Beləliklə, məhkumun davranışında müsbət xarakterli hallar mövcud olsa da, həmin hallar CM-in 76.1-ci maddəsinin mənasında onun islah olunmaq üçün cəzanı tam çəkməsinə artıq lüzum qalmaması və cəzanın məqsədlərinə nail olunması barədə əsaslı qənaətin formalaşması üçün kifayət etmir. Buna görə birinci instansiya məhkəməsinin ərizəni təmin etməməsi qanuni və əsaslı nəticə kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası iş üzrə təhlil edilmiş halların məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün əsas verməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaətini əsaslı və Cinayət-Prosessual Məcəlləsinin 513.1-ci maddəsinin tələblərinə cavab verən qanuni nəticə kimi qiymətləndirir. Bu səbəblərdən apellyasiya şikayəti ilə mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas müəyyən edilmir. Qeyd olunanlar baxılan işdə məhkəmə qərarının apellyasiya qaydasında ləğvini və ya dəyişdirilməsini tələb edən Cinayət-Prosessual Məcəlləsinin 399.1-ci maddəsində nəzərdə tutulmuş halların mövcud olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin olunmasın. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-9)-35/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-35/2026
31.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver