Məhkəmə qərarları › İş №7(3-9)-56/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-56/2026

27.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar İş № 7(3-9)-56/2026 27.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru, R X1, məhkum Məhkum, müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Məhkum Məhkum cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin olunmamasına dair Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Pənahov Anar Elman oğlunun sədrliyi) ilə ## ###### 1974-cü ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 01 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, Lənkəran rayonu Digah kəndində qeydiyyatda olmaqla, Lənkəran şəhəri, Əliağa Vahid küçəsi, ev 29-da yaşamış, əvvəllər Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin ##.##.2006-ci il tarixli hökmünə əsasən AR CM-nin 263.3 və 264cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ## ###### 2017-ci ildə cəzasının sonu ilə azad edilmiş, ona təyin olunmuş əsas cəzanı tam çəksə də, əlavə cəzanı tam çəkməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021-ci il tarixli, 1(099) ***/**** saylı hökmü ilə AR CM-nin 32.5,206.2, 234.4.1, 234.4.3, 66.3 və 67.1-ci maddələri ilə təqsirli bilinib 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin maraqlı şəxs1 cəza çəkən Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin olunmamışdır. İŞİN HALLARI İş materiallarından görünür ki, Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.3, 66.3 və 67.1-ci maddələri ilə təqsirli bilinib 07 (yeddi) il müddətinə azadlıqdan məhrum edilmiş və CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Cəzasının əvvəli ## #### 2021-ci il tarixindən başlayır. Məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasını xahiş etmişdir. Məhkum ərizəsini onunla əsaslandırmışdır ki, “ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Odur ki, onun çəkilməmiş qalan cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasını xahiş etmişdir”. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Məhkum ərizəsi təmin edilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından məhkum Məhkum apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, haqqında olan cinayət işi üzrə ona təyin olunmuş cəzanın 2/3 hissəsindən artığını çəkmiş, mövcud qanunvericiliyin tələblərinə maraqlı şəxs1 rəisinin mülahizəsi və ərizəsilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, cəzadan vaxtından əvvəl şərti olaraq azad edilməsini xahiş etmiş, lakin Lənkəran Rayon Məhkəməsi ## #### 2026-cı il tarixli qərarı ilə onun ərizəsini təmin etməmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı məhkum Məhkum və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, həmin dəlillərə uyğun çıxış etdilər və şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru, R X1 məhkumun apellyasiya şikayəti ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı, apellyasiya şikayətinin isə əsassız olduğunu göstərib, apellyasiya şikayətinin təmin olunmadan, Lənkəran Rayon Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, proses iştirakçılarının çıxışlarını dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi məhkumun müraciəti əsasında cəzadan şərti azad etmə məsələlərinə baxılarkən cəzaçəkmə müəssisəsinin mülahizələrinin nəzərə alınmasını zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Cinayət Məcəlləsinin 76.3.1-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.1 və 170.2-ci maddələrinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Mülahizə ilə birlikdə məhkəməyə məhkumun şəxsi işi də göndərilir. «Cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli * saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirilməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışını, əməyə, təhsilə və törətdiyi cinayətə münasibətini bu məsələnin müsbət həllinin əsası kimi görür və bununla bağlı cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsinin nəzərə alınmasını zəruri hesab edir. Məhkumun apellyasiya şikayətinin dəlillərinin yoxlanılması zamanı cəzaçəkmə müəssisəsinin rəhbərliyinin onun barəsində mənfi yönümlü mülahizə təqdim etdiyi görünür. Belə ki, iş materiallarında olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin maraqlı şəxs1 yazılı mülahizəsindən görünür ki, “Məhkum əvvəllər cəzasını Bakı İstintaq Təcridxanasında, * saylı İstintaq Təcridxanasında, İxtisaslaşmış Müalicə Müəssisəsində və ** saylı cəzaçəkmə müəssisəsində çəkmişdir. maraqlı şəxs1 ** saylı cəzaçəkmə müəssisəsindən ##.##.2025-ci ildə qəbul edilmişdir. Kompleksə gələn gündən onunla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri, cəzanın icrası qaydaları və şərtləri izah edilmişdir. Əməyə və təhsilə münasibəti mənfidir. Cəza çəkdiyi müddət ərzində barəsində həvəsləndirmə və tənbeh tədbiri tətbiq edilməmişdir. Məhkəmənin hökmü ilə ona təyin olunmuş 130 manat ekspertiza xərci ödənilməyib. Barəsində tərtib olunmuş 2025 ilin illik xasiyyətnaməsi üzrə isə mənfi xarakterizə olunur. Ailə üzvləri ilə telefon və görüş vasitəsi ilə əlaqə saxlayır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı komissiyanın ## #### 2026-cı il tarixli ** saylı iclas protokoluna əsasən məhkum Məhkum vaxtından əvvəl şərti azad edilməsi ilə bağlı mənfi rəy verilməsi məqsədəmüvafiq hesab olunmuşdur”. Yuxarıda qeyd edilən mülahizədən göründüyü kimi, məhkum Məhkum saxlanıldığı cəzaçəkmə müəssisəsinin rəhbərliyi onun islah olunmaması qənaətinə gələrək cəzadan vaxtından əvvəl azad olunmasını məqsədəmüvafiq hesab etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cəzaçəkmə müəssisəsi rəhbərliyinin məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini məqsədəmüvafiq hesab etməməsi yalnız formal və ümumi mülahizəyə deyil, məhkumun cəzaçəkmə müddəti ərzində davranışını və şəxsiyyətini xarakterizə edən konkret hallara əsaslanmışdır. Belə ki, Penitensiar Kompleksin mülahizəsində göstərilən, məhkumun əməyə və təhsilə münasibətinin mənfi olması, cəzaçəkmə müddəti ərzində onun barəsində hər hansı həvəsləndirmə tədbirinin tətbiq edilməməsi, ekspertiza xərcinin ödənilməməsi və 2025-ci il üzrə mənfi xarakterizə olunması barədə məlumatlar məhkumun şəxsi işində olan sənədlərlə öz təsdiqini tapır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinin tələblərinə əsasən Məhkum məhkum olunduğu CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət az ağır cinayət, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlər isə ağır cinayət kateqoriyasına aiddir. İş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmündən görünür ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə satış məqsədilə külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış, daşımış və satmışdır. Deməli, onun məhkum olunduğu əməllər xarakteri, ictimai təhlükəlilik dərəcəsi və hüquqazidd davranışın istiqaməti baxımından təsadüfi və epizodik xarakter daşımamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ağır cinayətkar fəaliyyətin həyata keçirilməsi ilə ifadə olunmuşdur. Bununla yanaşı, məhkumun şəxsi iş materiallarından görünür ki, Məhkum əvvəllər də qəsdən az ağır və ağır cinayətlər törətmiş və həmin əməllərə görə məhkum olunmuşdur. Lakin əvvəlki məhkumluqlar və ona tətbiq edilmiş cəzalar onun davranışına müsbət təsir göstərməmiş, o, əvvəlki cinayətkar davranışından nəticə çıxarmayaraq yenidən qəsdən cinayət törətmiş, nəticədə hazırkı hökm üzrə az ağır və ağır cinayətlərə görə məhkum edilmişdir. Bu hal məhkumun şəxsiyyətinin və cinayətkar davranışının qiymətləndirilməsi zamanı mühüm əhəmiyyət kəsb edir. Belə ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə məsələsi həll edilərkən məhkumun yalnız hazırkı cəzaçəkmə dövründə yol verdiyi və ya vermədiyi pozuntular deyil, onun şəxsiyyətini xarakterizə edən bütün məlumatlar, o cümlədən törətdiyi cinayətlərin xarakteri, cinayətkar davranışının davamlılığı, əvvəlki məhkumluqlardan nəticə çıxarıbçıxarmaması və cəzanın onun islah olunmasına nə dərəcədə təsir göstərməsi məcmu halda nəzərə alınmalıdır. Əvvəllər qəsdən cinayət törətmiş və məhkum olunmuş şəxsin sonradan yenidən qəsdən ağır cinayət törətməsi onun əvvəlki cəzaların təsirindən lazımi nəticə çıxarmadığını və davranışının sabit şəkildə müsbət istiqamətdə dəyişdiyi barədə nəticəyə gəlmək üçün hərtərəfli qiymətləndirmə aparılmasını zəruri edir. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, məhkumun barəsində cəzaçəkmə müddəti ərzində tənbeh tədbirinin tətbiq edilməməsi, habelə müəyyən müddət ərzində intizam qaydalarına riayət etməsi özlüyündə onun islah olunması barədə birmənalı nəticəyə gəlmək üçün kifayət edən hal deyildir. Eyni zamanda, məhkumun barəsində həvəsləndirmə tədbirinin tətbiq edilməməsi, əməyə və təhsilə münasibətinin mənfi qiymətləndirilməsi, illik xasiyyətnamə üzrə mənfi xarakterizə olunması və onun vaxtından əvvəl azad edilməsinin cəzaçəkmə müəssisəsi tərəfindən məqsədəmüvafiq hesab edilməməsi məhkumun davranışında və şəxsiyyətində islah olunmasını təsdiq edən davamlı müsbət dəyişikliklərin formalaşmadığını göstərir. Bu baxımdan, Məhkum cəzanın qanunla müəyyən edilmiş hissəsini faktiki olaraq çəkmiş olması onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə avtomatik əsas yaratmır. Cinayət Məcəlləsinin 76.1-ci maddəsinin mənasına görə, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiqi üçün məhkəmə məhkumun islah olunması məqsədinə nail olmaq baxımından cəzanın tam çəkilməsinə artıq lüzum olmadığı qənaətinə gəlməlidir. Yəni, cəzanın müəyyən edilmiş hissəsinin çəkilməsi bu institutun tətbiqinin yalnız formal və zəruri şərtlərindən biri olmaqla, həmin şərtin mövcudluğu məhkəmənin məhkumun hökmən vaxtından əvvəl azad edilməsi barədə nəticəyə gəlməsi üçün kifayət etmir. Hazırkı halda isə iş materiallarında məhkumun cəzanın qalan hissəsini çəkmədən islah olunması məqsədinə artıq nail olunduğunu və onun islah olunması üçün təyin edilmiş cəzanı tam çəkməsinə lüzum qalmadığını təsdiq edən kifayət qədər inandırıcı məlumatlar müəyyən edilmir. Əksinə, cəzaçəkmə müəssisəsinin mənfi mülahizəsi şəxsi iş materiallarında olan məlumatlarla təsdiq olunur və həmin məlumatlar məhkumun şəxsiyyəti, əvvəlki məhkumluqları, törətdiyi cinayətlərin xarakteri və cəzaçəkmə dövründəki davranışı ilə birlikdə qiymətləndirildikdə, onun islah olunması prosesinin başa çatdığı qənaətinə gəlməyə imkan vermir. Beləliklə, məhkum Məhkum cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkmiş olması, cəzaçəkmə müəssisəsində ona tənbeh tədbirinin tətbiq edilməməsi və digər müsbət xarakterli ümumi məlumatlar onun vaxtından əvvəl azad edilməsi məsələsinin müsbət həlli üçün kifayət etmir. Məhkumun əməyə və təhsilə münasibətinin mənfi olması, həvəsləndirilməməsi, mənfi xarakterizə olunması, cəzaçəkmə müəssisəsi tərəfindən onun vaxtından əvvəl azad edilməsinin məqsədəmüvafiq hesab olunmaması, bu mülahizədə göstərilən halların şəxsi iş materialları ilə təsdiqlənməsi, habelə əvvəllər də qəsdən cinayətlər törətməsinə baxmayaraq yenidən az ağır və ağır cinayətlər törətməsi məcmu halda onun islah olunması üçün təyin edilmiş cəzanı tam çəkməsinə artıq lüzum olmadığı qənaətinə gəlməyə əsas vermir. Məhkəmə kollegiyası qeyd olunanlara məcmu halında qiymət verərək, hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən xüsusatları nəzərə alıb, məhkumun cəzadan vaxtından əvvəl şərti azad edilməsi barədə ərizəsini rədd etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual baxımdan qanuni və əsaslı qərar qəbul etmişdir. Məhkəmənin qanuni və əsaslı olan qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum apellyasiya şikayəti təmin olunmamalı, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 407, 410, 412 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar