Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 7(3-9)-41/2026 17.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əliyev Əli Abdulla oğlunun sədrliyi ilə, hakimlər Həşimov Yaşar Xanoğlan oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin böyük prokuroru X1 və məhkum edilmiş şəxs Ərizəni verən şəxs iştirakı ilə, Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarından məhkum Ərizəni verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin məhkəmə baxış iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Məhkum Ərizəni verən şəxs ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunarkən ona əlavə cəza kimi təyin edilmiş 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnun bərpa edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarına əsasən (sədrlik edən Şahəddin Kələntərov) məhkum Ərizəni verən şəxs Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə ona əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnun bərpa edilməsi barədə ərizəsi geri qaytarılmışdır. Məhkəmə qərarından narazı qalan məhkum Ərizəni verən şəxs apellyasiya şikayəti verərək, Salyan Rayon Məhkəməsinin 7(5-152)-366/2026, ## ### 2026-cü il tarixli qərarının ləğv edilməsini və onun nəqliyyat vasitələrini idarə etmək hüququnun bərpa edilməsi barədə müvafiq məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Məhkum Ərizəni verən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ərizəni icraata qəbul edib mahiyyəti üzrə araşdırmalı, nəticəsindən asılı olaraq onun təmin və ya rədd edilməsi barədə qərar qəbul etməli olduğu halda, qanunda nəzərdə tutulmayan qaydada ərizənin geri qaytarılması barədə qərar qəbul etmişdir. Məhkum göstərmişdir ki, təyin edilmiş əlavə cəzanın mühüm hissəsini çəkmiş, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi onun ailə və maddi vəziyyətinə mənfi təsir etmiş, ailədə ondan başqa əmək fəaliyyəti ilə məşğul olan şəxs olmamış, valideynləri xəstə olmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin böyük prokuroru X1 şikayətin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində təmin olunmasını, Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarının ləğv edilib mahiyyəti üzrə baxılmasından ötrü qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən məhkum olunmuş şəxs Ərizəni verən şəxs şikayətin təmin olunmasını, Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarının ləğv edilib mahiyyəti üzrə baxılmasından ötrü qaytarılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını, apellyasiya şikayətinin dəlillərini və birinci instansiya məhkəməsinin qərarında göstərilən əsaslandırmanı yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ləğv edilməli və material məhkumun ərizəsinə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi məhkumun hökmün icrası mərhələsində əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası üzrə hüququnun bərpa edilməsi barədə müraciətini icraata qəbul edib mahiyyəti üzrə araşdırmadan, bu cür müraciətə baxılması üçün hüquqi əsasın mövcud olmamasını göstərərək ərizəni geri qaytarmışdır. Halbuki məhkumun müraciəti hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında baxılmalı olan məsələ kimi qiymətləndirilməli, məhkəmə həmin müraciət üzrə qanunla müəyyən edilmiş icraat qaydasını tətbiq etməli idi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 509.1-ci maddəsində məhkum edilmiş şəxsin hökmün icrası qurtaranadək cəzanın icrası ilə bağlı bir sıra məsələlər, habelə həmin Məcəllədə nəzərdə tutulmuş digər məsələlər barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 520-ci maddəsi isə bu qəbildən olan müraciətlərə məhkəmə iclasında baxılması, iştirakçıların dairəsi, prokurorun yekun sözündə müraciətin təmin və ya rədd edilməsini təklif etməsi, sonda isə hakimin müraciətin təmin edilməsi və ya rədd edilməsi barədə qərar çıxarması qaydasını müəyyən edir. Bu normaların məzmunundan göründüyü kimi, hökmün icrası qaydasında daxil olmuş müraciət üzrə məhkəmənin qəbul edə biləcəyi yekun prosessual nəticə müraciətin təmin edilməsi və ya rədd edilməsidir; ərizənin geri qaytarılması həmin mərhələ üçün ayrıca prosessual qərar kimi nəzərdə tutulmamışdır. Məhkəmə qanunvericilikdə nəzərdə tutulmayan prosessual qərar qəbul etməklə Cinayət-Prosessual Məcəlləsinin imperativ tələblərindən kənara çıxa bilməz. Əgər birinci instansiya məhkəməsi məhkumun tələbini maddi hüquq baxımından əsaslı hesab etmirdisə, bu mövqe yalnız ərizənin mahiyyəti üzrə araşdırılması, iş materiallarının və tətbiq edilməli hüquq normalarının qiymətləndirilməsi nəticəsində ərizənin rədd edilməsi barədə qərarda ifadə oluna bilərdi. Hüquqi əsasın olmaması barədə qənaət ərizəni geri qaytarmaq üçün deyil, mahiyyəti üzrə rədd etmək üçün müzakirə predmeti ola bilər. Bu hüquqi yanaşma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2025-ci il tarixli, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 509.1-ci maddəsinin həmin Məcəllənin 520.7-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında ifadə edilmiş mövqelərlə də uzlaşır. X2 Məhkəməsi qeyd etmişdir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verir; məhkəmə müdafiəsi hüququ məhkəməyə müraciət etmək, işin ədalətli araşdırılmasını və məhkəmə aktlarından qanunda müəyyən edilmiş qaydada şikayət vermək hüquqlarını ehtiva edir. Bu hüquqi mövqedən çıxış etdikdə, hökmün icrası qaydasında verilmiş müraciətin formal yanaşma ilə geri qaytarılması şəxsin müraciətinə məhkəmə tərəfindən mahiyyəti üzrə baxılması hüququnu səmərəsiz edir. Konstitusiya Məhkəməsinin həmin Qərarında daha sonra vurğulanmışdır ki, Cinayət- Prosessual Məcəlləsinin 509-cu maddəsində nəzərdə tutulan məsələlərlə bağlı müraciət və təqdimatlara baxarkən məhkəmələr onların məzmunu və təqdim edilmiş materiallarla kifayətlənməməli, müraciətin əsaslılığının yoxlanılması üçün bütün prosessual-hüquqi imkanlardan istifadə etməlidir. Bu hüquqi mövqe bir daha təsdiq edir ki, məhkəmə cəzanın icrası ilə bağlı müraciəti icraata qəbul etməli, zəruri halları araşdırmalı, müvafiq sənədləri tələb etməli, tərəflərin və prokurorun mövqeyini dinləməli və yalnız bundan sonra qanunda nəzərdə tutulmuş qərarlardan birini qəbul etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Qərarında müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının müstəqil cinayət-hüquqi xarakterli tədbir kimi tətbiqi və hökmdə onun müddəti ilə bağlı məsələlərin dəqiq göstərilməsinin zəruriliyi izah edilmişdir. Bu baxımdan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası üzrə icra mərhələsində yaranmış müraciət də formal qaydada geri qaytarılmalı məsələ deyil, məhz cəzanın icrası ilə bağlı məhkəmə nəzarəti qaydasında mahiyyəti üzrə qiymətləndirilməli məsələdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi məhkumun ərizəsində göstərilən halların əlavə cəzanın icrasına münasibətdə hüquqi əhəmiyyət kəsb edib-etmədiyini, tətbiq edilməli maddi hüquq normalarının mövcudluğunu və həmin normaların konkret halda tətbiqinin mümkün olub-olmadığını araşdırmamışdır. Məhkəmə həmin halları araşdırmadan ərizəni geri qaytarmaqla həm Cinayət-Prosessual Məcəlləsinin 520-ci maddəsində müəyyən edilmiş icraat qaydasından kənara çıxmış, həm də məhkumun müraciətinin məhkəmə tərəfindən mahiyyəti üzrə həll edilməsinə dair hüququnun həyata keçirilməsinə mane olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsinin buraxdığı pozuntu sadəcə formal xarakter daşımır. Ərizənin geri qaytarılması nəticəsində məhkumun müraciəti üzrə nə işin faktiki halları, nə əlavə cəzanın icra vəziyyəti, nə də müvafiq maddi hüquq normalarının tətbiqi məsələsi məhkəmə araşdırmasının predmeti olmuşdur. Bu pozuntu apellyasiya baxışı zamanı birbaşa aradan qaldırıla bilməz, çünki materiala ilkin olaraq hökmün icrası qaydasında birinci instansiya məhkəməsi tərəfindən baxılmalı, həmin məhkəmə sübutları araşdırmalı və nəticəsindən asılı olaraq qanunda nəzərdə tutulmuş yekun qərarlardan birini qəbul etməlidir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ləğv edilməli, material məhkum Ərizəni verən şəxs ərizəsinə Cinayət-Prosessual Məcəlləsinin 509 və 520-ci maddələrinin tələblərinə uyğun olaraq mahiyyəti üzrə baxılması və nəticəsindən asılı olaraq müraciətin təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4, 407.1, 407.2, 509 və 520ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin olunsun. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarı məhkum edilmiş şəxs Ərizəni verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. Material məhkum Ərizəni verən şəxs ərizəsinə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 509 və 520-ci maddələrinin tələblərinə uyğun olaraq mahiyyəti üzrə baxılması və nəticəsindən asılı olaraq qanunda nəzərdə tutulmuş qərarlardan birinin qəbul edilməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-9)-41/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-41/2026
17.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver