Məhkəmə qərarları › İş №7(3-9)-37/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-37/2026

24.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 7(3-9)-37/2026 24.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru X2, məhkum İbrahimli Orxan Müqəddəs oğlunun, müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Məhkum İbrahimli Orxan Müqəddəs oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin rədd edilməsinə dair Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarından məhkum O.İbrahimli videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Salyan Rayon Məhkəməsinin (hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi) ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə ## ###### 2003-cü il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Biləsuvar şəhəri, M.İbrahimov küçəsi ev 12 A-da qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, çəkilməmiş cəzası 4 ay 21 gün təşkil edən məhkum İbrahimli Orxan Müqəddəs oğlunun ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin olunmaması barədə qərar qəbul edilmişdir. Qərardan narazı qalan məhkum İbrahimli Orxan Müqəddəs oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum İbrahimli Orxan Müqəddəs oğlu ərizə ilə məhkəməyə müraciət edərək, çəkilməmiş qalan cəzasından şərti olaraq vaxtından əvvəl azad olunmasını xahiş etmişdir. Məhkum ərizəsini onunla əsaslandırmışdır ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Cəza çəkdiyi müddətdə daxili intizam qaydalarına əməl etmiş, verilən tapşırıqları vaxtında yerinə yetirmiş, mədəni kütləvi tədbirlərdə iştirak etmişdir. Qanunvericiliyə əsasən ona cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq oluna bilər. Buna görə də bütün bunları nəzərə alaraq onun çəkilməmiş qalan cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasını xahiş etmişdir. Ərizə əsasında işə baxan birinci instansiya məhkəməsi məsələni yuxarıda göstərilən qaydada həll etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkum İbrahimli Orxan Müqəddəs oğlu apellyasiya şikayəti verərək, ərizəsində göstərdiyi bütün əsasları nəzərə alıb, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarını ləvğ edib onun vaxtından əvvəl azad olunmağı haqqında ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, törətdiyi cinayət əməlinə görə məhkum edilmiş və cəzasını çəkir. Cəzasını çəkdiyi müddət ərzində ona təyin edilmiş ümumi cəzadan vaxtından əvvəl azad olunmağı haqda Salyan Rayon Məhkəməsinə ərizə müraciət etmişdir. Nəticədə Salyan Rayon Məhkəməsi onun barəsində ədalətsiz qərar qəbul etmişdir. O, cəzaçəkmə müəssisəsində heç bir vaxt rejim qaydalarını pozmamış, haqqında ona müəssisə rəhbərliyi tərəfindən tənbeh tədbiri tətbiq edilməmişdir. Hökm üzrə onun cəzasının bitməsinə son 5 ayı qalmışdır. Onun ilk məhbusluğu olması və etdiyi cinayət əməlindən peşman olması belə nəzərə alınmayaraq barəsində ədalətsiz qərar qəbul edilmişdir. Proses iştirakçılarının çıxışları: Apellyasiya məhkəməsi iclasında: Videokonfrans əlaqə sistemindən istifadə etməklə məhkəmə iclasına qoşulmuş məhkum İbrahimli Orxan Müqəddəs oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkum İbrahimli Orxan Müqəddəs oğlunun müdafiəçisi Müdafiəçi məhkumun verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, ərizəsinin təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru, R X2 məhkum İbrahimli Orxan Müqəddəs oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı, apellyasiya şikayətində qeyd edilən xüsusatların isə əsassız olduğunu göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 520.7-ci maddəsində qeyd edilir ki, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında çıxarılmış məhkəmə qərarından bu Məcəllədə nəzərdə tutulmuş qaydada apellyasiya və ya kassasiya şikayəti yaxud protesti verilə bilər. CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib və proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlillərinə əsasən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilə və ya ləğv oluna bilməz. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş iş materiallarından müəyyən olunur ki, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə İbrahimli Orxan Müqəddəs oğlu CM-in 152.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ali Məhkəmənin ##.##.2025-ci il tarixli qərarı ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən cəzası 6 ay azaldılmış və cəzası 2 il 4 aya endirilmişdir. Məhkumun şəxsi işindən görünür onun cəzasının əvvəli ##.##.2024-cü il tarixdə başlayır, sonu ##.##.2026-cı il tarixdə bitir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum İbrahimli Orxan Müqəddəs oğlu cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi məhkum Orxan İbrahimlinin cəza çəkdiyi müddət ərzində tam islah olunmadığı, onun islah olunmasının işin faktiki halları ilə təsdiq edilmədiyi, cəmiyyət üçün təhlükəli olmamasını və islah yoluna qədəm qoymasını təsdiq edən kifayət qədər sübutların təqdim edilmədiyi qənaətinə gəlmişdir. Məhkəmə cəzaçəkmə müəssisəsinin məhkum barəsində verdiyi mənfi rəyi, zərərçəkmiş şəxslə barışığın əldə olunmamasını, habelə məhkumun törətdiyi əməlin ictimai təhlükəliliyini lazımi səviyyədə qiymətləndirmədiyi barədə mülahizəni nəzərə alaraq hesab etmişdir ki, onun cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Buna görə də məhkumun ərizəsi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan qənaətini əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Cinayət Məcəlləsinin 76.3.1-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə əsasən cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla məhkəmə cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. Məcəllənin 513.2-ci maddəsinə əsasən məhkəmə cəzanın çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad etmədən və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmədən imtina etdikdə, həmin məsələlər üzrə ərizənin və ya vəsatətin təkrarən baxılmasına müvafiq ərizənin təmin edilməsinin rədd edilməsi haqqında məhkəmə qərarı çıxarıldığı gündən azı 6 (altı) ay keçdikdən sonra yol verilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.1 və 170.2-ci maddələrinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Mülahizə ilə birlikdə məhkəməyə məhkumun şəxsi işi də göndərilir. Həmin Məcəllənin 170.7-ci maddəsinə əsasən məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, habelə cəzanın çəkilməsinin təxirə salınması məhkəmə tərəfindən rədd edildiyi hallarda, təkrar ərizəyə məhkəmənin rədd haqqında qərar qəbul etdiyi gündən ən azı altı ay sonra baxıla bilər. «Cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2010-cu il tarixli * saylı Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirilməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X6 yazılı mülahizəsindən görünür ki, İbrahimli Orxan Müqəddəs oğlu * saylı cəzaçəkmə müəssisəsinə ##.##.2025-ci il tarixdə Umbakı PM-dən qəbul edilmişdir. Məhkəmə tərəfindən ona təyin edilmiş cəzanın ikidə bir hissəsindən çoxunu çəkmişdir. Cinayətin qısa təsnifatı: O, 16 yaşına çatmayan X1 qarşı müxtəlif vaxtlarda cinsi ehtirasını təmin etmək məqsədi ilə seksual xarakterli hərəkətlər etmişdir. Özünü təqsirli bilir. İntizam tənbehi olmayıb. Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bildirmişdir. Məhkumun şəxsiyyətinin fərdi xüsusiyyətləri, xarakteri və törətdiyi cinayətin ağırlıq dərəcəsi nəzərə alınaraq müəssisədə olduğu müddətdə ona hüquq və vəzifələrini aydın dərk etməsi, cəzanın çəkilməsi qaydalarının mahiyyətini və məzmununu düzgün başa düşməsi məqsədi ilə maarifləndirmə işi aparılmış, pedaqoji və psixoloji təsiretmə üsul və vasitələrdən istifadə edilmiş, bu sahədə hüquqi biliklərə yiyələnməsi üçün müvafiq şərait yaradılmışdır. Dünyagörüşünün və bilik səviyyəsinin artırılması məqsədilə müəssisədə mövcud imkanlardan faydalanmağa, məhkumların maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, mənəvi və fiziki cəhətdən sağlam olmaları üçün əlverişli şəraitin yaradılması, onların istirahətinin, asudə vaxtlarının mənalı təşkilinin təmin edilməsi məqsədi ilə yaradılan və müxtəlif fəaliyyət sahələrini əhatə edən dərnəklərdə, o cümlədən özfəaliyyət təşkilatlarında iştirak etməyə maraq göstərməmişdir. O, törətdiyi əməllərin cəmiyyət üçün yaratdığı təhlükəni və mənfi nəticələrini düzgün qiymətləndirmir. Onun tam islah olunaraq törətdiyi əməldən lazımi nəticə çıxarması barədə qəti qənaətə gəlmək mümkün deyil. Törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və cəzanın məqsədlərini tam təmin olunması zərurəti nəzərə alınaraq, məhkumun islah prosesinin davam etdirilməsi məqsədəuyğun hesab edilir. Bu səbəbdən onun barəsində müsbət qərarın qəbul edilməsi hazırki mərhələdə mebsepeuygun hesab olunmur. Cəzaçəkmə müddətində əməyə cəlb edilmişdir. Salyan Peşə məktəbində "elektrik montyoru” ixtisası üzrə təhsil alır. Cəza çəkdiyi müddətdə barəsində həvəsləndirmə tədbiri tətbiq edilmişdir. İş üzrə ekspertiza tədqiqatı ilə bağlı borcu yoxdur. Məhkum O.İbrahimlinin cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məsələsinə Ədliyyə Nazirliyinin Komissiyasının iclasında baxılmış və ** saylı protokola əsasən onun mənfi xarakterizə olunmasını və s. halları nəzərə alaraq mənfi rəy verilməsi məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarından görünür ki, məhkum İbrahimli Orxan Müqəddəs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.3-cü maddəsində nəzərdə tutulmuş cəza müddətinin qanunla müəyyən edilmiş hissəsini faktiki olaraq çəkmiş olsa da, bu hal özlüyündə onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün kifayət edən hüquqi əsas hesab edilə bilməz. Belə ki, Cinayət Məcəlləsinin 76.1-ci maddəsinin tələbinə görə şərti olaraq vaxtından əvvəl azad etmə yalnız məhkumun islah olunması və cəzanın qalan hissəsinin çəkilməsinə artıq zərurət qalmaması barədə məhkəmədə daxili inam yarandığı hallarda tətbiq oluna bilər. Buna görə də cəzanın qanunla müəyyən edilmiş hissəsinin çəkilməsi ilə yanaşı, məhkumun şəxsiyyətini xarakterizə edən məlumatlar, törətdiyi cinayətə münasibəti, cəzaçəkmə dövründə davranışı və islah olunma səviyyəsi də məcmu qaydada qiymətləndirilməlidir. Apellyasiya şikayətində məhkum barəsində intizam tənbehinin tətbiq edilmədiyini, ona həvəsləndirmə tədbirinin tətbiq olunduğunu və cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkdiyini göstərsə də, məhkəmə kollegiyası hesab edir ki, həmin hallar ayrılıqda və ya məcmu halda onun tam islah olunmasını təsdiq edən kifayət qədər obyektiv hüquqi əsas kimi qiymətləndirilə bilməz. Belə ki, intizam tənbehinin olmaması cəzaçəkmə müəssisəsinin daxili rejim qaydalarına riayət edilməsini göstərən hal olmaqla, məhkumun islah olunmasının başa çatdığı və cəzanın məqsədlərinə tam nail olunduğu barədə nəticəyə gəlmək üçün kifayət etmir. Eyni zamanda, barəsində bir dəfə həvəsləndirmə tədbirinin tətbiq edilməsi də onun davranışında sabit və davamlı müsbət dəyişikliklərin formalaşdığını, cəmiyyətə reinteqrasiya üçün tam hazır olduğunu və cəzanın qalan hissəsinin icrasına artıq ehtiyac qalmadığını öz-özlüyündə təsdiq etmir. İş materiallarında olan cəzaçəkmə müəssisəsinin mülahizəsindən müəyyən edilir ki, məhkum törətdiyi əməlin cəmiyyət üçün yaratdığı təhlükəni və mənfi nəticələrini düzgün qiymətləndirmir, müəssisədə yaradılmış özfəaliyyət təşkilatlarında və müxtəlif fəaliyyət sahələrini əhatə edən dərnəklərdə iştirak etməyə maraq göstərməmiş, onun tam islah olunaraq törətdiyi əməldən lazımi nəticə çıxarması barədə qəti qənaətə gəlmək mümkün olmamışdır. Mülahizədə həmçinin göstərilmişdir ki, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və cəzanın məqsədlərinin tam təmin olunması zərurəti nəzərə alınmaqla məhkumun islah prosesinin davam etdirilməsi məqsədəuyğun hesab edilmişdir. Bu səbəbdən onun barəsində cəzaçəkmə müəssisəsi tərəfindən mənfi rəy verilmiş, Ədliyyə Nazirliyinin müvafiq Komissiyası da həmin halları nəzərə alaraq məhkumun mənfi xarakterizə edilməsini əsaslı hesab etmişdir. Bundan başqa, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi də məhkumdan şikayətçi olduqlarını bildirmişlər. Yuxarıda isnad olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2010-cu il tarixli * nömrəli Qərarında məhkəmələrə həmçinin izah olunmuşdur ki, cəzaçəkmə müəssisəsinin mülahizəsi müsbət və ya mənfi olmasından asılı olmayaraq onun əsaslılığı iş üzrə bütün sübutlarla birlikdə araşdırılmalı və məhkumun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, davranışı və islah olunma səviyyəsi hərtərəfli qiymətləndirilməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi də həmin tələblərə əməl edərək yalnız cəzaçəkmə müəssisəsinin mənfi rəyinə istinad etməmiş, iş materiallarında olan bütün məlumatları qarşılıqlı əlaqədə təhlil etmiş və məhkumun tam islah olunması barədə obyektiv qənaətə gəlmək üçün kifayət qədər əsasların mövcud olmadığını müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şərti olaraq vaxtından əvvəl azad etmə institutu formal xarakter daşımır və yalnız cəzanın müəyyən hissəsinin çəkilməsi ilə avtomatik tətbiq edilə bilməz. Bu institutun tətbiqi üçün məhkumun davranışında islah olunma prosesinin başa çatdığını, törətdiyi əməldən lazımi nəticə çıxardığını, cəmiyyət üçün təhlükəlilik səviyyəsinin aradan qalxdığını və cəzanın qalan hissəsinin icrasına artıq zərurət qalmadığını təsdiq edən kifayət qədər obyektiv məlumatlar mövcud olmalıdır. Məhkumun davranışı onun islah olunması barədə birmənalı qənaətə gəlməyə əsas vermir və cəzanın məqsədlərinə nail olunduğunu təsdiqləmir. Bu səbəbdən, məhkəmə hesab edir ki, O.İbrahimlinin şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün zəruri maddihüquqi əsaslar formalaşmamış, cəzanın qalan hissəsinin çəkilməsinin davam etdirilməsinə lüzumun aradan qalxması sübuta yetirilməmişdir. Belə olan halda, onun şərti olaraq vaxtından əvvəl azad olunması barədə müraciət əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin olunmasına hüquqi əsaslar tapmayaraq hesab edir ki, məhkum O.İbrahimli tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Salyan Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398, 407, 408 və 520-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı: Məhkum İbrahimli Orxan Müqəddəs oğlunun apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar