Məhkəmə qərarları › İş №7(3-9)-40/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-40/2026

24.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 7(3-9)-40/2026 24.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru X2, məhkum Məhkum, müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Məhkum Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin rədd edilməsinə dair Salyan Rayon Məhkəməsinin 4 iyun 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Salyan Rayon Məhkəməsinin (hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi ilə) 4 iyun 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə ##.##.1988-ci il tarixdə Qazı-Məmməd (Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Hacıqabul şəhəri, Xudu Məmmədov küçəsi, ev 10-da qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, çəkilməmiş cəzası 4 ay 27 gün təşkil edən məhkum Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin olunmaması barədə qərar qəbul edilmişdir. Qərardan narazı qalan məhkum Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, çəkilməmiş qalan cəzasından şərti olaraq vaxtından əvvəl azad olunmasını xahiş etmişdir. Məhkum ərizəsini onunla əsaslandırmışdır ki, məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Cəza çəkdiyi müddətdə daxili intizam qaydalarına əməl etmiş, verilən tapşırıqları vaxtında yerinə yetirmiş, mədəni kütləvi tədbirlərdə iştirak etmişdir. Qanunvericiliyə əsasən ona cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq oluna bilər. Buna görə də bütün bunları nəzərə alaraq onun çəkilməmiş qalan cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasını xahiş etmişdir. Ərizə əsasında işə baxan birinci instansiya məhkəməsi məsələni yuxarıda göstərilən qaydada həll etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkum Məhkum apellyasiya şikayəti verərək, Salyan Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli qərarının ləğv edilərək, cəzadan vaxtından əvvəl şərti azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cinayət Məcəlləsinin 228.1, 234.1 və 185.2.1-ci maddələri ilə təqsirli bilinərək Hacıqabul Rayon Məhkəməsinin hökmü ilə 3 il 9 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli # ###### 2023-cü il tarixdən, yəni həbs edildiyi gündən hesablanır. Hazırda cəzasını Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı X3 çəkir. ## ###### 2025-ci il tarixdə “Konstotusiya və Suverenlik ili” münasibəti ilə Milli Məclis tərəfindən elan edilən amnistiya qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 6 ay çıxılmışdır. Hal-hazırda cəzasının sonuna 4 ay müddət qalmışdır. Müəssisədə cəza çəkdiyi müddət ərzində daim özünü nümunəvi məhkum kimi aparmışdır. Daxili intizam və rejim-nəzarət qaydalarına yüksək səviyyədə riayət etmişdir. Müəssisə əməkdaşları və məhkum yoldaşları ilə hər zaman mehriban münasibətdə olmuşdur. Müəssisənin ictimai həyatında, mədəni-kütləvi tədbirlərində hər zaman fəal iştirak etmişdir. Yaşadığı * saylı dəstənin hər zaman səliqəsinə nəzarət etmişdir. Yaşlı məhkumlara hər zaman qayğı göstərmişdir. Əməyə qarşı xoş münasibətdədir. Cəza çəkdiyi müddət ərzində törətmiş olduğu cinayət əməlindən səmimi peşiman olmuşdur. Müəssisədə islah xarakterli tədbirlərdə yaxından iştirak etmiş və özünü tam islah olunmuş hesab edir. Müqəddəs atalıq missiyasının daşıyıcısıdır. Bir azyaşlı övladı vardır. Bu gün həbsdə olduğundan övladına atalıq qayğısı göstərə bilməməsi ona böyük mənəvi əzablar verir. Vaxtından əvvəl şərti azadlığa buraxılmasına dair ərizəsinə baxarkən Salyan Rayon Məhkəməsi qeyd etdiklərini nəzərə almamışdır. Proses iştirakçılarının çıxışları: Apellyasiya məhkəməsi iclasında: Videokonfrans əlaqə sistemindən istifadə etməklə məhkəmə iclasına qoşulmuş məhkum Məhkum apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkum Məhkum müdafiəçisi Müdafiəçi məhkumun verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, hüquqlarını müdafiə etdiyi məhkum tərəfindən təqdim olunan ərizənin təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru, R X2 məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı, apellyasiya şikayətində qeyd edilən xüsusatların isə əsassız olduğunu göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və Salyan Rayon Məhkəməsinin 4 iyun 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 520.7-ci maddəsində qeyd edilir ki, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında çıxarılmış məhkəmə qərarından bu Məcəllədə nəzərdə tutulmuş qaydada apellyasiya və ya kassasiya şikayəti yaxud protesti verilə bilər. CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib və proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlillərinə əsasən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilə və ya ləğv oluna bilməz. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş iş materiallarından müəyyən olunur ki, Hacıqabul Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Məhkum CM-in 234.1, 228.1, 185.2.1, 66.2, 93.1.2-ci maddələrinə əsasən 3 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. "Konstitusiya və Suverenlik ili" münasibətilə amnistiya elan edilməsi haqqında“ Azərbaycan Respublikası Milli Məclisinin" ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən cəzası 6 ay azaldılmış və cəzası 3 il 3 aya endirilmişdir. Məhkumun şəxsi işindən görünür onun cəzasının əvvəli ##.##.2023-cü il tarixdə başlayır, sonu ##.##.2026-cı il tarixdə bitir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi məhkum Məhkum cəza çəkdiyi müddətdə tam islah olunmadığı, onun islah olunmasının işin faktiki halları ilə təsdiq edilmədiyi, şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmaması və islah yoluna qədəm qoyması barədə kifayət qədər sübutların mövcud olmadığı qənaətinə gəlmişdir. Məhkəmə həmçinin cəzaçəkmə müəssisəsi tərəfindən təqdim edilmiş müsbət mülahizənin formal xarakter daşıdığını və konkret hallara əsaslanmadığını göstərərək, həmin mülahizəni məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün kifayət hesab etməmiş və nəticədə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən çəkilməmiş cəza hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin olunmasından imtina etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan qənaətini əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Cinayət Məcəlləsinin 76.3.1-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə əsasən cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla məhkəmə cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. Məcəllənin 513.2-ci maddəsinə əsasən məhkəmə cəzanın çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad etmədən və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmədən imtina etdikdə, həmin məsələlər üzrə ərizənin və ya vəsatətin təkrarən baxılmasına müvafiq ərizənin təmin edilməsinin rədd edilməsi haqqında məhkəmə qərarı çıxarıldığı gündən azı 6 (altı) ay keçdikdən sonra yol verilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.1 və 170.2-ci maddələrinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Mülahizə ilə birlikdə məhkəməyə məhkumun şəxsi işi də göndərilir. Həmin Məcəllənin 170.7-ci maddəsinə əsasən məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, habelə cəzanın çəkilməsinin təxirə salınması məhkəmə tərəfindən rədd edildiyi hallarda, təkrar ərizəyə məhkəmənin rədd haqqında qərar qəbul etdiyi gündən ən azı altı ay sonra baxıla bilər. «Cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli * saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirilməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Cəzaçəkmə Müəssisəsinin yazılı mülahizəsindən görünür ki, Məhkum * saylı cəzaçəkmə müəssisəsinə ##.##.2024-cü il tarixdə Umbakı PM-dən qəbul edilmişdir. Məhkəmə tərəfindən ona təyin olunmuş cəzanın ikidə bir hissəsindən çoxunu çəkmişdir. Cinayətin qısa təsnifatı: O, İlqar Mustafayev ilə qabaqcadan əlbir olan bir qurup şexs halında spirtli içki qəbul etdikdən sonram X1 məxsus “VAZ 21060" markalı avtomobili qaçırmılşar. Bundan başqa o, satış məqsədi olmadan istehlak miqdarından artıq olan, tiryəki və 1 ədəd odlu silahı üzərində saxlamaqla daşımışdır. Özünü təqsirli bilir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs şikayətçi deyil. Mülki iddia yoxdur. İntizam tənbehi olmayıb. Müsbət xarakterizə olunur. Məhkumun şəxsiyyətinin fərdi xüsusiyyətləri, xarakteri və törətdiyi cinayətin ağırlıq dərəcəsi nəzərə alınaraq müəssisədə olduğu müddətdə ona hüquq və vəzifələrini aydın dərk etməsi, cəzanın çəkilməsi qaydalarının mahiyyətini və məzmununu düzgün başa düşməsi məqsədi ilə maarifləndirmə işi aparılmış, pedaqoji və psixoloji təsiretmə üsul və vasitələrdən istifadə edilmişdir. Davranış tərzinə məhkumun özünün daim riayət etməsi müsbət nəticənin əldə edilməsində başlıca şərt olmuşdur. Daxili İntizam Qaydaları ilə müəyyən edilmiş məhkumların davranış qaydalarına düzgün əməl etmiş, rəhbərlik və digər məhkumlarla normal münasibət sərgiləmiş, konfliktli vəziyyətlərə yol verməmişdir. Dəstədə təşkil olunan tərbiyəvi tədbirlərdə, iclaslarda fəal iştirak edir. Belə ki, o müəssisədə keçirilən kütləvi tədbirlərdə və müəssisənin ərazisində lazımi qaydalara riayət edilməsində fərqlənmişdir. Azad, sərbəst həyat haqqında baxışları müsbətdir. Yol verdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini düzgün qiymətləndirir. Törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə yerinə düşməsinə, ailəsinə və yaxınlarına maddi və mənəvi köməklik göstərə bilməməsinə, onları böyük çətinlik və əziyyətə saldığına görə əməlindən peşimançılıq keçirdiyini bildirir. Müəssisə üzrə barəsində həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Təhsilə münasibəti müsbətdir. Salyan Peşə məktəbində "təmirçi çilingər" ixtisası üzrə təhsil alır. 2025-ci ilin yekunu ilə əlaqədar tərtib edilmiş illik xasiyyətnaməyə əsasən müsbət xarakterizə olunur. İş üzrə ekspertiza tədqiqatı ilə bağlı 31.95 manat borcu var. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məsələsinə Ədliyyə Nazirliyinin Komissiyasının iclasında baxılmış və ** saylı protokola əsasən onun islah yoluna qədəm qoyduğu, müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsini və s. halları nəzərə alaraq müsbət rəy verilməsi məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarından görünür ki, məhkum Məhkum cəzasının qanunla müəyyən edilmiş hissəsini faktiki olaraq çəkmiş olsa da, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinin tətbiqi üçün zəruri olan əsasların tam həcmdə formalaşması iş materialları ilə təsdiq edilmir. Məhkum apellyasiya şikayətində barəsində cəzaçəkmə müəssisəsi tərəfindən müsbət mülahizə verildiyini, cəza çəkdiyi müddətdə intizam tənbehinə məruz qalmadığını, daxili intizam qaydalarına əməl etdiyini, müəssisədə keçirilən tədbirlərdə iştirak etdiyini, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirdiyini, təhsilə cəlb olunduğunu və Ədliyyə Nazirliyinin Komissiyası tərəfindən də onun barəsində müsbət rəy verildiyini göstərərək, bu halların onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə əsas verdiyini bildirmişdir. Lakin apellyasiya şikayətində irəli sürülmüş həmin dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsassız olmasını təsdiq etmir. Belə ki, cəzaçəkmə müəssisəsində daxili intizam qaydalarına riayət edilməsi, intizam tənbehinin tətbiq olunmaması, müəssisə daxilində keçirilən tədbirlərdə iştirak edilməsi və təhsilə cəlb olunması məhkumun cəzaçəkmə dövründə davranışını xarakterizə edən müsbət hallar olmaqla yanaşı, həmin hallar özlüyündə onun tam islah olunduğunu və cəzanın qalan hissəsinin çəkilməsinə artıq ehtiyac qalmadığını birmənalı şəkildə təsdiq edən hüquqi əsas kimi qiymətləndirilə bilməz. Eyni zamanda, məhkumun törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsi də digər obyektiv məlumatlarla birlikdə qiymətləndirilməli olan haldır və təkbaşına şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiqinə əsas vermir. Eyni zamanda, iş materiallarında mövcud olan məlumatlar məhkumun müsbət xarakterizə olunmasını göstərsə də, həmin məlumatlar onun islah olunması prosesinin başa çatdığı və cəzanın məqsədlərinə tam nail olunduğu barədə qəti nəticəyə gəlmək üçün kifayət etmir. Bu baxımdan, birinci instansiya məhkəməsinin cəzaçəkmə müəssisəsinin təqdim etdiyi mülahizəni işin digər materialları ilə müqayisəli şəkildə qiymətləndirərək formal xarakter daşıması nəticəsinə gəlməsi işin hallarına uyğun olmuşdur. Yuxraıda isnad olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2010-cu il tarixli * nömrəli Qərarında izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin müsbət və ya mənfi olmasından asılı olmayaraq, həmin mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə birlikdə araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Həmin qərarda, həmçinin vurğulanmışdır ki, məhkəmələr ümumi və şablon xarakterli mülahizələrlə kifayətlənməməli, iş üzrə toplanmış bütün sübutları məcmu qaydada qiymətləndirməlidirlər. Cəzaçəkmə müəssisəsinin məhkum barəsində verdiyi müsbət mülahizə və Komissiyanın müsbət rəyi apellyasiya şikayətində istinad edilən əsaslardan biri olsa da, həmin sənədlər məhkəmə üçün qabaqcadan müəyyən edilmiş sübuti qüvvəyə malik deyildir. Birinci instansiya məhkəməsi də qanunvericiliyin və Ali Məhkəmə Plenumunun qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq, həmin mülahizəni iş üzrə digər materiallarla qarşılıqlı əlaqədə qiymətləndirmiş və məhkumun islah olunması barədə qəti nəticəyə gəlmək üçün onu kifayət hesab etməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, şərti olaraq vaxtından əvvəl azad etmə institutu yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsinin çəkilməsi ilə bağlı formal meyarın mövcudluğu ilə məhdudlaşmır. Bu institutun tətbiqi üçün məhkəmə məhkumun şəxsiyyətini, cəza çəkdiyi müddətdə davranışını, törətdiyi cinayətə münasibətini, islah olunma səviyyəsini və cəzanın qalan hissəsinin çəkilməsinə ehtiyacın qalıb-qalmamasını iş üzrə mövcud bütün sübutların məcmusu əsasında qiymətləndirməlidir. İş materiallarından müəyyən olunur ki, məhkum Məhkum davranışında islah olunma prosesinin başa çatdığını və cəzanın çəkilməsinin davam etdirilməsinə artıq ehtiyac qalmadığını göstərən sabit müsbət dəyişikliklər müşahidə edilmir. Məhkumun davranışında penitensiar rejimin tələblərinə nümunəvi riayət etməsi, ictimai faydalı əməyə və tərbiyəvi tədbirlərə fəal münasibət göstərməsi, törətdiyi əmələ tənqidi yanaşması və gələcəkdə qanuna uyğun həyat tərzi sürmək niyyətinin formalaşması kimi halları təsdiq edən kifayət qədər inandırıcı məlumatlar müəyyən edilməmişdir. Əksinə, məhkumun davranışı onun islah olunması barədə birmənalı qənaətə gəlməyə əsas vermir və cəzanın məqsədlərinə nail olunduğunu təsdiqləmir. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, Məhkum şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün zəruri maddi-hüquqi əsaslar formalaşmamış, cəzanın qalan hissəsinin çəkilməsinin davam etdirilməsinə lüzumun aradan qalxması sübuta yetirilməmişdir. Belə olan halda, onun şərti olaraq vaxtından əvvəl azad olunması barədə müraciət əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin olunmasına hüquqi əsaslar tapmayaraq hesab edir ki, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Salyan Rayon Məhkəməsinin 4 iyun 2026-cı il tarixli, 7(5-152)-385/2026nömrəli qərarı həmin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398, 407, 408 və 520-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı: Məhkum Məhkum apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar