Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 7(3-9)-64/2026 04.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru X1, X3 İlkin oğlunun, müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Rəhimov Elçin İnqilab oğlunun iştirakı ilə, X3 İlkin oğlunun cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin olunmamasına dair Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından X3 İlkin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Pənahov Anar Elman oğlunun sədrliyi) ilə ## #### 2002-ci ildə Lənkəran rayonu, Digah kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Lənkəran rayonu, Digah kəndində qeydiyyatda olmaqla yaşamış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(**)-***/**** saylı hökmü ilə AR CM-nin 120.2.2-ci maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin maraqlı şəxs1 cəza çəkən Quliyev Əkbər İlkin oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin olunmamışdır. İŞİN HALLARI İş materiallarından görünür ki, Quliyev Əkbər İlkin oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli ## ##### 2019-cu il tarixindən hesablanmağa başlanmışdır. X3 İlkin oğlu ərizə ilə məhkəməyə müraciət edərək, cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasını xahiş etmişdir. Məhkum ərizəsini onunla əsaslandırmışdır ki, “ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Odur ki, onun çəkilməmiş qalan cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasını xahiş etmişdir”. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Quliyev Əkbər İlkin oğlunun ərizəsi təmin edilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından X3 İlkin oğlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilib yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkməsinin əvvəlinin 2019-cu ildən hesablanması hökm edilmişdir. Lənkəran Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, cəzasının qanunla nəzərdə tutulmuş hissəsini çəkdiyini bildirmişdir. Cinayət törədərkən azyaşlı olmuş, törətdiyi cinayətin ağırlıq dərəcəsini başa düşməmişdir, əməlindən səmimi peşmandır, islah olunmuşdur. Məhkəmə iş materiallarında olan yaşayış yerindən verilmiş xasiyyətnaməni və cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddət ərzində davranışını, əməyə münasibətini əsas götürərək ərizəsini təmin etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizələrinin mənfi və müsbət olmalarından asılı olmayaraq, mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticədən asılı olaraq qərar qəbul edilməlidir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı X3 İlkin oğlu və müdafiəçisi Rəhimov Elçin İnqilab oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, həmin dəlillərə uyğun çıxış etdilər və şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru X1 məhkumun apellyasiya şikayəti ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı, apellyasiya şikayətinin isə əsassız olduğunu göstərib, apellyasiya şikayətinin təmin olunmadan, Lənkəran Rayon Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, proses iştirakçılarının çıxışlarını dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi məhkumun müraciəti əsasında cəzadan şərti azad etmə məsələlərinə baxılarkən cəzaçəkmə müəssisəsinin mülahizələrinin nəzərə alınmasını zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Cinayət Məcəlləsinin 76.3.1-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.1 və 170.2-ci maddələrinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Mülahizə ilə birlikdə məhkəməyə məhkumun şəxsi işi də göndərilir. «Cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli * saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirilməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışını, əməyə, təhsilə və törətdiyi cinayətə münasibətini bu məsələnin müsbət həllinin əsası kimi görür və bununla bağlı cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsinin nəzərə alınmasını zəruri hesab edir. Məhkumun apellyasiya şikayətinin dəlillərinin yoxlanılması zamanı cəzaçəkmə müəssisəsinin rəhbərliyinin onun barəsində mənfi yönümlü mülahizə təqdim etdiyi görünür. Belə ki, iş materiallarında olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin maraqlı şəxs1 yazılı mülahizəsindən görünür ki, “Quliyev Əkbər İlkin oğlu əvvəllər cəzasını Bakı İstintaq Təcridxanasında, tərbiyə müəssisəsində, müalicə müəssisəsində, * saylı cəzaçəkmə müəssisəsində, * saylı CM-də və Umbakı Penitensiar Müəssisəsində çəkmişdir. Umbakı Penitensiar Müəssisəsindən maraqlı şəxs1 ##.##.2025-ci ildə qəbul edilmişdir. Kompleksə gələn gündən onunla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri, cəzanın icrası qaydaları və şərtləri izah edilmişdir. Cəza çəkdiyi müddət ərzində əməyə və təhsilə münasibəti mənfi olub. Barəsində 12 tənbeh tədbiri tətbiq edilmişdir. Həvəsləndirməsi yoxdur. Barəsində tərtib olunmuş 2020-ci illin illik xasiyyətnaməsi üzrə müsbət, 2021-2025-ci illərin illik xasiyyətnaməsi üzrə mənfi xarakterizə olunur. Ailə üzvləri ilə telefon və görüş vasitəsi ilə əlaqə saxlayır. 169 manat 88 qəpik ekspertiza xərci ödənilməyib. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı komissiyanın ## #### 2026-cı il tarixli ** saylı iclas protokoluna əsasən X3 İlkin oğlunun vaxtından əvvəl şərti azad edilməsi ilə bağlı mənfi rəy verilməsi məqsədəmüvafiq hesab olunmuşdur”. Yuxarıda qeyd edilən mülahizədən göründüyü kimi, məhkum Əkbər Quliyevin saxlanıldığı cəzaçəkmə müəssisəsinin rəhbərliyi onun islah olunmaması qənaətinə gələrək cəzadan vaxtından əvvəl azad olunmasını məqsədəmüvafiq hesab etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cəzaçəkmə müəssisəsi rəhbərliyinin X3 İlkin oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini məqsədəmüvafiq hesab etməməsi yalnız formal və ümumi mülahizəyə deyil, məhkumun cəzaçəkmə müddəti ərzində davranışını və şəxsiyyətini xarakterizə edən konkret hallara əsaslanmışdır. Belə ki, Penitensiar Kompleksin mülahizəsində göstərilən, məhkumun əməyə və təhsilə münasibətinin mənfi olması, cəzaçəkmə müddəti ərzində onun barəsində hər hansı həvəsləndirmə tədbirinin tətbiq edilməməsi, əksinə barəsində 12 dəfə tənbeh tədbirinin tətbiq olunması, ekspertiza xərcinin ödənilməməsi və 2021-2025-ci illər üzrə mənfi xarakterizə olunması barədə məlumatlar məhkumun şəxsi işində olan sənədlərlə öz təsdiqini tapır. Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, X3 İlkin oğlu mərhum X5 xuliqanlıq niyyəti ilə qəsdən öldürərək cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinin tələblərinə əsasən Quliyev Əkbər İlkin oğlunun məhkum olunduğu CM-nin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Bununla yanaşı, məhkumun şəxsi iş materiallarından görünür ki, Quliyev Əkbər İlkin oğlu cəza çəkdiyi dövr ərzində barəsində 12 dəfə tənbeh tədbiri tətbiq olunmuşdur. Eyni zamanda, yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə onun tərbiyə və davranış baxımından qüsurlu xarakterizə edilməsi, 9-cu sinifdən uzaqlaşdırılması barədə məlumatların əks olunması məhkumun şəxsiyyətinin mənfi xüsusiyyətlərinin yalnız cəzaçəkmə müəssisəsindəki davranışı ilə məhdudlaşmadığını göstərir. Bütün bu hallar isə məhkumun şəxsiyyətinin və davranışının qiymətləndirilməsi zamanı mühüm əhəmiyyət kəsb edir və onun sonrakı davranışı, çoxsaylı tənbeh tədbirləri və mənfi xarakteristikaları ilə birlikdə qiymətləndirildikdə, məhkumun islah olunmasını təsdiq edən davamlı və dayanıqlı müsbət dəyişikliklərin mövcudluğu barədə nəticəyə gəlməyə əsas vermir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, məhkumun əvvəlki davranış xüsusiyyətlərinə baxmayaraq, sonradan qəsdən xüsusilə ağır cinayət törətməsi onun şəxsiyyətinin və davranışının qiymətləndirilməsində əhəmiyyətli haldır. Bu xüsusat məhkumun cəzanın məqsədlərini dərk etməsi və islah olunması baxımından əldə edilmiş nəticələrin qiymətləndirilməsini zəruri edir. Belə ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə məsələsi həll edilərkən məhkumun şəxsiyyətini xarakterizə edən bütün məlumatlar, o cümlədən törətdiyi cinayətin xarakteri, hazırkı cəzaçəkmə dövründə yol verdiyi pozuntular və cəzanın onun islah olunmasına nə dərəcədə təsir göstərməsi məcmu halda nəzərə alınmalıdır Belə olan halda, məhkumun şəxsiyyətini və cəzaçəkmə dövründə davranışını xarakterizə edən yuxarıda göstərilən mənfi halların mövcudluğu cəzanın qalan hissəsini çəkməsinə artıq lüzum olmadığı qənaətinə gəlmək üçün kifayət hesab edilə bilməz. Bundan əlavə, iş materiallarında X3 İlkin oğlunun törətdiyi cinayət nəticəsində zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və ya vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasına yönəlmiş hər hansı müsbət davranış nümayiş etdirməsini təsdiq edən məlumat müəyyən edilməmişdir. Qeyd olunan hal da məhkumun şəxsiyyətinin və törətdiyi cinayətə münasibətinin qiymətləndirilməsi zamanı digər hallarla birlikdə nəzərə alınmalıdır. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, məhkumun barəsində həvəsləndirmə tədbirinin tətbiq edilməməsi, əməyə və təhsilə münasibətinin mənfi qiymətləndirilməsi, illik xasiyyətnamə üzrə mənfi xarakterizə olunması və onun vaxtından əvvəl azad edilməsinin cəzaçəkmə müəssisəsi tərəfindən məqsədəmüvafiq hesab edilməməsi məhkumun davranışında və şəxsiyyətində islah olunmasını təsdiq edən davamlı müsbət dəyişikliklərin formalaşmadığını göstərir. Bu baxımdan, Quliyev Əkbər İlkin oğlunun cəzanın qanunla müəyyən edilmiş hissəsini faktiki olaraq çəkmiş olması onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə avtomatik əsas yaratmır. Cinayət Məcəlləsinin 76.1-ci maddəsinin mənasına görə, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiqi üçün məhkəmə məhkumun islah olunması məqsədinə nail olmaq baxımından cəzanın tam çəkilməsinə artıq lüzum olmadığı qənaətinə gəlməlidir. Yəni, cəzanın müəyyən edilmiş hissəsinin çəkilməsi bu institutun tətbiqinin yalnız formal və zəruri şərtlərindən biri olmaqla, həmin şərtin mövcudluğu məhkəmənin məhkumun hökmən vaxtından əvvəl azad edilməsi barədə nəticəyə gəlməsi üçün kifayət etmir. Hazırkı halda isə iş materiallarında məhkumun cəzanın qalan hissəsini çəkmədən islah olunması məqsədinə artıq nail olunduğunu və onun islah olunması üçün təyin edilmiş cəzanı tam çəkməsinə lüzum qalmadığını təsdiq edən kifayət qədər inandırıcı məlumatlar müəyyən edilmir. Əksinə, cəzaçəkmə müəssisəsinin mənfi mülahizəsi şəxsi iş materiallarında olan məlumatlarla təsdiq olunur və həmin məlumatlar məhkumun şəxsiyyəti, əvvəlki məhkumluqları, törətdiyi cinayətlərin xarakteri və cəzaçəkmə dövründəki davranışı ilə birlikdə qiymətləndirildikdə, onun islah olunması prosesinin başa çatdığı qənaətinə gəlməyə imkan vermir. Beləliklə, X3 İlkin oğlunun cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkmiş olması onun vaxtından əvvəl azad edilməsi məsələsinin müsbət həlli üçün kifayət etmir. Məhkumun əməyə və təhsilə münasibətinin mənfi olması, həvəsləndirilməməsi, cəzaçəkmə müəssisəsində ona tənbeh tədbirinin tətbiq edilməsi, mənfi xarakterizə olunması, cəzaçəkmə müəssisəsi tərəfindən onun vaxtından əvvəl azad edilməsinin məqsədəmüvafiq hesab olunmaması, bu mülahizədə göstərilən halların şəxsi iş materialları ilə təsdiqlənməsi məcmu halda onun islah olunması üçün təyin edilmiş cəzanı tam çəkməsinə artıq lüzum olmadığı qənaətinə gəlməyə əsas vermir. Məhkəmə kollegiyası qeyd olunanlara məcmu halında qiymət verərək, hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən xüsusatları nəzərə alıb, məhkumun cəzadan vaxtından əvvəl şərti azad edilməsi barədə ərizəsini rədd etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual baxımdan qanuni və əsaslı qərar qəbul etmişdir. Məhkəmənin qanuni və əsaslı olan qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, X3 İlkin oğlunun apellyasiya şikayəti təmin olunmamalı, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 407, 410, 412 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: X3 İlkin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov
Məhkəmə qərarları › İş №7(3-9)-64/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-64/2026
04.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver