Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 7(3-9)-70/2026 10.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru X2, məhkum Məhkum, müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin olunmamasına dair Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi) ilə ##.##.1984-cü ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 146-da qeydiyyatda olmaqla, Beyləqan şəhəri, Q.Nəbi küçəsi, ev 2-də yaşamış, Beyləqan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı hökmü ilə AR CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə cəzası 06 ay azaldılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsi təmin olunmamışdır. İŞİN HALLARI İş materiallarından görünür ki, Beyləqan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib, ona 02 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, onun məhkəmə iclas zalından dərhal həbsə alınması barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Bundan başqa, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə məhkum Məhkum barəsində “Konstitusiya və Suverenlik ili” münasibəti ilə amninistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilməklə Beyləqan Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə ona qəti olaraq təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddəti 06 ay azaldılmışdır. Məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini xahiş etmişdir. Məhkum ərizəsini onunla əsaslandırmışdır ki, “ona məhkəmə tərəfindən təyin olunmuş cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Cəza çəkdiyi müddətdə daxili intizam qaydalarına əməl etmiş, verilən tapşırıqları vaxtında yerinə yetirmiş, mədəni-kütləvi və tərbiyəvi tədbirlərdə iştirak etmişdir. Qanunvericiliyə əsasən ona məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmə tətbiq edilə bilər. Ona görə də, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı ərizəsinin təmin olunmasını xahiş edir”. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Məhkum ərizəsi təmin edilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan məhkum Məhkum apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və çəkilməmiş qalan cəzasını çəkməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, törətdiyi cinayət əməlinə görə məhkum edilmişdir və cəzasını çəkir. Cəza çəkdiyi müddət ərzində törətdiyi cinayət və onun nəticələri haqqında çox düşünmüşdür və əməlindən peşmandır. Cəzaçəkmə müəssisəsində rejim qaydalarını daim gözləmiş, haqqında müəssisə rəhbərliyi tərəfindən heç bir tənbeh tədbiri tətbiq edilməmiş, hazırda cəzasının 1/3 hissəsindən çox hissəsini tam çəkmişdir. Ailədə 3 azyaşlı övladı vardır. Atası vəfat edib, anası isə evdar qadındır. Həyat yoldaşından boşanmışdır. Cəzaçəkmə müəssisəsində könüllü olaraq təsərrüfat briqadasında çalışır və azyaşlı övladlarına aliment ödəyir. Hal-hazırda evə yeganə gəlir gətirən özüdür. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı məhkum Məhkum və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, həmin dəlillərə uyğun çıxış etdilər və şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru X2 məhkumun apellyasiya şikayəti ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı, apellyasiya şikayətinin isə əsassız olduğunu göstərib, apellyasiya şikayətinin təmin olunmadan, Salyan Rayon Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, proses iştirakçılarının çıxışlarını dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2.3-cü maddəsinə əsasən, müsbət xarakterizə edilən ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2.4-cü maddəsinə görə, az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə birini çəkdikdə keçirilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 514.1-ci maddəsinə əsasən, cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssəsinə keçirilməsi cinayət qanununun müddəalarına müvafiq olaraq məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. “Cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəzetmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azadetmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli, **/**** saylı Qərarın 1ci bəndində qeyd olunmuşdur ki, qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməsini, davranışını, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür. Məhkəmələrə izah olunsun ki, bu xarakterli müraciətlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş müddətini çəkməməsinin müəyyən olunması həmin müraciətin rədd olunmasına şərtsiz əsasdır. Cəzaçəkmə müəssisəsinin mənfi mülahizəsi isə özlüyündə müraciətin rədd olunması üçün şərtsiz əsas deyil. Məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Eyni zamanda məhkəmələr yetkinlik yaşına çatmayanlarla bağlı məhkumun cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 90-cı maddəsində fərqli müddətlər müəyyən olunmasını mütləq nəzərə almalıdırlar. Bununla bağlı məhkəmələrə tövsiyyə olunur ki, cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətdiyinə görə məhkum olunmuş, sonradan yaşın çatması ilə bağlı tərbiyə müəssisəsindən cəzaçəkmə müəssisəsinə keçirilmiş şəxsə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəzetmə CM-nin 90-cı maddəsi nəzərə alınmaqla tətbiq edilir. Bundan başqa istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunubolunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin Qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar. Bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, cinayət və cinayət prosessual qanunvericiliyində törədilmiş cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməməsi, əvvəllər məhkum olunması, təqsirini etiraf etməməsi və sair bu kimi hallar cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməyə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunmağa və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsinə maneə kimi nəzərdə tutulmamışdır. Lakin məhkumun vurulmuş ziyanı ödəməkdən qəsdən boyun qaçırması (məsələn, əmlakı gizlətməsi və s.), törətdiyi cinayətə münasibəti işin digər halları ilə birlikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməyə və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsinə, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə maneə ola bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici yalnız ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin, ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxslərin cəzalarının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunmasına, habelə cinayətlərin xüsusi təhlükəli residivinə görə məhkum olunmuş şəxslərin, ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin, ömürlük azadlıqdan məhrumetmə növündə cəzası müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz olunan şəxslərin və tibbi xarakterli məcburi tədbirlər keçməli olan şəxslərin məntəqə tipli cəzaçəkmə müəssisələrinə keçirilmələrinə qadağa qoymuşdur. Həmin Qərarın 9-cu bəndində qeyd olunmuşdur ki, CPM-nin 513-cü maddəsinə əsasən cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisənin və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur.CPM-nin 514-cü maddəsinə əsasən isə cəzaçəkmə müəssisələrinin növü dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssisəsinə keçirilməsi cinayət qanununun müddəalarına müvafiq olaraq məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Prosessual qanunun qeyd edilən normalarının mənasına görə cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə üçün müraciət yalnız məhkumun ərizəsi, əgər məhkum yetkinlik yaşına çatmamışdırsa, həm də yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının vəsatəti hesab olunur. Cəzaçəkmə müəssisəsinin növü dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssisəsinə keçirilməsi üzrə müraciət isə həm məhkumun ərizəsi, həm də cəzaçəkmə müəssisəsinin təqdimatı hesab olunur.Əgər məhkum yetkinlik yaşına çatmayan şəxsdirsə bir növ tərbiyə müəssisəsindən başqa növ tərbiyə müəssisəsinə və ya tərbiyə müəssisəsindən cəzaçəkmə müəssisəsinə keçirilməsi üzrə müraciət məhkumun qanuni nümayəndəsinin və ya müdafiəçisinin ərizəsi və ya tərbiyə müəssisəsinin təqdimatı hesab olunur.Qeyd edilən prosessual qanunda nəzərdə tutulmuş birinci instansiya məhkəməsi dedikdə CPM-nin 74.1 və 74.9-cu maddələrində göstərilən məhkumun faktiki olaraq cəza çəkdiyi müəssisənin yerləşdiyi ərazi üzrə rayon (şəhər) məhkəməsi nəzərdə tutulur. Cəzaçəkmə müəssisələrinə isə CİM-in 66-cı maddəsində sadalanan müəssisələr aiddir.Əgər məhkəməyə müraciət daxil olduqdan sonra məhkum bir cəzaçəkmə müəssisəsindən digərinə keçirilərsə, məhkəmə müraciəti və onunla bağlı bütün sənədləri CPM-nin 75-ci maddəsinə əsasən aiddiyyatı üzrə məhkumun faktiki olaraq hazırda cəza çəkdiyi yerin birinci instansiya məhkəməsinə göndərməlidir. Həmin Qərarın 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələrə tövsiyyə olunur ki, məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və ya cəzasının qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair qəbul etdiyi qərarın surətini məhkuma göndərməklə yanaşı, ona CM-nin 76.6-cı və CİM-in 70.4.1ci maddələrinin izahını da göndərsinlər. Göründüyü kimi, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi məhkumun cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkilməsi, müsbət xarakterizə edilməsi, cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibətini bu məsələnin müsbət həllinin əsası kimi görür və bununla bağlı cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsinin nəzərə alınmasını zəruri hesab edir. Qanunvericinin tələblərindən belə nəticəyə gəlmək olur ki, məhkumun islah olunmasını, törətmiş olduğu əməldən peşman olmasını müəyyən etmək üçün yuxarıda qeyd edilən amillərin araşdırılması və həmin hallara məhkəmə tərəfindən qiymət verilməsi vacibdir. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı qeyd edilən Qərarının 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, bu sahədə olan qanun normalarının mənasına görə məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətdən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır. Məhkumun apellyasiya şikayətinin dəlillərinin yoxlanılması zamanı cəzaçəkmə müəssisəsinin rəhbərliyinin onun barəsində müsbət yönümlü mülahizə təqdim etdiyi görünür. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Cəzaçəkmə Müəssisəsinin yazılı mülahizəsindən görünür ki, “məhkum Məhkum * saylı Cəzaçəkmə Müəssisəsinə ##.##.2026-cı il tarixdə * saylı İT-dən qəbul edilmişdir. Məhkəmə tərəfindən ona təyin olunmuş cəzanın üçdə bir hissəsindən çoxunu çəkmişdir. O, Beyləqan şəhəri ərazisində tanışı X1 ilə heç bir əsaslı səbəb olmadan mübahisə edərək əlində olan gümüşü rəngli dəmir borunu silah qismində işlədərək sağlamlığına yüngül xəsarət yetirməklə qərəzli xuliqanlıq etmişdir. Özünü təqsirli bilir. Zərərçəkmiş şəxs şikayətçi deyil. Müsbət xarakterizə olunur. Məhkumun şəxsiyyətinin fərdi xüsusiyyətləri, xarakteri və törətdiyi cinayətin ağırlıq dərəcəsi nəzərə alınaraq müəssisədə olduğu müddətdə ona hüquq və vəzifələrini aydın dərk etməsi, cəzanın çəkilməsi qaydalarının mahiyyətini və məzmununu düzgün başa düşməsi məqsədi ilə maarifləndirmə işi aparılmış, pedaqoji və psixoloji təsiretmə üsul və vasitələrdən istifadə edilmişdir. Zərərli vərdiş və adətlərin aradan qaldırılması, yenidən tərbiyə olunması, məhkumun həyat tərzinin dəyişdirilməsi və tövsiyələrin yerinə yetirilməsi prosesinə ailə üzvlərinin cəlb edilməsi uğurun əldə edilməsi üçün zəmin yaratmışdır. Ailə üzvləri və yaxınları ilə görüş zamanı yüksək əxlaqi keyfiyyətlər nümayiş etdirmiş, hörmət və ehtiramla davranmış, onlar vasitəsilə cəmiyyətlə əlaqələrinin möhkəmləndirilməsinə səy göstərmişdir. Dəstədə təşkil olunan tərbiyəvi tədbirlərdə, iclaslarda fəal iştirak edir. Azad, sərbəst həyat haqqında baxışları müsbətdir. Yol verdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini düzgün qiymətləndirir. Törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə yerinə düşməsinə, ailəsinə və yaxınlarına maddi və mənəvi köməklik göstərə bilməməsinə, onları böyük çətinlik və əziyyətə saldığına görə əməlindən peşmançılıq keçirdiyini bildirir. Müəssisə üzrə barəsində ##.##.2026-cı il tarixdə “Təşəkkür” həvəsləndirmə tədbiri tətbiq edilmişdir. İş üzrə ekspertiza tədqiqatı ilə bağlı borcu yoxdur. Əməyə və təhsilə münasibəti müsbətdir. Müəssisənin təsərrüfat və məişət xidmətində əməyə cəlb olunmuşdur. Məhkum Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələsinə Ədliyyə Nazirliyinin Komissiyasının iclasında baxılmış və ** saylı iclas protokoluna əsasən onun islah yoluna qədəm qoyduğu, müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsini və s. halları nəzərə alaraq müsbət rəy verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Qeyd edilənləri, məhkumun islah olunmasını və islah olunma işində mühüm əhəmiyyət kəsb edən amilləri nəzərə alaraq, məhkum Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini məqsədəuyğun hesab edir”. Yuxarıda qeyd edilən mülahizədən göründüyü kimi, məhkum Məhkum saxlanıldığı cəzaçəkmə müəssisəsinin rəhbərliyi onun islah olunması qənaətinə gələrək məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini məqsədəmüvafiq hesab etmişdir. Lakin həmin mülahizədə məhkum haqqında, o cümlədən onun əməyə davranışı, habelə mədəni-kütləvi tədbirlərdə iştirak etməsi barədə kifayət qədər xoşməramlı sözlər qeyd edilsə də, onun konkret olaraq hansı mədəni-kütləvi tədbirlərdə fəal iştirak etməsi, belə iştirakın onun seçimi əsasında, yaxud məcburi iştirak tələb edən tədbir olub-olmaması, cəza çəkdiyi müddətdə hansı əmək fəaliyyəti növü ilə məşğul olması, əməyinin faydalı nəticələri və s. bu kimi hallarla bağlı əsaslandırma aparılmamışdır. Bir sözlə, mülahizədə məhkumun barəsində müsbət fikirlər formal olaraq sadalanmış, lakin heç bir fakta, dəlilə və sübuta əsaslanmamışdır. Halbuki, həm cəzaların icrası qanunvericiliyinin yuxarıda qeyd edilən normalarından irəli gələn mənaya görə, həm də Ali Məhkəmə Plenumunun qeyd edilən qərarındakı izaha görə mülahizə formal xarakter daşımamalı, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirilməli, bir sözlə, həqiqəti və reallığı əks etdirməlidir. Göründüyü kimi, məhkumun barəsində cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizə ümumi və formal xarakter daşımaqla, məhkumun islah olunmasını təsdiq edən davamlı davranış göstəricilərini əhatə etmir. Odur ki, məhkəmə kollegiyası qeyd edilən mülahizəni qanunvericiliyin nəzərdə tutduğu mənada verilməli olan müsbət mülahizə hesab etmir və belə nəticəyə gəlir ki, həmin mülahizə məhkum Məhkum ərizəsinin təmin edilməsinə əsas ola bilməz. Həmçinin məhkum Məhkum tam islah olunması, onun şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmaması və onun islah yoluna yönəlməyə çalışması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Qanunvericiliyin tələbinə əsasən, məhkəmə yalnız mülahizənin mövcudluğu ilə kifayətlənməməli, onu digər sübutlarla birlikdə qiymətləndirməlidir. Rejim qaydalarına əməl olunması və intizam pozuntularının olmaması məhkumun borcudur və özü-özlüyündə islah olunmanı sübut etmir. Bundan başqa, ailə vəziyyəti, peşmançılıq hissinin keçirilməsi cəza təyin olunarkən nəzərə alına bilinən hallar olsa da, cəzanın çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad etmə mərhələsində onlar həlledici meyar hesab edilmir və islah olunmanı təkbaşına sübut etmir. Bundan başqa, kollegiya törədilmiş cinayətin xarakterini və məhkumun cinayət əməlini törətdiyi şəxsin yaşını da xüsusi olaraq nəzərə almağı zəruri hesab edir. Belə ki, Məhkum qərəzli xuliqanlıq cinayətini törədərkən zərərçəkmiş şəxsə heç bir əsaslı səbəb olmadan silah qismində istifadə etdiyi metal boru ilə xəsarət yetirmişdir. Cinayətin obyektiv cəhətinin zorakılıq elementi ilə müşayiət olunması onun ictimai təhlükəliliyinin qiymətləndirilməsi baxımından əhəmiyyətli haldır. Bu baxımdan, məhkumun cəzasının çəkilməmiş hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi nəticəsində onun daha az məhdudlaşdırıcı şəraitdə saxlanılması, cəmiyyət üzvləri ilə daha geniş və sərbəst təmas imkanlarının yaranması məsələsinə yalnız onun cəzaçəkmə müəssisəsində müəyyən edilmiş davranış qaydalarına əməl etməsi ilə deyil, həm də törətdiyi cinayətin xarakteri, məhkumun şəxsiyyəti və onun islah olunmasının faktiki olaraq hansı mərhələdə olması baxımından kompleks yanaşılmalıdır. Başqa sözlə, cəzanın məqsədlərindən biri də məhkumun islah olunması və gələcəkdə yeni cinayətlərin törədilməsinin qarşısının alınması olduğundan, məhkumun daha yüngül rejimli müəssisəyə keçirilməsi məsələsi formal olaraq pozuntuya yol verib-verməməsi ilə məhdudlaşdırılmamalı, onun şəxsiyyətinin və davranışının kompleks qiymətləndirilməsi əsasında həll edilməlidir. Kollegiya hesab edir ki, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmə institutunun tətbiqi üçün məhkumun sadəcə cəzaçəkmə müddətində intizam pozuntusuna yol verməməsi deyil, onun daha yüngül şəraitdə cəza çəkməsinin məqsədəuyğunluğunu təsdiq edən kifayət qədər əsasların mövcudluğu tələb olunur. Hazırkı iş üzrə isə belə qənaəti şərtləndirən hallar kifayət qədər müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara məcmu halında qiymət verərək, hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən xüsusatları nəzərə alıb, məhkumun çəkilməmiş qalan cəzasını çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsini rədd etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual baxımdan qanuni və əsaslı qərar qəbul etmişdir. Məhkəmənin qanuni və əsaslı olan qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum apellyasiya şikayəti təmin olunmamalı, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 407, 410, 412 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov
Məhkəmə qərarları › İş №7(3-9)-70/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-70/2026
10.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver