Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 7(3-9)-36/2026 31.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan İsmayıl oğlunun katibliyi, prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin böyük prokuroru Prokuror, məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə ## ####### 1994-cü ildə Saatlı rayonunun Kamallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, 3153-cü məhəllə, Zərdabi küçəsi ev 7, mənzil 218-də qeydiyyatda olmaqla, Saatlı şəhəri, H.Zərdabi küçəsi ev 114də yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməməsinə dair Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Saatlı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, "Konstitusiya və Suverenlik ili" münasibətilə amnistiya elan edilməsi haqqında“ Azərbaycan Respublikası Milli Məclisinin" ##.##.2025-ci il tarixli qərarının 3.1-ci bəndinə əsasən cəzası 06 ay azaldılmış və cəzası 3 ilə endirilmişdir. Məhkum ərizə ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarına əsasən (sədrlik edən Şahəddin Kələntərov) məhkum Məhkum CM-in 76-cı maddəsinə əsasən çəkilməmiş qalan cəzadan vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, məhkum Məhkum tam islah olunmamışdır və onun islah olunması işin faktiki halları ilə müəyyən edilmir. Belə ki, məhkəməyə məhkumun şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmaması və onun islah yoluna yönəlməyə çalışması barədə hər hansı sübut təqdim edilməmişdir. Cəzaçəkmə müəssisəsi tərəfindən Məhkum barəsində verilmiş mülahizə formal xarakter daşımaqla konkret hallara əsaslanmamışdır. Buna görə də məhkəmə həmin mülahizəni məhkum tərəfindən verilmiş ərizənin təmin edilməsi üçün kifayət hesab etmir. Məhkəmə qərarından narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini, şərti azadlığa buraxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Məhkum Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cəza çəkdiyi müddət ərzində törətmiş olduğu cinayət əməli haqqında xeyli düşünmüşdür. Əməlindən səmimi peşman olmuş və nəticə çıxarmışdır. Cəza çəkdiyi müddət ərzində müəssisənin daxili nizam-intizam qaydalarına tam şəkildə riayət etmişdir. Müəssisə rəhbərliyi tərəfindən heç bir şifahi xəbərdarlıq və töhmət almamışdır. Məhkum yoldaşları ilə daim mehriban ünsiyyətdə və xoş rəftarda olmuşdur. Müəssisənin ictimai həyatında mədəni kütləvi tədbirlərdə fəal iştirak etmişdir. Cəza çəkdiyi müddət ərzində müəssisədə peşə təhsilinə cəlb edilmiş və peşə ixtisasına yiyələnmişdir. Əməyə xoş münasibətdədir. Hazırda həbsdə olması, özü ilə yanaşı ailə üzvlərinin də həyatına mənfi təsir göstərir. Belə ki, anası ağır xəstədir. Vaxtından əvvəl azadlığa buraxılması barədə ərizəsinə baxan zaman Salyan Rayon Məhkəməsi həmin halları nəzərə almamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin böyük prokuroru Prokuror şikayətin təmin olunması məsələsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Məhkum Məhkum və müdafiəçi Elşad Quliyev hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib, apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Məhkum apellyasiya şikayətində məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya məhkəməsi iş materiallarını, birinci instansiya məhkəməsinin qərarını, apellyasiya şikayətinin dəlillərini, cəzaçəkmə müəssisəsinin mülahizəsini və məhkəmə iclasında verilmiş izahatları birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli, məhkum Məhkum cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinin mənasına görə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə üçün iki əsas şərt mövcuddur: birincisi, məhkum qanunla müəyyən edilmiş cəza müddətini faktiki çəkməlidir; ikincisi, onun davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti onun islah olunması barədə nəticəyə gəlməyə imkan verməlidir. Bu institutun məqsədi cəzanın yalnız mexaniki icrası deyil, məhkumun islah olunma prosesinin müsbət nəticəsi müəyyən edildikdə onun cəmiyyətə normal sosial adaptasiyasının təmin edilməsidir. Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən belə məsələlərə baxılarkən məhkumun cəza çəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Həmin norma mülahizənin nəzərə alınmasını tələb edir, lakin onu məhkəmə üçün əvvəlcədən müəyyənedici və məcburi nəticə kimi qəbul etmir. Buna görə də məhkəmə komissiya və ya müəssisə rəyini formal qaydada təkrarlamaqla kifayətlənməməli, həmin rəydə göstərilən halları işdə olan digər sübutlarla birlikdə qiymətləndirməli və nəticəni konkret faktlarla əsaslandırmalıdır. Belə ki, CM-in 76.1-ci maddəsinin mənasına görə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun əsas məqsədi məhkumun cəzaçəkmə dövründə nümayiş etdirdiyi davranışın, islah prosesinin nəticələrinin və cəmiyyətə yenidən inteqrasiya imkanlarının qiymətləndirilməsindən ibarətdir. Həmin norma cəzanın yalnız repressiya vasitəsi olmadığını, eyni zamanda məhkumun islah edilməsinə və gələcəkdə hüquqa hörmət ruhunda formalaşdırılmasına xidmət etdiyini nəzərdə tutur. Bu baxımdan cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə cəzanın humanizm, fərdiləşdirmə və islah məqsədlərinin qanunvericilikdə ifadə olunmuş davamı kimi çıxış edir. Şərti olaraq vaxtından əvvəl azad etmə məhkumun davranışının dövlət tərəfindən müsbət qiymətləndirilməsinin hüquqi nəticəsidir. Bu institutun tətbiqində əsas meyar məhkumun cəzanın müəyyən hissəsini formal olaraq çəkməsi deyil, həmin müddət ərzində onun davranışında baş vermiş müsbət dəyişikliklərin obyektiv məlumatlarla təsdiq edilməsidir. Məhkumun tam və qəti şəkildə islah olunmasının sübut edilməsi qanunun tələbi deyildir. Qanun yalnız məhkəmənin onun islah olunması üçün cəzanın tam çəkilməsinə artıq lüzum olmadığı qənaətinə gəlməsini tələb edir. Bu isə gələcək davranışın mütləq təminatı deyil, mövcud faktlar əsasında formalaşan əsaslandırılmış proqnostik qiymətləndirmədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında" ## ####### 2010-cu il tarixli * nömrəli Qərarında da məhkəmələrə izah edilmişdir ki, cəzaçəkmə müəssisəsinin mülahizəsi formal şəkildə qəbul edilməməli, lakin həmin mülahizə iş üzrə digər materiallarla birlikdə hərtərəfli qiymətləndirilməlidir. Məhkəmələr mülahizənin ümumi və ya şablon olmasını göstərməklə kifayətlənməməli, onun hansı hissələrinin həqiqətə uyğun olmadığını, hansı faktların təkzib edildiyini və hansı sübutlarla bunun təsdiq olunduğunu əsaslandırmalıdırlar. Hazırkı işdə isə birinci instansiya məhkəməsi cəzaçəkmə müəssisəsinin müsbət mülahizəsini yalnız "formal xarakter daşıması" ilə qiymətləndirmiş, lakin həmin nəticəyə gəlməsini təsdiq edən konkret faktlar göstərməmişdir. Halbuki iş materiallarından görünür ki, məhkum barəsində təqdim edilmiş mülahizədə onun müəssisəyə qəbul olunduğu tarixdən sonrakı davranışı, tərbiyəvi və psixoloji işlərdə iştirakı, daxili intizam qaydalarına riayət etməsi, ailə üzvləri ilə münasibətləri, ictimai-mədəni tədbirlərdə iştirakı, peşə təhsilinə cəlb olunması, əməyə münasibəti, törətdiyi cinayətə münasibəti, peşmançılığı və gələcək həyat tərzi ilə bağlı qiymətləndirmələr əks olunmuşdur. Bundan əlavə, Ədliyyə Nazirliyinin müvafiq Komissiyası tərəfindən də onun islah yoluna qədəm qoyduğu müəyyən edilərək cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair müsbət rəy verilmişdir. Kollegiya hesab edir ki, qeyd olunan məlumatlar yalnız ümumi ifadələrdən ibarət olmayıb, məhkumun cəzaçəkmə dövründəki davranışını xarakterizə edən konkret hallardır. Birinci instansiya məhkəməsi isə həmin halların həqiqətə uyğun olmadığını müəyyən edən hər hansı sübut əldə etməmiş, cəzaçəkmə müəssisəsinin nümayəndəsini təkzib edən faktlar müəyyən etməmiş və müsbət mülahizənin etibarlılığını şübhə altına alan obyektiv əsaslar göstərməmişdir. Diqqətə alınmalıdır ki, birinci instansiya məhkəməsinin iclasında cəzaçəkmə müəssisəsinin nümayəndəsi təqdim edilmiş mülahizəni müdafiə etmiş, məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə etiraz etməmiş, müdafiəçi də ərizənin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi həmin izahatları rədd edən inandırıcı hüquqi dəlillər irəli sürməmişdir. İş materiallarından görünür ki, məhkum qanunla nəzərdə tutulmuş cəza müddətinin tətbiq üçün tələb olunan hissəsini faktiki çəkmişdir. Cəza çəkdiyi müddətdə onun qüvvədə olan intizam tənbehi yoxdur, hazırda müsbət xarakterizə olunur, peşə təhsilinə cəlb edilmiş, "xxxx" ixtisasına yiyələnmiş, müəssisədə keçirilən tədbirlərdə iştirak etmiş, əməyə münasibəti müsbət qiymətləndirilmiş, ailə əlaqələrini qoruyub saxlamış və törətdiyi cinayət əməlindən peşman olduğunu bildirmişdir. Bu hallar cəzaçəkmə müəssisəsinin mülahizəsi ilə yanaşı, iş materialları ilə də təsdiq olunur. Kollegiya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin formal (müddət) şərtinin yerinə yetirilməsini də konkret olaraq qeyd edir. Belə ki, məhkumun məhkum edildiyi CM-in 234.2-ci maddəsinin sanksiyası üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutduğundan, həmin əməl CM-in 15.3-cü maddəsinə görə az ağır cinayətlərə aiddir. Buna müvafiq olaraq, CM-in 76.3.1-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə təyin edilmiş cəza müddətinin ən azı yarısı həqiqətən çəkildikdən sonra tətbiq edilə bilər. Məhkumun əməlinin az ağır cinayət kimi tövsif edilməsi «“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının məhz az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslərə şamil olunan 3.1-ci bəndinin onun barəsində tətbiq edilməsi ilə də təsdiqlənir. Hazırkı işdə isə məhkumun 03 (üç) illik cəzasının çəkilməmiş hissəsi cəmi 4 ay 24 gün təşkil etdiyindən, o, təyin edilmiş cəza müddətinin yarısından xeyli artıq hissəsini faktiki olaraq çəkmiş, eyni zamanda CM-in 76.4-cü maddəsində nəzərdə tutulmuş həqiqətən çəkilmiş cəzanın altı aydan az ola bilməməsi tələbi də ödənilmişdir. Beləliklə, CM-in 76-cı maddəsinin tətbiqi üçün həm formal müddət şərti, həm də məhkumun islah olunmasına dair maddi şərt eyni vaxtda mövcuddur. Birinci instansiya məhkəməsinin "məhkumun cəmiyyət üçün təhlükəli olmaması barədə hər hansı sübut təqdim edilməmişdir" nəticəsi də qanunun məzmununa uyğun hesab edilə bilməz. CM-in 76-cı maddəsi məhkumun cəmiyyət üçün təhlükəliliyinin tam aradan qalxmasının sübut edilməsini tələb etmir. Qanun yalnız onun islah olunması üçün cəzanın tam çəkilməsinə lüzum qalmaması barədə məhkəmənin əsaslandırılmış qənaətə gəlməsini nəzərdə tutur. Belə qənaət isə iş üzrə mövcud obyektiv məlumatların məcmusu əsasında formalaşdırılmalıdır. Kollegiya həmçinin nəzərə alır ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad olunma məhkumun dövlət nəzarətindən tam kənarlaşdırılması demək deyildir. CM-in 76-cı maddəsinin müddəalarına uyğun olaraq, çəkilməmiş cəza müddəti ərzində yeni cinayət törədilməsi və ya qanunda nəzərdə tutulmuş digər əsaslar mövcud olduqda həmin qərarın ləğvi mümkündür. Deməli, qanun özü cəmiyyətin maraqları ilə məhkumun hüquqları arasında balans yaratmışdır. Kollegiya, həmçinin, iş materiallarına əlavə edilmiş tibbi sənədləri araşdıraraq müəyyən edir ki, məhkumun anası X2 ağır ürək-damar xəstəliyindən əziyyət çəkir. Bununla bağlı “Kəpəz Hospital” tərəfindən verilmiş tibbi sənədlər iş materiallarında mövcuddur və həmin sənədlərin mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Şübhəsiz ki, ailə üzvünün sağlamlıq vəziyyəti CM-in 76-cı maddəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin müstəqil hüquqi əsası kimi nəzərdə tutulmamışdır. Lakin bu hal məhkumun şəxsiyyətini, onun sosial əlaqələrini, ailə məsuliyyətini və cəmiyyətə reinteqrasiya perspektivini xarakterizə edən əlavə amillərdən biri kimi qiymətləndirilməlidir. Məhkumun ailə münasibətlərinin qorunması və möhkəmləndirilməsi onun islah olunmasının mühüm göstəricilərindən hesab edilir. Ailə bağlarının saxlanılması və məhkumun ailə üzvlərinə qayğı göstərmək imkanının təmin edilməsi təkrar cinayətkarlığın qarşısının alınmasına və şəxsin cəmiyyətə uğurlu reinteqrasiyasına xidmət edən mühüm sosial amillərdəndir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutların məcmusu məhkum Məhkum cəzaçəkmə dövründə davranışında müsbət dəyişikliklərin baş verdiyini, onun islah olunması üçün cəzanın qalan hissəsini tam çəkməsinə zərurət qalmadığını və CM-in 76-cı maddəsinin tətbiqi üçün kifayət qədər hüquqi əsasların mövcud olduğunu təsdiq edir. Cinayətin xarakteri məhkum barəsində hökm çıxarılarkən cəzanın növü və müddətinin müəyyən edilməsində artıq nəzərə alınmışdır. Şərti olaraq vaxtından əvvəl azad etmə mərhələsində isə əsas qiymətləndirmə məhkumun cəzaçəkmə dövründəki davranışı, islah olunma dinamikası, əməyə və törədilmiş əmələ münasibəti üzərində qurulmalıdır. Əks yanaşma, yəni yalnız törədilmiş cinayətin xarakterinə görə müsbət davranış göstəricilərinin əhəmiyyətsiz sayılması, CM-in 76-cı maddəsinin tətbiq imkanını əsassız şəkildə daraldar. Bu hallar şərti olaraq vaxtından əvvəl azad etmənin müstəqil əsası olmasa da, məhkumun şəxsiyyətini, sosial bağlarını, ailə məsuliyyətini və cəmiyyətə reinteqrasiya imkanlarını qiymətləndirərkən mühüm əhəmiyyət daşıyır. Xüsusilə məhkumun cəzaçəkmə dövründə müsbət xarakterizə olunması, tənbeh almaması və əməyə müsbət münasibət göstərməsi fonunda onun ailə vəziyyəti, o cümlədən anasının ağır xəstəliyi, II dərəcəli əlilliyi humanizm, fərdiləşdirmə və ədalətlilik prinsipləri baxımından ayrıca qiymətləndirilməli idi. Birinci instansiya məhkəməsi isə bu halları yalnız məhkumun izahatının tərkib hissəsi kimi qeyd etmiş, lakin onların qərarın nəticəsinə təsirini, məhkumun islah olunması və sosial adaptasiyası baxımından əhəmiyyətini ümumiyyətlə əsaslandırmamışdır. Bu, məhkəmə qərarının əsaslandırma hissəsində natamamlıq yaradır. Apellyasiya məhkəməsi iş üzrə mövcud məlumatları birlikdə qiymətləndirərək hesab edir ki, məhkum Məhkum islah olunmasına dair kifayət qədər əsaslar mövcuddur. Belə ki, o, qanunla tələb edilən cəza müddətindən artıq hissəni çəkmiş, cəzaçəkmə müddətində barəsində tənbeh tətbiq edilməmiş, əməyə münasibəti müsbət qiymətləndirilmiş, 2025-ci ilin illik xasiyyətnaməsi üzrə müsbət xarakterizə edilmişdir. Məhkumun barəsində həvəsləndirmə tədbirinin tətbiq edilməməsi isə bu halda onun əleyhinə həlledici hal kimi qəbul edilə bilməz. Çünki qanun şərti olaraq vaxtından əvvəl azad etməni yalnız həvəsləndirmənin mövcudluğu ilə şərtləndirmir. Əsas məsələ məhkumun ümumi davranışının, intizamının və islah olunma dinamikasının qiymətləndirilməsidir. İş üzrə isə mənfi davranış faktı yoxdur, müsbət davranış göstəriciləri isə ardıcıl xarakter daşıyır. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli * nömrəli “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəzaçəkmə müəssisəsinin mənfi mülahizəsi özlüyündə müraciətin rədd olunması üçün şərtsiz əsas deyil; məhkəmələr mülahizənin mənfi və ya müsbət olmasından asılı olmayaraq onun əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli şəkildə araşdırmalı, ümumi və şablon ifadələrlə kifayətlənməməli, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin Plenum qərarının 2-ci bəndində isə bu kateqoriyadan olan müraciətlərə baxılarkən hər bir məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılmalı olduğu, törədilmiş cinayətin xarakterinin və digər oxşar halların öz-özlüyündə şərti olaraq vaxtından əvvəl azad edilməyə maneə kimi qəbul edilə bilməyəcəyi göstərilmişdir. Baxılan işdə birinci instansiya məhkəməsi həmin izahlara uyğun araşdırma aparmamışdır. Beləliklə, birinci instansiya məhkəməsinin “məhkumun şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmaması və onun islah yoluna yönəlməyə çalışması barədə hər hansı sübut təqdim edilməmişdir” nəticəsi iş materiallarının faktiki məzmunu ilə uzlaşmır. Əksinə, iş materiallarında olan məlumatlar məhkumun islah olunması barədə nəticəyə gəlmək üçün kifayət edir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsi cəzaçəkmə müəssisəsinin mülahizəsinin faktiki məzmununu düzgün qiymətləndirməmiş, şəxsi mülahizəsi ilə kifayətlənmiş, məhkumun ailə vəziyyəti və islah olunması ilə bağlı mühüm hallara hüquqi qiymət verməmişdir. Məhkum Məhkum qanunla tələb edilən cəza müddətini çəkdiyi, cəzaçəkmə dövründə davranışının müsbət olduğu, barəsində tənbeh tədbirinin tətbiq edilmədiyi, əməyə münasibətinin müsbət qiymətləndirildiyi, illik xasiyyətnamələrinin müsbət olduğu və ailəhumanitar hallarının mövcudluğu nəzərə alınaraq onun cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədəuyğun və qanunidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı, Cəzaların İcrası Məcəlləsinin 170ci, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.2, 399.1.2, 407.2, 410, 513 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin olunsun. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. Məhkum Məhkum ona Saatlı Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə təyin edilmiş və Salyan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarı ilə 06 (altı) ay azaldılmış azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 24 (iyirmi dörd) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilsin. Məhkum Məhkum hazırda saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin UMBakı Peniteniar Müəssisəsində dərhal həbsdən azad olunsun. Məhkum elektron nəzarət vasitəsi tətbiq edilsin və qərarın icrası onun üzərində nəzarətin həyata keçirilməsi üçün yaşayış yeri üzrə Saatlı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Həmin müddət ərzində Məhkum davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və probasiya nəzarəti ilə bağlı qanuni tələblərə riayət etmək vəzifəsi tapşırılsın. Qərarın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin UMBakı Penitensiar Kompleksinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsinə və yaşayış yeri üzrə Saatlı Rayon İcra və Probasiya Şöbəsinə göndərilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-9)-36/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-36/2026
31.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver