Məhkəmə qərarları › İş №7(3-9)-46/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-46/2026

07.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 7(3-9)-46/2026 07.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlunun sədrliyi ilə, Həşimov Yaşar Xanoğlan oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan İsmayıl oğlunun katibliyi, prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin böyük prokuroru X2, məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Məhkum Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından vermiş olduğu apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: İş materiallarından görünür ki, Məhkum Ağcabədi Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-**/**** saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarına əsasən “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 3.1-ci bəndi tətbiq edilməklə məhkumun cəzası 6 ay azaldılmış, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 il 6 ay müddətində müəyyən edilmişdir. Cəzanın əvvəli ## ###### 2024-cü il, sonu isə ## ###### 2027-ci il kimi hesablanmışdır. Məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək çəkilməmiş qalan cəzasından Azərbaycan Respublikası CM-in 76-cı maddəsinə əsasən şərti olaraq vaxtından əvvəl azad edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə həmin ərizə rədd edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, məhkum təyin edilmiş cəza müddətinin qanunla tələb olunan hissəsini çəkmiş olsa da, şəxsi iş materialları, 2024 və 2025-ci illər üzrə xasiyyətnamələrin məzmunu, cəzaçəkmə müəssisəsinin mülahizəsindəki ümumi və ziddiyyətli göstəricilər, məhkumun əməyə real cəlb edilməməsi, həvəsləndirmə tədbirinin tətbiq olunmaması, törətdiyi cinayətə münasibətinin ardıcıl və tam formalaşmaması onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum qalmaması barədə məhkəmə qənaətinə gəlməyə əsas vermir. Həmin qərardan məhkum Məhkum apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, ərizəsinin təmin olunmasını və çəkilməmiş qalan cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkum az ağır cinayət törətməyə görə təyin edilmiş cəzanın yarısından çoxunu çəkmiş, * saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən müsbət xarakterizə olunmuş, müəssisə onun şərti olaraq vaxtından əvvəl azad edilməsini məqsədəuyğun saymış, 2025-ci il üzrə xasiyyətnamədə islah yoluna qədəm qoyduğu qeyd edilmiş, intizam tənbehi almamış, cəzaçəkmə müəssisəsinin daxili qaydalarına riayət etmiş, ailəsi və yaxınları ilə münasibətlərində müsbət davranış nümayiş etdirmişdir. Şikayətdə həmçinin qeyd edilmişdir ki, iş üzrə mülki iddia və ödənilməmiş ziyan yoxdur, zərərçəkmiş şəxsin şikayət və tələbi olmamış, məhkum törətdiyi əmələ görə peşmançılıq keçirmiş, azad həyata hazırlaşmış, cəzasının sonuna az müddət qalmışdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin onun ərizəsini rədd etməsi əsassız sayılmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin böyük prokuroru X2 şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum və onun müdafiəçisi Həyat Ağayeva hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkum apellyasiya şikayətində məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, birinci instansiya məhkəməsinin qərarını və iş materiallarını müqayisəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 76.1-ci maddəsinin mənasına görə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiqi üçün yalnız məhkumun cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsi kifayət deyil. Bu institutun tətbiqi məhkəmənin məhkumun islah olunmaq üçün cəzanı tam çəkməsinə artıq lüzum qalmadığı qənaətinə gəlməsi ilə şərtləndirilmişdir. Başqa sözlə, cəzanın müəyyən hissəsinin çəkilməsi formal şərtdir, lakin həmin şərtin mövcudluğu azad etmənin avtomatik tətbiqini yaratmır. CM-in 76.3.1-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısının həqiqətən çəkilməsi şərti vaxtından əvvəl azad etmənin tətbiqinə baxılmasını mümkün edir. İş üzrə bu formal şərtin mövcudluğu mübahisə doğurmur. Lakin məhkəmə kollegiyası qeyd edir ki, həmin şərtin mövcudluğu apellyasiya şikayətinin təmin edilməsi üçün müstəqil və yetərli əsas sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli, ** nömrəli “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq, mülahizənin əsaslılığı məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırılmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Həmin Plenum qərarının 1-ci bəndində həmçinin məhkəmələrə tövsiyə olunmuşdur ki, bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkibçəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini, müsbət xarakterizə olunubolunmamasını, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasını, törətdiyi cinayətə münasibətinin təzahür formasını, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsini araşdırsınlar, ümumi və şablon ifadələrlə kifayətlənməsinlər. Plenum qərarının 2-ci bəndinin mənasına görə cinayətin xarakteri, ziyanın ödənilməməsi, əvvəlki məhkumluq və təqsirin etiraf edilməməsi özlüyündə şərti vaxtından əvvəl azad etməyə qadağa kimi qəbul edilə bilməz. Lakin həmin qərarda eyni zamanda göstərilmişdir ki, bu institut imperativ xarakter daşımır və onun tətbiqi məhkəmənin məhkumun cəzanı tam çəkməsinə lüzum olmadığı barədə əsaslandırılmış qənaəti ilə bağlıdır. Buna görə də birinci instansiya məhkəməsi cəzaçəkmə müddətində məhkumun şəxsiyyətini səciyyələndirən halları məcmu şəkildə qiymətləndirməkdə haqlı olmuşdur. Apellyasiya şikayətində * saylı Cəzaçəkmə Müəssisəsinin müsbət mülahizəsinə istinad edilsə də, həmin mülahizə məhkəmə üçün məcburi xarakter daşımır. Mülahizə məhkəmə tərəfindən qiymətləndirilən sübutlardan biridir və onun məzmunu şəxsi işdə olan məlumatlarla uyğunluq təşkil etməlidir. Hazırkı işdə müəssisənin müsbət rəyində məhkumun islah yoluna qədəm qoyduğu, müsbət xarakterizə olunduğu, peşmançılıq hissi keçirdiyi göstərilsə də, həmin nəticələr kifayət qədər konkret faktlarla əsaslandırılmamışdır. Şəxsi iş materiallarından görünür ki, məhkum barəsində 2024-cü il üzrə tərtib edilmiş illik xasiyyətnamədə onun islah yoluna qədəm qoymadığı, əməyə münasibətinin mənfi olduğu, cəzaçəkmə müəssisəsinə gəldikdən sonra əməyə cəlb olunmadığı, məhkumlar arasında özünü aqressiv apardığı, törətdiyi cinayəti qismən etiraf etdiyi və xasiyyətcə aqressiv olduğu qeyd edilmişdir. Bu məlumatlar məhkumun cəzaçəkmə dövrünün əvvəlində davamlı islah dinamikasının formalaşmadığını göstərən hallardır. 2025-ci il üzrə xasiyyətnamədə məhkumun islah yoluna qədəm qoyduğu qeyd edilsə də, həmin xasiyyətnamənin məzmununda da ziddiyyətlər vardır. Belə ki, orada məhkumun əməyə münasibətinin müsbət olması göstərildiyi halda, eyni zamanda cəzaçəkmə müəssisəsinə gəldikdən sonra əməyə cəlb olunmadığı qeyd edilmişdir. Əməyə cəlb olunmama halının təkbaşına məhkumun iradəsi ilə bağlı olması barədə qəti nəticə çıxarmaq mümkün olmasa da, bu hal “əməyə münasibətin müsbət olması” nəticəsinin konkret faktlarla əsaslandırılmadığını göstərir. Məhkumun cəzaçəkmə müəssisəsində hər hansı ictimai faydalı əməyə, peşə hazırlığına, təhsilə və ya davamlı sosial-faydalı fəaliyyətə cəlb olunması barədə iş materiallarında konkret və inandırıcı məlumat yoxdur. Mülahizədə və xasiyyətnamədə tədbirlərdə iştirak barədə ümumi ifadələr işlədilmiş, lakin məhkumun məhz hansı tədbirlərdə, hansı formada, hansı davamlılıqla və hansı nəticə ilə iştirak etməsi açıqlanmamışdır. Bu isə islah nəticəsinin real və davamlı olmasını təsdiq edən yetərli əsas kimi qəbul edilə bilməz. Apellyasiya şikayətində məhkumun intizam tənbehi almamasına istinad olunması da qərarın ləğvi üçün əsas yaratmır. İntizam tənbehinin olmaması müsbət hal kimi nəzərə alınsa da, cəzaçəkmə müəssisəsinin daxili qaydalarına riayət etmək məhkumun qanuni vəzifəsidir. Sadəcə pozuntunun olmaması məhkumun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum qalmadığını təsdiq edən müstəqil göstərici sayıla bilməz. Eyni qaydada, məhkum barəsində həvəsləndirmə tədbirinin tətbiq edilməməsi də həlledici və yeganə mənfi əsas kimi qəbul edilmir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, müsbət rəy və xasiyyətnamədə göstərilən islah nəticəsi real, davamlı və xüsusi müsbət davranışla təsdiqlənməli olduğu halda, iş materiallarında məhkumun cəzaçəkmə müddətində xüsusi fəallığını və dayanıqlı islahını göstərən həvəsləndirmə, əmək, təhsil, peşə və ya sosial faydalı fəaliyyət göstəriciləri müəyyən edilmir. Şikayətdə zərərçəkmiş şəxsin şikayətçi olmaması və iş üzrə mülki iddianın olmaması göstərilsə də, bu hallar da məhkumun avtomatik olaraq azad edilməsini şərtləndirmir. Zərərçəkmişin hazırkı mərhələdə tələbinin olmaması və ya mülki iddianın irəli sürülməməsi məhkumun cəzaçəkmə dövründə şəxsiyyətini səciyyələndirən davranış, islah və sosial uyğunlaşma göstəricilərini əvəz etmir. Məhkumun törətdiyi əmələ münasibəti barədə də iş materiallarında tam ardıcıl mənzərə yoxdur. Cəzaçəkmə müəssisəsinin mülahizəsində peşmançılıq qeyd edilsə də, şəxsi işdə məhkumun özünü qismən təqsirli bilməsi göstərilmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, təqsirin qismən etirafı özlüyündə şərti vaxtından əvvəl azad etməyə maneə deyil. Lakin bu hal digər məlumatlarla birlikdə məhkumun törətdiyi əmələ münasibətinin yetərincə sabit və tam formalaşmadığını qiymətləndirmək üçün nəzərə alına bilər. Birinci instansiya məhkəməsi cinayətin xarakterini də məhkumun şəxsiyyətini və cəzanın məqsədlərini qiymətləndirərkən nəzərə almışdır. Məhkum qabaqcadan əlbir olan şəxslər qrupunda özgənin əmlakını açıq talamaqda təqsirli bilinmiş, zərərçəkmiş şəxsə 1850 manat maddi ziyan vurmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, törədilmiş cinayətin xarakteri təkbaşına azad etmənin rəddinə əsas ola bilməz, lakin cəzanın məqsədlərinin təmin olunubolunmadığını, məhkumun islahının real və yetərli olub-olmadığını qiymətləndirərkən digər hallarla birlikdə nəzərə alınmalıdır. Apellyasiya şikayətində cəzanın sonuna az müddət qalması xüsusi vurğulansa da, cəzanın qalan hissəsinin azlığı məhkəmənin islah barədə qənaətini əvəz etmir. Əksinə, CM-in 76-cı maddəsi məhkəmədən məhz qalan müddətin çəkilməsinə zərurət olub-olmamasını işin bütün halları əsasında müəyyən etməyi tələb edir. Hazırkı işdə şəxsi iş materialları və xasiyyətnamələr arasında olan ziddiyyətlər, müsbət rəyin ümumi xarakter daşıması, əməyə və konkret sosial-faydalı fəaliyyətə dair inandırıcı məlumatların olmaması məhkəməyə cəzanın qalan hissəsinin çəkilməsinə lüzum qalmadığı qənaətinə gəlməyə imkan vermir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunun tələblərini pozmamışdır. Müraciət cəzanın çəkildiyi yer üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılmış, məhkumun, müdafiəçinin, cəzaçəkmə müəssisəsi nümayəndəsinin və prokurorun mövqeləri dinlənilmiş, şəxsi iş materialları və cəzaçəkmə müəssisəsinin mülahizəsi araşdırılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğvini şərtləndirən mühüm prosessual pozuntu göstərilməmiş və iş materialları ilə belə pozuntu müəyyən edilməmişdir. Beləliklə, apellyasiya şikayətində göstərilən hallar birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Məhkumun cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsi, intizam tənbehinin olmaması, zərərçəkmiş şəxsin şikayətçi olmaması və cəzaçəkmə müəssisəsinin müsbət mülahizəsi iş üzrə nəzərə alınmalı hallar olsa da, onların məcmusu hazırkı mərhələdə məhkumun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum qalmaması barədə əsaslandırılmış məhkəmə qənaəti formalaşdırmır. Bu səbəbdən Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı qanuni, əsaslı və ədalətli hesab edilməli, məhkum Məhkum apellyasiya şikayəti təmin edilməməlidir. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin olunmasın. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı tarixli qərarı məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar